Taleyinin ardınca gedənlər
İnsan həyatda başına gələcəklərini öncədən bilsəydi, görəsən, yaşamağa davam edərdimi?! Çoxları "yox” deyər, başqa bir həyatı yaşamaq istədiyini bildirər. Amma həyatda nə etsən də, qismətində olan taleyi yaşamağa məcbursan.
Mehman Zöhrabov 1968-ci ildə Qubanın Zərqova kəndində dünyaya göz açanda həyatının sonrakı taleyindən xəbərsiz idi. Xoşbəxtlik insanın yaranışı, başına gələnlər isə qismətidir, deyirlər. 3 qardaş və 2 bacısı ilə uşaqlıq həyatını yaşayan Zöhrabovların sevinci çox sürmədi. 1972-ci ildə analarını itirən 5 uşaq ana babalarının yanına, Paşaoba kəndinə gəlir və orada yaşayırlar.
- Tale insanı çox vaxt qarışıq sınaqlara çəkir, - qardaşı İmran bildirir. - Bizim də həyat yolumuz çox keşməkeşli olub. 1975-ci ildə birinci sinfə gedəndə yolda Mehmanı maşın vurmuşdu. Hamı başına yığışıb, "Sənə bir şey olmayıb?” deyə soruşanlara "Mənə onsuz da olan olub” cavabını vermişdi. Babam onu qucağında evə gətirəndə razı olmamış, "Mən heç kəsə yük olmaq istəmirəm” demişdi.
Mehman hamıdan seçilirdi. Onun gözəl qaməti, dərrakəsi, uzaqgörən gözləri vardı. Paşaoba kənd orta məktəbində oxuduğu illərdə hamı bu gəncin gələcəkdə sənət yiyəsi olacağına ümid bəsləyirdi. Dərslərini hazırlayanda sinif yoldaşlarının çoxu riyaziyyatı və fizikanı ondan öyrənərdi.
- Əlinə düşən pulun hamısını kitaba verərdi Mehman, - İmran sözünə davam edir. - Aldığı kitabların birinci vərəqinə "Mehman Zöhrabova məxsusdur” sözlərini qırmızı karandaşla yazardı. Səliqə-sahmanına söz olmazdı. Sevdiyi yazıçıların əsərlərini dönə-dönə oxuyardı. Vaxtaşırı oxuduqlarından misal gətirər, hazırcavablığı ilə fərqlənərdi.
1985-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşür. İki ildən sonra geri qayıdan Mehman qardaş-bacılarına kömək edir. Bir qədər sonra əsgəri xidmətdə olduğu yerə, Moskva ətrafında tanışlarının yanına qayıdır.
- Ona çox dedik ki, oxu. O, ali məktəbə daxil ola bilərdi.
Amma işləməyə
üstünlük verdi. Moskvadan bizə yetərincə
pul göndərərdi.
Biz onun sayəsində
böyüdük. Bacılarım ona ata deyirdilər,
- İmran beləcə
sakit-sakit danışırdı.
Qarabağ müharibəsi başlayanda
Mehman vətənə
qayıdır. Əvvəl yenicə yaranan
Milli Ordumuzun sıralarında könüllü
kimi döyüşür.
Sonra bilinməyən səbəb
üzündən Moskvaya
dönür. 1993-cü
ildə ümummilli lider Heydər Əliyevin çağırışı
ilə yenidən Azərbaycana qayıdır.
- İyunun
əvvəllərində qəfildən
onu qarşımızda
gördük, - İmran
həmin anları gözləri qarşısında
canlandırırmış kimi söhbətinə davam edir. - Xeyli deyib-güldük. Sonra gəlişinin
səbəbini bildirdi.
Dedi ki, gəlmişəm döyüşəm,
ermənilərdən intiqamımızı
alam.
Səhəri hərbi komissarlığa
gedir və ordu sıralarına yazılır. Qubada bir neçə
gün qaldıqdan sonra "N” saylı hərbi hissəyə yollanır. Ağdam,
Tərtər, Füzuli
istiqamətindəki döyüşlərdə
iştirak edir. Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində
gedən döyüşdə
başından yaralanır.
Yenidən silahını götürüb
irəli atılmaq istəyəndə düşmənin
ikinci gülləsi bu cəsur gəncin
həyatına son qoyur.
- 5 mart tarixində
onun nəşini Qubaya gətirdilər, - İmran həmin anları xatırlayır.
- Evimizdən qəbiristanlığa
qədər insan axını Mehmanı son mənzilə yola salırdı. Əsgər yoldaşları onun
fədakarlığından danışırdılar.
Mehman Zöhrabovun adı Qubada həmişə anılır. Paşaoba kənd orta
məktəbi Mehmanın
adını daşıyır.
Bütün yaxınları onunla
fəxr edir, məktəbin şagirdləri
hər bayramda Mehmanın məzarını
ziyarət edirlər.
Kəndin xeyrində, şərində
onun ruhuna dualar oxunur.
- Dövlətimizdən
çox razıyıq,
- İmran bildirir. Hansısa bir işimizlə bağlı müraciətimizə
həmişə hörmətlə
yanaşırlar. Qardaşım bizim nəslin varlığını kiçik
çevrədən böyük
bir aləmə yayıb. Mehmanla təkcə Zöhrabovlar
deyil, onu tanıyanların hamısı
fəxr edir. Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə hərbi qulluqçuların
vərəsələrinə 11 min manat məbləğində
birdəfəlik ödəmə
verilməsi də dövlətin qayğı
və diqqətinin nəticəsidir. Buna görə dövlət başçısına, eləcə
də şəhid analarına, ailələrinə
həmişə himayədarlıq
göstərən Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya ürəkdən minnətdarıq.
Akif ƏLİYEV
Azərbaycan.-
2018.- 26 dekabr.- S.10.