Ürəkləri ovsunlayan bəstəkar
XX əsrin tarixə bəxş etdiyi bəstəkarların sırasında onun da adı var. Azərbaycanın dəyərli övladı Qara Qarayev ümumbəşəri olduğu qədər də milli əsərləri ilə dünyanın musiqi xəzinəsini zənginləşdirdi. Onun 100 yaşı tamam oldu. Dünya şöhrətli bəstəkarın yubileyi Prezident İlham Əliyevin sərəncamı ilə dövlət səviyyəsində qeyd edilir.
Düz bir əsr əvvəl - 1918-ci il fevralın 5-də o, Bakıda dünyaya gəldi. Ata babası Fərəc Hacı Qara oğlu Abşeronun Fatmayı kəndindən, ana babası İsgəndər bəy Axundov Şamaxıdan idi. Hər iki tərəf dövrünə görə gözüaçıq, təhsilə meyilli idi. Qaranın atası Əbülfəz Qarayev Azərbaycan tibb elmində görkəmli yer tuturdu, professor, əməkdar elm xadimi idi. Anası Sona xanım da zəmanəsinə görə geniş təhsil almışdı. “Müqəddəs Nina” məktəbinin Bakı bölməsini bitirmişdi. O, həm də fortepiano ifaçılığı təhsili almışdı.
Qara Qarayevə qədər nəsildə musiqini sənət kimi seçib, ömrünü ona həsr edən olmamışdı. Ancaq Qara kiçik yaşlarında ailələrində musiqiyə sonsuz sevgi gördü. Bu sevgi onun gələcək sənət yoluna işıq saçdı. Beş yaşında artıq pianoda mahnılar ifa edirdi.
Musiqini çox sevən qardaşı Mürsəl skripka və klarnet çalırdı. Qara isə fortepiano sinfinə gedirdi. Atası iki oğlundan birinin - Mürsəlin musiqiçi, Qaranın isə onun yolu ilə gedərək həkim olmasını istəyirdi. Amma bunun əksi oldu...
Onun qeyri-adi istedadını çox tez kəşf etdilər. Anası sonralar xatırlayırdı: “Qara onda hələ lap balaca idi. Heç bir yaşı tamam olmamışdı. Bir yaz günü idi. Evdə oturmuşduq. Küçədən əsgərlər keçib gedirdi. Onlar: “İrəli, irəli, Azərbaycan əsgəri” - deyə oxuyurdular. Birdən hamımızı heyrətə, təəccübə salan hadisə baş verdi: Qara başladı o melodiyanı oxumağa. Qaranın musiqi istedadını o vaxt kəşf etdik”. Qaranı həkim görmək arzusunu unutmamış atası ömrünün sonuna 7-8 gün qalmış Sona xanımla “Yeddi gözəl”ə baxmağa gedir. Tamaşanın sonuna yaxın Sona xanıma pıçıldayır: “Yox, balam, deyəsən, Qara elə musiqiçi olacaq”. Professorun hələ də uşaq gözündə gördüyü oğlunun o zaman artıq otuz dörd yaşı vardı və iki dəfə Dövlət mükafatına layiq görülmüşdü...
Qara Qarayev 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə gedib. 1930-cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano, 1935-ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında Leopold Rudolfun bəstəkarlıq və Üzeyir Hacıbəylinin Azərbaycan xalq musiqisinin əsasları siniflərinin tələbəsi olub. Qara Qarayevin musiqidə nələrə qadir olduğunu hiss edən Üzeyir Hacıbəyli “Qara çox istedadlıdır və filosofluq etməyi xoşlayır”, - deyib.
Hələ tələbə ikən seçilən Qara Qarayevi bəstələri tanıdırdı. On doqquz yaşında Azərbaycan Bəstəkarlar İttifaqına üzv oldu. O vaxt yaşı az olsa da, fortepiano və simfonik orkestr üçün müxtəlif janrlı əsərlər, bir sıra sənədli filmlərə musiqilər bəstələmişdi.
İyirmi yaşında oxuduğu Moskva Dövlət Konservatoriyası, Moskvanın qaynar həyatı, məşhur musiqiçilərlə ünsiyyət onun peşəkar bəstəkar kimi yetişməsinə təsir göstərdi. 1938-ci ildə Moskvanın müxtəlif konsert salonlarında, incəsənət ongünlüklərində, Qızıl meydandakı bayram nümayişlərində gənc Qara Qarayevin də musiqiləri səslənirdi.
Cövdət Hacıyev illər öncə müsahibəsində demişdi: “Qara ilə uşaqlıq dostları idik. Səkkiz yaşından bir yerdə böyümüşdük. Məktəbdə yazdığımız musiqi əsərlərini bir müddət hamıdan gizlədirdik. Sonralar “sirrimiz” hamıya məlum oldu. 1930-cu illərdə müxtəlif respublikalardan istedadlı gənclər SSRİ-nin mərkəz şəhərlərinə təhsil almağa göndərilirdilər. Üzeyir bəy Qara ilə məni Moskvaya yolladı. Orada bizə dedilər ki, konservatoriyaya qəbul olunmaq üçün 6 yerə 8 sənəd verilib. Fikirləşdik ki, eyni respublikadanıq, bunun üçün ikimizdən birini qəbul edəcəklər. İmtahanda çox həyəcan keçirirdik. Konservatoriyaya ikimizin də qəbul olunduğunu eşidəndə sevincimizin həddi-hüdudu olmadı”.
Hər iki istedadlı gənc görkəmli bəstəkar Dmitri Şostakoviçin tələbəsi oldu. Çox keçmədi ki, müharibə başladı. Onlar da cəbhəyə can atırdılar. Ancaq Azərbaycanın ozamankı rəhbəri Mircəfər Bağırov gənc bəstəkarlara bron verilməsi haqqında sərəncam imzaladı. Sonra Mədəniyyət İşləri İdarəsinin müdiri Mirzə İbrahimova Moskvada oxuyan bu iki gəncin vətənpərvərlik mövzusunda opera yazması barədə göstəriş verdi. Ağır günlər idi. İnsanları qələbəyə ruhlandırmaq üçün vətənpərvərlik musiqisinə böyük ehtiyac duyulurdu. Onlara şöhrət gətirəcək və Sovet İttifaqında əzəmətlə səsləndiriləcək “Vətən” operası kiçik tələbə otağında yaranmağa başladı. Operanı qısa müddətdə yazdılar. Əsərə baxış üçün komissiya təşkil olundu. Sovet dövlətinin tarixində ilk dəfə olaraq tələbə gənclərə - Qara Qarayevə və Cövdət Hacıyevə “Stalin” mükafatı verildi. Həm də hər iki gənc o zaman üçün böyük məbləğ sayılan 100 min manat pulla mükafatlandırıldı. Onların maddi durumları xeyli yaxşılaşdı.
“Vətən” operası Azərbaycan musiqisinin inkişafında yeni mərhələ açdı. Bundan sonra heç kim şübhə etmirdi ki, müəllifin növbəti uğurları haqqında yenə eşidəcəklər. O günləri çox gözləmək lazım gəlmədi. Doğrudur, müharibə illərində Qara Qarayevlə Cövdət Hacıyevin üzərində birlikdə çalışdıqları “Ayna” adlı opera bəlli olmayan səbəbdən tamamlanmadı. Amma hər iki gənc bəstəkar yeni əsərləri ilə tanınmağa başladılar. Onlar tələbə ikən yenidən “Stalin” mükafatına layiq görüldülər. Bu dəfə Qara Qarayev yazdığı “Leyli və Məcnun”, Cövdət Hacıyev isə “Sülh uğrunda” simfonik əsərlərinə görə.
Təhsillərini başa vurub Bakıya qayıtdılar. Üzeyir bəyin yanına getdilər. Dost olduqlarını nəzərə alan bəstəkar gəncləri bir-birindən ayırmadı, hər ikisini filarmoniyaya bədii rəhbər təyin etdi.
Qara Qarayev Azərbaycanın ilk simfoniyalarından olan “Birinci simfoniya”nın müəllifi oldu.
1949-cu ildə yazdığı “Yeddi gözəl” orkestr üçün simfonik süita, səs və fortepiano üçün “Gürcüstan təpələrində”, “Mən sizi sevirdim”, romansları bəstəkarın yalnız istedadının deyil, həm də zəhmətsevərliyinin təsdiqi oldu. 1951-ci ildə Çexoslovakiyada keçirilən “Praqa baharı” festivalında “Yeddi gözəl” simfonik orkestr üçün süita, eləcə də “Leyli və Məcnun” simfonik poeması Niyazinin dirijorluğu ilə ifa olundu. Gənc azərbaycanlı bəstəkarın musiqisi dünyanın müxtəlif ölkələrində səsləndirildi.
1952-ci ildə Qara Qarayev yaradıcılığı yeni zirvəsinə çatdı. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının motivləri əsasında yazdığı eyni adlı baletin ilk tamaşası çox uğurlu oldu. Balet o dövrdə keçmiş SSRİ-nin və dünyanın bir çox teatr səhnəsində tamaşaya qoyuldu.
1958-1959-cu illərdə yalnız Qara Qarayev yaradıcılığının deyil, bütövlükdə Azərbaycan mədəniyyət tarixinin parlaq səhifəsinə çevrilən, müəllifinə o dövrdə SSRİ-nin ən yüksək mükafatını - Lenin mükafatı qazandıran “İldırımlı yollarla” baletini yazdı. Dünya musiqisinin incilərindən sayılan bu əsər dünyanın çox möhtəşəm və məşhur teatrlarında tamaşaya qoyuldu. Uzun illər Moskvadakı Böyük Teatrın yaradıcı qrupu xarici ölkələrə qastrol səfərinə Qara Qarayevin “İldırımlı yollarla” baleti ilə getdilər. 1964-cü ildə Polşada keçirilən “Varşava payızı” adlı müasir musiqi festivalında bu əsər nümayiş etdirildi. Böyük yazıçı Çingiz Aytmatov yazırdı: “Zaman keçir, ancaq “İldırımlı yollarla” baleti öz aktuallığını itirmir. İndi də onda əzəmətli qara qitənin ürək döyüntüsü canlı surətdə hiss olunur, Afrikanın bir çox dövlətlərindəki hadisələrin əks-sədası eşidilir. Böyük sənətkar Qara Qarayevin ən qiymətli cəhətlərindən biri də həyatı eşitmək bacarığı, bizi əhatə edən varlığı həssaslıqla əks etdirməsi, insanları xeyirxah əməllərə qoşmasıdır”.
Qara Qarayev yazırdı: “İncəsənətin heç bir növü musiqi kimi əzəmətli, ilhamlı, fikir və hissləri yüksəldən qüvvəyə malik deyil. O, bir tərəfdən insanları birliyə, qəhrəmanlığa, mübarizəyə çağırır, digər tərəfdən isə hər bir fərdin daxili aləmindən, ən incə hisslərindən xəbər verir”.
O, musiqinin müxtəlif janrlarına müraciət edirdi. Qara Qarayev həm də gözəl pianoçu idi. 1956-cı ildən 1973-cü ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi vəzifəsində çalışdı. 1970-ci illərdə Qara Qarayevin təşəbbüsü ilə konservatoriyanın opera studiyasında tələbə və məzunlardan ibarət kamera orkestri yaradıldı. Amma bu kollektivin uğurlarını görmək bəstəkara qismət olmadı.
Musiqi sənətinin inkişafındakı böyük xidmətləri 1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı ilə qiymətləndirildi. Qara Qarayev həm də fəal ictimai xadim idi.
O, böyük həvəslə həm Azərbaycan, həm də Moskvada istehsal olunan kinofilmlər və teatrlarda hazırlanan tamaşalar üçün musiqilər də yazırdı. Qara Qarayev həm də musiqi ilə bağlı nəzəriyyələrin müəllifi idi. Fikirləri bu gün də mədəniyyət işçiləri üçün olduqca dəyərli, əhəmiyyətlidir.
O, gənc yaşlarından xalqın musiqi sərvətlərini dərindən öyrənirdi. 1937-ci ildə Azərbaycanın rayonlarına gedən folklor ekspedisiyasına rəhbərlik etmişdi. Səfərdən geri dönən bəstəkar “Şur” dəstgahını nota salmışdı. Sonralar da Azərbaycanın zəngin xalq musiqisi Qara Qarayev yaradıcılığının ilham çeşməsi olmuşdu. “İldırımlı yollarla”, “Vyetnam süitası”, “Alban rapsodiyası”, “Don Kixot” və digər əsərləri bəstəkarın həm də başqa xalqların musiqisinə həssaslıqla yanaşdığını göstərirdi.
Qara Qarayev ömrünün sonunadək Üzeyir Hacıbəylini, Dmitri Şostakoviç və digər müəllimlərini sonsuz rəğbətlə, ehtiramla andı. Bu, ümidlərini doğrultmuş tələbələri ilə müəllimləri də hər zaman fəxr etdilər. Onlardan biri - Dmitri Şostakoviç qürurla deyirdi: “Qara Qarayev ənənəviliyi və müstəqil yaradıcılığı mümkün olduqca daha rəngarəng, daha maraqlı, daha üzvi surətdə birləşdirməyə cəsarətlə, ürəklə cəhd edərək öz yaradıcılıq palitrasını hər vasitə ilə genişləndirir; o, qəbul olunmuş xəlqilik çərçivəsindən çıxmağa qorxmur, xəlqilik anlayışını genişləndirir”.
Böyük müəllimlərdən dərs alan Qara Qarayevin də fəaliyyətində müəllimlik hər zaman ön sıralarda dayandı. Uzun illər Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında tələbələrə bəstəkarlıq sənətinin sirlərini öyrətdi. 1974-cü ildə Qara Qarayev mətbuata verdiyi müsahibələrinin birində bildirirdi: “25 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam və bu işi çox sevirəm. Bu, çox çətin, böyük fədakarlıq və müəyyən mənada özünü qurban verməyi tələb edən sahədir. Çünki hərdən bir layiqli tələbəyə özün üçün qoruyub saxladığından da verməli olursan. Sinifdə simic olmaq olmaz. Əliaçıqlıq sonradan tələbənin uğurundan aldığın zövqlə mütləq özünə qayıdacaq. Gənclərlə işləmək mürəkkəb, məsuliyyətli və hətta mən deyərdim, risk tələb edən işdir. O, müəyyən dərəcədə həkimlik sənətilə eyniyyət təşkil edir. Əgər onlar insanların fiziki sağlamlığına cavabdehdirlərsə, biz gələcək sənətkarın mənəvi sağlamlığına cavabdehik”.
Onun tələbələrindən bəziləri artıq həyatda yoxdur, bəziləri isə Azərbaycanda və dünyanın digər ölkələrində yaşayır və yaradıcılıqla məşğul olurlar. Xalq artistləri Rauf Hacıyev, Vasif Adıgözəlov, Arif Məlikov, Hacı Xanməmmədov, Xəyyam Mirzəzadə, Polad Bülbüloğlu, Firəngiz Əlizadə, Elza İbrahimova, Tofiq Bakıxanov, Sevda İbrahimova, V.Şakinski (Rusiya), Allahyarov (Türkmənistan) və başqaları Qara Qarayev məktəbinin layiqli davamçıları olduqlarını öz əsərləri ilə, musiqi sənətinin inkişafında xidmətləri ilə təsdiq ediblər.
Qara Qarayev müdrik insan idi: “İnsanın həyatında ən ali an - ölümdür” - deyə gündəliyində yazır, sonra fikirlərinə belə davam edirdi: “Həmin anda insan həyatda qalmışlardan yüksəklərə qalxmış bir nəhəng olur; həyatla vidalaşarkən o dəyişir, ölüm əzabları onu elə bir yüksəkliyə qaldırır ki, oradan dünyanın bütün işləri öz mənasını və əhəmiyyətini itirir. O tək qalır, tamam tək-tənha - heç kimin, heç nəyin köməyinə ümid etmədən həmin ana qədər haqqında heç nə bilmədiyi ölümlə təkbətək qalır. Onu həmişə qorxudan, eyni zamanda bütün xoşbəxt, ya da ki, miskin həyatı boyu gözlədiyi, həm də qəribə bir səbirsizlik içində gözlədiyi həmin dahiyanə görüş baş verir... O adam böyük deyil ki, həyatda görümlü bir mövqe qazanıb, əsl böyük o adamdır ki, həmin ali anda baş verənlərin mənasını dərk edərək ləyaqətlə ölümlə birləşir...”
Ona verilən ömür payı altmış dörd il oldu.
Görkəmli bəstəkar 1982-ci ilin 13 mayında Moskva şəhərində
vəfat etdi. Bakıda I Fəxri xiyabanda dəfn olundu. Cəmi altmış dörd ilə sığışdırdığı
möhtəşəm işlər,
geniş və əzəmətli yaradıcılığı
onu musiqi dünyasının əbədiyyət
yoluna qovuşdurdu.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2018.- 6 fevral.- S.7.