Azərbaycançılıq
ideyası diaspor fəaliyyətində əsas
istinaddır
Azərbaycanlılar
harada yaşamalarından asılı olmayaraq, daim öz milli-mənəvi dəyərlərinə,
milli köklərinə, sadiq
olmalıdırlar. Bizim hamımızı
birləşdirən, həmrəy edən azərbaycançılıq
ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan
dövləti müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq
aparıcı ideya kimi
həm Azərbaycanda, həm də bütün
dünyada yaşayan bütün azərbaycanlılar üçün əsas ideya
olub.
Heydər ƏLİYEV
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra dövlətçilik strategiyasında yaranmış boşluğun yerini dolduran ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq azərbaycançılıq ideyası dövlətimizin təməl daşı olmuşdur. Azərbaycançılıq özlüyündə düşünülmüş, reallıqda öz həllini tapan, millətin milli-etnik baxışlar sistemini əks etdirən bir konsepsiyadır. Bu konsepsiyanın aparıcı istiqamətlərindən biri həm milli, həm də ümumbəşəri xarakter daşıyan diaspor fəaliyyətidir. Bu istiqamətdə fəaliyyət göstərən Azərbaycan dövləti dünya azərbaycanlılarının milli birliyinə nail olmaq istiqamətində ardıcıl və sistemli iş aparmaq üçün, lobbi fəaliyyətini genişləndirmək, beynəlxalq əməkdaşlığı gücləndirmək və dünya birliklərinə üzv seçilmək kimi məsuliyyətli işi öz qarşısına məqsəd qoymuşdur.
Azərbaycan diasporunun yaranmasının vacibliyini, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunması ideyasını irəli sürən ümummilli lider Heydər Əliyev hələ 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən dünya azərbaycanlıları arasında birliyin daha da möhkəmləndirilməsinin əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Təklif yekdilliklə qəbul edilmişdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Azərbaycan xalqının birlik şüurunun və azərbaycançılıq məfkurəsinin simvoluna çevrildi.
Tarixin ən məsuliyyətli və yadda qalan səhifələrindən biri də 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi olmuşdu. Bakıda noyabrın 9-10-da baş tutan qurultayda ulu öndərin həmin tarixi tədbirdəki çıxışı (Bakı, 9-10 noyabr, 2001-ci il) bütün dünya azərbaycanlılarını məslək və ideyaca bir araya yığmaqla həqiqi mənada insanları tərpətdi və düşünməyə məcbur etdi: "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mənsubiyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə, sadiq olmalıdırlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövləti müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan bütün azərbaycanlılar üçün əsas ideya olub. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”. 1997-ci ildə ulu öndər Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısındakı çıxışında da bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdir: "Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər. Harada doğulmağın fərqi yoxdur. Əsas odur ki, sən azərbaycanlısan. Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan”.
Ulu öndərin özünəməxsus uzaqgörənlik və müdrikliyinin təzahür faktoru onun yaratdığı müstəqil Azərbaycan dövlətinin qorunması və inkişafı istiqamətində aparılan məqsədyönlü siyasətin xaricdə uğurla tərənnüm olunması idi. Belə ki, diaspor quruculuğu ulu öndərin dövlətçilik siyasətində prioritet istiqamətlərdən biri olduğu üçün əsas məsələ xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkili, onların ölkəmizin ümumxalq maraqlarına cəlb edilməsi idi.
Hamıya məlumdur ki, bu gün dünyanın 70-dək ölkəsində təqribən 50 milyona yaxın azərbaycanlı yaşayır. Bütün azərbaycanlıları bir araya toplamaq, onları azərbaycançılıq ideyası ilə təlimatlandırmaq, 2001-ci ilin noyabrın 9-10-da keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı, 2002-ci il iyulun 5-də Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərmanın imzalanması uğurlu fəaliyyətin bünövrəsi idi.
Bu gün ulu öndərin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçilik strategiyasında prioritet məsələ məhz diaspor fəaliyyətinin genişlənməsi və səmərəli nəticənin əldə olunmasıdır. Belə ki, 2006-cı ildə Dünya Azərbaycanlılarının II Qurultayının, 2008-ci il 19 noyabr tarixli sərəncamla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, 2011-ci ilin iyul ayının 5-də Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi birbaşa diaspor nümayəndələri ilə əlaqələrin qurulmasında mühüm əhəmiyyət kəsb edirdi. Bu iş hazırda uğurla davam edir.
Artıq Azərbaycan diasporu özünün inkişaf dövrünü yaşayır. Belə ki, ulu öndərin Azərbaycan dövlətçiliyinə və xalqına tövsiyə etdiyi məsləhətləri həyata keçirmək, əldə olunan nailiyyətləri təhlil etmək, ötən dövr ərzindəki fəaliyyətə nəzər salmaq zərurəti yaranmışdı. Məhz bu zərurət 2016-cı ilin mart ayının 16-da Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayının keçirilməsi ilə nəticələndi. Xaricdə yaşayan azərbaycanlıları diaspor fəaliyyətində əsas dayaq hesab edən cənab İlham Əliyev çıxışında bunu bir daha təsdiq etdi: "Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir vətəni var - Azərbaycan. Çalışmalıyıq ki, doğma vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək”. Məhz Prezidentin çıxışları, tövsiyələri Azərbaycanın diaspor fəaliyyətinin prioritet istiqamətlərini müəyyən edir və istiqamətləndirir. Belə ki, bu tövsiyələr Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində fəaliyyətin gücləndirilməsi, soydaşlarımızın yaşadıqları ölkənin ictimai-siyasi həyatında iştirakı, media ilə əlaqənin gücləndirilməsi, siyasi təşkilatlarda təmsilçilik, fəallığın artırılması və s. bağlı idi. Bütün bunlar yeni dövrdə müstəqil Azərbaycan kimi qüdrətli dövlətdə diaspor fəaliyyətinin strateji istiqamətlərini təşkil edir.
Hazırda Azərbaycan öz inkişafının çox dinamik və həm də məsuliyyətli bir dövrünü yaşayır. Suveren və qüdrətli bir dövlətin ətrafında bütün həmvətənlərimizlə, o cümlədən xaricdə yaşayan soydaşlarımızla sıx birləşməli, harada yaşamalarından asılı olmayaraq, milli maraqlarımızı qətiyyətlə qorumalı, ulu öndərin ərməğan etdiyi azərbaycançılıq ideyasının bütün prinsiplərinə sədaqətlə xidmət etməliyik.
Sahibə ƏLİYEVA,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Azərbaycan.- 2018.- 30 dekabr.- S. 12.