İdarəetmədə islahatçılıq və novatorluq örnəyi

 

Sabahına biganə olmayan hər bir xalqın taleyində siyasi lider amili müstəsnalıq təşkil edir. Əsl siyasi liderlər cəmiyyətdə siyasi prosesləri istiqamətləndirməklə yanaşı, tarixi inkişafın gedişini müəyyən edən cəlbedici proqram və konsepsiyaların müəllifinə çevrilirlər. Real siyasət də məhz belə siyasi liderlərin davranışlarına, bütövlükdə cəmiyyət həyatına təsir göstərən qərarlarına əsaslanır.

Dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyevin milli maraqları nəzərə almaqla yürütdüyü siyasəti XXI əsrin başlanğıcında bütün sahələrdə layiqincə davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin etmişdir.

Azərbaycanı Avratlantika geosiyasi arealında öz sözümövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. Dövlət başçısı ulu öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını ötən 15 ildə inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır.

Ötən 15 ildə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum dərəcədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması dövlət başçısı cənab İlham Əliyevin yüksək bilik və intellektə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha təsdiqləyir.

Dövlət başçısının ötən illərdə praqmatizmə və əməli siyasətə söykənən iqtisadi siyasətinin əsas qayəsində məhz insan amili dayanmış, cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiq qalmaqla hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu təsdiqləmişdir. "Hər bir məmur xalqının xidmətçisi olmalıdır” deyə hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirən dövlət başçısı hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını da demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir.

Respublikamızda son 15 ildə həyata keçirilən iqtisadi siyasətin sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənərək cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Dəniz səviyyəsindən 3000 metrədək hündürlükdə yerləşən Qubanın Xınalıq kəndinə yolun, sovetlər dövründən mavi yanacaq üzü görməyən Lerik və Yardımlıya qaz kəmərlərinin çəkilməsi, eləcə də Naxçıvanın davamlı olaraq elektrik enerjisi və qazla təmin olunması, Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi, rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya idman komplekslərinin tikintisi, qaçqın düşərgələrinin tamamilə ləğvi - bütün bunlar Azərbaycan vətəndaşlarının firavan, rahat yaşamasına xidmət edən qlobal investisiya layihələrinin çox cüzi qismidir.

Ötən illərdə ölkədə uğurla həyata keçirilən siyasət eyni zamanda Azərbaycan üçün taleyüklü bir sıra layihələrin gerçəkləşməsini, respublikanın bütövlükdə Cənubi Qafqaz regionunda lokomotiv dövlətə çevrilməsini təmin etmişdir. Ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilmiş, ölkəmizin dünya üçün önəmi daha da artmışdır. Ötən il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, "Əsrin müqaviləsi”nin yenilənməsi, eləcə də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması bu baxımdan beynəlxalq əhəmiyyətli hadisə kimi qarşılanır.

Dövlət başçısının son 5 ildə imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və "Milli iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi” kimi konseptual əhəmiyyətli sənədlər deməyə əsas verir ki, cənab İlham Əliyev Azərbaycanın uzunmuddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasına çalışır. Son 3 ildə Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Maliyyə SabitliyiTurizm şuralarının yaradılması iqtisadi islahatların dərin elmi əsaslarla aparılması niyyətinin əyani təzahürüdür.

Aparılan islahatların nəticəsi olaraq Azərbaycan yeni metodologiya ilə hazırlanan "Qlobal Rəqabətlilik Hesabatı - 2018/2019” hesabatında dünyada sosial bərabərliyin yüksək səviyyədə təmin olunduğu ölkə kimi qərarlaşmışdır. Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlmişdir. Hesabata əsasən, Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşmışdır.

Hesabata əsasən, respublikamız təhsil indikatorları üzrə də ciddi irəliləyişə nail olmuş, Azərbaycanın göstəriciləri hətta dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən yüksək olmuşdur. Belə ki, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan "Bacarıqlar” indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar respublikamızın "Doing Business 2019” hesabatında da ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan vermişdir. Azərbaycan bu hesabatda dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdir.

Azərbaycanın hesabatda "Vergilərin ödənişi” göstəricisi üzrə 7 pillə irəliləyərək 28-ci pillədə qərarlaşması da bu sahədə həyata keçirilən uğurlu islahatların nəticəsidir. Yeri gəlmişkən, 2019-cu il yanvarın 1-dən qüvvədə olan Vergi Məcəlləsinə əlavə və dəyişikliklər Azərbaycanda biznes mühitinin sağlamlaşdırılmasına hesablanmışdır. Məsələn, məcəlləyə edilən dəyişikliklə ilk dəfə olaraq vergidən azad olunan əməkhaqqının məbləği 8.000 manata qədər artırılmışdır. Dövlət və neft-qaz sektorunda çalışanlar istisna olmaqla, yalnız qeyri-dövlət sektorunda çalışan 500 mindən çox adam bu vergi güzəştlərindən faydalana biləcək və yeddi il onlar əməkhaqqıdan gəlir vergisi ödəməyəcəklər. 2019-cu ilin büdcəsində gəlir vergisi üzrə daxilolmaların 316 milyon manat azaldılması nəzərdə tutulmuşdur. Bütövlükdə planlı şəkildə dövlət büdcəsinə vergi daxilolmalarında azalma təxminən 400 milyon manata yaxındır. Bu isə o deməkdir ki, həmin vəsait sahibkarların və vətəndaşların sərəncamında qalacaqdır.

Ölkəmizin son illər iqtisadi sferada qazandığı böyük uğurlar elm və təhsil sahəsində də əsaslı irəliləyişləri təmin edib. Təhsil naziri Ceyhun Bayramovun Azərbaycan müəllimlərinin son qurultayında bildirdiyi kimi, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş müasir tələblərə cavab verən və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması hədəfinə nail olunması istiqamətində son illər mühüm tədbirlər həyata keçirilmişdir.

Ölkəmizin ümumi təhsil müəssisələrinin infrastrukturu əsaslı şəkildə müasirləşdirilmiş, son 5 ildə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilmişya əsaslı təmir edilmiş, nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingenti olan qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilmiş, 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106 modul tipli məktəb quraşdırılmışdır. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Uşaqların erkən yaş dövründən inkişaf etdirilməsinin vacibliyi nəzərə alınaraq, Təhsil Nazirliyinin təklifləri əsasında ilk dəfə dövlət büdcəsi hesabına ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların məktəbəhazırlığına başlanılmışdır. 2016-cı ildə həmin yaşda olan uşaqların 55 faizi, 2017-ci ildə 65 faizi, 2018-ci ildə isə 75 faizi məktəbəhazırlığa cəlb edilmişdir. Halbuki 2013-cü ildə bu göstərici 24 faiz təşkil edirdi. Məktəbəhazırlıq qruplarında işləyən 10 minədək ibtidai sinif müəllimi təlimlərə cəlb edilmiş, yeni məzmun və tədris materialları hazırlanaraq tətbiq edilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilmişdir.

Son illər, həmçinin idarəetmə sisteminin təkmilləşdirilməsi nəticəsində ümumi təhsil müəssisələrində buraxılış imtahanlarının keyfiyyət göstəriciləri əhəmiyyətli şəkildə yüksəlmişdir. Belə ki, bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50 faizdən 67 faizədək yüksəlmiş, imtahan nəticələri 17 faiz artmışdır.

Təhsil Nazirliyi tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son beş ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricilərində davamlı artım dinamikası müşahidə edilir. Nazirliyin açıqladığı statistik məlumatlar bu baxımdan maraq doğurur. Belə ki, bu müddətdə qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artmışdır. 2018-ci ildə 3127 nəfər abituriyent 600 baldan yuxarı nəticə göstərmişdir və bu da 2013-cü ilə nisbətən təxminən 2 dəfə artım deməkdir. Ölkədə ali təhsilalma imkanları genişləndirilmiş, son 5 il ərzində qəbul olunan tələbələrin sayında 20,8 faiz artım olmuş, bu göstərici cari ildə 41 min nəfər təşkil etmişdir.

İstedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində ölkədə olimpiada hərəkatı genişlənmiş, habelə olimpiadaya hazırlıq mərkəzləri yaradılmışdır. 2013-2018-ci illərdə məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında 3 qızıl, 28 gümüş və 100 bürünc medal olmaqla, ümumilikdə 131 medal qazanmışdır. Bu sahədə yeni ideya və təşəbbüslərin həyata keçirilməsi ilə bağlı "İstedadlı uşaq və gənclərin inkişafı üzrə Dövlət Proqramı” hazırlanmış və hökumətə təqdim edilmişdir. Təhsil Nazirliyinin təşəbbüsü ilə "Təhsil haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin müvafiq ixtisas üzrə müsabiqədənkənar ali məktəblərə qəbulu təsbit edilməklə cəmiyyətdə çoxdan müzakirə edilən bu məsələ də öz həllini tapmışdır.

Təhsil Nazirliyi ümumi təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək biliklərə yiyələnmək imkanı yaratmaq məqsədilə 2015-ci ildən tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqinə başlamışdır. Cari tədris ilində 2140 sinifdə 47930 şagird təmayüllər üzrə təhsilə cəlb edilmişdirbu da X-XI siniflərdə təhsil alanların 28 faizini təşkil etmişdir. İlkin təhlillər göstərir ki, təmayül siniflərini bitirən məzunlar ali məktəblərə qəbulda daha yüksək nəticələr nümayiş etdirirlər.

Sonda xüsusi vurğulamaq istərdik ki, Azərbaycanda demokratikləşmə və modernləşmə sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş 2018-ci ilin 11 aprel seçkiləri ölkəmizin innovativ əsasda inkişafına ciddi zəmin hazırlamış, islahatların elmi əsaslarla aparılacağı qənaətini daha da gücləndirmişdir. Son seçkilərdən dərhal sonra dövlət başçısının siyasi iradəsiylə hökumətin tərkibinin əsaslı şəkildə yenilənməsi, çevikliyi, müasirliyi, novatorluğu ilə fərqlənən, müasir innovasiyaları mənimsəyən gənclərin dövlət idarəetməsində irəli çəkilməsi islahatların səmərəliliyini təmin etmək, şəffaflığı artırmaq məqsədindən irəli gəlir.

Hökumətin tərkibinin gənc və özünü təsdiq etmiş layiqli kadrlar hesabına zənginləşdirilməsi bütün sahələrdə olduğu kimi, elm və təhsildə də pozitiv nəticələrin əldə olunmasına, insan kapitalının inkişafına xidmət edir. Qısa zaman kəsiyini əhatə edən müşahidələr deməyə əsas verir ki, dövlət başçısının etimad göstərdiyi gənc kadrların rəhbərlik etdikləri strateji əhəmiyyətli sahələr üzrə qarşıda duran vəzifələri layiqincə icra etmək potensialı kifayət qədər yüksəkdir.

İnkişafa xidmət edən islahatların reallaşdırılmasında Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, ölkəsinin taleyini cənab İlham Əliyevə etibar etmiş vətəndaşlarımızdan gəlir. Bu gün Azərbaycan xalqı cənab İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın, sülhün qarantı hesab edir, ona tam güvənir. Çünki xalq həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, Azərbaycanı parlaq sabahlara doğru aparan siyasi kursun alternativsizliyini yaxşı dərk edirbu siyasəti birmənalı dəstəkləyir.

 

Mönsüm ALIŞOV,

"İdrakliseyinin təsisçisi,

pedaqoji elmlər doktoru, professor

 

Azərbaycan.- 2018.- 25 dekabr.- S.10.