Zaqatalalı gənclər
özəl günlərini qeyd ediblər
Həmişə nümunəviliyi, vətənpərvərliyi ilə seçilən Zaqatala gəncləri yenə də bir araya gəlmişdilər. Müstəqiliyimizin onlara bəxş etdiyi özəl günlərini - Gənclər Gününü qeyd etməyə toplaşmışdılar. Bütün Azərbaycan gəncləri kimi, onlar da dövlət müstəqilliyimizin təmin olunmasında, onun qorunub saxlanılmasında zaqatalalıların da xüsusi paylarının olmasını həmişə hiss edib və dövlətin dəstəyindən bəhrələniblər.
Gənclər əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış ulu öndərin abidə kompleksini ziyarət edərək önünə tər çiçəklər düzüblər. Ardınca Heydər Əliyev Mərkəzində təşkil olunan ümumrayon tədbirinin iştirakçıları rayon gənclərinin əl işləri, foto və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq
mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri
və gənclər iştirak ediblər.
Sonra tədbirdə Zaqatala gənclərinin 2017-ci ildə qazandıqları uğurlardan, rayonda idman sahəsinin inkişafına yönələn tədbirlərdən bəhs edən film nümayiş olunub.
Əlamətdar gün münasibətilə gəncləri təbrik edən Mübariz Əhmədzadə bildirib ki, XX əsrin sonunda dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında gənclərlə iş sahəsində yaranmış boşluq 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aradan qaldırılıb. Düz 19 il əvvəl ulu öndərin imzaladığı sərəncamla 2 fevral Azərbaycan Gənclər Günü kimi təqvimə salınıb. Müstəqil Azərbaycan gənclərinin ilk dəfə 1996-cı il fevralın 2-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən forumda bir araya gəldikləri xüsusi vurğulanıb.
Tədbirdə çıxış edən rayon gəncləri respublikamızda, o cümlədən Zaqatala rayonunda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrin inkişafı üçün görülmüş bütün işlərə görə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin sədri cənab İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mrehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər. Onlar respublikamızın parlaq gələcəyi naminə fəaliyyətində möhtərəm Prezidenti daim dəstəkləyəcəklərini xüsusilə qeyd ediblər.
2017-ci ildə təhsil, səhiyyə, dövlət
qulluğu, mədəniyyət, idman və digər sahələrdə yüksək
nailiyyət qazanmış rayon gənclərinə
fəxri fərman və qiymətli hədiyyələr təqdim
olunub. Tədbir rayon gənclərinin
bədii özfəaliyyət kollektivlərinin konsert
proqramı ilə başa
çatıb.
Ə.SƏLİMOV,
Azərbaycan.-2018.-3 fevral.- S.8.