Heydər
ƏLİYEV: “Əziz Əliyev Azərbaycan xalqının
görkəmli nümayəndələrindən biridir”
Azərbaycan tarixində imzası olan görkəmli şəxsiyyətlərin əsl qiymətini daim ulu öndər Heydər Əliyev verib. İctimai-siyasi həyatda, mədəniyyət, incəsənət, elm sahələrində misilsiz xidmətlər göstərmiş, nadir istedad sahibləri olan vətənpərvər ziyalılarımız haqqında ümummilli liderin söylədiyi fikirlər zaman keçsə də, öz əhəmiyyətini qoruyub saxlayır.
Azərbaycanın sədaqətli övladı, görkəmli dövlət və elm xadimi, akademik Əziz Əliyevin əməyinə, tarixi xidmətlərinə ulu öndərin verdiyi yüksək dəyər ona olan ehtiramın təcəssümüdür. O gündən - 1998-ci il mayın 14-də keçirilən unudulmazşəxsiyyətin 100 illik yubiley tədbirindən 20 il keçir. Lakin Heydər Əliyevin o zaman ifadə etdiyi sözlərlə, dilə gətirdiyi fikirlərlə Azərbaycanın iftixarı olan görkəmli övladlarından biri - Əziz Əliyevi daha yaxşı tanıyırıq. Odur ki, bu dəfə də sözü ümummilli liderə veririk.
Görkəmli dövlət, ictimai və elm xadimi Əziz Əliyevin 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi
- Bugünkü təntənəli yubiley gecəsi Azərbaycan və Dağıstan xalqlarının görkəmli oğlu Əziz Əliyevin nurlu şəxsiyyətinə, onun 100 illik yubileyinə həsr olunmuşdur. Eyni zamanda, bugünkü mərasim Dağıstan və Azərbaycan xalqlarının dostluq və qardaşlıq bayramıdır.
Biz son illər bu möhtəşəm sarayda Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin yubileylərini təntənə ilə qeyd etmişik. Bu, çox gözəl ənənədir, bugünkü nəsillərin öz tarixi keçmişinə, görkəmli şəxsiyyətlərinə hörmət və ehtiramını, təşəkkür və minnətdarlığını ifadə edir. Ancaq bugünkü təntənəli yubiley gecəsinin fərqi vardır. Bu da ondan ibarətdir ki, biz Əziz Əliyevin 100 illik yubileyini qeyd edirik, eyni zamanda Dağıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluq, qardaşlıq tarixinə yeni gözəl, parlaq səhifələr yazılır.
Aprelin 27-də Dağıstanda, Mahaçqalada Əziz Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Azərbaycanın yüksək səviyyəli nümayəndə heyəti də orada iştirak etmişdir. Bu gün biz Dağıstanın yüksək səviyyəli, çox mötəbər nümayəndə heyətini Azərbaycanda qəbul edirik, Əziz Əliyevin yubileyini birlikdə qeyd edirik, eyni zamanda Azərbaycan və Dağıstan xalqlarının dostluq, qardaşlıq bayramını keçiririk.
Mən bütün Azərbaycan xalqı adından Dağıstan xalqına hörmət və ehtiramımızı bildirərək Dağıstan Respublikasının Baş naziri Xizri Şıxsəidovun rəhbərliyi ilə bu gün Azərbaycana gəlmiş Dağıstan nümayəndə heyətini səmimi-qəlbdən salamlayıram, onlara "xoş gəlmisiniz” deyirəm, Dağıstan və Azərbaycan xalqlarının dostluğunun sarsılmaz olduğunu bir daha bəyan edirəm.
Dağıstan xalqına və Dağıstan nümayəndə heyətinə dərin hörmət bəsləyərək və deyəcəyim sözləri onların da dinləməsini arzu edərək nitqimin qalan hissəsini hamımız üçün aydın olan rus dilində davam edəcəyəm.
Hörmətli
qonaqlar, bizim dostlarımız!
Ümidvaram ki, siz mənim Azərbaycan dilində dediklərimi olduğu kimi başa düşdünüz. Mənim dediklərimi olduğu kimi başa düşməyiniz üçün rus dilində danışacağam, yəqin ki, həmvətənlərim məni düz başa düşəcəklər. Azərbaycanda rus dilini, demək olar, hamı bilir, ona görə də hesab edirəm ki, məni başa düşəcəklər.
Bugünkü təntənə, Əziz Əliyevin 100 illiyinə həsr olunmuş, Dağıstanda və Azərbaycanda keçirilmiş yubiley tədbirləri xalqlarımız, ölkələrimiz, dövlətlərimiz arasında, insanlar arasında olan səmimi, dostluq münasibətlərini bir daha nümayiş etdirir. Əziz Əliyev özünün çoxcəhətli fəaliyyəti, humanizmi və qayğıkeşliyi sayəsində Dağıstan və Azərbaycan xalqlarının sarsılmaz dostluğunun simvollarından birinə çevrilmişdir.
O, dövlət
xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən
biri idi
Burada Əziz Əliyevin həyat yolu haqqında çox sözlər deyildi. Mən daha çox, daha yaxşı, daha dolğun danışa bilərəm, çünki onu şəxsən tanıyırdım, bir çox illər onunla birlikdə olmuşam. Özü də mənim bildiklərimin bir çoxunu bəlkə də heç kim bilmir. Ancaq bununla belə, vaxtınızı almayacağam, hesab edirəm ki, deyilənlər tamamilə kifayətdir. Mən yalnız bəzi məqamlar üzərində dayanacağam.
Mən əminəm ki, Əziz Əliyev, - bu aylar ərzindədəfələrlə deyildiyi kimi, - Azərbaycan xalqının görkəmli nümayəndələrindən biridir. O, lap əvvəldən qeyri-adi insan idi. Onun tərcümeyi-halına diqqət yetirin. İrəvanda rus gimnaziyasında təhsil almaq və oranı qızıl medalla bitirmək, gənc ikən kömək üçün milyonçu Hacı Zeynalabdin Tağıyevə müraciət etmək, ondan bu köməyi almaq və bütün dünyada məşhur olan Hərbi Tibb Akademiyasında ali tibb təhsili almaq üçün Peterburqa getmək - gənclik illərində bunu heç də hər kəs bacarmazdı, heç də hər kəs bu qədər məqsədyönlü ola bilməzdi. Başqa sözlə, bu qeyri-adi istedadı İlahidən gələn insan özünün məqsədyönlüyü, fədakarlığı, zəhmətsevərliyi, biliklərə can atması sayəsində çox şey qazanmış,hərtərəfli insani keyfiyyətlər əldə etmişdir. O həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi. Moskvada, sonra isə Azərbaycanda məsul işdə çalışmışdı. Ancaq eyni zamanda, onun həyatı heç də asan keçmirdi, maneələrlə, çətinliklərlə, özünə qarşı edilən bir çox haqsızlıqlarla rastlaşırdı. Amma bunların hamısını aradan qaldırır və yolundan dönmürdü.
Bizim üçün xüsusi əhəmiyyəti olan odur ki,Azərbaycan xalqının oğlu Əziz Əliyev yüksək bacarığını, fayda vermək qabiliyyətini yalnız təkcə öz respublikasında, ölkəsində nümayiş etdirməmişdir. O, müharibə illərində İranda çox məsul işi uğurla yerinə yetirmiş, Dağıstanın rəhbəri kimi son dərəcə məsuliyyətli vəzifənin öhdəsindən çox gözəl gəlmiş, Moskvada - tərkibində yaşadığımız Sovetlər İttifaqı kimi bir dövlətin paytaxtında müvəffəqiyyətlə çalışmışdır.
Bizim xalqımız üçün bunun xüsusi əhəmiyyəti var, ona görə ki, xalqımız, Azərbaycanın ən yaxşı oğulları təkcə öz ölkəsində deyil, həm də başqa ölkələrdə, respublikalarda layiqli yer tuta bilir. Bu, hər bir azərbaycanlının qəlbində çox böyük iftixar hissi doğurur.
İkinci Dünya müharibəsi bəşər tarixindəən ağır müharibədir. Böyük Vətən müharibəsi faşizmə, cəhalətə, təcavüzə qarşı müharibə idi. Faşizmə qarşı vuruşanlar, qələbənin təmin olunması işinə öz töhfəsini verənlər, öz fəaliyyəti ilə bu qələbənin çalınmasına kömək edənlər, şübhəsiz, ən yüksək qiymətə və ən yüksək hörmətə layiqdirlər.
Bəli, faşist qoşunları Sovet İttifaqına hücuma keçdikdən sonra qısa bir vaxtda çox irəliləmiş və Qafqaz dağlarının ətəklərinə, Dağıstanın həndəvərinə çatmışdılar. Dağıstan istisna olmaqla, bütün Şimali Qafqaz faşist qoşunları tərəfindən işğal edilmişdi. Onlar Bakıya can atır, Bakı neftini ələ keçirmək istəyirdilər. Bu, baş tutsaydı, müharibənin nəticəsi bəlkə də başqa cür olardı. Sovet ordusu, vətənin müdafiəsinə qalxan insanlar kütləvi qəhrəmanlıq göstərdilər. Bir neçə gün əvvəl, mayın 9-da biz alman faşizmi üzərində qələbənin 53-cü ildönümünü qeyd etdik. Biz cəbhədə vuruşmuş, arxada qələbəni təmin etmiş, faşizmin qarşısını kəsə bilmiş insanlara indiki nəslin bəslədiyi hissləri bir daha və dönə-dönə ifadə etdik. Belə görkəmli insanlardan biri də Əziz Əliyev idi.
Əziz Əliyev
ön xətdə, Dağıstanda olmuşdur
Onun qismətinə olduqca çox çətin vəzifələr düşmüş və o, bu vəzifələrin öhdəsindən uğurla gəlmişdir. 1941-ci ilin yayında, Sovet İttifaqına faşistlərin hücumu başladıqdan az sonra sovet qoşunları İrana daxil oldular. Əziz Əliyev Azərbaycan nümayəndələrinin böyük bir qrupuna başçılıq etdi və İranda mürəkkəb şəraitdə xüsusi missiyanı yerinə yetirdi.
Bəli, vaxt gələcək və onun həmin dövrdəki fəaliyyətinin təfərrüatı da aşkara çıxarılacaqdır. Lakin məsələn, mənə məlumdur ki, o, görkəmli Azərbaycan yazıçıları Süleyman Rüstəm, Mirzə İbrahimov, Süleyman Rəhimov və bir çox başqaları ilə birlikdə orada necə cəsarətlə və ağılla iş aparırdı. Ancaq faşist qoşunları Dağıstan sərhədlərinə yaxınlaşan kimi, - orada son dərəcə mürəkkəb vəziyyət yaranmışdı, - Dövlət Müdafiə Komitəsinin qərarı ilə Əziz Əliyev Dağıstana göndərildi. Dağıstanlılar 1942-ci ilin sentyabrında onların respublikasında vəziyyətin necə olduğunu yaxşı bilirlər. Orada əvvəllər yaşamamış, işləməmiş olan bu adam oraya gəldi və qısa müddətdə bu çoxmillətli diyarı öz ətrafında sıx birləşdirməyə, hamını öz ətrafına toplamağa və onları Dağıstanın müdafiəsinə, deməli, həm də Zaqafqaziyanın, Bakı neftinin müdafiəsinə qaldırmağa müvəffəq oldu.Bu, böyük iş idi və o, həmin işi gördü. Bu işi o, özünün qeyri-adi insani keyfiyyətləri, istedadı, ağıl-zəkası sayəsində həyata keçirdi.
Açığını deyək ki, o vaxtlar Əziz Əliyev Azərbaycanın dövlət xadimləri arasında ali təhsili olan, ziyalılığı, zəngin elmi biliyi ilə fərqlənən bir neçə adamdan biri, bəlkə də yeganə adam idi. Bütün bu keyfiyyətlər qısa müddətdə Dağıstanda vəziyyəti sabitləşdirməkdə, bu respublikanın xalqın Qafqazın müdafiəsi üçün birləşdirməkdə ona kömək etdi.Dağıstanlılar Əziz Əliyev başda olmaqla və bizim ordumuzla, ovaxtkı sovet ordusu ilə birlikdə çox böyük vəzifəni yerinə yetirdilər. Onlar Qafqazı müdafiə etdilər, faşist qoşunlarını irəliləməyə qoymadılar, Bakı neftini xilas etdilər.
Təbii ki, bütün bunlar ali komandanlığın, qoşunların, Qafqazın müdafiəsinə səfərbər edilmiş bütün şəxslərin çox böyük, qəhrəmancasına fəaliyyətinin nəticəsi idi. Lakin Əziz Əliyev başda olmaqla dağıstanlıların töhfəsi də çox böyük və sanballı olmuşdur.
Sonra Əziz Əliyev Moskvada işlədi. Daha sonra, 50-ci ildə onu yenidən Azərbaycana qaytardılar, burada Nazirlər Soveti sədrinin müavini işlədi, bir il sonra isə bütün vəzifələrdən çıxardılar, partiya cəzası verdilər, beləliklə də əslində, ona qarşı cinayət etdilər. Mən bunu xatırlayıram.
İndi deyə bilərik ki, onun çox çətin, ancaq, eyni zamanda xoşbəxt taleyi olubdur. O, öz həyat yolunda bir çox çətinliklərlə, maneələrlə rastlaşmış, ancaq onları aradan qaldırmışdır.
Ədalətsizliklə
qarşılaşmış, amma ruhdan düşməmişdir
Əziz Əliyev İrəvanda anadan olmuş və artıq 1918-ci ildə özü və bütün ailəsi soyqırımına, deportasiyaya məruz qalmışdır. O, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımını çox gənc yaşında özü görmüş və doğma diyarını tərk edərək Naxçıvana, oradan da Bakıya köçməyə məcbur olmuşdur. O çalışır, çox iş görürdü, əvəzində 40-cı ildə ona töhmət elan edirlər ki, guya Tibb İnstitutunu antisovet ünsürlərdən, millətçilərdən və sairdən təmizləməmişdir.
O, müharibə vaxtı İranda, Dağıstanda nə qədər böyük iş görmüş, Moskvada müvəffəqiyyətlə işləmiş, sonra vətənə qayıtmışdı. Bir il sonra isə onu işdənçıxarmışdılar ki,guya valideynlərinin sosial mənşəyini, bacısının İranda olmasını gizlətmişdir. Bu paradoks indi artıq bizə məlumdur.
Böyük
dövlət xadimi mənə danışırdı ki...
O, 1938-ci il repressiyasından möcüzə nəticəsində xilas olmuşdur. Onu sonralar, 50-ci illərin əvvəlində repressiya etdilər. İşdən çıxarıb Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru təyin etdilər, amma tezliklə bu vəzifədən də çıxardılar. Professoru, elmlər doktorunu, bu qədər xidmətləri olan bir insanı Sabunçu xəstəxanasına adi həkim göndərdilər və o, üç il orada işlədi. Bu, onun ovaxtkı rejimin bilavasitə Mircəfər Bağırov tərəfindən həyata keçirdiyi repressiyalara məruz qaldığı dövr idi.
Əziz Əliyevin heç bir günahı yox idi. Hamı yaxşı bilirdi ki, əri kimi, özü də İran təbəəsi olan böyük bacısı 1938-ci ildə, İran təbəəli azərbaycanlılar buradan çıxarılan vaxt İrana köçməyə məcbur olmuşdu. Bu, məlum idi və heç kim bunu gizlətmirdi. Onun isə boynuna qoyurdular ki, bu faktı gizlətmişdir.
Onun ailəsinin sosial mənşəyi də məlum idi. 1926-cı ildə o, Kommunist Partiyasına daxil olmuş, yüksək vəzifələrdə işləmiş, SSRİ, Azərbaycan, Dağıstan ali sovetlərinin deputatı seçilmişdi və sairə. O, müharibə zamanı necə hünər göstərmişdir. 1951-ci ildə isə birdən-birə deyirlər ki, guya o, özünün sosial mənşəyini gizlətmişdir. Onu repressiyaya məruz qoymaq üçün sadəcə olaraq, nəyəsə öcəşmək lazım idi.
Repressiyadan mən
də əziyyət çəkmişəm
Deməliyəm ki, mən özüm də bu repressiyadan əziyyət çəkmişəm. O vaxt mənim Əziz Əliyev ilə qohumluq münasibətlərim yox idi və bu gün geniş ictimaiyyətə bəlkə də ilk dəfə deyəcəyəm ki, mərhum həyat yoldaşım Zərifə xanımla 1948-ci ildə tanış olmuşdum. Az sonra mən Leninqrada oxumağa getdim. 50-ci ildə oradan Bakıya qayıdandan sonra, şübhəsiz ki, öz ailə həyatımı qurmaq, evlənmək fikrində idim. Ancaq mənim mənzil-məişət şəraitim buna imkan vermirdi - anam və qardaşlarımla İçərişəhərdə zirzəmidə kirayədə yaşayırdım. Şərait yox idi və mən mənzil almağımı gözləyirdim.
1952-ci ildə mən ikiotaqlı mənzil aldım. Lakin o vaxt mənə Əziz Əliyevin ailəsi ilə ünsiyyətdə olmaq qadağan edilmişdi. Xatirimdədir, 1951-ci ildə Əziz Əliyev işdən çıxarıldıqda Zərifə xanımla biz görüşdük və o mənə dedi: "Deyəsən, biz bir daha görüşə bilməyəcəyik, çünki atamı işdən çıxarıblar və ona qarşı siyasi ittiham irəli sürüblər. Sən isə dövlət təhlükəsizliyi orqanlarında işləyirsən və bu, sənə zərər gətirə bilər. Odur ki, deyəsən, bizə birlikdə olmaq qismət deyilmiş”. Mən, əlbəttə, etirazımı bildirdim və münasibətlərimiz davam etdi.
Bundan az sonra, - həmin vaxtlar Əziz Əliyevin ailəsini isə izləyir və onu həbsə almaq üçün fəal məşğul olurdular - ovaxtkı dövlət təhlükəsizliyi naziri general Yemelyanov məni yanına çağırıb bu sözləri dedi: "Sən cavan və bacarıqlı işçisən. Leninqradda çox yüksək təhsil alıbsan, təhsili uğurla başa çatdırıbsan, sənin gələcəyin var. Ancaq sən Əziz Əliyevin ailəsi ilə bütün əlaqələri kəsməlisən, yoxsa biz səni işdən çıxarmalı olacağıq”. Orqanlarda işlədiyimə və məsələnin nə yerdə olduğunu bildiyimə görə ondan belə ittihamlar üçün nə kimi əsaslar olduğunu soruşdum.O məni danlayıb dedi: "Sən hələ cavansan və başa düşmürsən. Yoldaş Mircəfər Bağırov göstəriş verib və biz onu yerinə yetirməliyik”.
Aradan bir il keçdi. Mənim əlaqələrim qeyri-leqal xarakter aldı, əks halda, başqa cür mümkün deyildi. Bir ildən sonra, 1953-cü ilin əvvəllərində general Yemelyanov yenidən məni yanına çağırdı və qəti şəkildə xəbərdarlıq etdi: "Əgər sən öz əlaqələrini kəsməsən, onda nəzərə al ki,işdən çıxarılacaqsan, həm dənəinki işdən çıxarılacaqsan, eyni zamanda, ciddi şəkildə cəzalandırılacaqsan”. Artıq o vaxt bilirdim ki, hər şey ona doğru gedir ki, Əziz Əliyevi həbs etməli, onun ailəsini isə Mircəfər Bağırovun göstərişi ilə buradan sürgün etməli idilər.
Amma Allah kömək etdi. 1953-cü ilin martında Stalin öldü, həmin ilin yayında isə Mircəfər Bağırovu əvvəlcə işdən çıxardılar, sonra da həbs etdilər. Bütün bu müddətdə Əziz Əliyev Sabunçuda həkim işləyirdi və onu öz əvvəlki vəzifəsinə - Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru vəzifəsinə yalnız 1954-cü ilin martında qaytardılar. Bundan sonra mən, necə deyərlər, azadlığa çıxdım və 1954-cü ilin noyabrında öz ailə həyatımı qura bildim.
Həyat, bax, belədir...
Qohum olduğumuz illərdə mən Əziz Əliyev ilə çox yaxından ünsiyyət saxlayırdım. Açığını deyim ki, bütün burada deyilənlərlə yanaşı, o həm də olduqca gözəl insan idi.Bir insan kimi, bir ata kimi olduqca gözəl adam idi. Sadə, məhrəm, ağıllı həmsöhbət olan bu insan tarixdən, ədəbiyyat və incəsənətdən çox şey bilirdi.Azərbaycanda və Dağıstanda işlədiyi illərdə o, elm xadimləri ilə çox sıx təmasda olurdu. Bütün tibb professorları onun dostları idi, onların çoxunu o hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox başqaları kimi görkəmli xadimləri ilə onun çox yaxın, mehriban və ailəvi münasibətləri vardı. Bütün bunlar ona görə olurdu ki, o, çox ziyalı bir adam idi, yüksək səviyyədə savadlı, mədəni adam olduğuna görə həmişə məhz bu mühitlə təmasda olmağa çalışırdı. Həmin adamlar da onunla yaxın olmaq istəyirdilər. O, hər cəhətdən gözəl insan idi.
Əlbəttə, o, vaxtilə məruz qaldığı repressiyalara görə son illərdə çox həyəcan keçirirdi. Lakin bununla yanaşı, Əziz Əliyev ona qarşı ədalətsizlik edərək repressiya törədənləri də, onların özlərinin nə kimi cəzalar çəkdiyini də görmüşdür. O, nəinki Mircəfər Bağırovun tutulduğunu, həm də 1956-cı ildə Bakıda onun və digər cinayətkarların məhkəmə prosesini də görmüşdür.
Müttəhimlər kürsüsündə Mircəfər Bağırovla birlikdə həmin general Stepan Yemelyanov da əyləşmişdi, o Yemelyanov ki Əziz Əliyevlə əlaqə saxladığıma görə mənə iki dəfə xəbərdarlıq etmiş və məni danlamışdı. Ona 25 il həbs cəzası kəsdilər. Görün tale necə olur. Sonralar, 70-ci illərdə mən MK-nın birinci katibi işləyərkən Yemelyanov öz cəzasını çəkib Bakıya qayıtdı və mənə məktub yazaraq ona bəzi şəxsi işlərində kömək göstərməyi xahiş etdi. Həyat, bax, belədir.
Bütün bunları ona görə deyirəm ki, öz təəssüratlarımı bölüşmək istəyirəm, həmçinin bildirmək üçün ki, keçmişdə bizim çox xoş, yaxşı münasibətlərimiz olubdur, biz onları qiymətləndirməli və unutmamalıyıq. Amma keçmişdə çox ağır hallar da olubdur. Biz elə hallara gərək heç zaman yol verməyək. Xalqımız XIX və XX əsrlər ərzində, 1918-ci ildə soyqırımlarına məruz qalıbdır. Sonra Ermənistanda yaşamış azərbaycanlıları 1948-ci ildən etibarən Stalinin xüsusi qərarı ilə və yenə də Mircəfər Bağırovun iştirakı ilə zor gücünə Azərbaycana deportasiya etmişlər. Birinci deportasiya əsrin əvvəllərində başlamışdır. 1918-ci ildə Əziz Əliyevin ailəsi soyqırımına məruz qalaraq deportasiya edilmişdir. Onun orada qalan nəsilləri 1948-1953-cü illərdə köçürülmüşlər. Ermənistanda qalanlar isə 1988-ci ildə Ermənistanla Azərbaycan arasında münaqişə başlandıqda gözümçıxdıya salınmış, məhv edilmiş, zorla aradan çıxarılmışlar.
20-ci, 30-cu, 40-cı, 50-ci illərin
repressiyaları totalitar sovet rejiminin bütün sovet
xalqına qarşı, xüsusən Azərbaycan xalqına
qarşı törətdiyi ən ağır cinayətdir.
37-38-ci illərdə Azərbaycan xalqının məruz
qaldığı repressiyalar, zənnimcə, heç bir
respublikada olmayıbdır. Azərbaycanın ən
görkəmli elm və mədəniyyət, təhsil xadimləri
məhv edilmişlər. Bunu da unutmaq olmaz. Bununla birlikdə
belə hallar bir daha təkrar edilməməlidir.
Bu gün Azərbaycan müstəqil
respublikadır
İndi biz azad insanlarıq. O illərdə çalışan,
Azərbaycanın elmini, təhsilini, səhiyyəsini, iqtisadi
potensialını və sənayesini yaratmış insanlar Azərbaycanın
bugünkü müstəqilliyinin bünövrəsini
qoymuşlar. Biz onları unutmamalıyıq,
onları xatırlamalı, onların xidmətlərini
lazımınca qiymətləndirməliyik. Bu adamlar arasında Əziz Əliyev də var.
Mən
artıq dedim, Əziz Əliyev kimi görkəmli
insanlar Dağıstan və Azərbaycan xalqları arasında
dostluğun və qardaşlığın möhkəmlənməsinə
çox böyük töhfə vermişlər. İndi bu işə biz də öz töhfəmizi
verməliyik. Ona görə ki, heç nə
bir yerdə donub qalmır, hər şey inkişafda, hərəkətdədir.
Həyatımızın indiki dövrü
keçmişdəkindən - biz bir dövlətin, bir ölkənin
tərkibində olduğumuz dövrdəkindən fərqlidir.
İndi Azərbaycan müstəqil dövlətdir.
Respublika olan Dağıstan, eyni zamanda, Rusiya
Federasiyasının bir hissəsidir. Bizim
Dağıstanla olan münasibətlərimiz - Rusiya ilə
dostluq münasibətləri deməkdir. Biz
Rusiya, rus xalqı ilə həmişə dostluq və mehriban
münasibətlər şəraitində
yaşamışıq. İndi də bu
cür münasibətlər şəraitində
yaşayırıq. Biz Azərbaycan ilə
Rusiya Federasiyası arasında dostluq və əməkdaşlığı
gələcəkdə də möhkəmləndirəcəyik.
Azərbaycan xalqına bəslədiyi çox
böyük hisslərə, Əziz Əliyevin xatirəsinə
göstərdiyi diqqətə görə Dağıstan
xalqına bir daha ən dərin minnətdarlığımı
bildirirəm.
Azərbaycan.-
2018.- 30 dekabr.- S. 12.