Prezident İlham
Əliyev Türkiyənin əmək və sosial
müdafiə nazirinin
başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, ölkələrimizin sosial müdafiə sahəsində iş birliyinin razılıq doğurduğunu deyən Prezident İlham Əliyev bu sahədə təcrübə mübadiləsinin, birgə proqramların həyata keçirilməsinin zəruriliyini qeyd etdi. Ümumilikdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin çox uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimizin daim bir-birinin yanında olduğunu və bir-birini dəstəklədiyini dedi, münasibətlərimizin dünya miqyasında nümunəvi xarakter daşıdığını məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
Xanım Jülide
Sarıeroğlu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğanın salamlarını dövlətimizin
başçısına çatdırdı. O, bu vəzifədə fəaliyyətə
başladıqdan sonra ilk
səfərini qardaş Azərbaycana etməsindən
məmnunluğunu ifadə etdi. Nazir
Türkiyə ilə Azərbaycanın daim
bir-birinin yanında olmasını və
ölkələrimizin bütün sahələrdə
uğurlu əməkdaşlıq həyata
keçirdiklərini vurğulayaraq sosial müdafiə sahəsində də əlaqələrimizin
dərinləşdirilməsinin vacibliyini qeyd etdi.
Dövlətimizin
başçısı Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına
görə minnətdarlığını bildirdi, onun da
salamlarını Türkiyə dövlətinin
başçısına çatdırmağı xahiş
etdi.
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.-2018.-2 fevral.- S.1.