“Star”
Azərbaycanın investisiya yatıran
ölkə olduğunu bir
daha təsdiqlədi
2018-ci ilin yaddaqalan hadisələrindən biri də "Star” zavodunun açılışı oldu. Bu hadisə bir neçə aspektdən mühüm əhəmiyyət daşıyır. Ən başlıcası odur ki, dünyanın bir çox ölkələrində hələ də maliyyə böhranının hökm sürdüyü indiki zamanda "Star” kimi nəhəng bir müəssisənin araya-ərsəyə gətirilməsi Azərbaycanın iqtisadi qüdrətini əyani şəkildə göstərdi. Əlbəttə, bu, Azərbaycan dövlətinin həyata keçirdiyi düzgün və məqsədyönlü iqtisadi siyasət sayəsində mümkün oldu.
"Star”ın istifadəyə verilməsi həm də Azərbaycanın qısa müddətdə investisiya yatırılan ölkədən sərmayə yönəldən ölkəyə çevrildiyini bir daha nümayiş etdirdi. Çünki bu müəssisə Türkiyədə ölkəmizin 6,3 milyard dollarlıq sərmayəsi ilə istismara verildi. "Star” Avropa, Yaxın Şərq və Afrika bölgələrinin ən böyük müəssisələrindən biridir. Onun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək. Müəssisənin əsas xammal təchizatçısı SOCAR - Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir.
Zavod istifadəyə verilərkən Prezident İlham Əliyevin dediyi kimi: "Türkiyə və Azərbaycan Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır”. Belə ki, "Star” Azərbaycanın və Türkiyənin indiyədək gerçəkləşdirdikləri qlobal layihələr sırasında önəmli yeri tutdu. İki ölkənin digər tərəfdaşlarla birlikdə həyata keçirdikləri nəhəng işlərin təməlində isə Xəzər dənizi, Qara dəniz və Aralıq dənizini birləşdirən "polad kəmər” - Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri dayanır. BTC-dən sonra "Şahdəniz” qazını Bakı yaxınlığındakı Səngəçal terminalından Ərzurumadək nəql edən Bakı-Tbilisi-Ərzurum kəməri bu əlaqəni daha da möhkəmləndirdi. Nəhəng enerji layihələrinin gerçəkləşməsi digər sahələrdə də mühüm işlər görməyə imkan yaratdı. Beləliklə, nəqliyyat sektorunda önəmli layihə - Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi həyata keçirildi.
2018-ci ilin iyun ayında istifadəyə verilən TANAP (Transanadolu Qaz Boru Kəməri) Azərbaycanın və Türkiyənin işbirliyini, əməkdaşlıq və tərəfdaşlığını dünyaya bir daha nümayiş etdirdi. Bu, iki ölkənin birgə çəkdiyi 1900 kilometrlik boru xəttidir. "Cənub qaz dəhlizi”nin onurğa sütunu adlandırılan bu kəmər Azərbaycanla Türkiyənin təkcə işbirliyinin, iqtisadi əməkdaşlığının deyil, dünyaya nümunə olan dostluq və qardaşlığının bəhrəsidir. Azərbaycanın və Gürcüstanın ərazisindən keçən Cənubi Qafqaz Boru Kəmərinin daşıdığı qazı TANAP tikilməkdə olan TAP-a (Transadriatik Qaz Boru Kəməri) ötürəcək, 2020-ci ildə Avropaya çatdıracaq.
TANAP-ın açılışından cəmi dörd ay sonra "Star” kimi nəhəng bir müəssisənin istifadəyə verilməsi birgə həyata keçirilən işlərin miqyasını və dəyərini göstərir.
Prezident İlham Əliyev bununla bağlı demişdir: "Bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik. Bütün bu layihələr böyük maliyyə yatırımı tələb edən layihədir”.
"Star”ın təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev
və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavod Türkiyənin
İzmir şəhərinin Əliağa rayonunda, "Petkim” neft-kimya kompleksinin ərazisində
inşa edilib. 2018-ci ilin avqust ayından müəssisədə
sınaq məqsədilə xam neft emal olunmağa
başlayıb. Zavoda ilk 80 min ton "Azeri Light” nefti də Azərbaycandan
gətirilib.
Bu müəssisə Türkiyədə
sənayenin, ümumiyyətlə,
iqtisadiyyatın inkişafına
təkan verəcək. Zavod Türkiyənin
idxaldan asılılığını
azaltmaqla onun iqtisadiyyatına milyard yarım dollar əlavə
gəlir gətirəcək.
Burada hər il 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı,
4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft
koksu və digər məhsullar istehsal olunacaq.
Odur ki, Türkiyə də bu layihənin gerçəkləşməsinə böyük önəm verir. Bu, "Star”ın açılış mərasimindəki
çıxışlardan da
aydın göründü.
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan tədbirdə
demişdir: "Star” neft
emalı zavodu ilə Azərbaycanla qardaşlıq əlaqələrimizin
strateji miqyasını
daha da gücləndirmiş
oluruq. Türkiyə və Azərbaycanın
liderliyi ilə həyata keçirdiyimiz hər bir layihə
ölkələrimizin regional gücə çevrilmək
qabiliyyətini qüvvətləndirməkdədir.
Dünyanın ticarət müharibələri
və böhranlarla sarsıldığı bir
dövrdə bir-bir açılışını etdiyimiz bu layihələrin
ölkələrimizi həm
ayrılıqda öz
dəyərlərinə, həm
də ortaq hədəflərinə yaxınlaşdırdığına
inanıram”.
Beləliklə, "Star” Azərbaycanla Türkiyənin
əlaqələrinin bir
çox sahələrdə,
o cümlədən iqtisadi
çərçivədə davam etdiyini bir daha təsdiqlədi,
iki ölkə arasında həmrəyliyi
gücləndirmək üçün
uzun müddət görülən işlərin
ən mühüm və konkret örnəklərindən birinə
çevrildi.
Flora SADIQLI
Azərbaycan.- 2018.- 30 dekabr.- S. 10.