Prezident dəstəyi daxili işlər
orqanlarının fəaliyyətini təkmilləşdirir,
peşəkarlığını artırır
Dekabrın 25-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda iştirak edib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövlətimizin başçısına raport verdi.
Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Polis Akademiyasının meydanında ucaldılan abidəsi önünə gül dəstəsi qoydu.
Dövlətimizin başçısı yeni tədris binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədris binasında yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, yeni tədris binasının inşası 2016-2018-ci illərdə aparılıb. Altımərtəbəli bina müasir səviyyədə və yüksək zövqlə inşa olunub. Yeddi min kvadratmetrə yaxın sahəsi olan binada təlim-tədris üçün hər cür şərait yaradılıb. Burada 138 nəfərlik oxu zalı və elektron kitabxana müdavimlərin ixtiyarına veriləcək. Bina liftlər, havalandırma, videomüşahidə, səs-anons sistemləri, eləcə də elektron lövhələr və tədris prosesi üçün zəruri olan digər ləvazimatla təchiz edilib. Burada müasir akustik sistemin qurulduğu 252 nəfərlik iclas zalı yaradılıb. Zalda akademiyanın həyatında baş verən əlamətdar hadisələri qeyd etmək üçün hər cür şərait mövcuddur.
Yeni binada ümumilikdə 1400 kursant yerlik 11 mühazirə zalı var. Burada elektron jurnal tətbiq edilir. Bütün kursantlar bu elektron jurnalda qeydiyyatdadır və onlar haqqında məlumat xidməti vəsiqələrin vasitəsilə burada əks olunur. Bütün tədris proqramının daxil olduğu jurnalda kursantlar imtahan vaxtları və digər mövzularla bağlı məlumat ala bilirlər. Eyni zamanda, müəllimlər kursantların dərsə davamiyyətinə bu jurnal vasitəsilə nəzarət edirlər. Elektron jurnal həm də ümumilikdə auditoriyaya nəzarət etməyə imkan verir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası 1992-ci ildə yaradılıb və nazirliyin birbaşa tabeliyində olan dövlət ali təhsil-elm müəssisəsidir. Bu tədris müəssisəsi 1921-ci ildən milis nəfəri və komandir kadrları, 1957-ci ildən isə orta təhsilli hüquqşünas hazırlayan milis məktəbi kimi fəaliyyət göstərib. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə milis orqanlarına göstərdiyi qayğı və tələbkarlıq sayəsində Bakı Xüsusi Orta Milis Məktəbi və onun maddi-texniki bazası inkişaf etdi, kadr cəhətdən möhkəmləndi və Akademiya səviyyəsinə qədər yüksəldi. Maddi-texniki bazası nəzərə alınaraq, 1995-ci ildə Akademiyaya Nazirlər Kabinetinin qərarı ilə birinci kateqoriyalı ali təhsil müəssisəsi dərəcəsi verilib.
Yeni tədris binasındakı kriminalistik təlim şəhərciyindəki müasir şərait müəllimlərə maddi sübutun götürülməsi, ayaq, əl və digər izlər barədə məlumatların toplanması, polis əməkdaşının davranış qaydaları, əməliyyat və xidmət zamanı digər zəruri hərəkətlər haqqında kursantlara əyani surətdə məlumat vermək imkanı yaradır. Buradakı şərait maksimal dərəcədə real vəziyyətə uyğunlaşdırılıb. Şəhərcikdə təlimlərin keçirilməsi üçün şərti olaraq mənzil, ofis, mağaza, bank, küçə və kafe yaradılıb.
Bu gün ölkədə qanunun aliliyinin təmin olunması, asayişin mühafizəsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm işlər görülür. Bu sahədə fəaliyyət göstərən dövlət qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının inşa olunması da bu sahədə görülən işlərdəndir. Bütün bunlarla yanaşı, hüquq-mühafizə orqanlarında çalışan əməkdaşların peşəkarlığının artırılması, onların sosial məsələlərinin həlli də dövlətimizin daim diqqət mərkəzindədir.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyev xidməti istifadə üçün alınan yeni avtomobillərə baxdı.
Məlumat verildi ki, Yol
Patrul Xidməti üçün "Mersedes”
markalı 118 avtomobil alınıb. Onlardan 75-i "Mersedes”in C-300, 4-ü
E-450, 39-u isə E-350 modelidir.
Bu avtomobillərin hamısında yeni i-Patrul sistemi quraşdırılıb. Bu
sistem texniki xüsusiyyətlərinə görə
əvvəlkilərdən xeyli
fərqlənir. Yol Patrul
Xidməti avtomobilinin dayandığı, eləcə
də hərəkət
etdiyi hallarda fasiləsiz qaydada fəaliyyət göstərmək
imkanına malik olan sistem ətrafı
360 dərəcə əhatə
edən doqquz videonəzarət kamerası
ilə təchiz olunub. Sistemin daxilində qarşıdakı
beş zolaqda
hərəkət edən
nəqliyyat vasitələrinin
dövlət qeydiyyat nişanlarını və
sürətlərini avtomatik
rejimdə qeydə alan "Radar” quraşdırılıb.
Həmçinin avtomobillərdə yan istiqamətlərdə
"Nömrətanıma”, gecə görüntüsü
üçün 30 metrlik
məsafəni əhatə
edən "infraqırmızı”
görünməz işıqlandırma
sistemləri və GPS
modulu var. Sistemin dayanıqlı daxili kompüter qurğusu bütün proseslərin avtomatlaşdırılmış rejimdə aparılmasına
imkan verir. Eyni zamanda, Yol Patrul
Xidməti avtomobilinə
perpendikulyar istiqamətdə
sağ və sol tərəflərdə dayanmış
nəqliyyat vasitələrinin
də nömrə nişanları oxunur.
Bu sistem nömrəsi
və sürəti oxunmuş nəqliyyat vasitələri barədə
məlumatları cari tarix, saat və
GPS koordinatı da əlavə etməklə
mərkəzi serverdə
arxivləşdirir. Sürət həddini
aşmış nəqliyyat
vasitələri barədə
məlumatlar sistemin mobil rabitə şəbəkəsi vasitəsilə
dərhal Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya
Sisteminə ötürülür.
Məlumat verildi ki, Post Patrul Xidməti üçün isə
"Mersedes Citan” markalı 60 avtomobil alınıb. Bu avtomobillər
də zəruri texniki avadanlıqla təchiz olunub. Daxili İşlər Nazirliyinin
müvafiq strukturlarında
digər xidmətlər
üçün Azərbaycan
istehsalı olan "Khazar” LD avtomobilləri də alınıb.
Qeyd edək ki, yeni
tədris korpusunun inşası zamanı ərazidə təntənəli
mərasimlər üçün
140 nəfərlik tribuna
yenidən qurulub, geniş abadlıq-quruculuq
işləri görülüb. Burada görülən
işlər bir daha sübut edir ki, Prezident, Silahlı
Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi
ilə daxili işlər orqanları üçün yüksək ixtisaslı kadrlar hazırlayan Polis
Akademiyasının fəaliyyətinin daha
da təkmilləşdirilməsi istiqamətində
son illərdə mühüm
islahatlar aparılır və bu sahədə iş
davamlı xarakter alıb.
Azərbaycan.-
2018.- 26 dekabr.- S.1-2.