Çillələr

 

Azərbaycan folklor qaynaqlarından məlumdur ki, qədim zamanlarda insanlar yazın gəlişinə 3 ay qalmış müddəti “Böyük çillə”, “Kiçik çillə” və “Boz aykimi şərtləndiriblər. Dekabrın 21-dən yanvarın 30-dək Böyük çillə, yanvarın 31-dən fevralın 19-dək Kiçik çillə, fevralın 20-dən martın 20-dək isə Boz aydır. Həmin dövrlər əvəzləndikcə onların ritualları yaranıb. Bu dəyərləri özündə yaşadan “Çillə gecəsi” günündə bəzi bölgələrimizdə hətta “Çillə qarpızı” mərasimi də keçirilir. Samanlıqda və ya xüsusi saxlanc yerlərində qorunan qarpızı “Çillə gecəsi” bütün ailə üzvlərinin iştirakı ilə təntənəli şəkildə kəsib yeyirlər. Yeri gəlmişkən, respublikamızın qərb bölgəsində - Şəmkirdə qarpızın sonuncu - üçüncü üzü yığılanda müəyyən qarpızlar seçilib: “Bu, çilləlikdi, dəyməyin, qalsın, bostan sovulanda dərərik” - deyərdilər. 20-25 gün sonra bostanı buraxıb köçlə evə dönəndə o qarpızları ehmalca dərib özləri ilə gətirib samanlıqda şaxlayardılar.

Həm də “Çillə gecəsi” anam 10 uşağı süfrə başına yığıb, atamın deyə-gülə, Çillə rəvayətləri danışa-danışa bostan sovulanda gətirdiyimiz qarpızların bir-ikisini kəsməsini, qarpızın başını halqavarı götürüb dörd bölərək, “hərəniz ürəyinizdə bir niyyət tutun, ya Allah!” deyib, dörd böldüyü hissələri evin aşağı küncünə atmasını, uşaq marağıyla tamaşa edib, mənasını indiki qədər genişliyi ilə dərk edə bilmədiyim o gecəni indiyədək unuda bilmirəm.

Kəsilən Çillə qarpızının ikincisini atam siniyə qoyub üstünü də təmiz dəsmalla örtərək gecənin qaranlığında məndən, ya da böyük qardaşımdan - əri Böyük Vətən müharibəsindən qayıtmayan Cəmilə xalanın, Fatma xalanın, Suquş xalanın və Başxanım xalanın evinə - uşaqlarına pay göndərərdi. Atam tanınmış bostançı olduğundan bəzən kəndimizdən, eləcə də qonşu kəndlərdən qapımıza “Çillə qarpızı” uçun gələnlər də olurdu.

Xalqımızın yaratdığı bu maddi-mənəvi irs indiyədək qorunub saxlanılır.

Çillə ilin qış fəslinin bölgülərinə verilən addır. Qədim təsəvvürlərlə bağlıdır. Əslində, milli bayramımız olan Novruza hazırlıq elə bu bölgülərdə davam edir.

Fevralın 19-da gələn və 20 gün davam edən “Kiçik çillə”nin ömrünün qısa olmasına baxmayaraq, ilk gündən sərt, nisbətən şaxtalı-sazaqlı və qarlı olur. Məhz elə buna görə də “Kiçik çillə”yə xalq arasında çox zaman “qışın oğlan çağı” da deyirlər.

Çillələr haqqında folklorumuzda, nənə və babalarımızdan qalma bəzi rəvayətlər var. Yaşlılardan eşitdiyim o rəvayətlərdən birində deyilir: “Böyük çillə 40 gün dövranını sürüb gedərkən yoldaKiçik çillə” ilə rastlaşır.

Kiçik çillə” soruşur:

- Bu qırx gündə nə gördün, neylədin?

Böyük çillə deyir:

- Mən dolu qazanlar üstə gəlmişdim. Sonra təndirləri yandırtdım, kürsüləri qurdurdum, küplərin, çuvalların ağızlarını açdırdım...

Kiçik çillə” istehza ilə gülüb deyir:

- Eh, sən heç nə eləməmisən ki. Mən gör nələr eləyəcəm, nə tufan qoparacam: qazanları ağzı üstə çevirəcəm, qarıları təndirin ağzından salıb külfədən çıxaracam, küpləri, xaralları boşaldacam, bütün azuqələri tükəndirib gedəcəm.

Onun coşduğunu görən “Böyük çillə” deyir:

- Çox da öyünmə. Mən qırx günlük ömrümlə bir görə bilmədim. Sənin isə iyirmi günlük ömrün var. Bu iyirmi gündə nə edə bilərsən?! Çünki qabağın yazdır, ömrün də azdır”.

Bax, beləcə, xalqımız qədim zamanlardan bugünədək “Böyük çillə”də olduğu kimi, “Kiçik çillə”də də bayram edir. Bu bayrama Xıdır və yaxud Xıdır Nəbi bayramı deyilir. “Xıdır Nəbi” bayramı əsasən ölkəmizin bölgələrində müxtəlif adlarla (Xıdır İlyas, Xıdır Zində) keçirilir. Bu bayram “qışın oğlan çağında”, Kiçik çillənin onuncu günü Novruz bayramından altı həftə qabaq, fevralın ikinci həftəsinin çərşənbə axşamı günü, qeyd edilir. Kiçik çillə” yanvar ayının otuz birindən fevralın on doqquzuna qədər olduğundan Xıdır bayramı əsasən fevralın doqquzuya onundaKiçik çillə”nin yarı olduğu gündə qeyd edilir. Ölkəmizin bəzi bölgələrində, xüsusən də Naxçıvanın kəndlərində Xıdır Nəbi bayramı fevralın 14-ü (15-i) Xıdırın anadan olduğu gün qeyd edilir. Bu bayram ona görə qeyd edilir ki, sərt qışın soyuğundan və şaxtasından çıxan Xıdır Nəbi onlar üçün bolluq, bərəkət və ruzi gətirsin. Xıdır Nəbi bayramında evlərdə qovurğa qovrulur, qovut çəkilir və bəzi ayinlər icra edilir.

Bu bayramda dəyirmanda üyüdülmüş buğda unundan qoca nənələr xəşil bişirərdilər. Ocağın üstünə mis qazan qoyardılar. Su qaynara düşəndən sonra ailədə nəfər sayına görə un əlavə olunardı. Qazanı oxlovla qarışdırmağa cavanlar növbəyə gələrdilər. Onun ətri gələnə qədər, yəni, bişənə kimi qarışdırardılar, hazır olanda xəşili mis sinilərə, qablara çəkər, ortasını cala edərək oraya ərimiş nehrə yağı, küpdən çıxma qovurma, bəhməz tökərdilər, yeməklə doymaq olmazdı. Ümumiyyətlə, xəşil qış fəslində tez-tez bişirilən yeməklərdən olduğundan adamları sərt soyuqda, qarlı-şaxtalı havada dözümlü edər, müalicə əhəmiyyətli, güclü yemək hesab olunardı.

Xıdır Nəbi bayramı üç gün davam edirdi. Həmin günlər el arasında “qodu-qoduoyunu da təşkil olunardı, bu barədə deyimlər də olmuşdur. Kənd yerlərində Xıdır Nəbi bayramında “qodu-qodu” gəzdirmək bir adət, ənənə idi. Bunun üçün səriştəli, hazırcavab, baməzə adamlar seçilərdi. Qodu adama bənzər müqəvva formasında düzəldilər və bəzədilərdi. Havaların isti keçməsi üçün qodu-qodu qapı-qapı, ev-ev gəzdirilər, pay, nəzir-niyaz yığılardı. Toplanan nəzir-niyazı kənddə-obada ən kasıb yaşayan, imkansız ailələrə pay verərdilər.

Qırx gün Böyük çillə, iyirmi gün Kiçik çillə günləri tamam olandan sonra otuz günlük Boz ay başlayır. Boz ay bəzən bir gündə beş hala düşür, bizi ovundura-ovundura çərşənbələrə və Novruz bayramına qovuşdurur.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2018.- 6 fevral.- S.7.