Prezidentdən idmançılara Yeni
il hədiyyəsi
Daha bir idman obyekti qapısını idmansevərlərin
üzünə açdı
Ölkə rəhbərliyinin bədən tərbiyəsi və idmanın inkişafı naminə yürütdüyü məqsədyönlü siyasət və bu istiqamətdə atılan ardıcıl addımlar gənc nəslin sağlam böyüməsinə əsaslı zəmin yaradır. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Elə bir il olmur ki, paytaxtda və bölgələrdə yeni-yeni idman obyektləri tikilib istifadəyə verilməsin.
Dünən ölkənin idman ictimaiyyəti daha bir fərəhli hadisənin şahidi oldu. Bakıda Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzi fəaliyyətə başladı. Ən müasir standartlar səviyyəsində inşa olunmuş mərkəzin açılışı mərasimində iştirak edən Prezident İlham Əliyev burada idmansevərlər üçün yaradılmış şəraitlə tanış oldu. Dövlət başçısına məlumat verildi ki, yeni idman obyektində əsasən nazirliyin idman-sağlamlıq klubu fəaliyyət göstərəcək. İdman-sağlamlıq klubu əsas diqqəti nazirliyin hərbi qulluqçularının və dövlət qulluqçularının fiziki hazırlığının yüksəldilməsinə yönəldəcək. Bununla yanaşı, mərkəzdə idmanın müxtəlif növləri üzrə yarışlar keçirmək mümkün olacaq.
Diqqətəlayiq haldır ki, nazirliyin nəzdində fəaliyyət göstərən idman-sağlamlıq klubu son illər bir çox uğurlara imza atmışdır. Klubu təmsil edən idmançılar ölkədaxili yarışlarla bərabər, mötəbər beynəlxalq turnirlərdə, o cümlədən dünya və Avropa çempionatlarında müvəffəqiyyətlə çıxış etmişlər.
Yeni idman mərkəzinin açılması idman-sağlamlıq klubunun gələcəkdə uğurlarını artırmasına imkan verəcək.
Eyni zamanda nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq səmti müəyyənetmə, dağadırmanma, beşnövçülük və çoxnövçülük kimi idman növlərinin inkişafına şərait yaranacaq.
Ümumiyyətlə, ölkədə idmanın inkişafı istiqamətində görülən işlər hər cür təqdirə layiqdir. Dövlət rəhbərliyinin daim diqqət mərkəzində saxladığı bu sahədə əldə olunmuş uğurlar ürəkaçandır. İdmançılarımız hər il beynəlxalq turnirlərdən zəfərlə qayıdırlar. Onların başa çatmaqda olan 2018-ci ildəki çıxışları da bu baxımdan istisna olmamışdır. İlin əvvəlindən bəri ölkədə 225 yerli, 58 beynəlxalq turnir keçirilmişdir. Eləcə də idmanın müxtəlif növləri üzrə milli komandalarımız 236 beynəlxalq turnirə qatılmışdır. Azərbaycan atletləri dünya və Avropa çempionatlarında, kubok yarışlarında və digər beynəlxalq turnirlərdə 753 medal əldə etmişlər. Medallardan 263-ü qızıl, 230-u gümüş, 260-ı bürüncdür.
İl ərzində ən böyük uğura imzanı yeniyetmə idmançılarımız atmışlar. Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 17 idmançıdan ibarət Azərbaycan milli komandası 6 medal (2 qızıl, 1 gümüş, 3 bürünc) qazanmışdır. Cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) oyunların çempionu olmuşlar. Ağır atlet Tərmenxan Babayev (85 kq) ölkəmizin aktivinə Olimpiadanın gümüş medalını yazdırmışdır. Milli komandamızın bürünc medallarını isə taekvondoçu Cavad Ağayev (63 kq), güləşçi Şahanə Nəzərova (43 kq) və boksçu Nurlan Səfərov (60 kq) qazanmışlar. Başqa bir təmsilçimiz - bədii gimnast Yelizaveta Luzan Olimpiadada qarışıq komandanın tərkibində çıxış etmiş və qızıl medalın sahibi olmuşdur. Lakin BOK-un qərarına uyğun olaraq, bu medal milli komandamızın hesabına yazılmamış və qarışıq komandaların aktivinə əlavə edilmişdir.
Təbii ki, idmançılarımız qazanılmış uğurlarla kifayətlənə bilməzlər. Onları gələn il mötəbər yarışlar gözləyir. Təmsilçilərimiz qarşıdan gələn mübarizəyə indidən hazırlaşırlar.
Eyni zamanda ölkəmiz beynəlxalq idman tədbirlərini təşkil etmək ənənəsini davam etdirir. Gələn il Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Bu, gənclər arasında Avropa Oyunlarının bir növüdür. Səlahiyyətli orqanlar bu tədbirə də ciddi hazırlaşır. Qazanılmış təcrübə deməyə əsas verir ki, bu mühüm idman tədbiri də yüksək səviyyədə təşkil olunacaq. Gələn il paytaxtımız ilk dəfə olaraq UEFA Avropa Liqasının final görüşünə evsahibliyi edəcək. Belə bir matçın Bakıda keçirilməsinə nail olmaq o qədər də asan məsələ deyil. Bir çox şəhərlər bu istiqamətdə mübarizə aparır. Məhz ölkəmizin ümumi inkişafı, yaradılmış infrastruktur, idman obyektləri, Olimpiya stadionunun istifadəyə verilməsi, müasir hotellərin inşası, təhlükəsizliyin təmin olunması, xalqımızın qonaqpərvərliyi və digər amillər bu qərarın verilməsində həlledici rol oynamışdır.
Allahverdi MEHDİYEV
Azərbaycan.- 2018.- 28 dekabr.- S. 1; 6.