Serbiyada İlham Əliyevin səfərini
səbrsizliklə gözləyirlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Serbiya Respublikasının Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Serbiyanın Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiç, ilk növbədə, Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etdi, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzuladı. Eyni zamanda, Rasim Lyayiç Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdıraraq, Serbiya tərəfinin Prezident İlham Əliyevin Belqrada səfərini səbirsizliklə gözlədiklərini bildirdi. O, Belqradda Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının uğurla keçirildiyini vurğulayaraq, orada əməkdaşlığımızın genişlənməsi ilə bağlı istiqamətlərin müəyyən edildiyini diqqətə çatdırdı.
Dövlətimizin başçısı Serbiyanın Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin səfərinin əlaqələrimizin perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Serbiya Prezidenti ilə bu il beynəlxalq tədbirlər çərçivəsində təmaslarını məmnunluqla xatırlayan Prezident İlham Əliyev müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsi baxımından əhəmiyyətli olduğunu qeyd etdi.
Söhbət zamanı ikitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyi bildirildi, iqtisadi sahədə əməkdaşlığın siyasi sahədə əlaqələrin səviyyəsinə yüksəlməsi istiqamətində səmərəli işlərin həyata keçirildiyi bildirildi, əməkdaşlığımızın bütün sahələrdə, o cümlədən infrastruktur, kənd təsərrüfatı, turizm və informasiya-kommunikasiya texnologiyaları sahələrində dinamik şəkildə inkişaf etdiyi qeyd olundu.
Dövlətimizin
başçısı Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Serbiya
Prezidentinə çatdırmağı xahiş
etdi.
Azərbaycan.-
2018.- 25 dekabr.- S.5.