Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində
səfərdə olub
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhənin Füzuli istiqamətində yerləşən hərbi hissələrdə olub və şəxsi heyətlə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin rəhbər heyəti Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edib.
Сocuq Mərcanlı kənd məktəbində müəllim və şagirdlərlə görüşən müdafiə naziri, general-polkovnik Zakir Həsənov onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək, məktəblilərə bayram hədiyyələri təqdim edib.
Ön xətdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazir müdafiənin dayanıqlılığını, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.
Çay süfrəsi arxasında əsgərlərlə söhbət etdikdən sonra müdafiə naziri ön xətdə xidmət edən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı görülən işlərlə maraqlanıb və müvafiq tapşırıqlar verib.
Bayram münasibətilə şəxsi heyətə təbriklərini və ən xoş arzularını çatdıran general-polkovnik Z.Həsənov xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandıraraq onlara qiymətli hədiyyələr təqdim edib.
Sonra nazir
cəbhə bölgəsində yerləşən hərbi hospitalda müalicə alan
hərbi qulluqçularla görüşərək
onların səhhəti ilə maraqlanıb. Nazir
hərbi qulluqçulara bayram
sovqatları təqdim edib, onların
tezliklə sağalaraq xidmət yerlərinə
qayıtmalarını arzulayıb.
Azərbaycan.- 2018.- 30 dekabr.- S. 9.