Mixaylonun qisası, yaxud Mehdi Hüseynzadə olduğu kimi

 

Yeni nəşrlər

 

Onun haqqında az yazılmayıb. Qısa, lakin şərəfli ömrü örnəyə çevrilib. Əlimiz yetməyən uzaq sahillərdən xalqımızın bu qəhrəman övladı barədə indixoş soraqlar gəlir. Bilmədiyimiz, bələd olmadığımız ali insani keyfiyyətləri ilə yanaşı, istedadı, mədəniyyət və incəsənətə, həyata bağlılığı, sevgiyə əbədi ehtiramı olan qəhrəmanımızı nəinki biz, faşistlərdən xilas etdiyi digər xalqların nümayəndələri də yaxşı tanıyır və sevir.

Belə olmasaydı, Sloveniya yazıçısı, şair, musiqiçi və bəstəkar Peter Amalietti Azərbaycanın cəsur, mərd oğlu, "Uzaq sahillərdə”n tanıdığımız Mixaylo - Mehdi Hüseynzadənin uşaqlıq, gənclik illərini, Böyük Vətən müharibəsində onunla bağlı və indiyədək qaranlıq qalan qəhrəmanlıq səhifələrindən ibarət "Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” adlı publisistik romanı qələmə almazo, müxtəlif dillərdə özünə milyonlarla oxucu qazanmazdı.

Söhbət keçmiş sovetlər dövründə hamının sevimlisi "bizim Mixaylodan gedir. Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşrlərindən biri, Fərhad Abdullayevin tərcüməsi və Mahir Qarayevin redaktorluğu ilə işıq üzü görən, sloven yazıçısı Peter Amaliettinin "Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” romanı xalqımızın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin (partizan Mixaylo) 100 illik yubileyinə layiqli töhfədir. 352 səhifədən ibarət kitabda Mehdi Hüseynzadə haqqında bugünədək xalqımıza məlum olmayan bir-birindən dəyərli məlumatlar, xatirələr özünə yer alıb: "...Tiflis hərbi məktəbini əla qiymətlərlə bitirdim. Dünən silah və hərbi forma verdilər. Bilmirəm, bu silahla adam öldürməyə əlim gələcək, ya yox... Ömrümdə toyuq başı da kəsməmişəm. Neyləyim, belə tərbiyə almışam. Allah qoysa, tezliklə görüşərik! Sabah yola düşürük, çatan kimi yazaram”.

Mehdi Hüseynzadənin məktublarının birindən götürülmüş bu sətirlər sonralar Sovet İttifaqı Qəhrəmanı kimi faşistlərin qəniminə çevriləcək partizan Mixaylonun cəbhəyə yola düşdüyü saatlarda doğmalarına yazılıb.

 

"Ey Vətən!

Bu çətin, ağır zamanda

Qoynunda böyüdüb bəslədin məni!

Vəfalı oğlunam, ana torpağım,

Düşmən tapdağında qoymaram səni!

 

Mehdinin mahnısından bir parça olan bu Vətən sevgisi sanki Milli qəhrəmanlarımızın - Mübarizlərimizin, Fəridlərimizin... dilindən eşidilən, erməni vəhşilərini vahiməyə salan bir hayqırtıdır! Ana Vətən uğrunda canı-qanı ilə savaşmaq qələbə əzmi ilə düşmənə zərbələr endirməyin sözlə ifadəsinin o ağır döyüşlərdə Mehdi Hüseynzadənin dilindən səslənməsi təsadüfi deyildi. Kitabın ön sözündə publisistik dillə qələmə alınmış romanın məziyyətləri, Mixaylonun cəbhədə indiyə kimi açılmayan bir çox qəhrəmanlıqlarına, vətənpərvərliyinə, eləcə sevgi dolu ömür yoluna aydınlıq gətirən müəllif sanki doğma sloveniyalı igidi tərənnüm edir.

Əlbəttə, doğma xalqı da öz qəhrəman oğlunun xatirəsini daim əziz tutub. Dövlət tərəfindən öz layiqli qiymətini alan Mehdi Hüseynzadənin adını daşıyan qəsəbə var, küçə , məktəb , gəmi . 1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda qəhrəmanın heykəli ucaldılıb. Bu münasibətlə keçirilən açılış mərasimində ozamankı Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev qəhrəmanın şücaətini yüksək qiymətləndirərək deyib: "...Azərbaycan Pedaqoji İnstitutunun tələbəsi Mehdi Hüseynzadə hərarətli qəlbinin çağırışı ilə ölkəmizin müdafiəsinin sıralarına qoşuldu. Stalinqrad ətrafındakı vuruşmada ağır yaralanan Mehdi əsir düşdü. Lakin tikanlı məftil, Hitler həbs düşərgəsinin azğın keşikçiləri cəsur döyüşçünün iradəsini qıra bilmədi. O, faşist zindanından qaçdı Yuqoslaviya partizanları sırasında düşmənlə mübarizəni davam etdirdi...”

Əsərdə uzun illər ərzində toplanmış nadir faktlar əsasında əfsanəvi partizanın keçdiyi döyüş yolu geniş işıqlandırılır, onun silah əqidə dostlarının fəaliyyətindən söz açılır.

Burada qəhrəman Mixaylo barədə bilmədiyimiz bir çox məqamlar öz əksini tapıb. Yazıçı qəhrəmanının obrazında Azərbaycanla Sloveniya arasında tarixi paralellik aparır, hər iki xalqın təcavüzə, soyqırımına məruz qaldığına, azadlıq müstəqillik uğrunda mücadiləsinə dair konkret faktlar təqdim edir.

Əfsanəvi qəhrəmanın dəfn mərasimində komandir Dulenin vida nitqi həm olduqca təsirli, həm qürurvericidir. Müəllif ondan da bəhrələnib yazır: "...Özünü ölüm mələyi - Əzrayıl adlandırırdı. Amma bizim üçün bu şən istiqanlı oğlan dostluq, yoldaşlıq, qardaşlıq sevgi mələyi idi...”

Roman Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2013-cü ildə rus dilində işıq üzü görsə , Azərbaycan Tərcümə Mərkəzinin təşəbbüsü nəticəsində bu günlərdə ana dilimizə çevrilərək yenidən nəşr edilib. Onu da qeyd edək ki, kitabın ərsəyə gəlməsində Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə səlahiyyətli səfiri Azər Xudiyevin böyük rolu olub.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2018.-  28 dekabr.- S. 11.