Milli birlik bayramı

 

Tarix üçün qısa, zaman üçün zərrə olsa da, insan ömrü üçün təkrarı olmayan böyük vaxt, yalnız irəliyə doğru uzanan yoldur bir il. Ancaq 31 dekabr bizim üçün təkcə vidalaşmaqda olduğumuz illə ayrılıq, qarşılamağa hazırlaşdığımız yeni illə görüş həyəcanı demək deyil, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür.

 

Sərhədlərə dikilən həsrətli baxışlar

 

Azərbaycanlılar uzun illər doğma vətənin sərhədlərinə həsrətlə baxmışdılar. Çünki tikanlı məftillərin o üzündə yaşayan əzizləri ilə görüşmək müşkülə çevrilmiş, sovet dövlətinin qadağaları keçilməz sədlər yaratmışdı. Hətta uzun illər azərbaycanlıları öz doğma sərhədlərinə hərbi xidmətə belə göndərmirdilər.

Ayrı-ayrı illərdə baş verən ictimai-siyasi hadisələr, müharibələr, inqilablar, deportasiyalar nəticəsində, yaxud təhsil almaq, tapmaq ümidi ilə gedənlərimiz bir daha geri dönə bilməyib. Ömürlərini Vətən həsrəti ilə qürbətdə başa vurdular. Burada qalanlar da başqa ölkələrdə məskunlaşmış həmvətənliləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum edildilər.

 

Araz çayı da azərbaycanlıların nisgili oldu. Amma bu çayın adı sovet hakimiyyətindən çox illər qabaq Azərbaycan xalqının ən böyük həsrət yeri olmuşdu. Hələ XIX əsrdə İkinci Rusiya-İran müharibəsi Azərbaycan üçün faciə ilə nəticələnmişdi. Müharibə edən bu iki dövlət arasında Türkmənçay kəndində 1828-ci il fevralın 10-da bağlanan müqaviləyə əsasən, Araz çayından şimaldakı ərazilərimiz Rusiyanın, cənubdakı isə İranın tərkibinə daxil edilmişdi.

Çarizm dövründə bu tarixi ədalətsizlik aradan qaldırılmadı. Bununla belə, başqa ölkələrin tərkibində olsalar da, o taylı-bu taylı azərbaycanlıların bir-birlərinə əlləri çatdı, ünləri yetdi.

1920-ci ildə Azərbaycanda müstəqil milli hökuməti - Cümhuriyyəti devirərək hakimiyyəti ələ keçirən bolşeviklər haqdan, hüquqdan dəm vursalar da, bir xalqın həsrətini daha ağır, daha çəkilməz etdilər: 1935-ci ildə İranla sərhədləri qəflətən tamamilə bağladılar. Heç qaçaqlar da kimsəni o üz-bu üzə keçirə bilmədilər. Qohumlarını görmək üçün Arazın o tayına gedənlərimiz öz evlərinə qayıda bilmədilər. Sovet hakimiyyətinin 1937-ci ildə həyata keçirdiyi repressiyadan öncə Azərbaycan xalqına belə faciələr yaşadıldı...

1980-ci illərin sonlarında, Sovet rejimi zəifləməyə başlayanda Azərbaycan xalqı azadlığı uğrunda mübarizəyə qalxdı. 1989-cu ilin dekabr ayının sonlarında Naxçıvanda SSRİ-İran sərhədlərində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlılar sərhədə yürüş etdilər. Havanın soyuğuna, şaxtasına baxmayaraq, günlərlə Arazın sahillərində birlik şüarları səsləndirdilər. Minlərlə insan Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini sökməyə başladı. Həmin vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilirdi. Konfrans dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu əlamətdar bayram o vaxtdan azərbaycanlıların sarsılmaz mənəvi birliyinin rəmzinə çevrildi.

 

Həmrəylik yolunda yeni addımlar

 

2001-ci ilin noyabrında dünya azərbaycanlıları arasında həmrəyliyin təmin olunması, həmçinin Azərbaycan icmalarının, cəmiyyətlərinin, birliklərinin fəaliyyətinin gücləndirilməsi ilə bağlı məsələlərin müzakirəsinin zəruriliyini nəzərə alaraq ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında sərəncam imzaladı. Həmin ilin noyabrında keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan diasporunun formalaşması və inkişafının prinsipial istiqamətlərini müəyyənləşdirdi, diaspor quruculuğu işini gücləndirdi. Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsi, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl mübarizənin təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr oldu. Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə diaspor sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi üçün yeni komitə yaradıldı, bu sahədə fəaliyyəti tənzimləyən "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanun qəbul edildi.

2003-cü ildə soydaşlarımızın təşkilatlanması prosesinin daha geniş vüsət almasını təmin etmək məqsədilə Almaniyanın Maynts şəhərində Dünya Azərbaycanlıları diaspor təşkilatları rəhbərlərinin I forumu keçirildi. Tədbirdə Azərbaycan diasporunun problemləri barədə səmərəli fikir mübadiləsi aparıldı, icma və birliklərin fəaliyyətinin əlaqələndirilməsi, Avropa azərbaycanlılarının vahid təşkilatda birləşdirilməsi ideyası gündəliyə gətirildi. Bu ideyanın reallaşdırılmasının zəruriliyini nəzərə alaraq, 2004-cü ilin aprelində Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) təsis konfransı keçirildi. Avropada fəaliyyət göstərən Azərbaycan diasporunun vahid təşkilatda birləşdirilməsinə nail olmaq AAK-ın təsis edilməsində başlıca məqsəd idi.

2004-cü ilin mayında Türkiyə Respublikasının İsgəndərun şəhərində təsis edilən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının da əsas məqsədi həmin ölkədə fəaliyyət göstərən ayrı-ayrı Azərbaycan dərnəklərini, qurumları və onların timsalında burada yaşayan bütün həmvətənlərimizi öz ətrafında birləşdirmək idi. Eyni məqsədlə 2005-ci ildə Kanadanın Toronto şəhərində də Azərbaycan Təşkilatları Federasiyası təsis olundu.

Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli Sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə təkan verdi.

Ölkəmizin paytaxtında 2011-ci ilin iyununda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayı Azərbaycanın diaspor quruculuğu sahəsində böyük uğurlar qazandığını bir daha təsdiq etdi.

Azərbaycanlılar dünyanın hər yerində - Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Fransa, İngiltərə, Amerikabaşqa ölkələrdə yaşayıb fəaliyyət göstərirlər. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində soydaşlarımız tərəfindən bayram kimi qeyd olunur. Bu bayram müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Hazırda xaricdəki soydaşlarımızın təşkilatlanması istiqamətində fəal aparılır.

 

Xoş gerçəkliyə çevrilmiş arzular

 

Milli birliyimizin rəmzi kimi hər il geniş qeyd etdiyimiz 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bu ayın 25-də dünya azərbaycanlılarını təbrik edən, hər kəsə xoşbəxtlik və əmin-amanlıq arzulayan Prezident İlham Əliyev demişdir ki, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyalarını yaşadan müstəqil dövlətimiz milli həmrəyliyin gücləndirilməsinə xüsusi əhəmiyyət verir, dünya azərbaycanlılarının mədəni-mənəvi birliyinin daha da möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Ölkə rəhbəri diqqətə çatdırıb ki, "Biz xarici ölkələrdə məskunlaşmış həmvətənlərimizin doğma Azərbaycanla əlaqələrinin dərinləşdirilməsi və ümummilli məsələlərin həllində yaxından iştirakının təmin edilməsi istiqamətində irəli sürülən səmərəli təşəbbüslərə hər zaman dəstək veririk”.

Prezident İlham Əliyev 2018-ci ilin xalqımızın tarixində şərəfli yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş şəkildə keçirilməsinin yaddaşlarda qalacağını nəzərə çatdıraraq belə əlamətdar yubileyin həmvətənlərimizin qəlbində azadlıq və istiqlal duyğularını, ölkəmizin zəngin tarixi ilə haqlı iftixar hissini daha da gücləndirdiyini bildirdi. Dövlət başçısı 100 il əvvəl mühacir həyatı yaşamağa məcbur olmuş cümhuriyyət qurucularının və onların varislərinin Azərbaycanı müstəqil və qüdrətli dövlət kimi görmək arzularının artıq xoş gerçəkliyə çevrildiyini əminliklə bildirdi.

 

Prezident İlham Əliyev qeyd etdi ki, dünyada gedən mürəkkəb geosiyasi proseslərə, müharibə və silahlı qarşıdurmalara, qaçqın və məcburi köçkün problemlərinə, qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan Respublikası qarşıya qoyduğu böyük məqsədlərə doğru inamla irəliləyir: "Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, 10 ən islahatçı dövlət siyahısına daxil edilmişdir. Ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə irimiqyaslı transmilli layihələr uğurla icra olunmuşdur. 2018-ci ildə Avrasiyanın enerji xəritəsinin zənginləşməsində mühüm rol oynayan "Cənub qaz dəhlizi”nin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin istifadəyə verilməsi, həmçinin Ələt-Astara magistral avtomobil yolunun açılışı ilə Azərbaycan ərazisində "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi” layihəsi üzrə bütün işlərin başa çatdırılması dövlətimizin iqtisadi potensialının artması, regionun tranzitlogistika mərkəzinə çevrilməsi, geoiqtisadi mövqeyinin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Cari ildə həm də növbəti telekommunikasiya peyki "Azerspace-2”nin orbitə buraxılması respublikamızın müasir rabitə və informasiya texnologiyaları sahəsində qazandığı nailiyyətlərin bariz təzahürüdür”.

Dövlət başçısı diqqətə çatdırdı ki, ölkəmiz inkişaf etdikcə, daha qlobal xarakterli vəzifələri həll etmək imkanları artır. Qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızın azad olunması kimi taleyüklü vəzifənin dayandığını, Azərbaycanın pozulmuş ərazi bütövlüyünün bərpası yolunda ardıcıl və məqsədyönlü siyasət həyata keçirdiyini vurğulayan ölkəmizin rəhbəri nəzərə çatdırdı ki, soydaşlarımız da öz növbəsində, yaşadıqları ölkələrin yüksək dairələrinin və nüfuzlu beynəlxalq təşkilatların diqqətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəldilməsində, tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında fəallıq nümayiş etdirməlidirlər. Əminəm ki, dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız və həmvətənlərimiz bu prinsiplərə əsaslanaraq qarşıdakı illərdə də üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsində qüvvə və bacarıqlarını əsirgəməyəcəklər”.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2018.- 30 dekabr.- S. 13.