Memarlıq abidəsi - incəsənətin tarixi səsi
3 korpus,
18 min incəsənət incisi
Bakının tarixi yadigarlarından biri...
Maddi-mənəvi dəyərlər hər bir xalqın varlığını təsdiq
edən əvəzolunmaz
sərvətlərdəndir. Minilliklər boyu formalaşan bu incə sənət
əsərlərinin qorunub
saxlanmasında muzeylərin
əvəzsiz rolu olub. Təbii ki, muzeylərə
qədər də onlar nəsillərdən nəsillərə yadigar qalıblar. Çünki xalqa məxsus
olduqları üçün
qorunublar, baxmayaraq ki, işğalçılıq,
təcavüz, münaqişə
və müharibələr
onların sıradan çıxmasına, yaxud
özgəninkiləşdirilməsinə
səbəb olublar.
Bunların qorunmasında muzeylərin
əhəmiyyəti isə
çox böyükdür.
Azərbaycan xalqına məxsus milli sərvətlərin qorunmasında muzeylərin
daşıdığı missiya
daim dövlət tərəfindən yüksək
qiymətləndirilib. Belə
ünvanlar respublikamızda
az deyil.
Onlardan biri də, dövlət
başçısının göstərişi ilə
əsaslı təmir
edilən Azərbaycan
Milli İncəsənət
Muzeyidir.
Azərbaycan Prezidenti
İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dekabrın 18-də Azərbaycan
Milli İncəsənət
Muzeyinin üçüncü
korpusunun əsaslı
təmir və yenidənqurmadan sonrakı
açılışında binada yaradılan şəraitlə tanış olublar. Mədəniyyət naziri Əbülfəs
Qarayev dövlət başçısına və
birinci xanıma görülən işlərlə
bağlı məlumat
verib. Nazir bildirib ki, bu
incəsənət məbədinin
yaradılmasının və
fəaliyyətinin maraqlı
tarixi var. XIX əsrdə,
daha doğrusu,
1891-1893-cü illərdə Bakının baş memarı Nikolay fon der Nonnenin
layihəsi əsasında
inşa edilib. Muzey iki yanaşı tarixi binada yerləşirdi.
Burada ayrı-ayrı vaxtlarda müxtəlif idarə və təşkilatlar da özlərinə sığınacaq tapmışdı. 1936-cı ildə əsası qoyulan binada 1951-ci ildən Milli İncəsənət Muzeyi
də fəaliyyət
göstərməyə başlayıb.
Burada çoxlu sayda qiymətli maddi-mədəni
sərvətlərin yerləşdirilməsi
və ekspozisiyasının
ildən-ilə zənginləşdirilməsi
bu sənət məbədinə marağı
daha da artırıb.
Zaman keçdikcə təbii aşınmalar nadir sənət
nümunələrinin toplandığı
binanın təmiri zərurətini yaradıb.
De Burun
malikanəsi - Mariinski
Qadın Gimnaziyası
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı
ilə Mariinski Qadın Gimnaziyası adlanan birinci korpus 2009-cu ilin sentyabrında əsaslı
təmir və yenidənqurma işlərindən
sonra istifadəyə verilib. 2014-2018-ci illərdə
isə muzeyin De Burun malikanəsi korpusunda İtaliya və Azərbaycan mütəxəssislərinin birgə
səyləri ilə təmir-bərpa işləri
həyata keçirilib.
Əvvəlcə binada
xüsusi tədqiqat aparılıb: onun fiziki və texniki vəziyyəti öyrənilib. Ölkə əhəmiyyətli bu memarlıq abidəsinin tavan və divarlarında mövcud yapma rəsm, bəzək və digər işlər ilkin vəziyyətə gətirilib.
Memarlıq və bəzək
elementləri təmizlənib,
bərkitmə işləri
yerinə yetirilib.
Uzun illər ərzində cari təmir işləri aparmaqla tavan və divarlarda
yeddi qat üst-üstə vurulan boya xüsusi texnologiya ilə təmizlənərək birinci
rəng qatı müəyyənləşdirilib.
Əsaslı təmirdən
sonra dövlət başçısı İlham
Əliyev və Azərbaycanın Birinci vitseprezidenti Mehriban xanım Əliyeva muzeylə yaxından tanış olublar. Yeni yaradılan şərait
sərgi salonlarında
yerləşdirilən əsərlərin
bütün təsiredici
amillərdən qorunmasını
və təhlükəsizliyini
təmin edir, bununla yanaşı, muzeyə gələnlərin
baxdıqları əsərlərdən
zövq almalarına şərait yaradır.
Binanın memarlığı və qədimliyi saxlanılmaqla
həm texniki, həm də texnoloji baxımdan lazım olan innovativ və yeni funksionallığı
təmin edilib. Yenidənqurma və əsaslı təmir işləri ilə yanaşı, ekspozisiya zalları genişləndirilib, binanın
seysmik davamlılığı
artırılıb. Rəngkarlıq, qrafika, heykəltəraşlıq
və tətbiqi sənət nümunələri
nümayiş olunan,
on səkkiz mindən çox eksponatın saxlanıldığı Milli
İncəsənət Muzeyinin
üçüncü korpusu
da zənginliyi ilə diqqəti cəlb edir. Burada 2 mindən çox eksponat saxlanılır.
Muzeyin binaları arasında mərkəzləşdirilmiş giriş yaratmaq üçün 2013-cü ildə
açılışı olan keçid korpusu da var.
Xüsusi sifariş edilmiş güzgülər, çıraqlar
və sobalar bu incə zövqlə
bəzədilmiş məkana
bir qədər də gözəllik verir. Muzeydə dünya incəsənəti
nümunələri də
nümayiş olunur.
Ekspozisiya planına əsasən, kolleksiyanı
Qərbi Avropa, o cümlədən İtaliya,
Hollandiya, Almaniya, Fransa, həmçinin Rusiya və Çin, Türkiyə, İran və Hindistan da daxil
olmaqla Şərq incəsənəti təşkil
edir. Yeni ekspozisiyada ilk dəfə olaraq qədim dünya incəsənəti
də təqdim olunur: burada qədim Misir, Yunanıstan, Roma və İran incəsənətləri
ilə yaxından tanış olmaq üçün şərait yaradılıb.
Onu da deyək ki,
Fransa zallarında ilk dəfə olaraq fransız impressionistlərin
əsərlərini görmək
mümkündür. Bundan başqa,
muzeyin ekspozisiyasında
Rusiya avanqardı ilə yanaşı, çini məmulat və əsərləri də seyr etmək
imkanı olacaq. Təqdim olunan əsərlərin zənginliyinə və unikallığına görə
bu məbədi dünyanın istənilən
muzeyi ilə müqayisə edə bilərik.
Nümayiş etdirilən
zəngin kolleksiya ilə yaxından tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva klassika və müasirliyin, milli və Avropa
incəsənətinin qovuşduğu
mədəniyyət ocağının
fəaliyyətinə uğurlar
arzulayıblar.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2018.- 27 dekabr.- S.1; 7.