Tərəfdaşlar “Cənub qaz dəhlizi”
layihəsində Azərbaycanın liderliyini
təsdiqləyirlər
Məşvərət
Şurasının növbəti toplantısının da
Bakıda keçiriləcəyi bunu göstərir
2018-ci il “Cənub qaz dəhlizi”nin gerçəkləşməsində önəmli il olacaq. Belə ki, dəhlizlə Avropaya çatdırılacaq mavi yanacağın ehtiyat mənbəyi olan “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ilk qaz bu il hasil ediləcək. Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərinin Azərbaycanın və Gürcüstanın ərazisi boyu nəql etdiyi qaz TANAP-a (Transanadolu Qaz Boru Kəməri) ötürüləcək. Bu il TANAP-ın da istifadəyə veriləcəyi gözlənilir.
Təsadüfi deyil ki, “Cənub qaz dəhlizi” getdikcə dünyanın daha çox marağına səbəb olur. Bir çox beynəlxalq tədbirlərdə layihənin əldə etdiyi uğurlardan söhbət açılır. Bu yaxınlarda keçirilən Davos Dünya İqtisadi Forumunda da layihənin ayrı-ayrı seqmentləri üzrə görülən işlərdən ətraflı bəhs olunub. Prezident İlham Əliyevin Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Sevçoviçlə görüşündə “Cənub qaz dəhlizi” ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparılıb. Fevral ayında Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti toplantısının keçiriləcəyi qeyd olunub.
Bu tədbir də layihənin salnaməsinə yazılacaq növbəti mühüm səhifəyə çevriləcək. Artıq ənənə halını alan həmin toplantıların keçirilməsi üçün Bakının məkan seçilməsi qanunauyğun haldır. Çünki bu nəhəng layihənin təşəbbüskarı və lideri Azərbaycandır. Bunu tərəfdaşlarımız da dönə-dönə vurğulayıblar. Həm də “Cənub qaz dəhlizi”nin əsas ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağıdır. Azərbaycan özünü nəhəng qaz ehtiyatlarına malik ölkə kimi məhz “Şahdəniz” layihəsi sayəsində təqdim edə bilib. Bu gün Azərbaycanın - “Şahdəniz”in və digər yataqların təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. “Cənub qaz dəhlizi”nin birinci seqmenti olan “Şahdəniz-2” nəhəng layihədir. “Cənub qaz dəhlizi”nin təməli isə yatağın işlənməsinin birinci mərhələsində qoyulub.
Azərbaycan bu layihəni tərəfdaşlıq etdiyi ölkələrlə, dünyanın tanınmış şirkətləri ilə, beynəlxalq təşkilatlarla birlikdə icra edir. Başqa sözlə, Azərbaycan artıq dünyada nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatı yaradıb. Prezident İlham Əliyevin dediyi kimi: “Cənub qaz dəhlizi” layihəsinin icrasında yeddi ölkə iştirak edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Üç Balkan ölkəsi də gələcəkdə “Cənub qaz dəhlizi”nə qoşula bilər. Bu istiqamətdə də müvafiq işlər aparılır. Yəni, biz bu layihənin coğrafiyasını genişləndiririk, gələcəkdə daha da genişləndirə bilərik. Çünki bu, hər bir ölkəyə fayda gətirən təşəbbüsdür.
Bu layihənin icrası onu göstərir ki, burada iştirak edən bütün ölkələr və şirkətlər qazanc əldə edirlər. Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar - yəni, Azərbaycan, həm tranzit ölkələr və həm də istehlakçılar burada ortaq maraqlar əsasında çalışırlar. Məhz bu maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb. Çünki burada həm texniki, maliyyə, iqtisadi, siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, “Cənub qaz dəhlizi” layihəsi uğurla icra ediləcək və Azərbaycan bundan sonra uzun illər ərzində həm bölgə, həm də Avropa ölkələrini təbii qazla təmin edəcəkdir”.
Başqa sözlə, Azərbaycan artıq dünyada nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatı yaradıb. İndi Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınır. Bunun əsas səbəblərindən biri Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizdə bütün sərmayələrin ciddi şəkildə qorunmasıdır. Belə ki, hasilatın pay bölgüsünə dair Azərbaycanın beynəlxalq neft-qaz şirkətləri ilə imzaladığı bütün müqavilələr parlament tərəfindən ratifikasiya olunur və qanun formasında dövlət başçısı tərəfindən imzalanır. Bu, həmin müqavilələrin mətninin bir sözünün belə dəyişdirilməyəcəyi ilə bağlı 100 faiz zəmanətdir. Bu, sərmayəçilərdə inam, əminlik yaradır və Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasında mühüm rol oynayır.
“Cənub qaz dəhlizi”nin uğurla icra edilməsində Məşvərət Şurası çərçivəsində keçirilən görüşlər xüsusi əhəmiyyət kəsb edir. Bu toplantıların nəticələri qarşıda duran işlərin və planların uğurla gerçəkləşməsinə təkan verir.
Keçən ilin fevral ayında Bakının evsahibliyi etdiyi üçüncü toplantıda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Sevçoviç qazanılan uğurlarda əməkdaşlığın və tərəfdaşlığın əhəmiyyətini bir daha təsdiqləmişdir: “Düşünürəm ki, irəliləyişə təkcə kəmərin keçdiyi ölkələrdə göstərilən böyük səylər, görülən işlər sayəsində deyil, həm də bu masa ətrafında yaradılmış yaxşı yaradıcı mühit, mütəmadi məlumat mübadiləsi, bu cür genişmiqyaslı layihə ilə bağlı davamlı olaraq çıxan problem və çağırışları həll etmək üçün göstərilən səylər sayəsində nail olunub”.
M.Sevçoviç mühüm region - Xəzər hövzəsi ilə yeni əlaqəyə və Azərbaycan kimi güclü tərəfdaşa malik olmaq imkanını çox yüksək dəyərləndirdiyini demişdir.
Məşvərət Şurasının iclasında İtaliyanın bir sıra şirkətlərinin nümayəndələri də iştirak etmişlər. İtaliya Respublikasının iqtisadi inkişaf naziri Karlo Kalendo Azərbaycanın dövlət başçısı ilə görüşü zamanı ölkəsi üçün önəmli olan TAP (Transadriatik Qaz Boru Kəməri) layihəsinin həyata keçirilməsinə görə minnətdarlığını bildirmişdir.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının üçüncü toplantısı zamanı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə İtaliyanın “Leonardo” şirkətinin icraçı direktoru və baş meneceri Mauro Moretti arasında keçirilən görüşün nəticəsi olaraq SOCAR-la həmin şirkət arasında əməkdaşlığa dair memorandumun imzalanması Azərbaycanın beynəlxalq əməkdaşlığının daha bir nümunəsinə çevrilmişdir.
Layihənin icrası üçün maliyyə vəsaitlərinin cəlb edilməsi mühüm məsələdir və burada da beynəlxalq əməkdaşlıq və tərəfdaşlığın özünəməxsus rolu var.
“Cənub qaz dəhlizi” həm 40 milyard dollaradək dəyəri, həm də seqmentlərini təşkil edən layihələrlə dünyanın, əsasən də Avropanın maraq dairəsindədir. Toplantıda iştirak edən müxtəlif maliyyə qurumlarının rəhbərləri layihəni dəstəklədiklərini və vəsait ayırmağa hazır olduqlarını bildirmişlər.
ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqan qeyd etmişdir ki, ölkəsi Avropanın enerji təhlükəsizliyinin Azərbaycan resursları ilə təmin olunmasında maraqlıdır. O bildirmişdir ki, ABŞ nümayəndə heyətinin “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirakı yeni hökumətin də “Cənub qaz dəhlizi” layihəsinə dəstəyini nümayiş etdirir: “ABŞ “Cənub qaz dəhlizi” layihəsinə öz dəstəyini bundan sonra da davam etdirəcək. Əminəm ki, bu layihə Avropa ilə yanaşı, qlobal enerji təhlükəsizliyinə də öz töhfəsini verəcək”.
Monteneqronun iqtisadiyyat naziri xanım Draqitsa Sekuliç məlumat vermişdir ki, hazırda Avropada digər bir layihənin - İon-Adriatik qaz boru kəməri çəkilişinin həyata keçirilməsi üçün işlər görülür: “Biz bu qaz boru kəməri layihəsi ilə Monteneqroya Azərbaycanın təbii qazının çatdırılmasında maraqlıyıq. Bu layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq”.
Avropa İnvestisiya Bankının Mərkəzi və Cənubi Avropa şöbəsinin müdiri F.Palanza Azərbaycanın prioritet layihəsinin həm də Avropanın hədəfi olduğunu vurğulayaraq TANAP-ın və TAP-ın maliyyələşdirilməsinin nəzərdə tutulduğunu bildirmişdir. O, istənilən layihə ilə bağlı maliyyə qərarlarının qəbulunda yetərli məlumatlara malik olmağın xüsusi rol oynadığını diqqətə çatdırmışdır. Azərbaycanın qaz ehtiyatları, ixrac imkanları, daxili tələbatı ilə maraqlanmış və mütəmadi məlumat mübadiləsinin bankın layihələrə cəlb edilməsinə təsir göstərəcəyini qeyd etmişdir.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirak edən Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, İtaliya, Türkiyə, Xorvatiya, Monteneqro, Böyük Britaniya, ABŞ nümayəndələri və Avropa Komissiyasının vitse-prezidenti Birgə Bəyannamə imzalamışlar. Bəyannamədə toplantı iştirakçıları Azərbaycandan Gürcüstana, Türkiyəyə və daha sonra Avropaya qazın etibarlı və dayanıqlı təchizatını təmin etmək üçün “Cənub qaz dəhlizi” istiqaməti üzrə yerləşən ölkələrlə enerji resurslarının daşıyıcıları, təchizatçıları və istehlakçıları arasında uzunmüddətli strateji əlaqələri davam etdirmək və dərinləşdirmək əzmində olduqlarını bildirmişlər.
Həmin vaxtdan bir il keçir və bu dövrdə də layihə xeyli irəliləyib. İndi artıq hamıya aydındır ki, bu, Avropa üçün prioritet təşkil edən layihələrdən biridir. Bunu “Cənub qaz dəhlizi”nin tərkib hissələrinin yenidən Avropa İttifaqının ümumi maraq layihələri - PCI siyahısına daxil edilməsi də təsdiqləyir.
“Cənub qaz dəhlizi”nin reallaşması günün vacib məsələlərindən biri olaraq qalır. Hazırda bütün seqmentlər üzrə işlərin qrafikə uyğun irəliləməsi layihənin uğurla başa çatacağına təminat yaradır. Yaxın vaxtlarda Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti toplantısında layihə çərçivəsində görülmüş işlərə bir daha nəzər salınacaq və bundan sonra həyata keçiriləcək tədbirlər müəyyənləşdiriləcək.
Flora SADIQLI
Azərbaycan.-
2018. -1 fevral.- S.1; 6.