Milli Məclisdə “Azərbaycan
parlamentarizmi tarixi” kitabının təqdimatı
olub
Dekabrın 28-də Milli Məclisdə "Azərbaycan parlamentarizmi tarixi” adlı ikicildlik kitabın təqdimatı keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbiri açan kitabın həmmüəllifi, Milli
Məclis sədrinin müavini, insan hüquqları komitəsinin
sədri Bahar Muradova deyib ki, 2018-ci ili vacib və əhəmiyyətli
edən onun 100 illik yubileylərlə zəngin olmasıdır. Prezident İlham Əliyevin 2017-ci il
16 may tarixli Sərəncamına
əsasən bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi
qeyd olundu. İl ərzində həm ölkəmizdə, həm
də xaricdə, o cümlədən beynəlxalq
təşkilatlar çərçivəsində
çoxsaylı yubiley
tədbirləri keçirildi.
Bu yüz ilin
hər günündə
əldə etdiyimiz uğurlar, rastlaşdığımız
çətinliklər, həyatımızın
ən vacib dövrləri və bu dövrlərdə xalqımızın, dövlətimizin
atdığı addımlar,
ictimai-siyasi şərait
və müqəddəs
xəyallarımızın gerçəkliyə çevrilməsi
istiqamətindəki səylərimizə
qarşı yönəlmiş
cəhdlər barədə
çoxlu müzakirələr
aparıldı, dəyərləndirmələr
edildi. Dövlətimiz, xüsusilə Prezident
İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinin
yüksək səviyyədə
qeyd olunması üçün lazımi
addımlar atıb.
Azərbaycan parlamenti də
Prezident İlham Əliyevin Cümhuriyyətin
100 illiyinin yüksək
səviyyədə qeyd
olunmasından irəli
gələn vəzifələrin
yerinə yetirilməsi
üçün lazım
olan bütün işləri görüb.
Qeyd edilib ki, Azərbaycan
xalqı müstəqillik
uğrunda istək və arzularını reallaşdırmaq, onun nəticəsi olan müstəqil dövləti
qurmaq üçün
böyük yol keçib, bütün çətinliklərə fədakarlıqla
sinə gərib, ləyaqətlə yaşamaq
haqqının olduğunu
dünyaya sübut edib, bu gün
müstəqil, qətiyyətli
siyasət yeridən bir dövlətin xalqı olduğunu göstərib.
"Azərbaycan parlamentarizmi tarixi” kitabının önəmini vurğulayan
Bahar Muradova deyib ki, kitabın
tədqiqat obyekti Azərbaycan xalqının
keçdiyi şərəfli
yol, qərarların qəbulu ənənəsi,
qədim dövrdə
bu ənənələrin
yaranmasından tutmuş
ötən əsrə
qədər keçən
dövr, Cümhuriyyətin
yaranması, sovet dövrü, həmin dövrdə dəyişən
şərtlər çərçivəsində,
daha sonra isə 1991-ci ildə ölkəmizin müstəqilliyinin
bərpasından sonra
Azərbaycan parlamentinin
keçdiyi yoldur. "Müəlliflər olaraq məqsədimiz Azərbaycanda tarixən qərarların qəbul edilməsi ənənəsini
öyrənmək, parlamentin
dövlət idarəçiliyi
sistemində tutduğu
yeri, oynadığı
rolu dəyərləndirmək,
eləcə də bu günə qədər bu sahədəki elmi-nəzəri
tədqiqatları, mövqeləri
özündə əks
etdirən ümumiləşmiş
tədqiqat əsəri
ortaya qoymaq idi. Kitabın birinci cildi qədim dövrdən
1991-ci ilə qədər,
ikinci cildi isə 1991-ci ildən
2018-ci ilə qədər
olan dövrü əhatə edir. Bu kitab gələcək elmi-tədqiqat əsərlərinin
yaradılması üçün
mühüm mənbə
ola bilər.
Kitab bu sahədə əldə olunmuş nailiyyətləri özündə
birləşdirən ümumiləşmiş
əsərdir”, - deyə
Bahar Muradova söyləyib.
Milli Məclisin elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, deputat, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, deputat, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, professor Hikmət Babaoğlu çıxışlarında vurğulayıblar
ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyinin qeyd olunması və 2018-ci ilin ölkəmizdə "Azərbaycan
Xalq Cümhuriyyəti
İli” elan edilməsi haqqında sərəncamları onun dövlətçilik tariximizə,
xüsusilə də Cümhuriyyət tarixinə
verdiyi yüksək qiymətin ifadəsidir. Eyni zamanda, bu sərəncamlar
Cümhuriyyət qurucularının
xatirəsinə ehtiramı
da dövlət səviyyəsində ifadə
edir. Dövlətimizin başçısı İlham Əliyevin imzaladığı hər
iki sərəncam ölkəmizdə müstəqillik,
milli dövlətçilik
təfəkkürünün daha da möhkəmlənməsinə,
inkişaf etdirilməsinə
xidmət edir. Bu sərəncamlar mühüm siyasi və tarixi əhəmiyyətə malikdir.
Həmin
sərəncamlara əsasən
ölkəmizdə və
xaricdə genişmiqyaslı
tədbirlər həyata
keçirildi. Bu tədbirlərin içərisində
Azərbaycan parlamentinin
100 illiyi münasibətilə
keçirilən təntənəli
iclası və bu gün təqdimatı
olan "Azərbaycan parlamentarizmi tarixi” kitabının işıq
üzü görməsini
xüsusi qeyd etmək lazımdır.
Bildirilib ki, parlamentarizmin tarixi, Azərbaycanda parlament ənənəsi haqqında ilk dəfədir kitab dərc olunub. "Azərbaycan parlamentarizmi tarixi” kitabı ölkəmizdə mili parlamentarizmin tarixinə və inkişaf yoluna həsr olunan birinci kitab kimi böyük əhəmiyyətə malikdir. Nəşrlərdə Azərbaycan parlamentarizminin tarixi təkcə 100 il bundan əvvəl Cümhuriyyət qurucularının yaratdığı parlamentin tarixi ilə əlaqəli şəkildə göstərilməyib. Müəlliflər, həmçinin ölkəmizdə parlamentarizmin qədim tarixi ənənələrə malik olduğunu göstərmək üçün ilk dəfə olaraq bu istiqamətdə dərin, sistemli tədqiqatlar aparıblar.
Kitabın həmmüəllifi, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, bu kitab Prezident İlham Əliyevin Cümhuriyyətin 100 illiyi ilə bağlı imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə bir töhfədir. Azərbaycanda ilk dəfə olaraq parlamentarizm tarixi haqqında kitab nəşr olunub. Bu kitabda göstərilir ki, ölkəmizdə qərarların qəbul edilməsinin ənənələri olub. Nəşrdə parlamentin keçdiyi yol, xalqımızı düşündürən problemlər və onların həlli məsələləri əksini tapıb.
Kitabın digər həmmüəllifi, AMEA-nın aparici elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov deyib ki, Azərbaycan xalqının müstəqilliyinə, suverenliyinə qarşı 100 il ərzində həyata keçirilən bütün cəhdlər uğursuzluğa düçar olub. O qeyd edib ki, "Azərbaycan parlamentarizmi tarixi” kitabı Cümhuriyyətin 100 illiyinə töhfə olaraq işıq üzü görüb.
Qeyd
edək ki, "Azərbaycan parlamentarizmi tarixi” kitabı Azərbaycan
Respublikası Milli Məclisinin sifarişi ilə
hazırlanıb. Kitabın elmi
məsləhətçisi və redaktoru Milli Məclisin sədri Oqtay
Əsədov, müəllifləri AMEA-nın müxbir
üzvü, professor Musa Qasımlı, Milli Məclisinin
sədr müavini, siyasi
elmlər üzrə fəlsəfə doktoru
Bahar Muradova,
AMEA-nın aparıcı elmi işçisi, tarix
üzrə fəlsəfə doktoru,
dosent Vasif Qafarovdur.
Azərbaycan.-2018.- 29 dekabr.- S.5.