Dövlət gənclərə,
gənclər də Azərbaycana dəstəkdir
Əsası ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir. Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir. Təqdirəlayiq haldır ki, bu gün cəmiyyətin ən fəal hissəsi olan gənclər respublikamızın sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Onlar elm, təhsil, mədəniyyət, idman və hərbi hazırlıq sahəsində uğurlar qazanaraq Azərbaycanın dünyada tanıdılmasına, Vətənimizin qorunmasına və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə layiqli töhfələrini verirlər.
İlham ƏLİYEV
Gənclərin cəmiyyət həyatının bütün sferalarında aktiv iştirakının təmin edilməsi yeni nəslin sağlam inkişafının əsas şərtlərindən biridir. Azərbaycanda əsası 1994-cü ildən ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti məhz prinsiplər əsasında formalaşıb və müvafiq hüquqi sənədlərdə də öz əksini taparaq həyata keçirilir.
Ayıq, yetkin dövlət təfəkkürlü, yüksək intellektli, milli dəyərlərə bağlı sağlam, mənəviyyatlı gəncliyin formalaşdırılması bu siyasətin əsas istiqamətlərindən birini təşkil edir.
Ulu öndər Heydər Əliyev gənclərin
böyük himayədarı idi
Ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə dövlət orqanlarının fəaliyyətində gənclərlə işə daha çox önəm verilib, bu, dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Həmin illər ərzində SSRİ-nin müxtəlif respublikalarının qabaqcıl ali məktəblərində təhsil almağa göndərilən azərbaycanlıların sayı 1969-cu ildə cəmi 47 nəfər olduğu halda, 1980-ci illərin əvvəllərində bu göstərici 1000 nəfərə çatmışdı.
1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdaraq Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirən ulu öndər Heydər Əliyev ilk günlərdən gənclərin problem və qayğıları ilə maraqlandı, gənc nəslə diqqət və qayğını dövlətin mühüm fəaliyyət istiqamətlərindən birinə çevirdi. 1993-cü ilin sentyabrında Ali Sovetdə gənclərin nümayəndələrini qəbul edərək onları dinləyən, 1994-cü ilin iyulunda gənclər və idman siyasətini həyata keçirən mərkəzi dövlət idarəetmə orqanını yaradan, bir qədər sonra bütün şəhər və rayonlarda bu nazirliyin yerli idarələrinin yaradılmasına sərəncam verən, hər il büdcədən gənclər siyasəti üçün ayırmaların artırılmasını təmin edən Heydər Əliyev gənclərə böyük ümidlər bəslədi və onlara dəstəyi əməli işi, tarixi xidmətləri ilə etdi.
1996-cı il fevralın 2-də
keçirilən müstəqil Azərbaycan Respublikası gənclərinin
I forumu respublikanın hər yerində gənclərlə
aparılan işin canlanmasına təkan verdi. Forumdan sonra gənc istedadların
“Qızıl kitabı”nın təsis edilməsi, fevralın
2-nin təqvimə “Azərbaycan Gəncləri Günü”nün daxil edilməsi,
1997-ci ildə gənc yazıçılarla görüşlərin
keçirilməsi, onlar üçün
fərdi təqaüdlərin ayrılması və digər tədbirlər
gənclərin təşkilatlanmaya olan
meyillərinin artmasına, müasir gənclər
hərəkatının formalaşmasına şərait
yaratdı.
Prezident İlham
Əliyev gənclərə meydan verməyin
tərəfdarıdır
Ötən 14 ildə böyük inkişaf yolu keçən müstəqil Azərbaycan məhz Heydər Əliyevin müəllifi olduğu siyasətin nəticəsində tarixdə olmadığı qədər güclü dövlətə çevrilib. Bu siyasəti yaşadan, inamla davam etdirən, dövrün tələblərinə uyğunlaşdıran isə Prezident İlham Əliyevdir.
Ölkəmizdə bütün sahələr üzrə qazanılan nailiyyətlər dövlətimizin iqtisadi-siyasi potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyarlardandır. Gördüyü işlərin miqyası ilə xalqımızın rəğbətini qazanan Prezident İlham Əliyevin son 14 ildəki fəaliyyətini ümumiləşdirilmiş şəkildə belə xarakterizə etmək olar: güclü hakimiyyət, güclü iqtisadiyyat, güclü xalq. Bir-biri ilə sıx bağlı olan bu məsələlər məhz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son on ildə həllini taparaq Azərbaycanın inamlı tərəqqi yoluna çıxmasını təmin edib.
Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti də müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən 14 ildə Azərbaycanda gənclər siyasəti daha da genişləndirilərək verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəlib. “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” deyən Prezident İlham Əliyev qərarları ilə ulu öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini təsdiq etdi. 2005-ci ildə “Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009) təsdiq edilməsi haqqında” imzalanmış sərəncam gənclərə olan dövlət qayğısının davamı idi. “Neft gəlirlərini insan kapitalına” çevirən Prezident İlham Əliyev bu işdə də gənclərin üzərinə böyük məsuliyyət qoydu və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiqlədi. 2007-ci ili ölkədə “Gənclər ili” elan etməklə Prezident İlham Əliyev gənclərin inkişafına nə qədər böyük önəm verdiyini ortaya qoydu. 2011-ci ildə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul edilməsi ilə dövlət başçısının “Bugünkü gənc sabah ölkəmizi idarə edəcək” tezisindən doğan gənclərə etimad və münasibətinin əyani təzahürü oldu.
Bunlarla yanaşı, gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzinin, gənclərin elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərinin stimullaşdırılması məqsədilə Gənclər Fondunun yaradılması, regionlarda 30-dan artıq “Gənclər evi”nin yaradılması, gənc ailələrin dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi və s. gəncliyin daha həvəslə çalışmasına və dövlətçiliyin müdafiəsində fəal iştirakına əlavə stimul verdi.
Bu gün gənclərin təşəbbüslərini,
ideyalarını, təkliflərini, istəklərini
reallaşdırmaq üçün
onların hazırladıqları layihələrə xüsusi diqqətlə yanaşılır, gənclərə
öz fikirlərini daha
aydın bildirmək imkanı yaradılır. Bu məqsədlə
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramının tərkib hissəsi kimi
yaradılan Gənclər Fondu tərəfindən
mütəmadi olaraq qrant
müsabiqələri elan olunur,
gənclərin maraqlarına cavab verən,
onların inkişafına xidmət edən və ictimai fəallığını artıran
layihələr dövlət tərəfindən dəstəklənir.
Gənclər
siyasətini yeni mərhələyə
yüksəldən strategiya
Prezident İlham Əliyev 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı təsdiq edib. Strategiyada göstərilir ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə olub.
Strategiyada Azərbaycan gəncliyinin çağırış və hədəfləri ümumbəşəri və daxili olmaqla iki qrupa bölünür. Ümumbəşəri çağırış və hədəflər qloballaşma ilə əlaqədardır. Bu, gənclərin ümumbəşəri dəyərlərə yiyələnməsini, informasiya cəmiyyətində yaşamaq bacarıqlarının artırılmasını, müxtəlif ölkələrin gəncləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin yaradılmasını, beynəlxalq gənclər hərəkatında iştirakını nəzərdə tutur. Daxili çağırışlar isə fərdi və ictimai əmin-amanlığı təmin etmək məqsədilə mövcud sosial-iqtisadi imkanlardan gənclərin potensialını gücləndirmək, cavabdehliyini yüksəltmək üçün səmərəli istifadə olunmasını nəzərdə tutur. Azərbaycanın müharibə vəziyyətində olması və ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsini, hərbi hazırlığın müasir tələblərə uyğun təşkilini, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha təsirli tədbirlərin görülməsini zəruri edir.
Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Bunun üçün çoxşaxəli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Yeni strategiya növbəti illərdə gənclər siyasətinin məqsədlərini, vəzifələrini və icra mexanizmlərini müəyyən edir. Bütün bunların yerinə yetirilməsi isə indiyədək qazanılmış nailiyyətlərin daha da möhkəmləndirilməsini və davamlı inkişafını təmin edəcək. Bu mənada “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” gənclər siyasətində yeni mərhələnin başlanmasından xəbər verir.
Beləliklə, ötən 14 ildə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılıb. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edib. Gənc nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin genişləndirilməsi, gənclərin bəşəri dəyərlərə yiyələnmələri və digər bu kimi vəzifələr layiqincə icra olunub.
Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün addımlar atılır və gələcəkdə də lazımi işlər görüləcəkdir. Məsuliyyəti artan gənclik isə bu diqqət və qayğını yüksək qiymətləndirir, ölkəmizin inkişafına, beynəlxalq aləmdə nüfuzunun daha da artmasına və Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin real həyata vəsiqə qazanmasına öz töhfələrini verir.
Müasir dövrdə gənclər sahəsində qazanılan uğurlar dövlətlərin ümumi inkişaf səviyyəsini, iqtisadi-siyasi potensialını müəyyənləşdirən vacib meyarlardan sayılır. Bu reallığı düzgün dəyərləndirən ölkə rəhbərliyi gənclərə hər zaman malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı İlham Əliyevin bu sahədə həyata keçirdiyi çoxşaxəli tədbirlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətinin məntiqi davamı kimi təqdirəlayiqdir.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2018.-2 fevral.- S.1;5.