“Möhtəşəm
quruculuq. Dünən, bu gün, sabah” mövzusunda konfrans
Dekabrın 24-də Bakıda Yeni Azərbaycan
Partiyasının (YAP) təşkilatçılığı
ilə “Möhtəşəm quruculuq. Dünən, bu gün,
sabah” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki,
konfransda dövlət və hökumət rəsmiləri,
Milli Məclisin deputatları, Yeni Azərbaycan
Partiyasının üzvləri, ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Baş nazirin müavini, Yeni Azərbaycan
Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov
konfransda çıxış edərək ölkəmizin
inkişafının ulu öndər Heydər Əliyevin
müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə
bağlı olduğunu qeyd edib. Vurğulayıb ki, Bakı
şəhərinin əsaslı surətdə yenilənməsi
buna bariz nümunədir. Lakin bu inkişaf təkcə Bakı
ilə məhdudlaşmır, bütün bölgələrimizi
əhatə edir. Bu əhəmiyyətli dəyişikliklərin
müəllifi olan Prezident İlham Əliyevin rəhbərliyi
ilə bütün sahələrdə quruculuq işləri
aparılır. Son 15 il Azərbaycanın xüsusi qürur
doğuran səhifəsini təşkil edir. Bu illər ərzində
Azərbaycanda bütün sahələr yenilənib,
müasirləşib. Ən başlıcası,
insanlarımızın həyat səviyyəsi dəyişib,
əhalinin güzəranı daha da yaxşılaşıb.
Əli Əhmədov qeyd edib ki, ölkədə
son 15 ildə baş verən möhtəşəm inkişaf
bütün sahələri əhatə edib. Qürur hissi ilə
qeyd ediləcək məqamlardan biri də həyatımızın
bütün sahələrinin yeni, modern əsaslarla
qurulmasıdır. Bu gün biz Azərbaycanın ən parlaq
dövrünü yaşayırıq.
Baş nazirin müavini bildirib ki,
son 15 il ərzində aparılan quruculuq işlərinin nəticəsi
olaraq, Azərbaycanın hər bir guşəsi tanınmaz dərəcədə
dəyişib. Bakının müasir siması, infrastrukturunun
tamamilə yenilənməsi bu nailiyyətlərin mühüm
tərkib hissəsidir. Azərbaycanın bütün bölgələrində
möhtəşəm quruculuq işləri bu gün də
davam etdirilir.
İqtisadiyyat naziri Şahin
Mustafayev çıxışında deyib ki,
yaradılmasının 26-cı ildönümünü şərəflə
qeyd edən Yeni Azərbaycan Partiyası ideyalarını
uğurla yaşatdığı Ümummilli Liderimizin siyasi və
ideoloji irsinin, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan
Partiyasının sədri İlham Əliyevin
düşünülmüş, praqmatik və çevik siyasətinin
harmoniyasıdır.
2003-cü ildə Azərbaycanı
qüdrətli dövlətə çevirəcəyini bəyan
edən Prezident İlham Əliyevin apardığı siyasət
nəticəsində respublikamız regionun siyasi-iqtisadi və
mədəni mərkəzi, qlobal enerji və nəqliyyat layihələrinin
təşəbbüskarı və fəal
iştirakçısı, dünya miqyasında mühüm
enerji təminatçılarından biri, mötəbər
beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən
ölkə kimi tanınıb, kosmos dövlətləri ailəsinə
qoşulub, 2011-ci ildə 155 ölkənin dəstəyini
qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçilib.
Azərbaycanın yüksək
inkişaf tempi və möhkəm dayanıqlılıq
nümayış etdirdiyini vurğulayan Şahin Mustafayev
bildirib ki, 2004-2017-ci illərdə ÜDM real ifadədə 3,2
dəfə, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə,
sənaye istehsalı 2,6 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə,
əsas kapitala yönəldilmiş vəsaitlər 3 dəfə,
dövlət büdcəsinin gəlirləri 13,5 dəfə
artıb. Ölkənin strateji valyuta ehtiyatları 28 dəfə
artaraq 45 milyard ABŞ dollarını ötüb. Həyata
keçirilən sistemli tədbirlər nəticəsində
ötən il kənd təsərrüfatı və emalı
məhsullarının ixracı 28,6 faiz, bu ilin 11 ayında isə
11,8 faiz artıb. Son 15 ildə 2 milyondan çox iş yeri
yaradılıb ki, bunun da 75 faizi regionların payına
düşür.
Bakı Şəhər İcra
Hakimiyyətinin başçısı Eldar Əzizov son 15 il ərzində
Bakıda aparılan genişmiqyaslı quruculuq işləri
barədə danışıb. Qeyd edib ki, paytaxtımız
simasını tamamilə dəyişərək,
dünyanın ən gözəl şəhərlərindən
birinə çevrilib. Prezident İlham Əliyevin təşəbbüskarı
olduğu layihələr nəticəsində Bakı, həmçinin
investorlar üçün cəlbedici məkan kimi
tanınır. Son bir ildə paytaxtımıza 12 milyard manat
investisiya qoyulub. 2005-ci ildən indiyədək Bakıda sənaye
istehsalı 4 dəfə artıb. Bakı 5 ulduzlu otellərin
sayına görə postsovet məkanında ilk yerlərdə
qərarlaşıb. Təkcə bu il Bakıya 2 milyondan
çox turist gəlib.
İcra hakimiyyətinin
başçısı xatırladıb ki, beynəlxalq
agentliklərin reytinqinə görə, Bakı turistlər
üçün memarlıq abidələri ilə yadda qalan 5
şəhərdən biri hesab edilir. Dünyanın mədəniyyət
mərkəzlərindən birinə çevrilən
paytaxtımız öz tarixinin misilsiz inkişaf
dövrünü yaşayır. Bütün bunların əsasında
İlham Əliyev fenomeni dayanır.
Tədbir bədii hissə ilə
davam edib.
Azərbaycan. - 2018.- 25 dekabr.- S.5.