31 iclas, 463 qanun, 45 ölkəyə
135 səfər
Payız sessiyasını başa vuran Milli Məclis
Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini
tam yerinə yetirib
Dünən Milli Məclisin payız sessiyasının
son iclası keçirildi. Gündəliyə
müzakirə olunması üçün 52 məsələ
daxil edilmişdi. Bu səbəbdən də
cari məsələlərə vaxt ayrılmadı və
birbaşa gündəliyin müzakirəsi başlandı.
3 deputata yeni vəzifə verildi
İlk olaraq parlament Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsi hakimlərinin vəzifədən azad
edilmələri haqqında sənədi təsdiqlədi. Həmçinin
Milli Məclisin parlamentlərarası əlaqələr
üzrə işçi qruplarının rəhbərlərinin
seçilməsi ilə bağlı parlamentin qərarında
dəyişikliklər edilməsi barədə qərar layihəsi
səsə qoyularaq qəbul edildi (Qərar qəzetimizin
bugünkü sayında dərc edilib).
İlk sənədə əsasən Naxçıvan Ali
Məhkəməsinin iki hakimi vəzifəsindən azad olunub. Layihədə
Məhkəmə-Hüquq Şurasının təkliflərinin
nəzərə alınaraq Polad Həsənovun və Qabil Məmmədovun
vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar
Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsindən
azad edilməsi təklif edilib.
İkinci sənədin təsdiqlənməsi ilə
Milli Məclisin 3 parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun yeni rəhbərləri təyin
olunub. Belə
ki, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri vəzifəsinə
deputat Xanlar Fətiyev, Azərbaycan-Çexiya parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri
vəzifəsinə deputat Sahibə Qafarova, Azərbaycan-Fransa
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun rəhbəri vəzifəsinə isə
deputat Cavanşir Feyziyev seçilib.
Ələt Azad İqtisadi Zonası
ilə bağlı 75 sənədə dəyişiklik edildi
Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki,
gündəliyin 3-19-cu məsələləri "Ələt
Azad İqtisadi Zonası haqqında” qanun layihəsinə
uyğunlaşdırma məqsədi daşıyır. Sənədlərlə
bağlı məlumat verən Milli Məclis Sədrinin
müavini Valeh Ələsgərov isə dedi ki, "Atmosfer
havasının mühafizəsi haqqında”, "Ekoloji təhlükəsizlik
haqqında”, "Ətraf mühitin mühafizəsi
haqqında”, "İstehsalat və məişət
tullantıları haqqında”, "Yerin təki haqqında”
qanunlarda, "Əqli mülkiyyət hüquqlarının təminatı
və piratçılığa qarşı mübarizə
haqqında”, "Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında”,
"İcra haqqında”, "İnzibati icraat haqqında”,
"Məhkəmələr və hakimlər haqqında”,
"Müəlliflik hüququ və əlaqəli hüquqlar
haqqında”, "Notariat haqqında”, Su, İnzibati Xətalar,
İnzibati Prosessual, Miqrasiya, Mülki, Mülki Prosessual,
Gömrük, Vergi, Şəhərsalma və Tikinti məcəllələrində,
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında”, "Antiinhisar fəaliyyəti
haqqında”, "Auditor xidməti haqqında”,
"Daşınar əmlakın yüklülüyü
haqqında”, "Daşınmaz əmlakın dövlət
reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə
layihələr "Ələt Azad İqtisadi Zonası
haqqında” qanunun tələblərinə uyğunluğu nəzərdə
tutur.
Bundan
başqa, daha bir neçə sənədə - "Elektron
ticarət haqqında”, "Əmtəə nişanları və
coğrafi göstəricilər haqqında”, "Haqsız rəqabət
haqqında”, "Xarici investisiyanın qorunması haqqında”,
"İcarə haqqında”, "İcbari sığortalar
haqqında”, "İxrac nəzarəti haqqında”,
"İnvestisiya fəaliyyəti haqqında”, "Kommersiya
sirri haqqında”, "Qrant haqqında”, "Lisenziyalar və
icazələr haqqında”, "Müflisləşmə və
iflas haqqında”, "Mühasibat uçotu haqqında”,
"Nağdsız hesablaşmalar haqqında”, "Banklar haqqında”,
"Bank olmayan kredit təşkilatları haqqında”,
"Poçt haqqında”, "Kredit ittifaqları haqqında”
və "Kredit büroları haqqında”, "İnvestisiya
fondları haqqında”, "Qiymətli kağızlar
bazarı haqqında”, "Lotereyalar haqqında”,
"İpoteka haqqında”, "Sığorta fəaliyyəti
haqqında” və "Hərbi qulluqçuların dövlət
icbari şəxsi sığortası haqqında”, "Torpaq
icarəsi haqqında”, "Torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında”,
"Məşğulluq haqqında”, "Sosial sığorta
haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun
layihələrinə eyni dəyişikliklər təsdiqləndi.
Spiker Oqtay Əsədov vurğuladı ki, "Ələt
Azad İqtisadi Zonası haqqında” qanuna
uyğunlaşdırmaq məqsədi daşıyan 75 sənədə
dəyişiklik edildi.
Bəzi qanunlar sərtləşdirilir
İclasda
həmçinin "Kənd təsərrüfatı
kooperasiyası haqqında”, "Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə haqqında”,
"Əhalinin dövlət reyestri haqqında”, "Əqli
mülkiyyət hüquqlarının təminatı və
piratçılığa qarşı mübarizə
haqqında”, "Hesablama Palatası haqqında”,
"İstehsalat və məişət tullantıları
haqqında” qanunlarda dəyişiklik edilməsi barədə
qanun layihələri də səsverməyə
çıxarılaraq qəbul edildi.
Qeyd edək
ki, sonuncu sənədə edilən dəyişikliyə əsasən,
əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini
yalnız qara və əlvan metalların əridilməsi və
bunun nəticəsində ərintilərin dövlət
reyestrində təhlükə potensiallı obyektlər olaraq
qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata
keçirə bilər.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsində
də dəyişiklik edilir. Dəyişikliyə əsasən, təhlükə
potensiallı obyektlərin dövlət reyestrində
qeydiyyatdan keçirilməməsinə görə fiziki şəxslər
500 manatdan 1000 manatadək, vəzifəli şəxslər
2500 manatdan 3500 manatadək, hüquqi şəxslər 5000
manatdan 10000 manatadək məbləğdə cərimə
edilir.
İcbari tibbi sığorta
haqları müəyyənləşdi
Gündəlikdəki "Tibbi sığorta haqqında”
qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
haqqında məlumat verən parlamentin Səhiyyə komitəsinin
sədri Əhliman Əmiraslanov dedi ki, mövcud qanun 1999-cu ildə
qəbul edilib və günün tələblərinə cavab
vermir. Layihədə
qeyd olunub ki, xidmətlər zərfinin baza hissəsi üzrə
- təqvim ili üçün
adambaşına 29 manat ödənilir.
Sığortalı tərəfindən -
hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
Sığortaolunan tərəfindən - işçinin əməkhaqqının
2 faizi.
Bu qanunun
15-2.3.3-cü (Əmək Məcəlləsinə uyğun
olaraq bağlanmış və hüquqi qüvvəyə
minmiş əmək müqaviləsi və ya Mülki Məcəlləyə
uyğun olaraq mülki-hüquqi müqavilə əsasında
işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə
məşğul olmadığı hallarda) maddəsində
qeyd olunan şəxslər üzrə təqvim ili
üçün adambaşına 120 manat; Azərbaycan ərazisində
istehsal edilərək daxili istehlaka yönəldilən (topdan
satılan) və ölkə ərazisinə idxal olunan avtomobil
benzininin dizel yanacağının və maye qazın hər
litrinə görə 0,02 manat; energetik içkilərə
(alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün
mayeyə aksiz markasının verilməsinə görə -
verilən hər bir aksiz markasına görə 0,1 manat;
tütün məmulatlarına aksiz markasının verilməsinə
görə - verilən hər bir aksiz markasına görə
0,05 manat; alkoqollu içkilərə aksiz markasının
verilməsinə görə - verilən hər bir aksiz
markasına görə 0,1 manat; avtonəqliyyat vasitəsi
sahiblərinin mülki məsuliyyətinin icbari
sığortalı üzrə ödənilən təqvim
haqqının 50 faizi; "İstehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında” qanuna əsasən
sığortalının sığorta müqaviləsi
üzrə sığortaçıya ödədiyi
sığorta haqqının 5 faizi dərəcəsində
müəyyən edilir.
İcbari tibbi sığorta
haqları icbari tibbi sığorta fonduna ödənilir.
Müzakirələr zamanı çıxış edən
deputatlardan Vahid Əhmədov, Elmira Axundova dəyişikliklərin
müsbət nəticələr verəcəyindən söz
açdılar. İclasda iştirak edən İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur
Əliyev isə bəzi məsələlərə
aydınlıq gətirdi.
Pilot layihədə 5-6 min manat əməkhaqqı
alan həkimlər var
Zaur Əliyevin sözlərinə görə, Azərbaycanın
3 şəhər və rayonu Mingəçevir, Yevlax və
Ağdaşda keçirilən pilot layihələr zamanı əsas
məqsəd əhaliyə əlçatanlığı təmin
etmək və xəstəxanaların maliyyələşmə
mexanizmini dəyişməkdir.
Əvvəllər xəstəxanalar çarpayı və
həkimlərin sayına görə maliyyələşirdi. Pilot layihələr həyata
keçirilən ərazilərdə maliyyələşməni
tamamilə dəyişərək onların göstərdiyi
xidmətə görə maliyyələşmə həyata
keçirilib. Layihə həyata keçirilən
ərazilərdə həkimlərin və tibb işçilərinin
əməkhaqlarında dəyişiklik olunub.
Pilot layihə
olduğu üçün müvəqqəti olaraq baza əmək
haqları üzərinə göstərdikləri xidmətlərə görə həkimlərə
müəyyən bonuslar hesablanıb. Onların əməkhaqqında
kifayət qədər yüksəlmə olub: "Pilot layihədə
elə həkimlərimiz var ki, 5-6 min manat əməkhaqqı
alırlar. Orta tibb işçilərinin əməkhaqqında
da kifayət qədər yüksəlmə olub. Göstərilən tibbi xidmətlərə gəldikdə
isə, əməliyyat xidmətlərinin sayı 52 faiz
artıb. Bilirsiniz ki, ölkədə
ölümlər daha çox ürək-damar xəstəlikləri
ilə bağlıdır. Layihə icra
olunan ərazilərdə ölüm sayı azalıb”.
Dəyişiklik layihəsi müzakirə olunduqdan sonra səsverməyə
çıxarılaraq qəbul edildi.
Parlament dünya azərbaycanlılarına
müraciət qəbul etdi
İclasda qeyd edildi ki, gündəlikdəki bir sıra məsələlərə
Dünya Bankının "Doing Business” hesabatının
tövsiyələrinə uyğun dəyişikliklər edilməsi
nəzərdə tutulub. Bunlar Gömrük, İnzibati Xətalar, Mülki,
Mülki Prosessual, Əmək, Şəhərsalma və
Tikinti məcəllələrində dəyişiklik edilməsi
haqqında, "Dövlət satınalmaları haqqında”,
"Dövlət rüsumu haqqında”, "Yol hərəkəti
haqqında”, "Məhkəmələr və hakimlər
haqqında”, "İpoteka haqqında”, "İcra
haqqında”, "İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta haqqında”, "Sığorta fəaliyyəti
haqqında”, "Qiymətli kağızlar bazarı
haqqında”, "Banklar haqqında”, "Pasportlar haqqında”
qanunlarda dəyişiklik edilməsi haqqında layihələrdir.
Dəyişikliklər ayrı-ayrılıqda səsverməyə
çıxarılaraq qəbul edildi.
Qeyd edək
ki, hər il payız sessiyasının
sonuncu iclasında Milli Məclisin dünya azərbaycanlılarına
müraciəti qəbul olunur. Ənənəyə
uyğun olaraq dünənki iclasda da həmrəylik
günü münasibətilə Milli Məclisin müraciətinin
təsdiq edilməsi haqqında qərar layihəsi təqdim
olundu.
Milli Məclis Sədrinin müavini Bahar Muradova müraciəti
(mətn qəzetimizin bugünkü sayında dərc edilib) səsləndirdi
və sonra sənəd səsverməyə
çıxarılaraq təsdiqləndi.
Milli Məclis ili
uğurla başa vurur
İclasa yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov
payız sessiyası dövrünü dəyərləndirdi. Sədr dedi ki, qanunvericilik
ilinə yekun vurulur. Görülmüş işlərə nəzər
salsaq, inamla söyləmək olar ki, bu il
də parlament səmərəli fəaliyyət göstərib.
31 iclas keçirilib, 463 qanun qəbul edilib.
Yəni Konstitusiya ilə nəzərdə
tutulan qanunvericilik səlahiyyətləri tam yerinə yetirilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərini parlament səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görülüb. Bu il Milli Məclisin beynəlxalq əlaqələrinin intensivliyi baxımından çox məhsuldar olub. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində yaxından və çox yüksək səviyyədə iştirak ediblər. İl ərzində 45 ölkəyə 135-dən çox səfər həyata keçirilib. Deputatlarımız Türkiyədə keçirilən prezident və parlament seçkilərində, Rusiyada, Gürcüstanda və Monteneqroda keçirilən prezident, Latviyada keçirilən parlament seçkilərində müşahidəçi kimi fəal iştirak ediblər.
Spiker vurğuladı ki, bu il 85 xarici dövlətin və 27 beynəlxalq təşkilatın 160-dan çox nümayəndə heyəti, ümumilikdə 2050 nəfər deputat və əcnəbi vətəndaş Milli Məclisə gəlib, Azərbaycanın parlamenti ilə tanış olub, Azərbaycan haqqında fikirlər yaradıb və getmişlər.
Beynəlxalq təşkilatların xətti ilə 9 tədbir keçirilib: "Əlbəttə, ən möhtəşəm tədbirimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir idi. Bu tədbirdə dünyanın 44 ölkəsindən nümayəndələr iştirak edirdi. Siz hamınız bu tədbirin iştirakçısı oldunuz və bunun nə qədər təntənəli səviyyədə həyata keçirildiyini gördünüz. Eləcə də bu yaxınlarda Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal Konfransı Azərbaycanda keçirildi. Çox maraqlıdır ki, bu iclasda da dünyanın 44 ölkəsinin 180 nəfər nümayəndəsi iştirak edib. Həmin iclas Milli Məclisin plenar iclas zalında keçirildi. Burada iştirak edən gənclər Azərbaycan haqqında çox yüksək təəssüratla qayıtdılar. Bir daha Azərbaycana gəlmək istədiklərini vurğuladılar. Nəzərə alaq ki, bu gənclər gələcəkdə öz ölkələrində aparıcı qüvvələr olacaqlar”.
Milli
Məclisin 2018-ci ilin iclaslarının çox uğurla
keçdiyini deyən Oqtay Əsədov parlament adından
Prezident İlham Əliyevə təbrik məktubu
hazırlanacağını söyləyərək payız
sessiyasını bağlı elan etdi. Dövlət himnimiz səsləndi.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2018.- 29 dekabr.- S.4.