“Dövlət
satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 28 dekabr tarixli 1433-VQD nömrəli Qanununun
tətbiqi və “Dövlət satınalmaları haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1433-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin on doqquzuncu abzasına uyğun olaraq bir ay müddətində:
1.4.1. dövlət satınalmalarının vahid internet portalının yaradılmasını təmin etsin;
1.4.2. həmin internet portalının əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. aşağıdakı normativ hüquqi aktları bir ay müddətində təsdiq etsin:
1.5.1. "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 13-1.1-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin davranış kodeksini;
1.5.2. həmin qanunun 27.1-ci maddəsinin üçüncü cümləsinə uyğun olaraq, malların (işlərin, xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsullarını;
1.5.3. həmin qanunun 51.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi qaydasını;
1.6. həmin qanunun 50-2.2-ci maddəsinə uyğun olaraq, elektron informasiya məlumatları (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilməli olan dövlət orqanları (qurumları) ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, habelə həmin informasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində müəyyən etsin;
1.7. "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 1, maddə 51; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 5, maddə 861) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. ikinci, üçüncü, dördüncü, beşinci, altıncı və yeddinci abzaslar müvafiq olaraq 2.1-ci, 2.4-cü, 2.5-ci, 2.7-ci, 2.8-ci və 2.9-cu bəndlər hesab edilsin;
2.2. aşağıdakı məzmunda 2.2-ci və 2.3-cü bəndlər əlavə edilsin:
"2.2. həmin qanunun 2-ci maddəsinin on doqquzuncu abzasında (hər iki halda), 4-1.6-cı maddəsinin ikinci cümləsində, 13-1.1-ci maddəsinin birinci cümləsində, 27.1-ci maddəsinin üçüncü cümləsində, 27.5-ci maddəsinin birinci cümləsində, 50-1.2-ci maddəsinin ikinci cümləsində, 50-1.3-cü maddəsinin ikinci cümləsində, 50-1.4-cü maddəsində, 50-2.2-ci (hər iki halda) və 51.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.3. həmin qanunun 50-1.4-cü maddəsində "orqan” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”;
2.3. 2.4-cü bənddə "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri "həmin qanunun” sözləri ilə əvəz edilsin;
2.4. aşağıdakı məzmunda 2.6-cı bənd əlavə edilsin:
"2.6. həmin qanunun 13-1.1-ci maddəsinin birinci cümləsində, 27.1-ci maddəsinin üçüncü cümləsində, 50-2.2-ci (ikinci halda) və 51.2-ci maddələrində "orqan” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”.
2.5. 2.9-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.10-cu və 2.11-ci bəndlər əlavə edilsin:
"2.10. həmin qanunun 2-ci maddəsinin on doqquzuncu abzasında (birinci halda) "orqan” dedikdə dövlət satınalmalarının vahid internet portalının yaradılmasına münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, həmin portalın fəaliyyətinin təmin edilməsinə münasibətdə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur;
2.11. həmin qanunun 2-ci maddəsinin on doqquzuncu abzasında (ikinci halda), 4-1.6-cı maddəsinin ikinci cümləsində, 27.5-ci maddəsinin birinci cümləsində, 50-1.2-ci maddəsinin ikinci cümləsində və 50-1.3-cü maddəsinin ikinci cümləsində "orqan” dedikdə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur.”.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
28 dekabr 2018-ci il
Azərbaycan.- 2018.- 30 dekabr.- S. 6.