Gənclərimiz
ölkəmizin inkişafı üçün
bütün sahələrdə daha da fəal
olmalıdırlar
Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə “Buta Palas”da
təntənəli mərasim keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 2018-ci il 2 fevral
tarixli sərəncamı ilə bir qrup gəncə Prezident mükafatları təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən danışıb. Bildirib ki, 21 ildir gənclərimiz ulu öndər Heydər Əliyevin təsis etdiyi Azərbaycan Gəncləri Gününü təntənəli şəkildə qeyd edirlər. Bu dövr yaddaşlarda Azərbaycan dövləti tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğı illəri kimi qalıb.
Ötən ilin ölkəmizin, o cümlədən gənclərimizin həyatında uğurlu il olduğunu vurğulayan nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan gəncləri 2017-2021-ci illər”də Dövlət Proqramının təsdiq olunması barədə sərəncamın imzalanmasını xüsusi qeyd edib. Bildirib ki, bu sənəd Azərbaycan Prezidenti tərəfindən gənclərlə bağlı təsdiq edilən üçüncü Dövlət Proqramıdır. Gənclərin bütün sahələrdə maraqlarını nəzərə alan bu proqram müasir dövrün çağırışlarına tam cavab verir. Dünyanın heç bir ölkəsində gənclərlə bağlı ardıcıl olaraq bu qədər proqram qəbul edilməyib.
Nazir paytaxt Bakı ilə yanaşı, regionlarda da gənclərin fəallığının, məşğulluğunun təmin edilməsinin diqqət mərkəzində saxlanıldığını vurğulayaraq bölgələrdə Gənclər evlərinin inşasının onların məşğulluğu işinə, eləcə də bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verdiyini bildirib. Qeyd edib ki, bu gün Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və vətənə sadiq olmaqla yanaşı, ictimai-siyasi məsələlərlə bağlı əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər.
Azad Rəhimov gənclərimizin inkişafında, onların fəallıqlarının artırılmasında, istedadlarının üzə çıxarılmasında Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayıb. Bildirib ki, müasir dövrdə Azərbaycan iqtisadiyyatının əsasında yaradıcılıq, innovasiyalar, bilik və bacarıqlar, eləcə də yüksək texnologiyalardan peşəkarlıqla istifadə imkanları dayanır. Məhz buna görə də yaradıcı və istedadlı gənclərin üzə çıxarılmasına, onlara dövlət dəstəyinin göstərilməsinə xüsusi diqqət yetirilir. Ölkəmizdə gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində ilk dəfə olaraq “Made in Azerbaijan-2017” biznes ideya müsabiqəsi, “Gənc investor-2017” birja ticarəti üzrə simulyasiya yarışı keçirilib.
Son illər Azərbaycan gənclərinin təşkilatlanması, onların beynəlxalq əlaqələrinin inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdıran Azad Rəhimov ötən il 160-dan çox ölkədən nümayəndələrin iştirakı ilə Dünya Skaut Təşkilatının 41-ci konfransının Azərbaycanda təşkilinin önəmini qeyd edib.
Bu il dövlət gənclər siyasətinin banisi ümummilli lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinin qeyd olunacağını, prezident seçkilərinin keçiriləcəyini, habelə Mart soyqırımının 100-cü ildönümü ilə bağlı silsilə tədbirlərin təşkil olunacağını diqqətə çatdıran nazir bu baxımdan gənclərimizin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib. Azad Rəhimov Bakının “Ekspo-2025” Ümumdünya Sərgisinə namizədliyini irəli sürdüyünü xatırladaraq bu mövzuda gənclər arasında esse müsabiqəsinin elan olunduğunu deyib. Nazir çıxışının sonunda gəncləri 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək onların qarşıdakı prezident seçkilərində dövlət başçısı
İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini bildirib.
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev çıxış edərək Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlarından danışıb. Azərbaycan Gəncləri Gününün ümummilli lider Heydər Əliyevin ölkə gəncliyinə töhfəsi olduğunu vurğulayan Yusuf Məmmədəliyev deyib ki, hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam və inkişaf etdirir.
Azərbaycan gənclərinin yüksək intellektli və vətənpərvər olduqlarını, ölkəmizi uğurla təbliğ etdiklərini diqqətə çatdıran Prezident Administrasiyasının şöbə müdiri qlobal səviyyədə rəqabətədavamlı gənclərimizin sayının ildən-ilə artdığını məmnunluqla vurğulayıb. Qeyd edib ki, gənclərin potensialının artırılması, onların inkişafı prosesində motivasiya çox önəmlidir. Bu gün müxtəlif sahələrdə ən istedadlı gənclərin təltif olunması onların uğurlarını cəmiyyətə tanıtmaqla yanaşı, həmin gənclərin daha da həvəsləndirilməsinə mühüm töhfə verəcək. Gənclərimiz bilməlidirlər ki, onların bilik və bacarıqları, fəaliyyətləri diqqətdən kənarda qalmır və yüksək qiymətləndirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva gənclərimizin qayğısına qalır, onların fəaliyyətini yaxından izləyirlər.
Yusuf Məmmədəliyev bildirib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi “qara qızılın insan kapitalına çevrilməsi” strategiyasına əsaslanan gənclər siyasəti nəticəsində gənclərin elmi, mədəni, ictimai sahələrdə fəallığı təşviq edilir. Buna görə də gənclərimiz ölkəmizin inkişafı üçün bütün sahələrdə daha da fəal olmalıdırlar.
Bu ilin ölkəmiz üçün əhəmiyyətli hadisələrlə zəngin olacağını vurğulayan Yusuf Məmmədəliyev bu baxımdan növbəti prezident seçkilərinin önəmini xüsusi qeyd edib. Əminliklə bildirilib ki, Azərbaycanın gələcəyini, uğurlu inkişafını təmin edəcək bu prosesdə gənclər daha da fəal olacaq, dövlətimizin onlara göstərdiyi etimadı doğruldacaqlar.
Bakının “Ekspo-2025” Ümumdünya Sərgisinə namizədliyini irəli sürdüyünü xatırladan şöbə müdiri deyib ki, bu, insan kapitalının inkişafı və gələcəyə baxış strategiyasına əsaslanır. Bu gün Prezident İlham Əliyevin yürütdüyü uğurlu gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi müasir, tolerant, savadlı, bacarıqlı və innovativdir.
Çıxışının sonunda gəncləri əlamətdar gün münasibətilə bir daha təbrik edən Yusuf Məmmədəliyev deyib ki, Azərbaycan rəhbərliyi gənclərimizə inanır və daim onları dəstəkləyir. Hər bir gənc ölkəmizin tarixi-mədəni dəyərlərini yaşatmalı, layiqli vətəndaş kimi vətəninə xidmət etməlidir. Bu gün Azərbaycan öz tarixinin ən güclü və dinamik dövrünü yaşayır. Gənclərimiz bu dövrün çağırışlarını həssaslıqla duymalı, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər.
Sonra Prezident İlham Əliyevin sərəncamına əsasən, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən Reyhan Camalovaya, Gülnar Əlfidatlıya, Xaqani Fərəcova, Ağarəhim Quliyevə, Zümrüd Səfərovaya və Aysun Zeynalovaya 2018-ci il Gənclər üçün Prezident mükafatları təqdim olunub.
Tədbirdə, həmçinin uğur qazanan, habelə dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş müxtəlif tədbirlərdə fərqlənən yaradıcı və istedadlı gənclər də mükafatlandırılıb.
Mərasimdə Naxçıvan şəhərinin 2018-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçildiyi elan olunub. Bildirilib ki, Naxçıvan “www.genclerpaytaxti.az” saytında keçirilmiş onlayn səsvermənin qalibi olub.
Gənclər və idman naziri Azad Rəhimov gənclər paytaxtının rəmzi açarını Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarova təqdim edib.
Tədbir bədii hissə ilə davam edib.
Azərbaycan.-2018.-3 fevral.- S.4.