Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib

 

Dekabrın 29-da Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Əlahiddə Çevik Polis Alayında Daxili İşlər Nazirliyinin (DİN) baş idarə, idarə və ərazi polis orqanlarında vakant sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aidiyyəti baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə general-polkovnik Ramil Usubov ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumilikdə 630 iddiaçının arasından daha hazırlıqlı olan 445 nəfərin daxili işlər orqanlarında xidmətə qəbul olunması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Namizədlərlə görüşdə çıxış edən nazir əvvəlcə onları qarşıdan gələn əlamətdar bayramlar - Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə təbrik edib, daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında keçirildiyini vurğulayıb. Ramil Usubov ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mükəmməl təhsilə, yüksək mənəvi və işgüzar keyfiyyətlərə, hərtərəfli dünyagörüşə malik gənclərin hər zaman dövlət idarəçiliyində daha geniş təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün tövsiyə və tapşırıqlarını xatırladıb. Nazir bu istiqamətdə hər zaman konkret addımların atıldığını, hazırkı seçimlərin bu sahədə uzun müddətdir həyata keçirilən məqsədyönlü siyasətin növbəti bariz nümunəsi olduğunu bildirib.

Ramil Usubov cinayətkarlıqla qətiyyətli mübarizə, sabitliyin, əmin-amanlığın təmini, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunması siyasətinin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının da üzərinə böyük məsuliyyət qoyduğunu, hər bir əməkdaşın öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin əhəmiyyətini vurğulayıb.

General-polkovnik Ramil Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək şərəfli polis adını uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini, təcrübələrini daim artırmalarını, öz üzərilərində səylə çalışmalarını, idmanla sıx məşğul olmalarını, müasir dövrün tələblərinə və çağırışlarına cavab vermələrini, informasiya texnologiyalarının ən son nailiyyətlərini praktikada fəal şəkildə tətbiq etmələrini tövsiyə edib.

 

Azərbaycan.- 2018.- 30 dekabr.- S. 9.