Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə İvanovoda RAGB-nin V Qış Liderlik Məktəbi keçirilir

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə İvanovo şəhərində RAGB-nin V Qış Liderlik Məktəbi keçirilir.

AZƏRTAC xəbər verir ki, bu il məktəbin işində Rusiyanın Moskva, Sankt-Peterburq, İvanovo, Volqoqrad, Novosibirsk, Pskov, Vladimir, Rostov-Don, Həştərxan, Krasnodar diyarı, Dağıstan və digər regionlarının ali məktəblərində təhsil alan yüzdən çox rusiyalı və azərbaycanlı tələbə iştirak edir.

RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev açılış mərasimində çıxış edib. O deyib: Liderlik məktəbinin Azərbaycan Respublikasının dövlət bayramı – 1997-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sərəncamı ilə təsis edilmiş “Azərbaycan Gəncləri Günü” ilə eyni vaxta düşməsi olduqca rəmzi məna daşıyır”.

E.Hacıyev bu cür tədbirlərin təşkil edilməsinə imkan yaradılmasına görə RAGB-nin sədri Leyla Əliyevaya, habelə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirərək vurğulayıb ki, belə tədbirlər istedadlı gənclərin potensialını üzə çıxarmağa, onların hər birinin lider keyfiyyətlərini aşkar etməyə şərait yaradır.

Emin Hacıyev deyib: “Sevindirici haldır ki, liderlik məktəbinin iştirakçıları arasında azərbaycanlı gənclərlə bərabər, müxtəlif millətlərin nümayəndələri də var. Buna görə biz fəxr edirik. Çünki, Rusiya Federasiyası çoxmillətli ölkədir, burada müxtəlif xalqlar dinc yanaşı yaşayır, bizRusiya təşkilatı olaraq, millətlərarası münasibətlər sahəsində dövlət siyasəti və federal proqramların reallaşdırılması çərçivəsində fəaliyyət göstəririk. Biz RF-nin Milli Gənclər Şurası, müxtəlif regional təşkilatlar və gənclərin parlamentləri ilə fəal aparırıq”.

O, İvanovo vilayətinin Azərbaycan diasporunun rəhbəri, İvanovo şəhər Dumasının deputatı Sərraf Məmmədova da təşəkkürünü bildirərək xatırladıb ki, S.Məmmədovun dəvəti ilə artıq ikinci ildir RAGB-nin Qış Məktəbi bu diyarda keçirilir.

E.Hacıyev görüş iştirakçılarını gənclər birliyinin qarşıdakı planları barədə məlumatlandıraraq, gənclərə öz tövsiyələrini verib, həm ictimai fəaliyyətdə, həm də təhsildə onlara uğurlar arzulayıb.

Emin Hacıyev çıxışının sonunda deyib: “Bizim təşkilatın əsas məqsədi fəal Azərbaycan gənclərini maraqlı layihələrin həyata keçirilməsinə cəlb etmək və bu işi stimullaşdırmaqdır”.

İvanovo şəhər Dumasının deputatı Andrey Maqnitski görüş iştirakçılarını RAGB-nin Qış Məktəbinin açılışı münasibətilə təbrik edib, bu tədbirin keçirilməsi üçün məhz İvanovo vilayətindəki bir məkanı seçdiklərinə görə Qış Məktəbinin təşkilatçılarına təşəkkürünü bildirib.

Yedinaya Rossiya” Partiyasının İvanovo regional bölməsinin İcraiyyə Komitəsinin rəhbəri Boris Murvanidze müxtəlif gənclər təşkilatlarının fəal qarşılıqlı əlaqələrindən danışıb. O deyib: “Biz 16 gənclər təşkilatının daxil olduğu Gəncləri Əlaqələndirmə Şurasının fəaliyyətini bərpa etmişik. RAGB də “bizim ailəyə” fəal qoşulub. Gənclər vilayətin ictimai həyatında nəzərəçarpacaq rol oynayır”.

Rusiya xalqlarının “Mı - Rossiyane” Gənclər Assambleyasının regional bölməsinin şura üzvü Elvin Məmmədov Qış Məktəbinin iştirakçılarının əldə edilmiş nailiyyətlərlə kifayətlənməyərək yaxşı oxumalarını və daha da inkişaf etmələrini arzulayıb.

Qış Məktəbinin açılış mərasiminin sonunda məktəb iştirakçıları müxtəlif mahnılar və milli rəqslər ifa ediblər.

RAGB-nin V Liderlik Məktəbində tələbə ittifaqlarının, ictimai təşkilatların fəalları iştirak edir. Onlar 4 gün ərzində panel sessiyalarında, tematik treninqlərdə və ustad dərslərində iştirak edəcəklər. RF-nin istedadlı gənclərlə sahəsində aparıcı mütəxəssisləri Qış Məktəbinin iştirakçılarına öz ideyalarını necə həyata keçirmək, hazır layihəni necə təqdim etmək barədə məsləhətlər verəcək, natiqlik istedadına aid məşğələlər keçirəcəklər.

 

Azərbaycan.- 2018.- 6 fevral.- S.6.