Kolumbiya
parlamenti Azərbaycanın işğal olunmuş
torpaqlarının qeyd-şərtsiz
boşaldılmasını tələb edir
Kolumbiya parlamentinin xarici işlər,
təhlükəsizlik və milli müdafiə üzrə
İkinci Komitəsi Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinə dair Azərbaycanın ədalətli
mövqeyini dəstəkləyən qətnamə qəbul
edib. Qətnamə Azərbaycan Respublikasının
Boqotadakı səfirliyinin müvəqqəti işlər vəkili
Həmid Zeynalova rəsmi olaraq təqdim edilib.
AZƏRTAC xəbər verir ki, qətnamədə
Kolumbiya ilə Azərbaycan arasındakı ikitərəfli
münasibətlərin vacibliyi vurğulanır. Kolumbiya tərəfi
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində
Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi
rayonunun işğalından, habelə Azərbaycan əhalisinin
etnik təmizləməyə məruz qalmasından
narahatlığını qeyd edir. Qətnamədə Ermənistanın
bu təcavüzkarlıq siyasəti pislənir və dünya
ictimaiyyəti bu hadisələri insanlığa qarşı
cinayət kimi qiymətləndirməyə
çağırılır.
Həmçinin Azərbaycan
torpaqlarının indiyədək işğal altında
qaldığına və Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin hələ də
həllini tapmadığına görə Kolumbiya tərəfinin
dərin təəssüfü vurğulanır. Kolumbiya
münaqişənin dövlətlərin ərazi
bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin
toxunulmazlığı prinsipləri, qəbul olunmuş beynəlxalq
hüquqi sənədlər, o cümlədən BMT Təhlükəsizlik
Şurasının məlum qətnamələri əsasında
sülh yolu ilə həll edilməsinə çağırır.
Eyni zamanda, qətnamədə Ermənistan
silahlı qüvvələrinin Azərbaycanın işğal
edilmiş ərazilərindən qeyd-şərtsiz
çıxarılması və Azərbaycanın
qaçqın və məcburi köçkünlərinin
öz doğma torpaqlarına dərhal qayıtması
üçün şəraitin yaradılması tələb
edilir.
Sonda Kolumbiya parlamentinin xarici
işlər, təhlükəsizlik və milli müdafiə
üzrə İkinci Komitəsi Azərbaycan Hökuməti və
xalqı tərəfindən ölkəsinin müdafiəsi
üçün həyata keçirdiyi bütün səyləri
tam dəstəkləyir və fürsətdən istifadə
edərək Azərbaycan Respublikasının Kolumbiyadakı səfirliyinin
yüksək fəaliyyətini xüsusi vurğulayır.
Azərbaycan.- 2018.- 26 dekabr.- S.9.