Dövlət proqramlarının uğurla icrası Azərbaycanı regionun iqtisadi güc mərkəzinə çevirib

 

Tərəqqidən söz açarkən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına toxunmamaq qeyri-mümkündür. Ötən 14 ildə bu proqramlar həm uğurla icra edildi, həm də qarşıya qoyulan bütün hədəflərə artıqlaması ilə çatmaqla yekunlaşdı. Dövlətimizin nail olduğu iqtisadi uğurlarda bu proqramların əvəzsiz rolu oldu. Zaman göstərdi ki, Prezident İlham Əliyev bu proqramları təsdiq etməklə çox böyük uzaqgörənlik etmişdir. Çünki onların icrası nəticəsində Azərbaycanın bütün iqtisadi potensialı tam hərəkətə gətirildi, dinamik sosial-iqtisadi inkişaf təmin edildi. Azərbaycan sənaye istehsalının və ümumi daxili məhsulun artım tempinə, o cümlədən yaradılan əlverişli biznes mühitinə görə dünyanın ən qabaqcıl dövləti kimi imicini möhkəmləndirdi.

 

Bütün vədlər artıqlaması ilə yerinə yetirildi

 

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbul edilməsi ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoyaraq respublikanın bölgələrinin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırdı. Zamanın nəbzini düzgün tutmaqla, mövcud iqtisadi potensialdanresurslardan, bütün imkanlardan səmərəli şəkildə istifadə etməklə ölkə iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına böyük uzaqgörənliklə nail olan Prezident İlham Əliyev bununla həm də ulu öndər Heydər Əliyevin ideyalarını, arzularını, görmək istədiklərini reallaşdırdı.

Bu il regionların sosial iqtisadi inkişafına dair üçüncü dövlət proqramının icrası başa çatır. Bununla əlaqədar Heydər Əliyev Mərkəzində keçirilən konfransda Prezident İlham Əliyev son 14 il ərzində Azərbaycanın böyük və şərəfli yol keçdiyini bəyan etdi: “Birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Həyat bunu əyani şəkildə göstərir. 2004-cü ilin əvvəllərində qəbul edilmiş proqram demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Azərbaycan regionlarının sürətli inkişafı məhz birinci proqramın icrası ilə bağlı idi. Mən 2003-cü ildə Prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi. Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artdı, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir”.

Bütövlükdə, 2004-cü ildən həyata keçirilən dövlət proqramlarının yekunlarının təhlili göstərir ki, qarşıya qoyulmuş vəzifələrin icrası nəticəsində Azərbaycan iqtisadiyyatının, xüsusən qeyri-neft sektorunun inkişafı təmin edilib, ölkəmiz regional əhəmiyyətli iqtisadi güc mərkəzinə çevrilib. İslahatların, dövlət proqramlarının icrasının real nəticəsi olaraq Azərbaycanın dörd bir yerində iqtisadiyyatın bir vaxtlar hətta əlçatmaz görünən tərəfləri inkişaf edibbütün bunlar paralel şəkildə vətəndaşların sosial rifahının yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərib.

 

Yenilənən infrastruktur inkişafın təkanverici qüvvəsidir

 

Təbii ki, dinamik inkişafı şərtləndirən vacib amillərdən biri bütün sahələr üzrə müasir infrastrukturun olmasıdır. Əgər elektrik enerjisinin verilişi lazımi səviyyədə təmin edilməsə, yollar pis vəziyyətdə olsa, dəniz və hava limanları müasir standartlara cavab verməsə, kommunalbank xidmətlərinin səviyyəsi yüksəlməsə, hotellər, xəstəxana və idman qurğuları olmasa, hansı inkişafdan danışmaq olar?! Ona görə də ölkə rəhbərliyinin qarşıya qoyduğu əsas məqsədlərdən biriinfrastrukturun inkişaf etdirilməsidir. Davamlı və tarazlı sosial-iqtisadi inkişaf ilk növbədə infrastrukturun yeniləşməsindən, bu sahədə beynəlxalq və müasir standartların tətbiqindən, qabaqcıl biliklərin, texnologiyaların mənimsənilməsindən keçir. Ölkə rəhbəri İlham Əliyev davamlı və tarazlı sosial-iqtisadi inkişafın yolunu infrastrukturun yeniləşməsində, beynəlxalq standartların tətbiqində, qabaqcıl biliklərin, texnologiyaların mənimsənilməsində görürbu istiqamətdə əməli tədbirlərin həyata keçirilməsini daim önə çəkir.

Təsadüfi deyil ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq olunarkən qarşıya qoyulan prioritet vəzifələrdən biri keçmişdən qalan infrastrukturun bərpası və yeniləşdirilməsi, müasir standartlara cavab verən yeni infrastruktur layihələrin həyata keçirilməsidir. Konfransda bu məsələyə diqqət çəkən dövlət başçısı dedi: “Biz, əlbəttə ki, 2004-cü ildə ilk növbədə infrastruktur layihələrindən başlamalı idik. Çünki bu olmadan hər hansı bir inkişafdan söhbət gedə bilməzdi”.

Fərəhli haldır ki, ötən 14 ilin yekunlarına nəzər salarkən ölkədə gedən inkişafquruculuğun mühüm tərkib hissəsi kimi mövcud infrastrukturun bərpası və bütövlükdə infrastrukturun modernləşməsi istiqamətində hansı möhtəşəm layihələrin həyata keçirildiyini görmək olar. Belə ki,

 

* 14 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilib. Bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir;

* Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi başa çatdırılıb;

* qazlaşdırmanın səviyyəsi 51 faizdən 93 faizə çatıb;

* içməli su ilə təminat 26 faizdən 67 faizə yüksəlib;

* Oğuz-Qəbələ-Bakı kimi nəhəng və tarixi su kəməri inşa olunub;

* Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilib;

* 12 min 300 kilometr avtomobil yolu çəkilib, 443 körpü inşa olunub;

* 3100-dən çox məktəb tikilib;

* 642 tibb müəssisəsi inşa olunub, yaxud təmir edilib;

* 43 olimpiya idman kompleksi yaradılıb;

* 7 aeroport tikilib. Onlardan 6-sı beynəlxalq aeroportdur;

* gəmiqayırma zavodu inşa edilib;

* Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycan hissəsində mühüm layihələr icra olunub;

* Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib.

Bütün bu layihələrin həyata keçirilməsi milyardlarla manat deməkdir. Azərbaycan heç bir xarici sərmayə olmadan bu layihələri uğurla tamamladı. Bunların nəticəsi olaraq Azərbaycan elektrik enerjisinin idxalatçısından ixracatçısına çevrilib, ölkədə tibbi xidmətin, təhsilin, idmanın səviyyəsi yüksəlib. Yüz minlərlə hektar torpaq suvarmaya cəlb olunub, tarix boyu təbii qazın olmadığı kəndlərə qaz çəkilib, vətəndaşların sosial rifahı yüksəlib, avtomobil yolları müasir standartlar səviyyəsində yenidən qurulub. Eyni zamanda Azərbaycanın tranzit imkanları artıb turizm potensialı hərəkətə gətirilib.

Təbii ki, bu cür layihələrin həyata keçirilməsi nəticə etibarilə 14 ildə ölkənin sosial-iqtisadi inkişafına böyük təkan verib, dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurla icrasını təmin edib. Amma bu da son deyil. Hazırda çoxsaylı infrastruktur layihələri icra mərhələsindədir. Qarşıdan gələn dövrlərdə yeni layihələr həyata keçiriləcək. Son məqsəd isə Azərbaycanı inkişaf etmiş ölkələrin cərgəsinə çıxarmaqdır. Real iqtisadi mənzərə respublikamızın bu hədəfə doğru inamla irəlilədiyini göstərir.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2018.-3 fevral.- S.1;5.