Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən
və Xızı rayonlarında təhsil infrastrukturunun
inkişafı ilə əlaqədar tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Son illərdə ölkədə təhsilin
inkişafı istiqamətində mühüm
addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş
və Azərbaycan Respublikası Prezidentinin
sərəncamlarına uyğun olaraq təhsil müəssisələrinin maddi-texniki təminatı ilə bağlı bir sıra mühüm tədbirlər
həyata keçirilmişdir. Bu məqsədlə müxtəlif şəhər
və rayonlarda 3000-dən çox
məktəbdə tikinti, əsaslı təmir-bərpa
və yenidənqurma işləri uğurla
aparılmışdır. Təhsil müəssisələrində
informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə
genişlənmişdir.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq Azərbaycan Respublikasında təhsil
infrastrukturunun yenidən qurulması məqsədi
ilə qərara alıram:
1. Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında cəmi 1332 şagird yerlik modul tipli 22 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 6 870 000 (altı milyon səkkiz yüz yetmiş min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
2 fevral 2018-ci il
Azərbaycan.-2018.-3 fevral.- S.1.