Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş kitabın müzakirəsi keçirilib
Fevralın
1-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
(BBMM) “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə
Komissiyasının sənədləri işığında
(1919-1920-ci illər)” kitabının müzakirəsi
keçirilib. Kitabın ideya və “Ön söz”ünün
müəllifi, elmi redaktoru Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.
AZƏRTAC
xəbər verir ki, BBMM-in icraçı direktor əvəzi Rəvan
Həsənov Prezident İlham Əliyevin Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi ilə bağlı sərəncamına
əsasən hazırlanmış kitabın əlamətdar
yubileyə dəyərli töhfə olduğunu bildirib. O deyib
ki, ilk dəfə ana dilimizdə nəşr edilən diplomatik
yazışmalar toplusu 1919-1920-ci illərdə Cümhuriyyətin
İranla siyasi əlaqələrinə dair mühüm tarixi
mənbələrdən biridir.
Prezident
Administrasiyasının Millətlərarası münasibətlər,
multikulturalizm və dini məsələlər şöbəsinin
əməkdaşı Ceyhun Məmmədov bildirib ki, bu kitab Azərbaycan
Xalq Cümhuriyyətinin zəngin siyasi irsinin öyrənilməsinə
və araşdırılmasına sanballı töhfədir.
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq
İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa
Qasımlı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru,
Milli Məclisin deputatı Hikmət Babaoğlu, Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsi sədrinin
müavini Gündüz İsmayılov, AMEA-nın Humanitar Elmlər
Bölməsinin akademik-katibi Teymur Kərimli, Fəlsəfə
İnstitutunun direktoru İlham Məmmədzadə, Prezidentin
İşlər İdarəsinin arxiv sənədləri
şöbəsinin əməkdaşı Həcər
Verdiyeva, BBMM-in aparat rəhbəri Aytən Qəhrəmanova,
Prezidentin İşlər İdarəsinin Prezident
Kitabxanasının şöbə müdiri Nazim Mustafa,
Prezident yanında Dövlət İdarəçilik
Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyə
Əhmədova, Bakı Dövlət Universitetinin tarix
fakültəsinin dekanı Azad Rzayev, universitetin kafedra
müdiri Anar İsgəndərov və başqaları
çıxış edərək bildiriblər ki, kitab
Cümhuriyyət tarixinin daha dərindən öyrənilməsinə,
bununla bağlı bir çox məsələlərin
araşdırılmasına ehtiyac olduğunu göstərir. Həmin
dövrlə bağlı zəngin tarixi məlumatları
ehtiva edən bu nəşrdə toplanmış 98 sənəd
Cümhuriyyətin siyasi tarixinin bir sıra qaranlıq səhifələrinə
işıq salır.
Azərbaycan.-2018.-3 fevral.- S.5.