Mədəniyyət
və turizm naziri Pakistan nümayəndə heyəti ilə görüşüb
Fevralın 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Pakistanın Kommersiya və Sənaye Palatasının prezidenti Zahid Latif Xandanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki,
görüşdə Ə.Qarayev Azərbaycanın
turizm potensialı, son
illər ölkəmizdə turizmin
inkişafı istiqamətində görülən işlər,
qəbul edilmiş normativ
hüquqi sənədlər və gələcəkdə
bu sahədə həyata keçiriləcək
layihələr haqqında geniş
məlumat verib. Ölkənin beynəlxalq
hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə
tətbiqi haqqında Azərbaycan Prezidentinin
imzaladığı Fərman barədə məlumat verən nazir bu Fərmanın turizmin inkişafı istiqamətində
atılan növbəti mühüm
addımlardan biri olduğunu
bildirib. Ötən il
ərzində ölkəyə 2 milyon turistin gəlməsinin 20 faiz
artımdan xəbər verdiyini qeyd edib.
Nazir
Pakistandan ölkəmizə səfər edən turistlərin
sayının artırılması istiqamətində ikitərəfli
əməkdaşlıq üçün Azərbaycanda hər
cür imkanların olduğunu söyləyib.
Görüşdə iştirak edən Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Səid Xan Mohmand fəaliyyəti dövründə Azərbaycanın turizm imkanları ilə tanış olmaq fürsəti yarandığını və bu barədə Pakistanın iş adamları və iri biznes qurumlarının rəhbərlərini məlumatlandırdığını vurğulayıb. Bununla da Azərbaycanın turizm sahəsinə geniş töhfə vermək istədiyini bildirib. Bu əlaqələr çərçivəsində Pakistanın “Shaheen Airlines” şirkətinin cari ilin iyun ayından Bakıya uçuşlar təşkil etmək niyyətində olduğunu qeyd edib. Bu layihənin Azərbaycanın Pakistan vətəndaşları üçün turizm nöqteyi-nəzərindən vacib istiqamət olduğunu vurğulayaraq, qısa müddət ərzində ölkəmizə çoxsaylı turistlərin gələcəyinə inamını ifadə edib. Diplomat, həmçinin 2018-ci il iyulun 4-5-də Bakıda keçiriləcək 31-ci Beynəlxalq Nailiyyət Mükafatı və Biznes İmkanları Konfransına qatılacaq pakistanlı iş adamları barədə məlumat verib.
Rəhbərlik etdiyi
Palatanın Pakistanın ən böyük
özəl qurumlarından biri olduğunu bildirən Zahid
Latif Xandan qeyd edib ki,
25 ildir fəaliyyət göstərən
təşkilatın təxminən 7000 üzvü
var. O, iki ölkənin
iş adamlarının ikitərəfli
görüşlərinin təşkili istiqamətində bu Palatanın böyük
işlər gördüyünü
vurğulayıb.
Nazir
Əbülfəs Qarayev Azərbaycan Konqreslər Bürosu ilə
Pakistanın Kommersiya və Sənaye Palatasının əməkdaşlığını
təklif edib və birgə fəaliyyətin hər iki qurum
üçün önəmli olacağını bildirib.
Ə.Qarayev mədəniyyət
və turizm sahəsindəki münasibətlərə
nazirlik tərəfindən hər zaman dəstək veriləcəyini söyləyib.
Azərbaycan.-2018.-2 fevral.- S.7.