Bakıda “Öz karyeranı qur!” mövzusunda Forum keçirilib
Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə Formula-1 yarışlarının ölkəmizdəki təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin təşkilatçılığı ilə Davos formatında Forum keçirilib.
AZƏRTAC xəbər verir ki, “Öz karyeranı qur!” mövzusunda təşkil olunan Forumda gənclər və idman naziri Azad Rəhimov, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, təhsil nazirinin müavini Firudin Qurbanov, “BP-Azerbaijan” şirkətinin insan resursları üzrə vitse-prezidenti Leyla Novruzova və Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov iştirak ediblər.
Forumun
açılış mərasimində Azərbaycan
Respublikasının dövlət himni səsləndirilib.
Sonra Formula-1
könüllülərinin fəaliyyətindən bəhs edən
videoçarx nümayiş
olunub.
Nazir Azad Rəhimov çıxışında Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından, ölkəmizin ev sahibliyi etdiyi irimiqyaslı idman tədbirlərindən danışıb, bütün bu tədbirlərdə könüllülərin fəaliyyətini yüksək qiymətləndirib. Bu gün Azərbaycanın, o cümlədən ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayan nazir bildirib ki, bu prosesdə gənc və istedadlı kadrlara böyük ehtiyac var. “Qara qızılın insan kapitalına” çevrilməsi istiqamətində respublikamızda uğurlu addımlar atılır, gənclər üçün əlverişli şəraitin yaradılması baxımından mühüm işlər görülür. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti də gənclərə təcrübə qazanmaq üçün hər cür şərait yaradır. Bu gün gənclər bilirlər ki, təhsil və təcrübə olmadan istədikləri karyeranı qura bilməzlər.
Azad Rəhimov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayaraq deyib: “Ölkəmizdə birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub. Bu yarışların təşkilində könüllülərin əməyindən geniş istifadə edilib. Könüllülərin inkişafı sahəsində ölkəmizdə uğurlu layihələr həyata keçirilir. Ötən il beş könüllü Formula-1 İtaliya Qran-Prisini canlı izləyiblər.
Səfir Robert Sekuta Azərbaycanda könüllülük hərəkatının sürətli inkişafından danışaraq, ölkəmizdə bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti tərəfindən hazırlıq işlərinə cəlb olunan könüllülərin qazandıqları təcrübənin onların inkişafı üçün yeni imkanlar açacağını vurğulayan səfir Azərbaycanın gündən-günə sürətlə tərəqqi etdiyini diqqətə çatdırıb: “Gənclərlə əməkdaşlıq, onların ideya və təşəbbüslərinin reallaşdırılmasına kömək etmək, eləcə də Azərbaycan və ABŞ gənclərinin inteqrasiyası bizim üçün vacib məsələlərdən biridir. Bu, ABŞ ilə Azərbaycanın həmin sahədə necə əməkdaşlıq edə biləcəyini göstərir”.
Təhsil nazirinin
müavini Firudin Qurbanov, “BP-Azerbaijan”
şirkətinin insan resursları üzrə
vitse-prezidenti Leyla Novruzova, Milli Məclisin gənclər
və idman komitəsinin sədri Fuad Muradov, BŞH-nin
marketinq və kommunikasiya
şöbəsinin rəhbəri, milli mətbuat
katibi Nigar Arpadarai çıxışlarında gələcək
karyeranın qurulmasında təhsilin mühüm amil olduğunu, məqsədə çatmaq
üçün dünyagörüşünün
artırılmasının vacibliyini və
könüllülük hərəkatının
gənclərin formalaşmasında əhəmiyyətli rolundan danışıblar.
Sonda
gənclərin sualları cavablandırılıb.
Azərbaycan.-2018.-3 fevral.- S.8.