Azərbaycan-Rusiya
münasibətləri möhkəm özül
üzərində qurulub
İlham ƏLİYEV: "Təməl bizim tarixi dostluğumuzdur”
Azərbaycan 2018-ci ildə iqtisadiyyatın əksər sahələrində böyük islahatları reallaşdırsa da, qarşıdakı illərdə daha yüksək nailiyyətlərə imza atmaq, dünyanın iqtisadi məkanında daha üstün mövqelər əldə etmək, xarici bazarlara çıxışını gücləndirmək əzmindədir.
Məhz belə iqitasadi kursun tətbiqi ölkəmizi dünya KİV-in diqqət mərkəzində saxlayır, inkişafımız beynəlxalq qurumlar tərəfindən izlənilir, dünyanın aparıcı mütəxəssisləri isə Azərbaycan iqtisadiyyatını öyrənir, araşdırır və qiymətləndirirlər.
Bu baxımdan Prezident İlham Əliyevin "Rossiya-24” telekanalına verdiyi müsahibə xüsusi maraq kəsb edir. Bu süjetdə Rusiyadan gələn telejurnalist ölkəsi üçün maraq doğuran bir sıra suallara Azərbaycan Prezidenti ilə birlikdə aydınlıq gətirməyə cəhd edir. Bu barədə müsahibədə deyilməsə də, görünən odur ki, son zamanlar Qərbin davamlı sanksiyalarına məruz qalan Rusiya üçün beynəlxalq siyasi münasibətlərin gərginləşərək sərt qütbləşməyə üz tutduğu bir dönəmdə Azərbaycanın tarixi tərəfdaşları ilə münasibətlərə sadiq qalmasıdır. Xüsusən də Ermənistanın "böyük qardaş”a sədaqətinə and içməkdə davam edərək 180 dərəcə dönüb Qərbə üz tutması fonunda Azərbaycan-Rusiya əlaqələrinin araşdırılması zərurətə çevrilir.
Rusiyalı jurnalist iki dövlətin iqtisadi əlaqələrinin inkişafına və bu əlaqələrin dinamik artımına Azərbaycan Prezidentinin baxış bucağından nəzər salmışdır. Yeni il ərəfəsində qonşularla, dostlarla münasibətlərin dərinləşməsinə xidmət edən Azərbaycan diplomatiyası dövlət başçısının yeritdiyi xarici siyasətin ana xəttini təşkil edir, ölkəmizin sülhə, qardaşlığa sadiq olduğunu bir daha ortaya qoyur.
Prezident İlham Əliyev müsahibəsində ən vacib detallara toxunur: "Biz beynəlxalq miqyasda əsas tərəfdaşlarımızla, ilk növbədə qonşu ölkələrlə ənənəvi münasibətimizi möhkəmləndirmişik. Xəzər dənizinin hüquqi statusunun nizamlanması haqqında Konvensiya imzalanıb. Hesab edirəm ki, bu, Xəzəryanı ölkələri bir-birinə daha da yaxınlaşdıran tarixi sənəddir”.
Azərbaycan yaxın qonşuları ilə əlaqələri gücləndirməklə yanaşı, bu il beynəlxalq təşkilatların daxilində fəallığını saxlamış, Qoşulmama Hərəkatının üzvü olan ölkələrin xarici işlər nazirləri səviyyəsində Bakıda beynəlxalq forum keçirmişdir. Azərbaycanın daxilində potensial risklər mövcud olmasa da, xarici potensial risklərdən özümüzü qoruyuruq, iqtisadi islahatlara böyük dəyər veririk.
Azərbaycan və Rusiya iqtisadiyyatı qarşısında dünyanın qlobal iqtisadiyyatdan geri qalmamaq üçün illik iqtisadi tempin 3 faizədək artırılması kimi ciddi məsələ durur. Ölkəmizdə artıq uzun müddətdir gələcək addımlar planlaşdırılanda həmişə qeyri-neft sektoru neft sektorundan ayrı götürülür. Biz həmişə qeyri-neft iqtisadiyyatına və qeyri-neft sənayesinə daha çox diqqət yetiririk. On bir ayın yekunlarına görə, qeyri-neft sənayesinin artımı 9 faizdən çoxdur. Fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar. Dövlət güzəştli şərtlərlə gübrə, yanacaq və istehsalata böyük subsidiyalar ayırsa da, dayanıqlı inkişafı sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalara bağlayır.
Eyni zamanda iki dövlət başçısının son ildə 6 dəfə görüşməsi, çoxsaylı müqavilələrin imzalanması gələcək qarşılıqlı iqtisadi uğurlara birgə imza atmağa imkan verir. Prezident İlham Əliyev belə hesab edir ki, bu görüşlərin hər biri müəyyən nəticə verir. Əmtəə dövriyyəsinin artırılması diqqətdə saxlanılır. Qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətlərinin inkişafı üzrə yol xəritələri hazırdır. Hər iki dövlətin sərmayədarları ölkələrimizin iqtisadiyyatına investisiya qoyur, sahibkarlar birgə istehsalatlar yaradılması istiqamətində ciddi addımlar atırlar. 2019-cu ilin planları ikitərəfli ticarətə ciddi təkan verəcək, Şimal-Cənub layihəsini gerçəkləşdirəcək.
Azərbaycan Prezidenti İlham Əliyev müsahibəsində bir daha bizim əsas ticari-iqtisadi tərəfdaşımızın Rusiya Federasiyası olduğunu qeyd edir, bu əməkdaşlıq potensialını gücləndirmək niyyətində olduğunu bildirir. Qoşulmama Hərəkatının sədr ölkəsi kimi Azərbaycan beynəlxalq arenada öz rolunu artıracaq, bizə tərəfdaş ölkələrə eyni dəstəyi, eyni münasibəti sərgiləyəcək.
Rusiya ictimaiyyəti üçün maraqlı olan məsələlərdən biri də Azərbaycanın enerji layihələridir. Rusiya-Türkiyə-Azərbaycan birliyini və Rusiya ilə Azərbaycanın Türkiyə vasitəsilə Avropa İttifaqına qaz axınını necə yönəltmələri çoxlarına təəccüblü gələ bilər. Rusiya ilə Azərbaycanı bu məsələdə toqquşan tərəflər kimi də təqdim edən qüvvələr mövcuddur.
Amma bu gün dünyanın enerji xəritəsində bir növ Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı artıq mövcuddur. Dövlət başçısı belə hesab edir ki, bu əməkdaşlığın həm ikitərəfli, həm də üçtərəfli planda böyük perspektivləri mövcuddur: "...Prinsipcə, bu il "Türk axını”nın dəniz fazasının açılmasında yeni heç nə yoxdur. Sadəcə, Rusiya ilə Türkiyənin yüksək səviyyədə qarşılıqlı siyasi fəaliyyəti bu layihənin reallaşmasına, yaxud da gerçəkləşməsini sürətləndirməyə imkan verib. Buna görə də biz Rusiya və Türkiyənin dostları kimi bu layihəni alqışladıq və həmin layihənin açılış mərasimində yüksək hökumət səviyyəsində iştirak etdik”.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2018.- 30 dekabr.- S. 11.