Elçinin “MƏN”i...

 

Gənclərimizin intellektual ideyaları artıq “Made in Azerbaijan” brendinin məhsuluna çevrilir

 

Əslində, onun özünü tanımasaq da, təxəyyülü və intellekti sayəsində ərsəyə gətirdiyi loqosimvollar tez-tez qarşımıza çıxırdı. Müxtəlif dövlət və özəl şirkətlərində, eləcə də alış-veriş və restoran şəbəkələrində, idman klubları və başqa yerlərdə yüksək zövqlə hazırlanan simvollar diqqət çəkməyə bilməz. Bu simvolların yaradıcısı, kreativ ideyalar müəllifi Elçin Aşurovun adı artıq ölkədə populyarlıq qazanıb. Bu gənc öz kiçik komandası ilə böyük yaradıcı işin öhdəsindən gəlməyi bacarıb...

 

Zövqlü, fərqli və zamanında...

 

Bu istedadlı gəncin sorağını alıb onunla görüşdük. Ofisə daxil olan kimi qapının üzərində kiçik lövhədə yazılmış bu sözlər diqqətimizi çəkdi: “Təməl prinsiplər - zövqlü, fərqli və zamanında”. Elə söhbətimizə də bu üç sözlə bağlı başladıq. Məlum oldu ki, giriş qapısının üstündə asılan bu sözlər hər gün işə gələn komanda üzvlərinin ilk oxuduğu kəlmələrdir. Onlara zamanı dəyərləndirməyi, fərqli və zövqlü məhsul ortaya qoymağı “diktə edir”.

Korporativ brendiq məhsullarının (simvolların, loqoların, markaların, etiketlərin) özünəməxsus yaradıcısı, idealisti olan Elçinonun komandası ölkəmizin fəal, istedadlı gənclərindəndir. Onlar Azərbaycanda gənclər üçün yaradılan şəraitdən, göstərilən qayğıdan maksimum yararlana biliblər, necə deyərlər, üzü etməyi bacarıblar. Bu gənclərin intellektual təxəyyülünün məhsulu olan loqolar müxtəlif özəl və dövlət şirkətləri, korporativ insanlar tərəfindən maraqla qarşılanıb: sifariş sifarişin dalınca gəlib. Bir sözlə, gənclər zəhmətləri sayəsində, qabaqcıl düşüncə ortaya qoymaqla uğur qazanmağın sirrini tapıblar. Bu gün hətta ölkə hüdudlarını aşaraq xarici dövlətlərdən də sifariş almağa başlayıblar.

 

Kiçik nailiyyətlərdən böyük uğurlara aparan yol

 

Elçin Aşurov İqtisadiyyat Universitetinin Mühəndis iqtisadiyyatı fakültəsinin bakalavrmagistr pillələrini bitirib. Elə tələbəlik illərindən oxuduğu universitetdə layihələrin könüllü təşəbbüskarlarından olub. İmkansız ailələrin övladlarının kompüter biliklərinin artırılması layihələrində iştirak edib. O vaxtdan da dizayn işində özünü sınayıb və gündən-günə bu sahəyə marağı artıb.

Birillik hərbi xidmətini başa vurduqdan sonra gənclər sektorunda ictimai fəaliyyətlə məşğul olub. O zaman ərsəyə gətirdikləri layihələrin estetik, vizual tərəflərinin hazırlanması ilə bağlı yaradılan qrupa rəhbərlik edib. İş prosesində dizayn işlərinə çox ehtiyac yarandığından Elçin bu sahədə biliklərini daha da təkmilləşdirib. Öncə tədbirlərin loqotiplərini, konseptlərini düşünüb hazırlamaqla bu sahədə püxtələşməyə başlayıb. Özünə güvənən və ideyalarının dalınca yorulmadan addımlayan Elçinin kiçik nailiyyətləri onu böyük uğurlara sövq edib və 2012-ci ildə korporativ, loqotiv, simvollarbrend markaların, nişanların hazırlanmasını həyata keçirəcək “MƏN” Korporativ Brendiq Şirkətini təsis edib.

Elçin kreativ studiyasının adını “MƏN” adlandırmaqla da ideya prinsiplərini qoruyub: “Xidmət sektoru elədir ki, insan ilk növbədə öz üzərində işləməli və tam hazır olandan sonra kiməsə xidmət göstərməlidir. Biz də adı belə seçməklə şirkətlərə bu eqonu aşılamağa çalışdıq. Yəni öncə mən deyib, öz üslubunu, korporativ loqonu, dəst-xəttini formalaşdırıb, sonra istənilən sahədə xidmət göstərə bilərsiniz. İşimiz beynəlxalq tendensiyaya uyarlı, dünya standartlarını özündə ehtiva edən qlobal xidmət olsa da, “MƏN”lə bir az da milliliyi qorumağa çalışmışıq”.

Artıq 6 yaşını qeyd edən korporativ brendiq şirkəti öz fəaliyyət sahəsini genişləndirərək korporativ memarlıq xidməti də göstərməyə başlayıb. Gənc mütəxəssis korporativ memarlığı belə izah edir: “Korporativ brendiq bir şirkətin simasını, adını ehtiva edir. Düşünürük ki, onun memarlıq üslubu da brendi, loqosu ilə uyuşmalıdır. Binaların, şirkətlərin, müxtəlif xidmət obyektlərinin dizaynını verməklə bərabər, onun loqosunu da hazırlayırıq və üslub formalaşdırırıq”. Bir ildir “MƏN” korporativ brendi çərçivəsində bu xidmət göstərilir. Qısa müddətdə artıq bir sıra təkliflər də alıb. Bakıda bir neçə obyektin dizaynını verməklə yanaşı, Almaniyadan da “Əli və Nino” adında obyektin inşası ilə bağlı sifariş qəbul ediblər.

 

“Made in Azerbaijan” brendində “MƏN”...

 

Bu gün yerli istehsala böyük önəm verilir. Azərbaycan idxaldan ixrac edən ölkələr sırasına qoşulmağa başlayıb. “Made in Azerbaijan” brendi artıq dünya bazarında layiqincə təşviq olunur. Sözsüz ki, məhsulun tanınması hamı tərəfindən rəğbətlə qarşılanması üçün birinci məsələ keyfiyyətdirsə, ikincisi onun tanınma nişanı, brendi ya markasıdır. Dünya təcrübəsində hər hansı bir məhsulun düzgün tərtibatı, paketlənməsi, etiket, loqosu onu realizə edən əsas faktorlardan biridir. Ümumiyyətlə, təqdimat beynəlxalq standartlara cavab verməlidir.

Gənc mütəxəssisin fikrincə, yerli istehsalın artması Azərbaycan məhsullarının dünya bazarlarında çoxalması onlara gələn təkliflərin artmasına təsir edib: “Artıq dünya bazarlarına ixrac olunan məhsullarımızın markasını, etiketini paketləmə formasını hazırlamağa başlamışıq. Konkret olaraq içki istehsalı ilə məşğul olan “Şərur-3” müəssisəsinin məhsulları üçün hazırlanan bir sıra brendlər bizə məxsusdur. Həmçinin tikinti sektorunda mərmər, qranit yapışdırıcıları, yapışqanların etiketlərini hazırlamışıq. Hazırda bu istiqamətdə ayrı-ayrı aparıcı yerli şirkətlərlə əməkdaşlığımız davam edir”.

Bu gün Azərbaycanda Elçin Aşurov kimi gənclər yüzlərlədir. Müstəqil Azərbaycan dövlətinin, xüsusilə cənab İlham Əliyevin bu sahəyə diqqəti belə gənclərin ildən-ilə fəaliyyətinin genişlənməsinə, onların intellekt və yaradıcılıq potensialının üzə çıxmasına xüsusi təkan verir. Dövlət gənclərə dəstək olmaqla yanaşı, həm də onlara inam, etimad göstərir. Gənclər siyasəti Azərbaycanın dövlət siyasətinin aparıcı istiqaməti olmaqla bərabər, dövlətin gələcəyə hesablanmış əsas marağıdır. Vaxtaşırı dövlət başçısının bu istiqamətdə imzaladığı fərman və sərəncamlar gənclərin cəmiyyətin aparıcı qüvvəsi olaraq önə çəkilməsini daha da stimullaşdırır. 2017-ci il sentyabrın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” isə bu istiqamətdə sonuncu və ən mötəbər sənəd olmaqla gənclərin hərtərəfli inkişafına təkan verib. Təsadüfi deyil ki, bu gün dövlət idarəçiliyində, iqtisadiyyatın və digər aparıcı sahələrin inkişafında gənclərin sayı çoxdurbu göstərici ildən-ilə artır.

Gənclərlə düzgün strategiyasının qurulması onların bacarıq və müsbət keyfiyyətlərinin, potensiallarının üzə çıxmasında xüsusi rol oynayır, elə həmsöhbətimiz Elçin Aşurovun timsalında olduğu kimi... Bu gün müstəqil Azərbaycan dövlətinin yetirməsi olan gənclər istedad və bacarıqları ilə təkcə ölkə hüdudları çərçivəsində yox, dünyanın ayrı-ayrı dövlətlərində də doğma vətənlərini layiqincə təmsil edirlər. Azərbaycan gəncliyinin bugünü, sabahı haqqında ən dolğun təəssüratlar məhz onların fəaliyyətində öz əksini tapır...

 

Elnur HADIYEV,

Azərbaycan.-2018.-2 fevral.- S.4.