İlham Əliyevin prezidentliyə namizədliyi irəli
sürüldü
1 milyon 500 min
üzvü və 16901 ilk təşkilatı ətrafında
birləşdirən Həmkarlar İttifaqları
Konfederasiyası tərəfindən
Fevralın 5-də Bakı
Konqres Mərkəzində Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı
keçirilib.
AZƏRTAC xəbər verir ki, qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, sahə həmkarlar ittifaqları təşkilatlarından 1300-dək nümayəndə, dövlət və hökumət rəsmiləri, eləcə də 30 ölkədən 85 nəfər beynəlxalq həmkarlar ittifaqı liderləri və fəalları iştirak ediblər.
Qurultayı AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev açıb.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Reqlamentə uyğun olaraq, qurultayın gündəliyi təsdiq edilib və rəhbər orqanlarının - rəyasət heyətinin, redaksiya, mandat və hesablayıcı komissiyaların tərkibi və katibliyin üzvləri seçilib.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
Səttar Möhbalıyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubuna və həmkarlar ittifaqları təşkilatlarının 114 üzvünün təltif olunması barədə sərəncamlarına görə AHİK-in üzvləri adından dövlətimizin başçısına minnətdarlığını bildirib.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Joao Felisio, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının prezidenti Mixail Şmakov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Pan Avropa Regional Şurasının prezidenti İrakli Petaraşvili, “Türk-İş” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ergün Atalay, Türkiyənin “Hak-İş” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Mahmud Aslan, Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının sədri İsmayıl Koncuk, Məmur-Sen Həmkarlar İttifaqları Konfederasiyasının sədri Əli Yalçın, Avrasiya Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqları Federasiyasının sədri Cemail Bakındı çıxış edərək təbriklərini çatdırıblar.
Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib. O deyib ki, bu il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu seçkilər həmkarlar ittifaqları qarşısında vəzifələr qoyur. Bilirik ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultaylarında həmişə İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürürsünüz. Bu dəfə də bütün həmkarlar ittifaqları işçilərini İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməyə çağırırıq.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbəti qurultayı ölkəmizin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni – dərin islahatlarla səciyyələnən yüksəliş mərhələsinə qədəm qoyduğu, cəmiyyətimizin ictimai-siyasi və mədəni həyatında dinamik proseslərin getdiyi, xalqımızın tarixinin həm acı, həm də əlamətdar hadisələrini qeyd etməyə hazırlaşdığımız bir dövrə təsadüf edir. Bu ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının100 ili, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 ili tamam olur. Gələn ay isə Azərbaycan xalqının məruz qaldığı ağır faciələrdən birinin – erməni millətçiləri tərəfindən 1918-1920-ci illərdə törədilən soyqırımının da 100-cü ildönümüdür. Bu il ölkəmizin həyatında həm də çox mühüm siyasi kampaniya – Prezident seçkiləri keçiriləcək. Aydındır ki, həmkarlar ittifaqları təşkilatları da ölkə həyatının ümumi axarından kənarda qalmayacaq, öz fəaliyyətini həmin məsələləri nəzərə almaqla quracaq.
Azərbaycan həmkarlar ittifaqlarının bir əsrdən artıqdır fəaliyyət göstərdiyini deyən Əli Həsənov ölkənin bu ən kütləvi ictimai təşkilatının keçdiyi tarixi yola nəzər salaraq bildirib ki, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ali siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan həmkarlar ittifaqları öz inkişafının yeni mərhələsinə qədəm qoydu, bu qurumların fəaliyyəti fərqli məzmun kəsb etməyə başladı. Heydər Əliyev, ilk növbədə, həmkarlar təşkilatlarını müxtəlif siyasi qüvvələrin təsirindən qorudu, onların uzun illər ərzində yaradılmış maddi-texniki bazasının dağıdılmasının qarşısını aldı. Həmkarlar ittifaqlarının təşkili, idarə olunması və fəaliyyətində ideoloji amillərin təsiri aradan qaldırıldı, inzibati amirlik metodlarından imtina edildi, demokratik idarəçilik mexanizmlərini əsas tutan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasına hər cür dəstək verildi. 1994-cü ildə qəbul olunmuş “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu bu qurumun cəmiyyətimizdəki fəaliyyətinin müasir prinsiplər əsasında tənzimlənməsi üçün hüquqi baza yaradıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini diqqət mərkəzində saxlayan Ulu Öndər bu təşkilata öz missiyasını yerinə yetirmək üçün yaxından kömək göstərilməsi, sosial tərəfdaşlıq, əməyin mühafizəsi və əmək hüquqlarının qorunması sahəsində onun imkanlarından yararlanmaq üçün hökumət qarşısında vəzifələr qoyurdu. Təsadüfi deyil ki, 1997-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hər il ölkənin sosial-iqtisadi siyasətinin reallaşmasında razılaşdırılmış mövqelərini və birgə fəaliyyəti müəyyən edən Baş Kollektiv Saziş imzalayırlar. Ölkədə yoxsulluğun səviyyəsinin aşağı salınması və aztəminatlı əhalinin rifahının yaxşılaşdırılması sahəsində strategiyanın formalaşdırılması və onunla bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyevin 2001-ci il 2 mart tarixli Sərəncamı ilə yoxsulluğun azaldılması sahəsində Dövlət proqramının hazırlanması üzrə komissiyanın yaradılması nəzərdə tutulmuşdu. Sonralar Azərbaycan Prezidentinin sərəncamları ilə 2003-2005-ci və 2008-2015-ci illərdə ölkəmizdə yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət proqramları qəbul edilib və uğurla icra olunub.
Azərbaycan həmkarlar ittifaqlarının inkişafında 2004-cü ildən sonrakı dövrün keyfiyyət dəyişikliyi baxımından xüsusilə fərqləndiyini deyən Prezidentin köməkçisi bildirib ki, bu illər mübaliğəsiz olaraq, ölkədə həmkarlar təşkilatlarının fəaliyyətində yeni yüksəliş dövrü kimi xarakterizə oluna bilər. Bunun əsas səbəbləri birincisi, ümummilli lider Heydər Əliyevin həm inkişaf strategiyasının, həm də həmkarlar ittifaqlarına dair siyasətinin Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsindən, ikincisi, Azərbaycanda sürətli sosial-iqtisadi inkişaf və modernləşmə kursunun həyata keçirilməsindən ibarətdir.
Azərbaycan Prezidenti İlham Əliyevin siyasi xəttinin mərkəzində Azərbaycan vətəndaşı, onun mənafeyi dayanır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində ölkəmizdə ictimai-siyasi və makroiqtisadi sabitlik davamlı xarakter alıb, dinamik sosial-iqtisadi inkişaf və modernləşmə dövrü başlayıb. 2004-cü ildən etibarən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları uğurla yerinə yetirilir. Bu il dördüncü proqramın icrası başa çatdırılacaqdır. Bu proqramların və nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət daşımaqla, regionlarda yeni müəssisələrin və iş yerlərinin yaranmasına, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsinə və əhalinin rifah halının daha da yaxşılaşdırılmasına, yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə mühüm təsir göstərib.
Prezidentin köməkçisi deyib ki, 14 il ərzində ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə artıb. Hazırda Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz təşkil edir. Ötən 14 il ərzində maaşlar beş dəfədən, pensiyalar isə səkkiz dəfədən çox artıb. Əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı dövlət büdcəsindən ayırmalar ilbəil artaraq 30 faizi ötüb. Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyəsinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir.
Ölkədə sosial sahənin inkişafının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətində də mühüm yer tutduğunu vurğulayan Əli Həsənov bildirib ki, Mehriban xanım daim təhsil, səhiyyə və mədəniyyətlə bağlı məsələlərə, aztəminatlı və qayğıya ehtiyacı olan insanlara xüsusi həssaslıqla yanaşıb, bu istiqamətlərdə çoxsaylı proqramların reallaşdırılmasına nail olub. Xüsusi vurğulamaq lazımdır ki, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həlli Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.
Azərbaycan Prezidenti İlham Əliyevin yeni ictimai-siyasi və liberal iqtisadi sistemin təşəkkül tapdığı müasir dövrdə insanların iqtisadi və sosial mənafelərinin, əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının roluna həmişə böyük önəm verdiyini xatırladan Əli Həsənov deyib: “Cənab Prezident mütəmadi olaraq AHİK-in fəaliyyəti ilə maraqlanır, onun qurultaylarına təbrik məktubları göndərir, qiymətli tövsiyələrini verir, həmkarlar ittifaqları xadimlərini və fəallarını dövlət təltifləri ilə mükafatlandırır. İndiki dövrdə həmkarlar təşkilatları dövlətimizin onlara yaratdığı şəraitə adekvat olaraq Prezident İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü siyasətə layiqli dəstək verməli, əmək kollektivlərində öz işinin gücləndirilməsinə və tərəfdaşlarla səmərəli əməkdaşlığın dərinləşdirilməsinə diqqəti artırmalıdır. Həmçinin AHİK beynəlxalq əlaqələrini bundan sonra da genişləndirməlidir. Hazırda Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası kimi nüfuzlu beynəlxalq qurumların üzvü olan AHİK ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına öz töhfəsini verir. Düşünürəm ki, Konfederasiya bu istiqamətdə fəaliyyətini ardıcıl davam etdirməli, beynəlxalq platformalarla yanaşı, ayrı-ayrı ölkələrin oxşar qurumları ilə sıx təmaslar yaratmalıdır. Bu, həm qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiqinə, həm də Azərbaycanın qazandığı nailiyyətlərin xaricdə tanıdılması və istifadə olunmasına imkan verərdi. Bir sözlə əminəm ki, Həmkarlar Konfederasiyası əldə olunmuş nailiyyətlərlə kifayətlənməyəcək, zamanın çağırışlarına uyğun çevik addımlar atmaqla öz fəaliyyətini təkmilləşdirəcək, cəmiyyətdə nüfuzlu mövqeyini daha da möhkəmləndirəcək”.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxışlara və səmimi təbriklərə görə minnətdarlığını bildirib.
Sonra mandat
komissiyasının hesabatı dinlənilib.
AHİK-in V qurultayı
qısa fasilədən sonra işini davam etdirib.
Konfederasiyanın sədri
S.Möhbalıyev bildirib ki, AHİK-in sıralarındakı
17 minədək həmkarlar ittifaqı təşkilatının
V qurultaydan əvvəlki toplantılarında yüz minlərlə
fəal üzv builki prezident seçkilərində İlham
Əliyevin namizədliyini dəstəkləyəcəklərini
bəyan edib. Onlar bu istəklərinin qurultayda rəsmi
sənədlərdə əksini tapması üçün
mandat veriblər. Biz 2008-ci və 2013-cü il prezident seçkilərində olduğu kimi,
bu dəfə də ənənəmizə sadiq qalaraq
İlham Əliyevin namizədliyini dəstəkləyəcək
və onun könüllü vəkilləri olacağıq.
Qurultayda 2018-ci ildə Azərbaycanda
keçiriləcək növbədənkənar prezident
seçkilərində İlham Əliyevin namizədliyinin irəli
sürülməsi haqqında qərar layihəsi səsə
qoyularaq qəbul olunub.
Qurultayın nümayəndələri
qarşıdakı seçkilərdə namizədliyinin irəli
sürülməsinə razılıq verməsi barədə
Prezident İlham Əliyevə müraciət ediblər.
AHİK-in sədri, Milli Məclisin
deputatı S.Möhbalıyev hesabat məruzəsi ilə
çıxış edərək Konfederasiyanın V
qurultayının əlamətdar hadisə - qurumun
yaradılmasının 25 illiyi ərəfəsinə təsadüf
etməsini məmnunluqla vurğulayıb.
Konfederasiya sədri hazırda 1,5
milyona yaxın üzvü birləşdirən və Azərbaycanda
ən böyük ictimai təşkilat olan AHİK-in fəaliyyət
göstərdiyi 25 il ərzində qurumun inkişafında xidmətləri
olan şəxslərə minnətdarlığını
bildirib, dünyasını dəyişənlərə rəhmət
diləyib. Qeyd edib ki, belə insanlar arasında
ilk yerdə ulu öndərimiz Heydər Əliyev dayanır.
Ulu öndər Heydər Əliyev vətəndaşların
qanuni mənafelərinin, əmək hüquqlarının
qorunmasında, sosial problemlərinin həllində
mühüm rol oynayan həmkarlar ittifaqı təşkilatlarının
fəaliyyətini həmişə yüksək qiymətləndirib.
Xüsusilə Heydər Əliyevin 1994-cü ildə
təsdiq etdiyi “Həmkarlar ittifaqları haqqında” Qanun Azərbaycanda
həmkarlar ittifaqları hərəkatının müasir
inkişafına təkan verib, təşkilatın cəmiyyətdəki
rolunu gücləndirib.
Ulu öndər Heydər Əliyevin
müdrik siyasətini qətiyyətlə davam etdirən
Prezident İlham Əliyevin yürütdüyü siyasətin
sayəsində Azərbaycanın sürətlə inkişaf
edərək regionun lider dövlətinə çevrildiyini
vurğulayan S.Möhbalıyev bildirib ki, dövlətimizin
başçısının imzaladığı sərəncamlarla
təsdiq edilən regionların sosial-iqtisadi inkişafı
Dövlət proqramlarının uğurla həyata
keçirilməsi nəticəsində ölkəmizin
davamlı sürətli tərəqqisi təmin olunub,
iqtisadiyyat üç dəfədən çox artıb,
yoxsulluğun və işsizliyin səviyyəsi minimum həddə
enib.
Diqqətə
çatdırılıb ki, dövlətimizin
başçısının təşəbbüsü ilə
Strateji Yol xəritələrinin qəbul edilməsi, “Cənub
Qaz Dəhlizi” layihəsinin uğurlu inşası,
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı,
“Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilədək
uzadılması, Azərbaycanın müəllifi olduğu nəqliyyat
dəhlizləri gələcəkdə də ölkəmizin
uğurlu inkişafını təmin edəcək.
Konstitusiyaya əlavə və dəyişikliklərlə
bağlı 2016-cı il sentyabrın 26-da
keçirilən referendumun əhəmiyyətini qeyd edən
AHİK sədri əlavə və dəyişikliklərin
16-nın insan hüquq və azadlıqları ilə əlaqədar
olmasının önəmini vurğulayıb. Bildirib ki, həmkarlar
ittifaqlarının fəaliyyətinə bilavasitə aid olan
“Tətil hüququ” adlı 36-cı maddəsinə edilən dəyişiklik
həm maddəni tamamlayır, həm də işəgötürənlərin
yerli-yersiz lokautdan istifadə etməsinin
qarşısını alır.
Vurğulanıb ki, referendum
nəticəsində ölkəmizdə vitse-prezidentlik
institutunun təsis edilməsi idarəçiliyin daha da
demokratikləşməsi yönündə mühüm
addım oldu.
2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin Sərəncamı
ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın
Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi
ölkə ictimaiyyəti tərəfindən rəğbətlə
qarşılanıb.
Məruzəçi qeyd edib
ki, AHİK hərbi-vətənpərvərlik tərbiyəsinin
gücləndirilməsi, gənclərimizin hərbi xidmətə
hazırlığı prosesində fəal iştirak edir. Konfederasiya 2000-ci ildən
C.Naxçıvanski adına Hərbi Liseyi
hamiliyə götürüb. İndiyədək
liseyin həyatında fərqlənən 250-dən çox
kursant mükafatlandırılıb. Hesabat dövründə
kursantlara 12,5 min, Silahlı Qüvvələrə
Yardım Fonduna isə 50 min manat ödənilib.
Bildirilib ki, AHİK dünyanın əksər
mütərəqqi həmkarlar ittifaqları mərkəzləri,
o cümlədən Türkiyə, Fransa, Polşa,
Belçika, Yaponiya, İtaliya, Macarıstan, Yunanıstan,
Norveç, İsrail, Bolqarıstan, Litva, Latviya, Çin və
MDB ölkələrinin həmkarlar ittifaqları təşkilatları
ilə səmərəli əməkdaşlıq edir. Beynəlxalq
Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK),
MDB ölkələri həmkarlar ittifaqlarının daxil
olduğu Ümumhəmkarlar İttifaqları
Konfederasiyasının (ÜHİK) üzvü olan AHİK-in
sədri BHİK-in, Pan Avropa Regional Şurasının
vitse-prezidentidir.
Səttar Möhbalıyev deyib ki,
hazırda Konfederasiyanın sıralarında 1,5 milyona yaxın
üzvün birləşdiyi 16 min 901 həmkarlar ittifaqları
təşkilatı fəaliyyət göstərir. Son 5 ildə
507 yeni ilk həmkarlar ittifaqı təşkilatı
yaradılıb, 56 min 497 nəfər həmkarlar ittifaqı
üzvlərinin sırasına cəlb edilib.
Qeyd olunub ki, ölkəmizdə
sosial tərəfdaşlığın inkişaf etdirilməsi
sahəsində görülən işlər müsbət nəticə
verir. Azərbaycan həmkarlar ittifaqları tripartizmi dəstəkləyir,
sosial dialoq və sosial ədalət prinsiplərinə tərəfdardır.
AHİK-in Sosial və İqtisadi Məsələlər
üzrə Üçtərəfli Komissiyanın
yaradılması təklifləri ilə bağlı Nazirlər
Kabineti, AHİK və Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyası arasında Sosial və İqtisadi Məsələlər
üzrə Üçtərəfli Komissiyanın təsis
edilməsi haqqında birgə qərar imzalanıb. Bununla da Azərbaycan həmkarlar ittifaqları yeni
inkişaf mərhələsinə qədəm qoyub.
Vurğulanıb ki, Azərbaycan
Prezidentinin “Azərbaycan Respublikasında əmək münasibətlərinin
tənzimlənməsinin təkmilləşdirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli Sərəncamı ilə Əmək
Münasibətlərinin Tənzimlənməsi və
Koordinasiya Komissiyası yaradılması xüsusi önəm
daşıyır. Əmək münasibətlərinin
tənzimlənməsinin təkmilləşdirilməsi ilə
bağlı Tədbirlər Planı təsdiqlənib,
işçi qrupu, Komissiya yanında Qeyri-Rəsmi Məşğulluqla
Mübarizə Mərkəzi yaradılıb. Hazırda
qeyri-rəsmi fəaliyyətlə məşğul
olanların bir milyon nəfərinin Tədbirlər
Planının icrası nəticəsində mərhələli
şəkildə real iş sektoruna cəlb olunması gözlənilir.
Hesabat dövründə 3 Baş Kollektiv Saziş, hər il
orta hesabla 110 sahə (tarif) sazişi, 12 min kollektiv müqavilə
bağlanıb. Həmin sənədlərdə
həmkarlar ittifaqlarının tələbləri əksini
tapıb. Bu sahədə görüləcək
işlərə Azərbaycan Respublikasının “2016-2020-ci
illər üçün Layiqli Əmək üzrə Ölkə
Proqramı” təminat yaradır. AHİK bu
Proqramın hazırlanmasında fəal iştirak edib.
Bildirilib ki, “Layiqli Əmək
üzrə Ölkə Proqramı” hazırlanarkən
qeyri-formal iqtisadiyyatın leqallaşdırılması, gender
bərabərliyinin təmin olunması, diskriminasiya hallarının
qarşısının alınması problemlərinə diqqət
artırılıb. Digər tərəfdən, işsizliyin aradan
qaldırılması, gənclərin məşğulluğunun
təmin edilməsi, layiqli iş yerlərinin yaradılması
da önəmli məsələlərdəndir. 2016-2020-ci illər üçün Proqramın həyata
keçirilməsində Milli Üçtərəfli Komissiya
özünəməxsus rol oynayacaq. AHİK-in
sosial tərəfdaşlarla konstruktiv əməkdaşlığı
Proqramın uğurlu icrasına imkan yaradıb.
AHİK müvafiq dövlət
orqanları tərəfindən göndərilmiş
normativ–hüquqi aktların layihələrinin ekspertizasında
iştirak etməklə yanaşı, Dəyişdirilmiş
Avropa Sosial Xartiyasının və BƏT-in
konvensiyalarının tələblərinə cavab verməsi
baxımından mövcud qanunlara dəyişiklik olunması təklifi
ilə çıxış edib. BƏT-in Milli Məclisdə
ratifikasiya edilmiş konvensiyalarında əksini tapmış əsas
prinsip və hüquqlara əməl olunması AHIK-in daim diqqət
mərkəzində saxladığı məsələlərdəndir.
AHİK Azərbaycanın BƏT-in 168, 155, 184, 97 saylı
konvensiyalarına qoşulması təklifi ilə
çıxış edib və bu sahədə məqsədyönlü
iş aparır.
Diqqətə
çatdırılıb ki, respublikamızda əməyin
mühafizəsi ilə bağlı qanunların, digər
normativ sənədlərin beynəlxalq standartlara
uyğunlaşdırılması sahəsində xeyli iş
görülüb.
Məruzədə qeyd olunub
ki, hesabat dövründə zonalar üzrə 875 tematik seminar
keçirilib.
Bu tədbirlərdə həmkarlar
ittifaqlarının 23 minədək fəal üzvü
iştirak edib, 4598 nəfər anket sorğularını
cavablandırıb. On ilə yaxındır ki, AHİK hər
il “Sağlam və təhlükəsiz əmək
şəraiti yaradılması üzrə ilin ən
yaxşı müəssisəsi (təşkilatı)” adı
uğrunda müsabiqələr keçirir. Ötən
müddətdə müsabiqələrdə 9328 müəssisə
iştirak edib. Onlardan 297-si qalib adına
layiq görülüb.
Məruzəçi qeyd edib
ki, AHİK qeyri-formal iqtisadiyyatın və onun işçilərə
təsirinin səviyyəsini aşağı salmaq istiqamətində
mühüm tədbirlər həyata keçirir. Azərbaycan
Prezidentinin tapşırığı ilə ölkədə
mövcud demoqrafik meyillər və inkişaf perspektivləri,
iqtisadi prioritetlər əsasında uzunmüddətli dövlət
məşğulluq siyasətinin formalaşdırılması
üçün Azərbaycan Respublikası Məşğulluq
Konsepsiyasının hazırlanması üzrə
yaradılmış İşçi Qrupuna AHİK sosial tərəfdaşları
ilə birgə daxil edilib və üzərinə düşən
vəzifəni uğurla yerinə yetirib.
AHİK-in ölkəmizdə
həyata keçirilən gənclər siyasəti çərçivəsində
gördüyü işlərdən danışan
S.Möhbalıyev deyib ki, qurumun İcraiyyə Komitəsinin “Gənc
həmkarlar ittifaqı lideri məktəbi - gənc
işçilər üçün kompleks proqram haqqında”
qərarı buna bariz nümunədir. Konfederasiya gənclərin
ixtisaslı kadr kimi hazırlığı işinə
töhfə vermək üçün “İlin peşəkar
gənci” fəxri adını təsis edib. İndiyədək 107 gənc bu ada layiq
görülüb. Həmçinin əlavə
və ictimai işlərdə fərqlənən tələbələrə
həmkarlar ittifaqının vəsaiti hesabına adlı təqaüd,
orta məktəb şagirdlərinin bir qisminə təqaüd
verilir. Dörd minə yaxın imkansız
ailədən olan tələbə həmkarlar
ittifaqının vəsaiti hesabına universitetlərdə
pulsuz nahar edir. Həmkarlar ittifaqları tərəfindən
156 tələbə üçün adlı təqaüd
müəyyənləşdirilib. Tələbələrin
yemək xərclərinə 341 min manat, həmkarlar
ittifaqı fəalı olan əlaçı tələbələrə
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin adlı təqaüdlərinin
ödənilməsinə 201 min manat, müsabiqə qaliblərinin
mükafatlandırılmasına 194 min manat, “Maarifçi” Tələbə
Kredit Fondunun maliyyələşməsinə 100 min manat vəsait
sərf olunub, 66 aztəminatlı ailənin
uşaqlarının təhsil haqları həmkarlar
ittifaqları tərəfindən ödənilib.
Diqqətə
çatdırılıb ki, hesabat dövründə AHİK-ə
daxil olan 1580 ərizənin sahiblərinə 135,2 min manat, 20
Yanvar şəhidlərinin ailə üzvlərinə 57,9 min
manat, “Günəşli” yatağında itkin
düşmüş və xəsarət almış
neftçilərin ailələrinə 49,5 min manat, “Ölkəmizi
tanıyaq” tur-aksiyalarının maliyyələşdirilməsinə
483 min manat, Qarabağ müharibəsi əlillərinə 36,3
min manat, himayəyə götürülmüş ailələrə
169,1 min manat, mətbuat işçilərinə 17,2 min manat,
AMEA-da keçirilmiş müsabiqələrin qaliblərinə
44,5 min manat, sahə həmkarlar ittifaqları tərəfindən
49 min 606 qaçqın və məcburi köçkün ailəsinə
pul və ərzaq yardımları göstərilib.
Ümumilikdə hesabat dövründə həmkarlar ittifaqları
tərəfindən 31,2 milyon manat, o
cümlədən AHİK üzrə bir milyon manat maddi
yardım göstərilib.
Bildirilib ki, AHİK
qadınların sosial-iqtisadi həyatda fəal
iştirakına, həmkarlar ittifaqlarının
strukturlarında daha çox təmsil olunmalarına,
onların rolunun gücləndirilməsinə xüsusi diqqət
yetirib. Ötən
beş il ərzində gender məsələlərinin
həlli üzrə beynəlxalq təşkilatlarla, dövlət
qurumları və qeyri-hökumət təşkilatları ilə
birlikdə 11 min 27 konfrans, seminar, “dəyirmi masa” və digər
tədbirlər keçirilib. Hazırda həmkarlar ittifaqı
üzvlərinin 52,3 faizi, AHİK
aparatında işləyənlərin isə 48 faizi
qadınlardır.
Qeyd olunub ki, son beş
ildə həmkarlar ittifaqı üzvlərindən AHİK-ə
və üzv təşkilatlara 786 min 484 ərizə və
şikayət daxil olub. Onların 6,4 faizi
işçilərin əmək hüquqlarının
pozulması ilə əlaqədar olub. Ərizə və
şikayətlərin 95,2 faizi müsbət
həll edilib. AHİK-ə və üzv təşkilatlara
daxil olan ərizələrin əksəriyyəti maddi
yardımla bağlı olub. Onların
hamısı həmkarlar ittifaqları təşkilatları tərəfindən
müsbət həll edilib.
Məlumat verilib ki, üzvlərin
istirahəti və sağlamlıqlarının bərpası
hesabat dövründə də diqqət mərkəzində
saxlanılıb. Konfederasiya “Azərbaycan Respublikasında Kurortların
2009-2018-ci illərdə inkişafı üzrə Dövlət
Proqramı”nın icrasını təmin
etmək məqsədilə tabeliyində fəaliyyət
göstərən sanatoriya-kurortlarda, istirahət evlərində
əsaslı təmir, yenidənqurma və abadlıq işləri
aparıb, yeni qurğu və avadanlıqla təmin
olunmasını həyata keçirib. Bunun sayəsində
“Bilgəh”, “Abşeron”, “Qaranquş”, “Günəşli”,
“Şıx” sanatoriyaları ən müasir tələblərə
cavab verən istirahət və müalicə müəssisələrinə
çevrilib.
Ötən beş
ildə həmkarlar ittifaqları tərəfindən 308 min 223
nəfərin müalicəsi və istirahəti təmin
olunub. Sanatoriya-kurort və istirahət müəssisələrində
291 min 973 nəfər, o cümlədən 35 min uşaq və
yeniyetmənin valideynləri ilə birlikdə istirahəti təşkil
olunub. Təhsil, Dövlət İdarələri,
Dəmiryolu, Rabitə, Səhiyyə İşçiləri Həmkarlar
İttifaqı Respublika komitələri öz vəsaitləri
hesabına müasir istirahət mərkəzləri tikib
istifadəyə veriblər. Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsi istirahət ocağının tikintisini davam etdirir.
AHİK sədri Azərbaycan
həmkarlar ittifaqlarının yaranmasının 110 illiyinin
geniş qeyd olunduğunu vurğulayaraq, həmin ərəfədə
dövlətimizin başçısının sərəncamları
ilə 109 nəfərin orden, medal və fəxri adlarla təltif
olunduğunu deyib. Bildirib ki, Prezident tərəfindən təltif
olunanların sayı ümumilikdə 344-ə çatıb.
Onlardan 213-ü ötən hesabat dövrünə
aid olub. Bu yüksək diqqətə
görə Prezident İlham Əliyevə AHİK-in üzvləri
adından dərin minnətdarlığını bildirən
S.Möhbalıyev Konfederasiyanın bu etimadı layiqincə
doğruldaraq mühüm uğurlar qazandığını
xatırladıb. Bildirib ki, BƏT-in
106-cı sessiyasında Azərbaycan Respublikası ilk dəfə
təşkilatın rəhbər orqanına üzv
seçilib.
Sonra AHİK-in təftiş
komissiyasının hesabat məruzəsi dinlənilib.
AHİK-in 2013-2018-ci illərdəki
fəaliyyətinə dair hesabat məruzəsi ətrafında
çıxışlarda qurumun işi qənaətbəxş
hesab olunub. Çıxışlarda, həmçinin AHİK-in
sədri vəzifəsinə Səttar Suliddin oğlu
Möhbalıyevin namizədliyi irəli sürülüb.
Sonra AHİK-in və təftiş
komissiyasının hesabat məruzələri səsə
qoyularaq təsdiqlənib.
Daha sonra təşkilati məsələlərə
baxılıb, AHİK-in sədri vəzifəsinə
seçkilər keçirilib.
Milli Məclisin deputatı Səttar
Suliddin oğlu Möhbalıyev açıq səsvermə
yolu ilə yenidən Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri seçilib.
Həmçinin AHİK sədrinin
səlahiyyət müddətinin 5 ildən 7 ilədək
artırılması məsələsi səsə qoyularaq təsdiqlənib.
Qurultayda AHİK məclisinin, təftiş
komissiyasının tərkibi də seçilib və s. təşkilati
işlər müzakirə olunub, müvafiq qərarlar qəbul
edilib.
Daha sonra AHİK-in V
qurultayının nümayəndələrinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
bütün dünya həmkarlar ittifaqlarına müraciəti
səsləndirilib.
Müraciət səsə
qoyularaq təsdiq olunub.
Bununla da Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının V qurultayı işini
başa çatdırıb.
Azərbaycan.- 2018.- 6 fevral.- S.1; 3.