Reyhan dünyanı
işıqlandıracaq
İ.Trampın təqdimatı ilə dünyada
məşhurlaşan 15 yaşlı həmvətənimiz əsl
şöhrətə Nobel mükafatı qazanmaqla çatacağına əmindir
“İnanmayacaqsınız bəlkə, Reyhanın cəmi 15 yaşı var. Amma bu onu yağış suyundan enerji istehsal edən şirkət yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var: “Hər dəfə bir evi işıqlandır!” Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır... Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır”.
Bu fikirləri ABŞ Prezidenti Donald Trampın baş müşaviri və qızı İvanka Tramp Hindistanın Heydərabad şəhərində ötən ilin sonlarında keçirilən “Qlobal Sahibkarlıq Sammiti 2017” layihəsində gənc azərbaycanlının nailiyyətini təqdir edərkən söylədi...
...Və Reyhan bir anın içində öz ixtirası ilə məşhurlaşdı. Onun dostu ilə birgə hazırladığı yağışdan elektrik enerjisi əldə edən “Rainergy” layihəsi elmi ictimaiyyətin də rəğbətini qazanaraq dünyaya səs saldı.
5 yaşlı “ixtiraçı”
Reyhan Camalova Quba şəhərində ziyalı ailəsində anadan olub. 2009-cu ildə Quba şəhərindəki A.Məmmədov adına 2 nömrəli təbiət-təmayüllü məktəb-liseyə qəbul olub.
2015-ci ildə isə “İstək” liseylərinə
keçirilən qəbul imtahanında ən yüksək nəticə
göstərərək tam təqaüdlə
təhsil almaq hüququ
qazanıb. O, hazırda həmin liseyin 9-cu sinif şagirdidir, eyni zamanda “ASAN xidmət”in ideya müvəkkilidir.
Həmsöhbətimiz Reyhan uşaqlıqdan istedadı
ilə fərqlənib,
5 yaşından kiçik
“ixtira”lar etməyə başlayıb.
“Robotlar”, kağızlardan
xüsusi qurğular düzəldib. Bu yolda
ailəsindən böyük
dəstək aldığını
deyir: “Atamla hər zaman alternativ enerji mənbələrinə maraq
göstərmişik. Sənədli və elmi-fantastik filmləri izləyirdik.
Özümün ən sevimli
ilham pərim isə məşhur ixtiraçı Nikola Tesla olub.
Onun da ən böyük
məqsədi dünyaya
sərhədsiz elektrik
vermək idi. Lakin o, bu istəyini tam olaraq həyata keçirə bilməmişdi
və mən də onun davamçısı
olmaq istəyirdim.
Bildiyiniz
kimi, dünyada alternativ enerji mənbələri ehtiyatı
çoxalıb. İnsanlar, xüsusilə
də Avropada yaşayanlar alternativ enerji mənbələrindən
geniş istifadə edirlər. Günəşdən, küləkdən, dənizdən, demək olar ki, hər
şeydən enerji alırlar. Belə bir sual ortaya çıxır ki, bəs niyə
insanlar yağış
suyundan enerji almasınlar?”
“Rainergy”
yağış suyunu
enerjiyə və təmiz suya çevirir
Yağış suyundan enerji istehsal edən 15 yaşlı ixtiraçı
gəncin fikrincə, dünyada milyardlarla litr yağış suyundan düzgün istifadə olunsa, o zaman ondan potensial
enerji əldə etmək olar. Bu istəyini reallaşdırmaq
üçün Reyhan
öz şagird dostları və fizika müəllimləri
ilə birlikdə yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunu yaradıb.
Qurğu dörd əsas hissədən: yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Kollektor su çənini yağış suyu ilə doldurur, su isə elektrik
generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin
xətlərinə düşən
təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən
istifadə etmək üçün əlavə
mənbə verir.
“Rainergy”nin prototipi hazırda 22 led lampanı işıqlandırır
ki, bu da
təqribi 22 watt enerji
deməkdir.
Reyhanın dediyinə görə, ixtira daha çox
yağışlı bölgələr
üçün nəzərdə
tutulub. Filippinin, İndoneziyanın, Hindistanın bəzi bölgələri üçün
çox əlverişlidir.
Hətta
yağış suyu xüsusi filtrlərlə təmizləndikdən sonra
ondan içmək üçün də istifadə oluna bilər. Hindistanın bəzi bölgələri
quraqlıq, bəzi bölgələri isə
çox yağışlıdır.
Toplanan su daha sonra
quraqlıq ərazilərə
də göndərilə
bilər ki, insanlar istifadə edə bilsin.
Azərbaycanda ilk dəfə keçirilən
“ClimateLaunchpad - startap
yaşıl biznes” müsabiqəsinə öz
“Rainergy” layihəsi ilə qatılan Reyhan Camalova bildirdi ki, ilk başlayanda bu layihənin əhəmiyyətinə
heç kəs inanmırdı, amma ürəyimizdə çox
kiçik bir ümid vardı: “9 həftə boyunca güclü iş rejimində işlədik.
Həmin
vaxt biznes haqqında heç nə bilmirdim. Lakin çox şey öyrəndik. Möhtəşəm
komandalarla tanış
olduq. Biz qurğunun
kiçik prototipini düzəltdik. Ürəyimizdəki kiçik ümidlər böyük işığa
çevrildi. Avqust ayında
çox möhtəşəm
final keçdi. Biz “Tamaşaçıların ən
sevimli startapı” mükafatına layiq görüldük”.
“Qlobal
Sahibkarlıq Sammiti
2017”dən dünyaya açılan
pəncərə...
Reyhan deyir ki, bu yarışmadan
sonra mentoru Leyla Tağızadə “Qlobal Sahibkarlıq Sammiti 2017” haqqında məlumat verərək yarışmaya qatılmağı
məsləhət görüb. O da, bir növ, ideyasını
biznesə çevirməyə
başlayıb. Yarışmada
yaş həddinin 18-dən
başlaması, Reyhanın
isə həmin vaxt 14 yaşında olması onu getdiyi yoldan çəkindirməyib, ümidini
itirməyərək layihəyə
baş vurub: “Layihəyə qatıldıqdan
sonra məni ABŞ səfirliyindən müsahibəyə
çağırdılar. Müsahibədən uğurla keçdikdən
sonra xüsusi qeydiyyat forması göndərildi. Ərizə formasını
doldurub Vaşinqtona göndərdim və oradan müsbət cavab aldım. Bütün maddi xərclərimi
ABŞ administrasiyası və
ölkəmizdəki səfirliyi
ödədi. Beləliklə də dünyada 8-ci dəfə keçirilən
“Qlobal Sahibkarlıq Sammiti 2017”də iştiraka
getdim”.
“Qlobal Sahibkarlıq
Sammiti 2017”yə ABŞ Prezidentinin
baş müşaviri
və qızı İvanka Tramp, Hindistanın
Baş naziri Narendra Modi başçılıq
edirdi. Həmin sammit dünyanın
hər yerindən yeni sahibkar, sərmayəçi və
dəstəkləyiciləri bir araya gətirən
məşhur ənənəvi
illik tədbir idi. “İlk
növbədə qadınlar,
tərəqqi hamı
üçün” şüarı
altında keçirilən
sammitdə qadın sahibkarların dəstəklənməsi
və iqtisadi artımın dünya səviyyəsində saxlanması
müzakirə edilir.
“Social
Innovation Lab”ın rəsmi
təşkilatçılığı ilə keçirilən “ClimateLaunchpad” startap akselerator proqramının
məzunu olan Reyhan Camalova sammitdə mentoru Leyla Tağızadə ilə birlikdə iştirak edib.
Reyhan Hindistanda mehribanlıqla qarşılandıqlarını, hər şeyin gözlədiyindən də
gözəl keçdiyini
deyir: “İvanka Tramp məni təqdim edəndə həm həyəcanlandım, həm
də qürur keçirdim. Çünki ölkəmə kiçik də olsa xeyrim dəydiyini
düşündüm. Orada bir çox komandalarla, sahibkarlarla, investorlarla tanış oldum”.
Lütfi Zadənin
izi ilə...
Reyhanın yağış suyundan enerji əldə edən qurğusu bəşəriyyət üçün
önəmli kəşflərdən
biri hesab olunur. Zahirən öz həmyaşıdlarından
fərqlənməyən, ancaq
qeyri-adi istedadı ilə hamının diqqətini özünə
cəlb etməyi bacaran bu gənc
gələcəkdə dünyada
dönüş yaradacaq
layihələrə imza
atmağı, Nobel mükafatını
qazanmağı qarşısına
məqsəd qoyub.
Azərbaycanlı gənc artıq gələcəklə bağlı
planlarını da müəyyənləşdirib. Gənc ixtiraçı
dünyada Lütfi Zadə kimi iz qoymaq istəyir.
Reyhanın ən böyük
arzusu bütün dünyanı lərzəyə
gətirəcək kəşflərə
imza atmaqdır. Kiçik ixtiralarının
onu işıqlı yola aparacağına inandığını, insanlığa
xeyri olan biri olmaq istədiyini
deyir: “Azərbaycan xalqı, təhsil aldığım məktəb
mənə çox dəstək oldu. İndi də hiss edirəm ki, üzərimə məsuliyyətli
iş düşüb.
Əminəm ki, insanların etimadını
doğruldacağam”...
Səbinə
MƏMMƏDOVA,
Azərbaycan.-2018.-2 fevral.- S.5.