Beynəlxalq
konfrans keçirilib
Dekabrın 26-da Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
yaradılmasının 100 illiyi ilə əlaqədar "Azərbaycanda
sosial müdafiə sisteminin inkişafı: dünən, bu
gün, sabah” mövzusunda beynəlxalq
elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir
ki, konfransdan əvvəl tədbir iştirakçıları
Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını
ziyarət edib, xatirəsini anaraq abidəsi önünə əklil
qoyublar.
Görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad
edilib, məzarı üstünə tər güllər
düzülüb.
Sonra Şəhidlər
xiyabanı ziyarət olunub, Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda şəhid
olan qəhrəman Vətən övladlarının məzarları
üzərinə gül-çiçək dəstələri,
"Əbədi məşəl” abidəsinin önünə
əklil qoyulub.
Konfransda əvvəlcə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
yaradılmasının 100 illik yubileyinə həsr olunmuş
film nümayiş etdirilib.
Filmdə 1918-ci il dekabrın 26-da Azərbaycan
Xalq Cümhuriyyəti hökumətində
yaradılmış Poçt, Teleqraf və Əmək Nazirliyinin,
daha sonra ayrıca qurum kimi formalaşan Əmək Nazirliyinin fəaliyyətindən
söz açılır, ulu öndər Heydər Əliyevin
ölkəmizdə humanist dəyərlərə, sosial ədalət
prinsipinə əsaslanan sosial siyasətin formalaşması və
inkişafı istiqamətində mühüm tarixi xidmətləri
diqqətə çatdırılır. Həmçinin
filmdə Prezident İlham Əliyevin sosial sahəyə
xüsusi qayğısından, bu qayğı nəticəsində
ölkədə həyata keçirilən və ildən-ilə
genişlənən mühüm sosial proqramlardan, aktiv sosial
müdafiə və məşğulluq tədbirlərindən
bəhs olunur. Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın yüksək humanizmin təcəssümü
olan, sosial müdafiə və reabilitasiya sahələrini də
əhatə edən təşəbbüs və layihələri,
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həssas
qruplara qayğıkeş münasibəti də filmdə əksini
tapır.
Konfransı açan Baş
nazirin müavini Əli Əhmədov ulu öndər Heydər
Əliyevin Azərbaycanda sosial inkişafın təmin edilməsi,
əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində
böyük xidmətlərini qeyd edib. O, Ulu Öndərin dövlətçilik
fəlsəfəsinin əsas xəttini məhz sosial rifah amili
təşkil etdiyini, Ümummilli Liderin Azərbaycanda sosial
dövlət ideyasını uğurla gerçəkləşdirdiyini
vurğulayıb. Baş nazirin müavini son 15 ildə Prezident
İlham Əliyevin ölkəmizin bütün sahələrdə
dinamik inkişafını, eyni zamanda, sosial sahədə
mühüm irəliləyişləri, sosial müdafiə
sisteminin daim güclənməsini uğurla təmin etdiyini
bildirib. Baş nazirin müavini sosial rifahın
yaxşılaşdırılması istiqamətində Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini
yüksək qiymətləndirib.
Əmək və əhalinin
sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək
deyib ki, sosial rifahın təminatı hər bir ölkənin
ümumi inkişafının əsas göstəricilərindən
biridir. Bu mənada
ümummilli lider Heydər Əliyevin memarı və qurucusu
olduğu, son 15 ildə Prezident İlham Əliyevin uğurlu
daxili və xarici siyasəti nəticəsində
dünyanın sürətlə inkişaf edən ölkələrindən
olan müasir müstəqil Azərbaycan, eyni zamanda, bir sosial dövlət
olaraq bu inkişafını özünün güclü
sosial siyasətində təcəssüm etdirir.
Nazir Azərbaycan Xalq Cümhuriyyəti
hökumətindəki Əmək Nazirliyinin fəaliyyətindən
bəhs edib, nazirliyin hələ 100 il
bundan öncə bugünkü əmək və sosial
müdafiə sistemi üçün aktual olan məsələlərin
həlli istiqamətində atdığı addımları
qeyd edib. O, 1970-1980-ci illərdə müdrik siyasətçi
Heydər Əliyevin Azərbaycana rəhbərliyi
dövründə onun bütün sahələrdə
olduğu kimi, sosial sahədə də inkişafı təmin
etdiyini, 1993-cü ilin iyununda xalqın
çağırışı ilə yenidən
respublikamıza rəhbərliyə qayıdışından
sonra müstəqil dövlət quruculuğunu uğurla həyata
keçirməklə yanaşı, ölkəmizin sosial ədalət
prinsipinə, həssas qruplara humanist yanaşmaya əsaslanan
uğurlu sosial siyasətini də
formalaşdırdığını vurğulayıb. Nazir Ulu Öndərin müdrik siyasi kursunun, Azərbaycanın
etibarlı təməllər üzərində uzunmüddətli
inkişafına yol açan strategiyasının bütün
istiqamətlər üzrə Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini və bu gün ölkəmizin dinamik
iqtisadi inkişafının güclü sosial siyasətlə
tamamlandığını bildirib. Son 15 ildə sosial təminat
sisteminin ildən-ilə gücləndiyini və əhatə
dairəsinin genişləndiyini bildirən nazir bunun bir
nümunəsi kimi, əmək pensiyasının orta aylıq
məbləğinin 2003-cü ilə nisbətən 12,1 dəfə artaraq 2018-ci il 1 dekabr tarixinə
222,5 manata, yaşa görə əmək pensiyasının
orta aylıq məbləğinin isə 249,5 manata
çatdığını deyib. Əlavə edib ki, bu il əmək
pensiyalarının maliyyələşməsinə yönəldilən
illik vəsaitin həcmi 2003-cü ilə nisbətən 16,7 dəfə artıb. Bu ilin 11 ayında aktiv məşğulluq
tədbirləri nəticəsində ötən ilin
müvafiq dövrünə nisbətən 9,1
faiz çox olmaqla 50,2 min nəfərin işlə təminatı
həyata keçirilib. Gələn il yeni
bir istiqamət kimi "İşçinin dostu” proqramına
başlanılacaq ki, bu proqram 30 min iş yerinin
yaradılmasına imkan verəcək. Dövlət
başçısının müvafiq Sərəncamına əsasən
icra olunan özünüməşğulluq proqramına cəlb
olunanların sayı cari ildə 6,5 dəfə
artaraq 7800 nəfəri ötüb.
S.Babayev Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın sosial müdafiə və
reabilitasiya sahələrində aparılan işlərə dəstək
məqsədli layihələrindən də bəhs edib.
Vurğulanıb ki, bu gün nazirlik
100 illik yubileyini Prezident İlham Əliyevin təkmil sosial
islahatlar proqramının işgüzar ruhunda, əmək, məşğulluq,
sosial təminat sahələrində innovativ yanaşmalara əsaslanan
mütərəqqi, şəffaf, ədalətli və
çevik sistemlərin qurulmasına doğru mühüm
addımlarla qeyd edir. Ölkə başçısının
sərəncamları ilə Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100
illiyi münasibətilə və sosial müdafiə sahəsinin
inkişafında səmərəli fəaliyyət göstərdiklərinə
görə nazirliyin bir qrup əməkdaşının fəxri
adla və "Tərəqqi” medalı ilə təltif edilməsi
də Prezident İlham Əliyevin bu sahədə
çalışan insanların əməyinə yüksək
dəyər verdiyini göstərir.
Konfransda
çıxış edən Milli Məclis sədrinin
müavini Bahar Muradova bir əsr əvvəl fəaliyyətə
başlayan nazirliyin şərəfli yol keçdiyini və
öz vəzifə və məsuliyyətlərini layiqincə
yerinə yetirdiyini deyib. O, əhalinin sosial rifahının
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlərdən danışıb. Nazirliyin əmək resursları və səmərəli
məşğulluğun təmin olunmasına diqqət
yetirdiyini qeyd edən Bahar Muradova insanların əmək şəraitinin
yaxşılaşdırılması, əmək münasibətlərinin
standartlara uyğun olması istiqamətində işlər
görüldüyünü diqqətə
çatdırıb.
İnsan hüquqları
üzrə müvəkkil Elmira Süleymanova bu ilin ölkəmiz
üçün əlamətdar olduğunu, Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlərin
keçirildiyini bildirib. O, gündən-günə inkişaf edən ölkəmizdə
insan hüquqlarının qorunmasına, sosial müdafiə
sisteminin təkmilləşdirilməsinə xüsusi diqqət
yetirildiyini vurğulayıb. Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşlar
ilə daha sıx münasibətdə olduğunu deyən
ombudsman qayğıya ehtiyacı olanların və sosial cəhətdən
həssas qrupların daim diqqət mərkəzində
saxlanıldığını qeyd edib.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev, Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd
Musayev, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun
direktoru, akademik, Milli Məclisin deputatı Yaqub Mahmudov, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
İctimai Şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat
Fondunun prezidenti Umud Mirzəyev ölkəmizdə sosial
müdafiə sisteminin inkişafına yönəlmiş tədbirlərdən,
dövlətin sosial siyasətindən danışıb,
nazirliyin fəaliyyətinə uğurlar arzulayıblar.
Sonra nazirliyin
strukturlarında uzun illər çalışmış
işçilər və "sosial elçilər” təltif
olunublar.
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
(KİVDF) icraçı direktoru Vüqar Səfərli Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və
KİVDF-nin nazirliyin 100 illiyi ilə əlaqədar birgə
keçirdiyi "Azərbaycanda sosial müdafiə sisteminin
inkişafı: dünən, bu gün, sabah” mövzusunda fərdi
jurnalist yazıları müsabiqəsinin nəticələri
barədə məlumat verib. O bildirib ki, müsabiqəyə təqdim
olunmuş 44 yazıdan 11-i ekspertlər tərəfindən
yüksək qiymətləndirilərək mükafata layiq
görülüb. Bir nəfər birinci, iki nəfər
ikinci, üç nəfər üçüncü yeri tutub.
Qalib və
mükafatçılara diplom və hədiyyələr təqdim
olunub. Beş nəfər isə təşəkkürnamə
və həvəsləndirici mükafatla təltif edilib.
Konfrans öz işini
"Sosial müdafiə sistemi və onun əsas prioritetləri”
və "Əmək bazarı, məşğulluq və əmək
münasibətləri” mövzularında sessiyalarla davam
etdirib.
Hər
iki sessiyada məruzələr dinlənilib və mövzulara
uyğun müzakirələr aparılıb.
Azərbaycan. - 2018.- 27
dekabr.- S.3.