Fövqəladə
Hallar Nazirliyinin sosial infrasturktur sistemi təkmilləşdirilir
Dekabrın 27-də Fövqəladə
Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin
açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
açılışda iştirak edib.
Fövqəladə hallar naziri,
general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin
başçısına raport verdi.
Prezident İlham Əliyev
İdman-Sağlamlıq Mərkəzinin rəmzi
açılışını bildirən lenti kəsdi,
burada yaradılan şəraitlə tanış oldu.
Fövqəladə hallar naziri Kəmaləddin
Heydərov görülən işlər və burada
yaradılan şəraitlə bağlı dövlətimizin
başçısına ətraflı məlumat verdi.
Qeyd edək ki, müasirliyi ilə
diqqəti cəlb edən mərkəzdə tikinti işləri
yüksək keyfiyyətlə aparılıb. Ümumi ərazisi
14 min kvadratmetr olan idman qurğusunda bütün zəruri
infrastruktur yaradılıb.
Prezident İlham Əliyev
İdman-Sağlamlıq Mərkəzinin universal zalında
yaradılan şəraitlə tanış oldu. Məlumat
verildi ki, 1950 tamaşaçı yerlik universal zalda idmanın
müxtəlif növləri üzrə yarışlar təşkil
etmək mümkündür. Burada əsasən Fövqəladə
Hallar Nazirliyinin idman-sağlamlıq klubu fəaliyyət
göstərəcək. İdman-sağlamlıq klubu tərəfindən
əsas diqqət nazirliyin hərbi qulluqçularının və
dövlət qulluqçularının fiziki
hazırlığının yüksəldilməsinin həyata
keçirilməsinə yönəldilib. Bundan başqa, klub
nazirliyin qurumlarında idmanın müxtəlif növləri
üzrə yarışların keçirilməsində
iştirak edərək yığma komandaların,
ayrı-ayrı idmançıların, məşqçilərin
respublika və beynəlxalq əhəmiyyətli
yarışlara qatılmasını təmin edir. Klub, həmçinin
xilasetmə qurumlarının fəaliyyət istiqamətlərinə
uyğun olaraq idman yarışları da təşkil edir. Son
illər idman-sağlamlıq klubunun üzvləri müxtəlif
yerli və beynəlxalq yarışlarda mühüm uğurlar
qazanırlar. İdman-sağlamlıq klubunun təşkilatçılığı
ilə hər il "Mübarizlər” yarışı
keçirilir. Bu il keçirilən yarışda klubun təmsilçiləri
8-i əcnəbi iştirakçıdan ibarət olmaqla, 45
komanda arasında birinci yeri tutub. Bundan başqa, klubun üzvləri
20-dək çempionatda, o cümlədən dünya və
Avropa birinciliklərində, həmçinin digər turnirlərdə
uğurla çıxış ediblər. Klubun kişilərdən
ibarət voleybol komandası Azərbaycan çempionatında
müvəffəqiyyətlə çıxış edərək
ikinci yeri tutub. Klubda inkişaf etdirilən əsas idman növləri
arasında nazirliyin fəaliyyət istiqamətlərinə
uyğun olaraq səmti müəyyənetmə,
dağadırmanma, beşnövçülük və
çoxnövçülüyə də xüsusi diqqət
yetirilir.
İdman-Sağlamlıq Mərkəzinin
trenajor, cüdo, boks, güləş, karate və taekvondo
zallarında da idmançılar üçün hərtərəfli
şərait yaradılıb. Məşqçilərin
otaqları da məhsuldar fəaliyyət üçün hər
cür imkana malikdir. Zallarda məşqlərin keçirilməsi
və yarışların təşkili üçün
mükəmməl şərait var. İdmançılara həkim
nəzarəti də yüksək səviyyədə təşkil
olunub.
Qeyd edildi ki,
İdman-Sağlamlıq Mərkəzinə daxil olan restoran və
mətbəxdə də xidmətin müasir səviyyədə
təşkili üçün hər cür şərait
yaradılıb. Buradakı üzgüçülük hovuzu
da ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr,
eni isə 12 metrdir. Ölkəmizdə yeniyetmə və gənclərin
idmanın üzgüçülük növünə də
marağı ildən-ilə artır. Bu zalda
üzgüçülük yarışlarını 120 nəfər
izləyə biləcək.
Ölkəmizdə həyata
keçirilən quruculuq işləri çərçivəsində
gənclərlə iş və idman sahəsinə də
xüsusi diqqət yetirilir. Kütləvi bədən tərbiyəsi
və idman artıq cəmiyyət həyatının
ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycanın
müxtəlif bölgələrində bir-birinin ardınca
çoxsaylı idman obyektləri, o cümlədən Olimpiya
kompleksləri inşa edilib, bir çox müvafiq infrastruktur
yenidən qurulub.
İndi Azərbaycanda güclü
idman potensialı formalaşıb. Böyüməkdə olan
nəsil adlı-sanlı idmançılardan nümunə
götürür və onların şərəfli yolunu davam
etdirməyə çalışır. Onu da qeyd edək ki,
idman-sağlamlıq klubunun üzvləri yalnız nazirliyin əməkdaşlarından
ibarətdir. Hazırda klubun 300-dək üzvü var. Klubun
üzvləri bu idman qurğusunda cüdo, güləş,
karate, üzgüçülük, gimnastika, taekvondo və digər
idman növləri üzrə ustalıqlarını
artırırlar. Gələcəkdə idman növlərinin
sayının artırılması nəzərdə tutulur.
İdman-Sağlamlıq Mərkəzinin həyətində
geniş abadlıq-quruculuq işləri görülüb,
yaşıllıqlar salınıb.
Azərbaycan.-
2018.- 28 dekabr.- S. 1-2.