Elm-biznes əməkdaşlığı
AMEA-nın Yüksək Texnologiyalar Parkında dünya
bazarına çıxarılan brendlər istehsal edilir
Dünya təcrübəsində elmlə biznesin əməkdaşlığına son illər xüsusi əhəmiyyət verilir. Elmi tədqiqat institutlarının tərkibində və ya yaxınlığında texnoparklar yaradılır. Həmin texnoparklarda elmlə biznesin birgə işi sayəsində məhsul əldə edilir və birbaşa istehlakçıya, beynəlxalq bazara çıxarılır.
Dövlət müstəqilliyinin bərpasından sonra elm sahəsində çalışan alimlərin tədqiqatlarının nəticələri artıq bəhrəsini verməkdə, rəqabətqabiliyyətli brendlər kimi beynəlxalq bazarda öz yerini tutmaqdadır. Bu, ilk növbədə, Azərbaycan elminin inkişafı üçün dövlət siyasətinin müsbət göstəricilərindəndir. Konkret olaraq deyə bilərik ki, əsaslı və uzunmüddətli elmi tədqiqat işlərini həyata keçirən Azərbaycan Milli Elmlər Akademiyası bu gün rəqabətə davamlı innovasiya iqtisadiyyatının formalaşmasında xüsusi çəkiyə malikdir. Müasir yanaşmaların tələblərinə uyğun olaraq, elm-biznes əməkdaşlığının yaradılması və inkişafı da burada özünü qabarıq şəkildə göstərməkdədir.
Elmlə biznesi qovuşduran yüksək texnologiya parkları istər intellektual kadr hazırlığında, istərsə sənaye əhəmiyyətli tədqiqat işlərinin aparılmasında mühüm əhəmiyyət daşıyan sahədir. Azərbaycan Prezidentinin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılan AMEA Yüksək Texnologiyalar Parkı da bu istiqamətdə atılan ən mühüm addımlardan biridir. Bu elmlə istehsalatın qovuşduğu sahənin yaradılmasında məqsəd aydındır. Söhbət iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə dövlət dəstəyini daha da artırmaqdan gedir. Texnopark həmçinin elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına da şərait yaradan bir istehsal sahəsidir.
Sadə dillə desək, bu texnopark bir neçə istehsal sahəsinin elmi əsaslar üzərində fəaliyyətinə şərait yaradan kompleksləşdirilmiş yaradıcılıq bazasıdır. Elm-biznes əməkdaşlığının formalaşdırılması istiqamətində fəaliyyətə başlayan AMEA Yüksək Texnologiyalar Parkı qısa müddət ərzində start-up müsabiqələri təşkil edib. Park həmçinin bir sıra yerli və beynəlxalq qurumlarla Azərbaycanda innovasiya ekosisteminin inkişafı perspektivində partnyorluq əlaqələrinin qurulmasında öz sözünü deyir.
“Qara şəhər”in
üzağardan ünvanı…
İnkişaf etməkdə olan
ölkələrin elmi tədqiqat, istehsal və istehlakla məşğul
olan məşhur biznes mərkəzləri və şirkətləri
ilə əməkdaşlıq quran parkın fəaliyyəti
ilə yaxından tanış olmaq üçün bir vaxtlar
paytaxt Bakının “Qara şəhər” kimi məşhur
olan, neft-qaz zavodlarının yerləşdiyi, bu gün isə
müasir sənaye məhəlləsinə çevrilən
ünvana yollandıq.
Yaşıllıqla əhatə
olunan parkın rezidentlərinin yerləşdiyi ərazidə
aparılan yenidənqurma, abadlıq və səliqə-sahman
ilk baxışdan diqqəti çəkir. Bununla yanaşı, istismar
müddətini çoxdan itirmiş, yararsız, yalnız təkrar
emal üçün əhəmiyyətli sayılan texniki və
texnoloji avadanlıqlarla dolu ərazidə sanki neft sənayesinin
tarixləri qovuşub: köhnəliklə yeniliyin
yaratdığı maraqlı təzadla.
AMEA Yüksək Texnologiyalar
Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə
doktoru Vüqar Babayev öncə ərazidəki köhnəliklərlə
yeniliyin yaratdığı mənzərədən söz
açdı: “Parka fəaliyyətə
başladığı gündən indiyədək 6 rezident qəbul
olunub. 25 hektar ərazidə yalnız tarixlər
qovuşmayıb, həm də elmin və texnologiyanın son
nailiyyətləri və sadə sənaye üsulu ilə məhsul
istehsal etməyin fərqləri burada özünü göstərir.
Hələ ki, ərazinin dörddə birindən
istifadə edilir. Bu da o deməkdir ki, həm
parkda rezidentlərin sayı artacaq, həm də qazanc yüksəldikcə
köhnə tör-töküntülər tamamilə ərazidən
təmizlənəcək, yerini müasir infrastruktur tutacaq.
Park özünü formalaşdırmaqla
yanaşı, həm də beynəlxalq əməkdaşlıq
əlaqələrinin qurulmasına çalışır.
Məhz bunun nəticəsidir ki, artıq partnyorları
arasında “EPC Group” MMC, “Kutvan” MMC, Rusiyada Sənayenin Struktur Dəyişiklikləri
Mərkəzi, İslam İnkişaf Bankı, Sank-Peterburq
Texnoparkı, Çin-Rusiya İnnovasiya Texnoparkı,Türkiyə
Erciyes Texnoparkı, Koreya Elm -Texnologiya Siyasəti İnstitutu,
Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzi,
Sloveniya Lyublyana Texnoparkı, Azərbaycan-Çin
Texnologiyaların Transferi Mərkəzi kimi dünyanın məşhur
elm və biznes mərkəzlərinin adları var. Məsələ
həm də elmə söykənən məhsulların
istehsalı üçün innovasiyaların və onların
ekosistemini formalaşdıran texnoparkların idarə
olunmasında insan kapitalının cəlb edilməsi,
kadrların inkişafı üçün təlim
proqramlarının təşkilidir. AMEA ilə
“Millers Oils LTD” şirkəti arasında “Millers Oils Azerbaijan”
birgə müəssisəsinin yaradılması və onun
burada rezident kimi fəaliyyətə başlaması nəticəsində
mühüm layihələr reallaşıb. Belə vacib layihələrin müəllifi olan AMEA
YT Park artıq özünün mövcudluğunu təsdiqləyib.
İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzi də parkın partnyorudur. Bu isə ilk növbədə, yerli müəssisələrin
daha geniş arenaya öz məhsulunu çıxarması deməkdir”.
Strateji yol xəritələri:
bilik iqtisadiyyatında investisiya mühitinin rolu
AMEA YT Parkının təklifi ilə
keçiriləcək “Strateji yol xəritələri: bilik
iqtisadiyyatında investisiya mühitinin rolu” mövzusunda Biznes
Forum da əhəmiyyətli layihələrdən hesab oluna bilər.
Biznes forum Strateji Yol Xəritələri əsas
tutularaq elmi tədqiqat müəssisələri ilə biznes
dünyasının əməkdaşlığı nəticəsində
bilik iqtisadiyyatının formalaşdırılması
üçün əlverilşli investisiya mühitinin
inkişafına müsbət dinamika verəcək. Beynəlxalq və yerli mütəxəssislərin,
özəl və dövlət sektorunun nümayəndələrinin,
həmçinin investorların iştirak edəcəyi forumun
nəticələri ölkədə intellektual kapitalın və
innovativ sahibkarlığın inkişafında mühüm
rola malik olacaq.
Öyrənirik ki, son illər
AMEA-da beynəlxalq əməkdaşlıq əhəmiyyətli
dərəcədə genişlənib, xarici ölkələrin
akademik qurumları və beynəlxalq təşkilatlarla
münasibətlər yeni inkişaf mərhələsinə qədəm
qoyub. Bu əməkdaşlığın inkişafı nəticəsində
xeyli sayda ikitərəfli sazişlər, memorandumlar
imzalanıb. Bu isə elmin sahibkarlarla əlaqəsinin
təkmilləşdirilməsi və koordinasiya edilməsi
baxımından xüsusi önəm daşıyır.
Azərbaycan Prezidentinin 2014-cü il 26 dekabr tarixli sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycanda sənayenin inkişafına dair
2015-2020-ci illər üçün Dövlət
Proqramı”nda qeyd edilir ki, innovasiyalar sənayenin rəqabət
qabiliyyətinin artırılmasında xüsusi rol oynayır.
Bu baxımdan özəl sektor tərəfindən
həyata keçirilən araşdırma və inkişaf
etdirmə fəaliyyətinin dəstəklənməsi
böyük əhəmiyyətə malikdir. Həmin
proses sənayenin kadr potensialının və elmi təminatının
yaxşılaşdırılması ilə müşayiət
olunur. Hər iki növ faktorlar firmaların
texnologiyanı öyrənmək və istehsal etmək
imkanını genişləndirir.
İnnovativ
düşüncənin biznesə çevrilmə prosesi
Həmsöhbətimizin fikrincə, məhz
bu yolla İsrail, İsveç, Finlandiya, Sinqapur, Malayziya və
bir sıra başqa dövlətlər dünyanın ən
çevik, səmərəli innovasiya və yüksək texnologiyaların
iqtisadiyyatda tətbiqi mexanizmini yarada biliblər: “Texnoloji cəhətdən
inkişaf etmiş ölkələrdə innovasiya subyektlərinin
fəaliyyətinin əlaqələndirilməsinə
xüsusi diqqət yetirilir. Texnoparkın ərazisində
rezident kimi fəaliyyət göstərən sahibkarlara
geniş imkanlar yaradılır. Azərbaycan
Respublikasının qanunvericiliyində edilmiş dəyişikliklərə
müvafiq olaraq, sənaye və texnologiyalar parklarının
rezidentlərinə 7 il müddətinə
vergi və gömrük güzəştləri (əmlak
vergisi, torpaq vergisi, mənfəət vergisi) tətbiq edilir. Rezidentlər idxal olunan texnika, texnoloji avadanlıqlar
və qurğulara görə ƏDV-dən və
gömrük rüsumundan azad olunurlar. YTP-də
sahibkarlıq subyekti üçün şərait
yaradılır, biznes planın iş qrafikinə uyğun
işlər icra edilir. Onlara hüquq,
mühasibat, marketinq, ketrinq, mühafizə və digər xidmətlər
təklif olunur. Parkın təşəbbüskar
düşüncəyə malik gənclər
üçün yaratdığı imkanlar onların
startaplara marağını artırır. Gənc mütəxəssislərin məşğulluğunun
artırılması, sahibkarlıq ideyalarının təşkili
və onların sahibkarlığa cəlb olunması məqsədilə
burada Biznes İnkubasiya Mərkəzi fəaliyyət göstərir.
Mərkəzə innovativ düşüncəyə
malik, müxtəlif layihələri olan gənclərdən
ibarət komandalar cəlb olunurlar. Gənclər
bizneslərini qurmaq üçün inkubasiya və akselerasiya
proqramlarından faydalanırlar. Uğurlu
layihələr YTP-nin tərkibində fəaliyyət göstərən
Texnologiya Transferi Ofisinin dəstəyi ilə real bazara yönləndilir.
Bununla da, respublika üzrə innovativ
düşüncənin biznesə çevrilməsi prosesi həyata
keçirilir”.
Dünyanın
iqtisadi “nəhəngləri” də uğurlara bu yolla nail
olublar
Digər rezident “Millers oils
Azerbaijan” MMC-nin təsisçilərindən olan “Millers Oils”
Böyük Britaniyanın 130 illik tarixə malik nüfuzlu
şirkətidir. AMEA ilə sıx əməkdaşlıq
edən “Millers Oils” dünyada tanınan premium klass mühərrik
yağlarının istehsalı ilə məşğuldur.
Şirkətin ölkəmizdə
“Millers oils Azerbaijan” MMC-ni təsis etməkdə məqsədi
dünya standartlarına cavab verən neft məhsullarının
istehsalını genişləndirməkdir. Bu sahədə
ölkənin tələbatını qarşılamaq, həmçinin
Azərbaycan vasitəsilə istehsal etdikləri mühərrik
yağlarını Şərq, Orta Asiya bazarlarında
tanıtmaq da şirkətin əsas hədəflərindəndir.
Rezidentliyə qəbul edilən
“Elm və Texnologiya Parkı” MMC elektronika, avtomatika, proqram təminatı,
müdafiə və mülki təyinatlı aparatlar, dronlar və
digər elektron cihazlarının istehsalı ilə məşğul
olur.
Digər rezident olan “Agro Bio
Eco Tech” MMC isə artıq 25 ildir ki, Azərbaycanın kənd
təsərrüffatı üçün ekoloji təmiz ərzaq
məhsullarının istehsalı ilə məşğuldur. Üzvi və
mineral gübrələr istehsal edən şirkət yeni texnologiyalar
əsasında fəaliyyət göstərir. Burada kənd təsərrüfatı
üçün zərərverici həşəratlara
qarşı ekoloji və bioloji üsulla mübarizə vasitələri,
orqanik və orqanomineral əlavələr, biopreparatlar istehsal
olunur.
“DN Technologies “ MMC-nin
fəaliyyət istiqaməti 3D modelləmə & simulyator və
robot texnologiyaları olan şirkətdir ki, proqram təminatları
və texnoloji yönümlü məhsulların
istehsalını və satışını həyata
keçirir.
Dünya
bazarlarının geniştəyinatlı və
çoxçeşidli multirotorlara maraqları...
Parkda fəaliyyət göstərən
müəssisələrdən biri də 1974-cü ildə
Neft Kimya Prosesləri İnstitutunun Əhmədli Eksperimental
bazası əsasında yaradılan “AMEA Təcrübə-Sənaye”
MMC-dir. Adı çəkilən zavod ölkəmizdə bu
tipli ilk və yeganə təcrübə sınaq müəssisəsidir.
“Elm və Texnologiya Parkı”
MMC-yə gəlincə, o, AMEA-nın qərarı ilə
2016-cı ildə təsis edilib. Fəaliyyətinin əsas
məqsədi innovativ məhsulların və yüksək
texnologiyaların hazırlanması, işlənilməsi və
ya təkmilləşdirilməsidir. Burada həmçinin
tədqiqatların, təcrübə-konstruktor işlərinin
aparılması, onların nəticələrinin sənaye və
xidmət sahələrində tətbiqi üçün
şərait yaradılır.
Şirkətin
hazırladığı lahiyələrdən biri “Geniş təyinatlı
multirotor - insansız uçan aparatların istehsalı
prosesi”dir. Multirotor - insansız uçan aparatlar bu gün
dünya bazarında daha çox diqqət çəkən məhsullardandır. Çünki
onun istifadə təyinatı həm mühüm, həm də
təxirəsalınmazdır. Dünyada bu
sistemlərin axtarış-xilasetmə və təcili
yardım kimi vacib sahələrdə əvəzi yoxdur. Poçt çatdırılma və müxtəlif
təyinatlı müşahidə sistemlərində də
istifadəsi genişlənir. Layihənin məqsədi
Azərbaycanda dünya standartlarına cavab verən yeni nəsil
insansız uçan aparatların istehsalının təşkilidir.
İUA-lar müasir tipli kənd təsərrüfatı
fermalarından axtarış-xilasetmə əməliyyatlarına
qədər bir çox sahələrdə istifadə edilə
bilər.
Parkın İstehsalat və
kommunikasiya xidmətləri şöbəsinin müdiri Hikmət
Kərimov da söhbət əsnasında vurğuladı ki,
yeni texnologiyalara yatırılan investisiyalar əsasən
özəl sektorun payına düşür və onların həcmi
təxminən 75-80 faiz və bəzilərində daha
çox təşkil edir: “Lakin bütün hallarda ölkələrin
milli innovasiya sistemlərinin qurulmasında dövlət təşkilatları
başlıca rol oynayıb. İlk mərhələdə
məhz dövlət vəsaiti hesabına bu işlər ərsəyə
gəlib. Dünya təcrübəsinin tədqiqi
göstərir ki, məhz dövlət tərəfindən həyata
keçirilən innovasiya siyasəti nəticəsində
ölkədə rəqabətqabiliyyətli iqtisadiyyat qurula
bilər. Bunun əsas şərti isə
akademik elmlə istehsalatın sıx əməkdaşlığı
sayəsində yeni texnologiyaların, innovasiya proseslərinin,
istehsalat sahələrinin yaradılmasıdır. İnnovativ inkişafın əsasını təşkil
edən texniki tərəqqinin səviyyəsi həmin ölkədə
elmin, mədəniyyətin, səhiyyənin, həmçinin
sosial təbəqələr arasında davamlı münasibətlərin
səviyyəsindən asılıdır. Bu
göstəricilər ölkənin iqtisadi inkişafı ilə
birbaşa bağlıdır. İqtisadiyyatın
innovativ inkişaf yoluna keçidinin əsas göstəricisi
kimi innovasiyaların ayrı-ayrı sahibkarların deyil, milli
iqtisadiyyatın tələbi kimi çıxış etməsidir.
İnkişaf etmiş ölkələrin təcrübəsi
də göstərir ki, innovasiya və iqtisadiyyatda yüksək
texnologiyaların tətbiqi olduqca vacibdir. Prosesin
yüksək dinamikasının təmin edilməsinin əsas
yolu isə elmi tədqiqat və təcrübə konstruktor
işlərinin multidissiplinar yanaşma əsasında və məqsədyönlü
innovasiya proqramları daxilində təşkil
olunmasıdır”.
Edvard Bononun “6
papaq”, Tony Buzanın “zehin xəritələməsi” metodu
H.Kərimovun
vurğuladığı kimi, park elmi-tədqiqat işlərinə
investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə
yatıran özəl sektora müəyyən güzəştlərin
edilməsi və əlverişli mühitin yaradılması
yolu ilə strateji hədəflərə nail olmaq
üçün öz töhfəsini verəcək: “Milli
iqtisadiyyatın neftdən asılılığını
azaltmaq, idxal əvəzləyici sektorların inkişafına
nail olmaq, ixrac bazarlarında rəqabət üstünlükləri
əldə etmək, qlobal dəyər zəncirlərində
iştirakı artırmaq və digər strateji hədəflərə
çatmaq üçün parkın görəcəyi
işlər və perspektivlər kifayət qədər
genişdir. Qarşıdakı dövrdə
texnoloji inkişafların bəzi sahələrdə cəmləşərək
iqtisadi, sosial və hərbi, xüsusilə rəqəmsal
rabitə, nanotexnologiya, material elmləri, ölçü
cihazları, biotexnologiya və ətraf texnologiyaların
sürətli inkişafı zərurətdir”.
Bəli, elm və biznesin
qovuşduğu məkanda - AMEA-nın Yüksək
Texnologiyalar Parkında dünya bazarına
çıxarılan brendlər istehsal edilir. Bu akademik
istehsal müəssisəsində yaxşı bilirlər ki,
insan resurslarının davamlı olaraq inkişaf etdirilməsi,
informasiya-kommunikasiya texnologiyalarının yayılması,
yenilikçiliyə önəm verilməsi adambaşına
düşən milli gəliri davamlı olaraq artırmaq
yollarıdır. Buna görə də
innovasiya daim öyrənmə və vərdişləri təkmilləşdirmə
tələb edir. İnnovativ həllərin
və ixtiraçılığın daha da kütləviləşdirilməsi
üçün necə deyərlər, Henrik Altşullerin
“TRİZ”, Edvard Bononun “6 papaq”, Tony Buzanın “zehin xəritələməsi”
metodu və digər yanaşmaların tədris olunduğu və
tətbiq edildiyi mərkəzlərə bu gün ciddi ehtiyac
duyulmaqdadır.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2018. -1 fevral.- S.1; 6.