Prezidentdən əlil gənclərin peşə reabilitasiyasına böyük töhfə

Sağlamlıq imkanları məhdud gənclərin əmək bazarına yolu açılır

 

Ölkəmizdə gənclərin sosial-iqtisadi inkişaf proseslərində fəal iştirakına yönələn məqsədyönlü dövlət siyasətinin əsas istiqamətlərindən biri də sağlamlıq imkanları məhdud gənclərin məşğulluqlarının təmin edilməsi üçün onların peşə reabilitasiyasının həyata keçirilməsidir.

2013-cü ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin bu sahədə xidmətləri böyükdür.

 

4 il ərzində sağlamlıq imkanları məhdud 1350 gənc peşə reabilitasiyasına cəlb olunub

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində fəaliyyət göstərən müəssisə müvafiq təbəqədən olan gənclərin yeni peşələrə yiyələnməklə əmək bazarında iştirak və məşğulluq imkanlarına malik olmalarında, ümumən onların reabilitasiyası və cəmiyyətə dolğun inteqrasiyasında mühüm rol oynayır.

Mərkəzdə ən müasir tələblərə uyğun səviyyədə yaradılan şərait sağlamlıq imkanları məhdud insanların Prezident qayğısı ilə əhatə olunduqlarını bir daha nümayiş etdirir. Əsas və çoxfunksiyalı binadan ibarət olan müəssisənin tibbi korpusu sağlamlıq imkanları məhdud gənclərin reabilitasiya kursu keçmələri üçündürkorpus ən müasir tibbi avadanlıqla təchiz olunub. Mərkəzin digər bir korpusunda respublikamızın ayrı-ayrı bölgələrindən gələn sağlamlıq imkanları məhdud gənclərin qalması üçün yataqxana fəaliyyət göstərir. Buradakı otaqların hər birində yüksək şərait mövcuddur. Mərkəzdə ayrı-ayrı peşə sahələri üzrə peşə hazırlığı otaqları, həmçinin musiqi və bədii yaradıcılıq otaqları, habelə trenajor, stolüstü oyunlarkonfrans zallarından ibarət idman korpusu sağlamlıq imkanları məhdud gənclərin istifadəsindədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev bildirib ki, bu gün gənclərin bütün sahələrdə diqqət və qayğı ilə əhatə olunması ölkəmizdə ildən-ilə güclənən sosial siyasətin əsas tərkib hissələrindən biridir: “Hazırda sosial müdafiə sisteminin, habelə aktiv məşğulluq tədbirlərinin əhatə etdiyi insanların bir hissəsi məhz gənc yaşlarında olanlardır. Nazirliyin xətti ilə münasib işlərlə təmin edilənlər, peşə hazırlığına, ödənişli ictimai işlərə, özünüməşğulluq proqramına cəlb olunanlar arasında gənclər də var”.

Digər əlilliyi olan şəxslərlə bərabər, sağlamlıq imkanları məhdud gənclərin də tibbi-sosial reabilitasiyası diqqət mərkəzindədir. Təkcə ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 39,8 min nəfər reabilitasiya xidmətləri ilə təmin edilib ki, onların da bir qismini məhz sağlamlıq imkanları məhdud gənclər təşkil edib. Həmin gənclərin məşğulluğuna imkan yaradılması yönündə də məqsədyönlü işlər aparılıb. Bu işlərin bir istiqaməti də gənc əlillərin əmək bazarına çıxış imkanlarının dəstəklənməsinə yönəlib. Peşə Reabilitasiya Mərkəzində ölkəmizin müxtəlif rayon və şəhərlərindən gələn sağlamlıq imkanları məhdud gənclər kompüter istifadəçisi, dərzilik, qadın və kişi bərbəri, toxuculuq, ağac üzərində oyma, xalçaçılıq, rəssamlıq, kulinariya, tikiş, aşpaz köməkçisi və s. peşələr üzrə təlim kursu keçirlər. Mərkəzdə xüsusi qabiliyyət tələb edən tətbiqi sənət növləri, o cümlədən rəssamlıq, ağac üzərində oyma, xalçaçılıq, toxuma, bədii tikmə və s. üzrə kurslar xüsusi təlim məşğələləri formasında təşkil edilir. Eyni zamanda, müvafiq sahələrdə tanınmış mütəxəssislərin iştirakı ilə təşkil edilən treninqlər, ustad dərsləri şəraitində gənclərin bu sənət növləri üzrə bacarıqları təkmilləşdirilir.

Fəaliyyət göstərdiyi ötən 4 il ərzində Peşə Reabilitasiya Mərkəzində 1350 nəfər sağlamlıq imkanları məhdud gənc peşə reabilitasiyasına cəlb olunub. Burada kursları uğurla başa vuran gənclərə peşə şəhadətnamələri, yalnız özünüməşğulluq imkanlarına yiyələnə bilən şəxslərə isə peşə kursunu bitirmələri barədə arayışlar verilir.

 

Məşğulluq problemi də həllini tapır

 

Mərkəzdə sağlamlıq imkanları məhdud gənclər dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin ediliblər. Peşə təliminə cəlb edilmiş əlilliyi olan gənclərdə peşələrin öyrənilməsinə mane olan müəyyən fiziki məhdudluqların aradan qaldırılması üçün təlimlərlə yanaşı, tibbi, psixoloji müşahidələr və fizioterapevtik mualicələr aparılması təşkil edilir. Peşə təlimində olduqları müddətdə gənclərin mədəni-kütləvi tədbirlərdə iştirakı, onlar üçün ekskursiyaların təşkili, müstəqil həyata hazırlanmaları və s. istiqamətlərdə məqsədyönlü işlər aparılır. Eyni zamanda, onların istedad və bacarıqlarının, əl işlərinin ictimaiyyətə təqdim olunması, yaradıcılıq imkanlarının dəstəklənməsi, ictimai-mədəni həyatda fəal iştirak etmələrinə şərait yaradılması üçün vaxtaşırı olaraq əl işlərindən ibarət sərgilər, mərkəzdə yaradılmış musiqi dərnəyinin əlamətdar günlərlə bağlı təqdimat konsertləri təşkil edilir. Belə tədbirlər zamanı sağlamlıq imkanları məhdud gənclərin müxtəlif mövzularda hazırladıqları tətbiqi sənət nümunələri, onların ifaları iştirakçılar tərəfindən maraqla qarşılanır.

Mərkəzdəki gənclərin “ABAD” mərkəzləri ilə fəal əməkdaşlığının da qurulduğunu vurğulayan S.Mehdiyev peşə reabilitasiyasına cəlb olunan gənclərin peşə hazırlığı kurslarını bitirdikdən sonra onların məşğulluğunun təminatının daha asan şəkildə həyata keçirildiyini, bir qrup gəncin isə “ASAN xidmət” mərkəzlərində könüllü kimi fəaliyyət göstərdiklərini, mərkəzdə peşə kurslarında olanlardan 3 nəfər gəncin müxtəlif universitetlərdə ali təhsil aldıqlarını da qeyd edir: “Azərbaycandan olan sağlamlıq imkanları məhdud gənclərin Türkiyədə və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin Azərbaycanda müvafiq mərkəzlərin işi ilə əyani tanışlığına, təşkil edilən peşə reabilitasiyası tədbirlərində qarşılıqlı iştirakına da şərait yaradılır. Bu məqsədlə “Azərbaycandan və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin mübadilə Proqramı” çərçivəsində sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzindən 25 nəfər gəncin qardaş ölkəyə gedərək orada sağlamlıq imkanları məhdud gənclərin reabilitasiyası ilə məşğul olan mərkəzlərin təcrübəsi ilə tanışlığına, müxtəlif peşə hazırlığı kurslarında iştirak etmələrinə şərait yaradılıb. Həmçinin Türkiyədən 30 nəfər müvafiq təbəqədən olan gənc Azərbaycanda Peşə Reabilitasiya Mərkəzində olaraq, peşə hazırlığı kurslarında iştirak ediblər”.

 

Öz güclərinə, potensiallarına inam hissi daha da artır

 

Mərkəzdə peşə təliminə cəlb edilmiş gənclərdə paralimpiya idman növlərinə marağı artırmaq məqsədilə də müvafiq işlər aparılır. Paralimpiya oyunları üzrə məşqçilər mərkəzə qəbul olunan gənclər arasında müvafiq seçimlər aparıb, mərkəzdə BOCCİA milli komandanın təlim-məşqlərinə şərait yaradılıb, onlara psixoloji, fizioterapevtikbütün müvafiq xidmətlər göstərilib. Bununla yanaşı, ötən dövrdə idman növləri üzrə 178 nəfər mərkəzdə peşə reabilitasiyasına cəlb olunub. Onlardan 70 nəfər paralimpiya idman növlərinə yönəldilib və mərkəzdə məşqlərinə şərait yaradılıb.

Mərkəzə qəbul olunan gənclərin cəmiyyətə fəal inteqrasiyasının dəstəklənməsində onların ölkəmizdə keçirilən mötəbər beynəlxalq səviyyəli tədbirlədə könüllü kimi iştirakının təmin olunması da xüsusi önəm kəsb edir. Son illərdə Bakıda təşkil olunan “Bakı-2015” I Avropa Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında, “Formula-1” üzrə Avropa Qran-pri yarışlarında könüllü kimi iştirak edənlər arasında sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzindən faydalanan gənclər də olublar. Onlar göstərilən etimada layiq olaraq, bu tədbirlərdə də könüllü kimi özlərini uğurla doğrultduqlarına, bu yarışların yüksək səviyyədə təşkilinə töhfələrinə görə sertifikatlara layiq görülüblər. Bu da sağlamlıq imkanları məhdud gənclərdə öz güclərinə, potensiallarına inam hissinin daha da artmasına səbəb olub.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2018.-2 fevral.- S.6.