“İlham Əliyev. On beş illik prezidentlik
dövrünün uğur salnaməsi. 2003-2018” adlı sənədli
filmin və kitabın təqdimat mərasimi keçirilib
Dekabrın 24-də Heydər
Əliyev Mərkəzində “İlham Əliyev. On beş
illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” adlı sənədli filmin və kitabın
təqdimat mərasimi keçirilib.
Filmin ssenari müəllifləri
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi, tarix elmləri doktoru, professor
Əli Həsənov və “Azərbaycan Televiziya və Radio
Verilişləri” QSC-nin sədri Arif Alışanovdur. Kitabın
buraxılışına məsul Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, tərtibçi
müəllifləri Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi,
tarix elmləri doktoru, professor Əli Həsənov və Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə
Heyətinin sədri Aslan Aslanovdur. Kitaba “Ön
söz”ü tarix elmləri doktoru, professor Əli Həsənov
yazıb.
AZƏRTAC xəbər verir ki, filmin
nümayişindən sonra çıxış edən
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr
müavini - icra katibi Əli Əhmədov ölkəmizin
müasir dövrdəki nailiyyətlərinin Prezident İlham
Əliyevin adı ilə bağlı olduğunu
vurğulayıb. Qeyd edib ki, təqdimatı keçirilən
filmi və kitabı Prezident İlham Əliyevin rəhbərliyi
ilə son on beş ildə Azərbaycanda əldə
edilən uğurların salnaməsi adlandırmaq olar. Filmin və kitabın yüksək səviyyədə
hazırlandığını deyən Əli Əhmədov
müəlliflərə yeni yaradıcılıq
uğurları arzulayıb.
Təqdimat mərasiminin
çox gözəl bir günə - Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin doğum
gününə təsadüf etdiyini xatırladan Əli
Əhmədov fürsətdən istifadə edərək
özünün və tədbir
iştirakçılarının adından dövlətimizin
başçısını təbrik edib, ona Azərbaycan və
xalqımız naminə bundan sonrakı fəaliyyətində
daha böyük uğurlar və qələbələr
arzulayıb.
O deyib: “Bu uğurlar, bu nailiyyətlər, sözün həqiqi
mənasında, o qədər böyük və əzəmətlidir
ki, Azərbaycan və İlham Əliyev sözləri indi
bir-biri ilə eyniyyət təşkil edir. Əlbəttə
ki, bu gün Azərbaycanı İlham Əliyevsiz, onun həyata
keçirdiyi siyasətdən ayrılıqda təsəvvür
etmək çox çətindir. Azərbaycanın
möhtəşəm nailiyyətlərini, əslində isə
Azərbaycanın möcüzəsini, Azərbaycanın bütövlükdə
inkişafını bugünkü dünyanın ən
böyük siyasi layihələrindən biri hesab etmək
mümkündür. XX əsrin 90-cı illərinin
əvvəllərində total, hərtərəfli
böhranın məngənəsində sıxılan Azərbaycan
çox qısa bir vaxtdan sonra - XXI əsrin əvvəllərində
dünyanın ən sürətlə inkişaf edən
ölkəsinə çevrildi. Bunu
möcüzədən başqa bir sözlə ifadə etmək
qeyri-mümkündür. Nümayiş
olunan filmdə və təqdim edilən kitabda Azərbaycan
möcüzəsinin bütün tərəfləri, istiqamətləri
və məqamları öz əksini tapıb. Azərbaycan möcüzəsi – bu ifadə
bütövlükdə ölkəmizin inkişafını,
yüksəlişini hərtərəfli əhatə edən
bir anlayışdır”.
Ötən on beş il ərzində
Azərbaycanın iqtisadiyyatının üç dəfədən
çox artdığını, inkişaf tempinə görə
dünyada birinci yer tutduğunu və bir neçə il
ardıcıllıqla bu statusu saxladığını, 2
milyona yaxın yeni iş yerinin
açıldığını xatırladan Əli Əhmədov
bütün bunların sayəsində ölkəmizin yeniləşdiyini,
modernləşdiyini qeyd edib, ordu quruculuğu sahəsində əldə
olunan nailiyyətləri vurğulayıb, bütün bu
uğurların xalqımızın qürur mənbəyinə
çevrildiyini bildirib.
On beş il ərzində həyatın
bütün sahələrində böyük irəliləyişlər
baş verdiyini, möhtəşəm uğurlar
qazanıldığını diqqətə çatdıran
Əli Əhmədov qeyd edib ki, ölkəmiz coğrafi
baxımdan kiçik əraziyə malik olsa da, həyata keçirdiyi
qlobal layihələr sayəsində dünyanın humanitar,
siyasi, enerji, nəqliyyat, kommunikasiya, idman mərkəzlərindən
birinə çevrilib.
“Bu gün, Azərbaycan,
sözün həqiqi mənasında, özünün
qızıl əsrini yaşamaqdadır və bu dövr hələ
uzun müddət davam edəcək. Azərbaycanın
inkişafı, Azərbaycanın möcüzələri, Azərbaycanın
tərəqqisi insanlarımızın məmnunluğunu
artırıb. Bu gün Azərbaycan vətəndaşı
öz həyatından məmnundur. Bu
gün Azərbaycan insanların arzularının həyata
keçirildiyi bir məmləkətə çevrilib. Həmçinin bu istək və arzuların
reallaşması üçün Azərbaycan dövləti və
hökuməti lazım olan bütün şəraiti və
imkanları təmin edir. Azərbaycanın
qızıl əsrinin başlıca müəllifi Heydər
Əliyev siyasətini uğurla həyata keçirən
Prezident İlham Əliyevdir. On beş
ilin nailiyyətləri Azərbaycan vətəndaşlarında
belə bir inamı qəti surətdə
formalaşdırıb ki, Azərbaycan bundan sonra da taleyini Heydər
Əliyev siyasəti və bu siyasəti uğurla həyata
keçirən İlham Əliyevlə bağlamalıdır. Çünki bu siyasət və onu həyata
keçirən İlham Əliyev Azərbaycana həmişə
uğur gətirir. Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanda on beş il ərzində əldə
olunan nailiyyətlərin fundamental əsaslarından biri Heydər
Əliyev siyasəti, habelə dövlətimizin
başçısının şəxsi keyfiyyətləri
ilə bilavasitə əlaqədardırsa, digər bir səbəbi
də İlham Əliyevin bu uğurları, bu inkişafı
ürəkdən istəməsi, yəni, niyyətinin bu
uğurlarla eyniyyət təşkil etməsi ilə
bağlıdır. Nə qədər İlham
Əliyev Azərbaycana rəhbərlik edirsə, ölkəmiz
bir o qədər inkişaf edəcək, növbəti illərdə
daha böyük uğurlar qazanacaq. Azərbaycanı
Prezident İlham Əliyevin rəhbərliyi ilə daha
böyük nailiyyətlər gözləyir”, - deyə
Əli Əhmədov vurğulayıb.
“İlham Əliyev. On beş
illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018”
kitabının tərtibçi və eyniadlı filminin ssenari
müəlliflərindən biri, Prezidentin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov
çıxışında qeyd edib ki, 15 illik uğurların
əsasında Prezident İlham Əliyevin Ümummilli Liderin
kursuna sədaqətli obrazı dayanır. Ümummilli
Liderin kursuna sədaqətlə xidmət etmək, onu qətiyyətlə
həyata keçirmək bu uğurların başlıca təməlidir.
Prezident İlham Əliyev okeanlara
çıxışı olmayan Azərbaycanı
dünyanın nəqliyyat, logistika mərkəzinə
çevirib. Dövlətimizin
başçısı dünya liderləri sırasında
qlobal düşüncəsi, beynəlxalq aləmdə baş
verən hadisələrə sistemli yanaşması, qətiyyəti,
prinsipiallığı, insanpərvərliyi, humanistliyi ilə
seçilir. Bütün bu keyfiyyətlər
Azərbaycanın hər bir sahədə yüksək
inkişafını təmin edir.
Prezident İlham Əliyevin
şəxsi liderlik keyfiyyətləri ilə bağlı bəzi
məqamların təqdim olunan kitabda və filmdə əks
etdirildiyini bildirən Əli Həsənov deyib ki, dövlətimizin
başçısı həddən artıq sədaqətli
insandır.
O, öz əqidəsinə, inandığı işə, ona
etibar olunmuş əmanətə, xalqına, dövlətinə,
partiyasına, qəbul etdiyi ideyalara, Ümummilli Liderin irsinə,
Azərbaycan xalqının milli mənəvi dəyərlərinə
həmişə sədaqətli olub. Prezident
İlham Əliyevin həyata keçirdiyi işlər
Ümummilli Liderin ideyaları və Azərbaycan
xalqının əsas maraq və mənafeləri üzərində
qurulub. Həm filmdə, həm də
kitabda bu xətt qabarıq şəkildə əks etdirilib.
İlham Əliyev 15 illik prezidentlik
dövründə qlobal və sistemli strateji düşüncə
tərzinə malik olduğunu nümayiş etdirə bilib.
Həm ölkə daxilində gördüyü işlər,
həm də yürütdüyü xarici siyasət, onun təşəbbüsü
ilə gerçəkləşən əməkdaşlıq
platformaları, həyata vəsiqə alan
beynəlxalq və regional əhəmiyyətli layihələr
on illər, yüz illər sonra da Azərbaycana, Azərbaycan vətəndaşlarına
fayda gətirəcək, dövlətimizin qüdrətlənməsinə
xidmət edəcək. Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkədə təmin
edilmiş sabitlik Azərbaycanı təhlükəsiz,
geosiyasi problemlər vəd etməyən cəlbedici ixrac mənbəyinə,
enerji və nəqliyyat xabına çevirib. Bütün bunlar uzun illər Azərbaycanın
rifahını, dövlətimizin davamlı
inkişafını təmin edəcək.
Prezident İlham Əliyevin
praqmatik və realist siyasi xadim olduğunu vurğulayan Əli Həsənov
deyib ki, dövlətimizin başçısı həyata
keçirdiyi siyasətin nəticələrini əvvəlcədən
hesablayır, aydın konturlarını cızır. Azərbaycan
dövləti proqramlarla idarə olunan,
proqnozlaşdırıla bilən bir siyasət
yürüdür. İlham Əliyev
hansı hədəfləri müəyyən edirsə,
hansı vədləri verirsə proqramlaşdırıb həyata
keçirir. Onun ölkəyə rəhbərlik etdiyi
illərdə minimum aylıq əməkhaqqının məbləği
14,4 dəfə, orta aylıq əməkhaqqının
məbləği 6,8 dəfə, əmək
pensiyasının orta aylıq məbləği 11,3 dəfə
artıb. Ötən 15 ildə ardıcıl
olaraq həyata keçirilmiş tədbirlər, icra
edilmiş proqramlar sayəsində əhalinin aztəminatlı
təbəqəsinin ümumi əhali nisbətində
xüsusi çəkisi azalıb, yoxsulluq 49 faizdən 5 faizə
düşüb.
“Prezident İlham Əliyevin
Azərbaycan xalqının maraqlarını beynəlxalq
müstəvidə necə qətiyyətlə müdafiə
etdiyi sizə təqdim olunan kitabda və nümayiş etdirilən
filmin kadrlarında öz əksini tapıb”, - deyən Ə.Həsənov
bildirib ki, dövlətimizin başçısının rəhbərliyi
ilə icra olunan strateji kurs ölkəmizin beynəlxalq arenada
nüfuzunun və rolunun durmadan yüksəldilməsinə
yönəlib.
Onun liderlik keyfiyyətləri, dərin zəkası,
böyük erudisiyası, qlobal düşüncəsi,
intellekti, çevik qərarlar qəbul etmək
bacarığı müasir dünya nizamında Azərbaycanın
yerini, nüfuzunu, çəkisini müəyyən edir.
İlham Əliyevin təşəbbüsləri,
reallaşdırdığı proqram və layihələr
ölkəyə xarici investisiyaların cəlb edilməsi
üçün ciddi zəmin yaradıb. Dünyada
siyasi və iqtisadi vəziyyətin heç də ürəkaçan
olmadığı indiki zamanda Azərbaycan davamlı tərəqqi
nümayiş etdirir. İlham Əliyevin
siyasi iradəsi Azərbaycanı regionda sabitlik, tərəqqi
adasına, regional cazibə mərkəzinə çevirib, bu
gün Azərbaycan həm də regionda sülhün,
asayişin qarantıdır.
Prezident İlham Əliyevin
islahatçı, novator lider olduğunu diqqətə
çatdıran Əli Həsənov qeyd edib ki, beynəlxalq
qurumlar ölkədə həyata keçirilən
islahatları yüksək qiymətləndirirlər. Azərbaycanın təqdim
etdiyi “ASAN xidmət” brendi BMT-nin “Dövlət xidmətlərinin
göstərilməsinin təkmilləşdirilməsi”
kateqoriyasında birinci yerə layiq görülüb. “Doing Business”
hesabatına görə Azərbaycan dünyada “ən
islahatçı ölkə” hesab olunur. Bu gün Azərbaycan
sülh, əməkdaşlıq və dialoq platforması kimi
tanınır, beynəlxalq etimadın artmasına öz
töhfələrini verir. 2017-ci ildən etibarən
Bakıda ABŞ və Rusiya, NATO və Rusiya hərbi rəhbərliyinin
görüşlərinin keçirilməsi ənənəvi
hal alıb, Rusiya ilə Türkiyə arasında gərginliyin
azaldılmasına Azərbaycanın verdiyi dəstək
artıq hər iki ölkənin müxtəlif səviyyəli
siyasiləri tərəfindən dönə-dönə etiraf
olunub. Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzvlüyü və sədrliyi
dövründə qaldırdığı məsələlər,
dövlətimizin təşəbbüsü ilə beynəlxalq
qurumlarda qəbul olunmuş qətnamələr,
başladılmış “Bakı prosesi”, Bakını
“humanitar Davos” kimi tanıdan çoxsaylı beynəlxalq təşəbbüslər
dövlətimizi beynəlxalq əməkdaşlığın,
sülhün əsas müdafiəçilərindən birinə
çevirib. 2019-2022-ci illərdə
dünyanın 120 ölkəsinin təmsil olunduğu
Qoşulmama Hərəkatına sədrlik edərkən də
Azərbaycan bu siyasətini davam etdirəcək.
Prezidentin köməkçisi
çıxışının sonunda deyib: “Film və
kitabın hazırlanması böyük zəhmət
hesabına başa gəlib, İlham Əliyevin 15 illik
prezidentliyi dövründə keçirdiyi təxminən 10
minə qədər tədbir, açılış,
görüş və çıxışlar təhlil edilib,
ensiklopedik formada hazırlanıb. Fürsətdən istifadə
edib həm filmin, həm də kitabın ərsəyə gəlməsində
əməyi keçmiş hər kəsə, xüsusən də
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar
Cəmiyyətinin sədri Arif Alışanova, eləcə də
Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanova
və onların rəhbərlik etdiyi kollektivlərə öz
dərin təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, “İlham
Əliyev. On beş illik prezidentlik dövrünün
uğur salnaməsi. 2003-2018” kitabı bu tarixi və
olduqca zəngin bir dövrə işıq salır. Nəşrin əsas məziyyətlərindən
biri minimum sözlə maksimum məna ifadə etməsi,
sanballı fikir yükü daşımasıdır. Azərbaycan
Prezidentinin cild-cild kitablar, çoxsaylı tədqiqatlar
üçün mövzu ola biləcək
çoxşaxəli fəaliyyəti nəşrdə
yığcam, eyni zamanda, dolğun əksini tapıb. Dərin
ümumiləşdirmə və təhlil, elmi-praktik
yanaşma nəticəsində Prezident İlham Əliyevin 15
illik titanik dövlətçilik fəaliyyətinin diqqətçəkən
salnaməsi, Azərbaycanın müasir tarixinin çox parlaq
bir dövrünün dolğun mənzərəsi
yaradılıb.
Azərbaycan.- 2018.- 25 dekabr.- S.5.