Müstəqil Azərbaycanın sabahı

 

İlham Əliyev seçkilərə yeniləşmiş möhtəşəm Azərbaycan miqyaslı böyük hesabatla gedir

 

Böyük sürətlə və hərtərəfli şəkildə inkişafı davam edən müstəqil Azərbaycan dövləti dünya birliyində xüsusi çəkiyə malik əhəmiyyətli ölkədir. Nəinki regionun, ümumiyyətlə qlobal mənada dünyanın ən müxtəlif problemlərinin həllində Azərbaycan Respublikası mötəbər söz sahibidir. Bu gün Azərbaycan Avropa ilə Asiyanı əlaqələndirən ölkə kimi dünyanın Qərb siyasətində də, Şərq tərəfdaşlığında da əsas tarazlıq nöqtələrindən biridir.

Müstəqillik qazanmış yeni ölkələr sırasında bütün mənalarda Azərbaycan müstəqil dövlət kimi inkişaf etməyin və fəaliyyət göstərməyin ən müasir modelidir.

Müstəqil Azərbaycan qısa müddətdə inkişaf etməkdə olan ölkələrin cərgəsindən inkişaf etmiş dövlətlərin sıralarına doğru inamla irəliləməkdədir. Bütün bu mühüm tarixi nailiyyətlərin əldə olunmasının əsas şərtlərindən biri ölkəmizdə siyasi varisliyin təmin olunması, ardıcıl və sistemli dövlət quruculuğunun uğurla həyata keçirilməsi ilə əlaqədardır. Demokratiya pərdəsi altında əslində böyük güclərin maraqlarına xidmət edən mənasız siyasi eksperimentlərin həyata keçirilməsinin yaxın və uzaq ölkələrdə yaratdığı acınacaqlı vəziyyət, dərin böhran və münaqişələr müstəqil dövlətçiliyin Azərbaycan modelinin danılmaz reallıqlarını bir daha diqqət mərkəzinə çəkir. Bu böyük və sürətli inkişafın təməlində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizdə formalaşdırdığı möhkəm dövlətçilik təməlləri mühüm yer tutur.

MÜSTƏQİL DÖVLƏTÇİLİYİN HEYDƏR ƏLİYEV TƏLİMİ Azərbaycan Respublikasının böyük inkişafının sınaqlardan çıxmış strategiyasıdır.

Ölkəmizin siyasi sistemində və iqtisadi mühitində ulu öndər Heydər Əliyevin formalaşdırdığı dayanıqlı və etibarlı bünövrə sonrakı hərtərəfli böyük inkişafın hərəkətverici qüvvəsidir.

Lakin bütün bunlar gələcək inkişaf üçün nə qədər zəruri faktorlar olsa da, dövlət quruculuğu sisteminin inkişafına məsuliyyətli və yaradıcı münasibət bəsləmədən, möhkəm siyasi iradə və müdriklik göstərmədən idarəetmə sükanını irəli aparmaq heç də asan deyildir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev siyasi hakimiyyətdə olduğu 15 il ərzində Azərbaycan Respublikasını təməl dövlətçilik prinsipləri zəminində və ardıcıl yaradıcı fəaliyyət əsasında yenidən qurub, sürətlə və hərtərəfli şəkildə inkişaf etdirərək yeni mərhələyə çatdırmağın mümkünlüyünü qəti şəkildə isbat etmişdir. Keçən dövr ərzində aparılmış məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycan möhkəm ictimai-siyasi sabitliyə, inkişaf etmiş və modernləşdirilmiş iqtisadiyyata, güclü hərbi-sənaye kompleksinə, ən əsası isə davamlı milli-mənəvi dəyərlərə malik olan qüdrətli dövlət səviyyəsinə çatdırılmışdır. Ölkəmizin beynəlxalq miqyasda mövqeləri möhkəmlənmiş, dostları və tərəfdarları artmışdır.

Artıq müstəqil Azərbaycanın İlham Əliyev epoxası yaranmışdır. Müstəqil siyasət, məqsədyönlü novator dövlət quruculuğu, sürətli və hərtərəfli inkişaf İlham Əliyev epoxasının əsas parametrləridir.

Eyni zamanda ölkə maraqlarının əsas kimi qəbul edilməsi şərti ilə dünyada gedən proseslərin böyük məharətlə uzlaşdırılması və hər dəfə yeni təfəkkürdən doğan real əlavələrlə zənginləşdirərək inamla bəyan etməsi və qətiyyətlə həyata keçirməsi İlham Əliyevi XXI əsrin qüdrətli siyasi liderləri sırasına çıxarmışdır. Azərbaycan xalqı fəxr edir ki, onun Prezident İlham Əliyev kimi parlaq dövlətçilik istedadına, mühüm beynəlxalq nüfuza, ümumxalq məhəbbətinə, böyük quruculuq təcrübəsinə, düşünülmüş qətiyyətə malik görkəmli dövlət rəhbəri vardır.

İlham Əliyev sözün həqiqi mənasında görkəmli dövlət xadimi kimi ölkəyə rəhbərlik etməyin şərəfini də, məsuliyyətini də özünün əməli fəaliyyətində uğurla birləşdirir. O, müstəqil Azərbaycan dövlətini həm mükəmməl şəkildə idarə edir, həm də istənilən mötəbər məqamda ölkəsini və xalqını təmsil etmək vəzifəsini bacarıqla gerçəkləşdirir.

Bunun nəticəsidir ki, Azərbaycan Respublikasında köklü, davamlı dövlətçilik ənənələrinin qorunub saxlanılması şərtilə dövlət strukturu böyük sürətlə inkişaf etdirilir, ölkənin idarə olunmasının ən müasir forma və metodları uğurla tətbiq olunur. Ölkəmizdə demokratik cəmiyyətin, bazar münasibətlərinə əsaslanan müasir iqtisadi siyasətin bərqərar olması proseslərinə ciddi fikir verilir. İqtisadiyyatda özəl sektorun üstünlük qazanması, neft gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi Prezident İlham Əliyevin siyasətinin əsasında dayanır. Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması, ən yeni texnologiyaların meydanının genişləndirilməsi də möhtərəm Prezidentin ön sıraya çəkdiyi zəruri sahələrdəndir.

Ölkə başçısının səyləri ilə Bakı möhtəşəm körpülər, abad yollar və çoxsaylı göydələnlər şəhərinə çevrilmişdir. Azərbaycanın regionlarında aşkar görünən hərtərəfli intibahın, sürətli canlanmanın, müasir həyatın bərqərar olması ideyasının memarı və müəllifi Prezident İlham Əliyevdir. Möhtərəm Prezidentimizin “tarixi hadisə” adlandırdığı regionların inkişafı üzrə Dövlət Proqramının dönmədən və uğurla həyata keçirilməsi Azərbaycan Respublikasının iqtisadi mənzərəsini tamamilə dəyişmiş, sözün əsl mənasında, xalqımız qarşısında tarixi xidmətə çevrilmişdir.

Qısa müddətdə möhtəşəm addımlarla irəliləyən müstəqil Azərbaycan dövlətinin böyük tərəqqisində İlham Əliyevin Prezidentlik fəaliyyəti xüsusi tarixi mərhələ təşkil edir.

İlham Əliyev artıq geniş mənada dünyada qəbul olunmuş görkəmli siyasi liderdir. Dünya təcrübəsindən görünür ki, bir çox dövlət başçıları yalnız ölkəyə ümumi rəhbərlik vəzifəsini yerinə yetirməklə kifayətlənməli olur, onların bir çoxunun ampluası praktik rəhbərlikdən çox da uzağa gedə bilmir, yaxud da hər hansı bir istiqamətin inkişaf etdirilməsi ilə səciyyələnir.

Prezident İlham Əliyev isə bacarıqlı, mükəmməl, qurucu lider olmaqla bir sırada həm də geniş, qlobal dünyagörüşə, analitik təhlil bacarığına, praqmatik baxışlara, hərtərəfli bacarıqlara malik olan mükəmməl dövlət xadimidir. O, mövcud siyasi reallıqları inkişafda olan qlobal ictimai proseslərlə böyük məharətlə uzlaşdırmağı bacarır.

Ona görə də siyasi gerçəklikləri dərindən, ətraflı və sistemli şəkildə dəyərləndirəndə də, yaxın və uzaq gələcəkdən söz açanda da həmişə nikbin və realist görünür. Prezident İlham Əliyevin görkəmli dövlət xadimi kimi miqyasına Cənubi Qafqaz və ya ümumiyyətlə, Qafqaz müstəvisində yanaşma mövcud siyasi reallığı qətiyyən ifadə etmir.

Yeni siyasi lider kimi İlham Əliyev səviyyə etibarilə postsovet məkanının sədlərini və miqyasını da çoxdan aşmışdır. Hələ Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinə başçılıq edəndə yeni təfəkkür sahibi kimi parlaq çıxışlar edib, bəyanatlar verdiyi illərdə o, Avropa evi səviyyəsində düşünmək, mesajlar vermək potensialını nümayiş etdirən bir siyasətçi kimi dərk olunmuşdu.

Prezident kimi İlham Əliyevin siyasi-ideoloji postulatı artıq böyük dövlətlərin rəhbərlərinin, yaxud çoxillik təcrübəyə malik siyasi xadimlərin səviyyəsi ilə bir sırada dayanır.

O, böyük siyasətdə milli təfəkkürlə bəşəri düşüncəni birləşdirən, real gerçəkliklə qlobal baxışları uzlaşdıran görkəmli siyasi liderdir.

Buna görədir ki, İlham Əliyevin siyasi baxışları dərin nəzəri səviyyəsi, aydın məntiqi, fəlsəfi çəkisi və praqmatik xarakteri ilə səciyyələnir. Möhtərəm Prezidentin müxtəlif tədbirlərdə parlaq nitqləri zamanı müdrikliklə ifadə etdiyi yetkin siyasi tezislər dərin mənalı sərrast aforizmlər kimi səslənir. Böyük siyasətdə aforizm səviyyəsində düşünmək və özünü ifadə etmək yalnız və yalnız ən təcrübəli, uzun yol keçmiş, çox səviyyəli, böyük məktəblər yaratmış siyasətçilərə nəsib ola bilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsl siyasətçiyə məxsus olan belə uca məqamı fəth etmək vəzifəsinin öhdəsindən hələ cavan yaşlarında ikən bacarıqla gəlmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxcəhətli siyasi fəaliyyətinin ana xətlərini azərbaycançılıq, millətlərarası münasibətlərin tənzimlənən həlli, ölkəmizin və bəşəriyyətin taleyində dialoqun rolu, iqtisadiyyatın şaxələndirilmiş inkişafı, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi və sair kimi aktual, xüsusi çəkiyə malik məsələlər təşkil edir.

Bu məsələlərin hər birinin şərhində və təqdimində İlham Əliyev USTAD MÜƏLLİM kimi yüksək professionallıq nümayiş etdirir.

İlham Əliyevin siyasətində ən müxtəlif mövqelərdən, fərqli bucaqlardan ifadə olunan siyasi yanaşmaların hamısı azərbaycançılıq fəlsəfəsində, Azərbaycanın inkişafı naminə aparılan qlobal siyasətdə tamamlanır. Azərbaycançılıq - bu böyük və müdrik siyasətin cövhərini, ana xəttini və perspektivlərini müəyyən edir.

İlham Əliyev XXI əsrdə müstəqil Azərbaycanın yeni siyasətini, irəliyə doğru inkişafın üfüqlərini aydın görən, siyasi müstəvidə yeni istiqamətlər açan, yol göstərən görkəmli dövlət xadimidir.

Bacarıqlı dövlət başçısında bu tip yüksək siyasətçi düşüncəsinin və mühüm idarəetmə məharətinin olması dövlətin normal inkişafının və xalqın xoşbəxt həyatının böyük təminatıdır.

Bu mənada yeni tarixi epoxada məhz İlham Əliyev kimi böyük siyasətlə yüksək idarəçiliyi və vətənpərvərliyi özündə cəmləşdirən görkəmli dövlət xadiminin və mahir siyasətçinin Azərbaycana rəhbərlik etməsi ölkənin və xalqın tarixi şansıdır.

Burada ciddi və mühüm bir nüans da vardır. Böyük və professional siyasətçinin dövlət başçısı kimi uğurlu fəaliyyəti təkcə ölkənin və xalqın deyil, elə siyasətin də xeyrinədir. Çünki lokal mənada da, qlobal səviyyədə də faydalı, gərəkli olan siyasət özünüifadə, yaxud özünütəsdiq baxımından münasib meydan tapa bilməyəndə bəzən mücərrəd, utopik, yaxud havadan asılı olan nəzəri-ideoloji təlim olaraq qalır. Ancaq böyük siyasətçi üçün siyasi fəaliyyət dövlətçilik işinin üzvi tərkib hissəsinə çevriləndə daim yeniləşir, təkmilləşir, aşkarlanır və inkişaf edir.

Prezident İlham Əliyevin siyasəti də həm Azərbaycan məkanında, həm də beynəlxalq müstəvidə konkret məsələlərin, aktual problemlərin həllinə istiqamətləndirilmiş aşkar siyasi fəaliyyət kimi mütəmadi olaraq yeniləşir və zənginləşir. Ölkə başçının qəti siyasi mövqeyi onun ölkəni irəli aparmaq, cəmiyyəti daim inkişaf etdirmək yollarındakı siyasi iradəsinin real təzahürüdür. Bu mənada inkişafda olan müstəqil Azərbaycanda əldə olunan möhtəşəm nailiyyətlər və beynəlxalq miqyasda ölkə ilə əlaqədar aparılan gündəlik düşünülmüş məqsədyönlü və ardıcıl iş, əldə olunan zəngin təcrübə tükənməz ideya mənbəyi kimi İlham Əliyev siyasətinin aktuallığını və müasirliyini təmin edir. Beləliklə, Prezidentin müdrik siyasəti ölkəmizlə birlikdə, xalqımızla həmahəng şəkildə daimi inkişafdadır.

Azərbaycan xalqı Prezident İlham Əliyevin simasında ilk növbədə həqiqi, geniş dünyagörüşə, sağlam və aydın məntiqi təfəkkürə malik əsl dövlət xadimini görür və yüksək dəyərləndirir. Qazanılmış ümumxalq rəğbəti, seçilmiş və isbat olunmuş siyasi kursun qətiyyətlə həyata keçirilməsi möhtəşəm on beş il ərzində qazanılan nailiyyətlərin, müəyyən olunmuş istiqamətlərin, başlanmış mühüm işlərin, hazırlanmış böyük layihələrin uğurla icrası deməkdir.

Böyük sürətlə yeniləşən Bakı şəhəri, xüsusi templərlə dəyişən və inkişaf edən Azərbaycan iqtisadiyyatı, həyata keçirilən möhtəşəm layihələr - Bakı-Tbilisi-Ceyhan neft boru xəttindən, Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən sonra istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu, yeni Bakı Beynəlxalq Dəniz Ticarət limanı, başa çatmaqda olan “Şimal-Cənub”, “Şərq-Qərb” transsregional nəqliyyat dəhlizləri aparılan düzgün və uzaqgörən siyasətin real bəhrələridir. Artıq Azərbaycan nəhəng beynəlxalq magistrallar ölkəsinə çevrilmişdir. Bu gün Azərbaycan Şərq və Qərbi, Avropa ilə Asiyanı əlaqələndirən nəhəng nəqliyyat dəhlizidir. Azərbaycan - möhtəşəm tranzit ölkəsidir. Geniş tranzit imkanlara malik olmaq - ölkədə cəmiyyət həyatının bütün sahələrini əhatə edən yeni intibahı qurmaq deməkdir. Yeni neft erasının hədəflərinin müəyyən olunması və neft gəlirlərindən asılı olmamaq siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi də böyük inkişaf üçün uzun vədəli strategiyadır. Prezident İlham Əliyevin apardığı düşünülmüş siyasət Azərbaycan Respublikasını yeni İntibah mərhələsinə doğru aparır.

“Azərbaycan naminə” əqidəsi əsasında formalaşmış İlham Əliyev siyasəti ölkəmizə beynəlxalq aləmdə də böyük şöhrət qazandırmışdır. Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü seçilməsi və dünyanın ən mötəbər təşkilatının ciddi bir qurumuna müəyyən olunmuş müddətdə rəhbərlik etməsi Prezident İlham Əliyevin apardığı xarici siyasətin əhəmiyyətini, beynəlxalq aləmdə tutduğu böyük mövqeyini əyani şəkildə nümayiş etdirir. Azərbaycan Respublikasının Avropa Şurası, Avropa Birliyi məkanında, o cümlədən UNESCO səviyyəsində nümayiş etdirdiyi üstün mövqe ölkəmizin böyük Avropa evində xüsusi yer tutduğunu göstərir. Müasir Azərbaycanda Çin Xalq Respublikası, Cənubi Koreya, Yaponiya, Sinqapur, Malayziya kimi inkişaf etmiş Asiya ölkələri ilə də əməkdaşlığın sürətləndirilməsi Şərq tərəfdaşlığına dair etibarlı addımların atıldığını nəzərə çarpdırır. Nəticə etibarilə Azərbaycan hazırda Şərq üçün də, Qərb üçün də cəlbedici və əhəmiyyətli ölkə olmaq statusu qazanmışdır. Böyük və unudulmaz tarixə çevrilmiş I Avropa Oyunları və IV İslam Oyunları beynəlxalq yarışları Azərbaycanın Şərq-Qərb siyasətinin obyektiv göstəriciləridir.

Yeni tarixi mərhələnin meydana çıxardığı mühüm siyasi-ictimai reallıqların, iqtisadi-hərbi proseslərin, ideoloji-etnik problemlərin mövcud siyasi kursun işığında yenidən dəyərləndirilməsini tələb etdiyi məqamlarda Prezident İlham Əliyev istənilən məsələyə yaradıcı münasibət bəsləməyi, yeni müstəvidən yanaşmağı müvəffəqiyyətlə həyata keçirir.

İlham Əliyev daim inkişafda olan müstəqil Azərbaycan dövlətçiliyi təlimini yeni tarixi epoxada qətiyyətlə irəli aparan qüdrətli liderdir.

Bütün bunlara görə o, görkəmli dövlət xadimi və böyük siyasi xadim səviyyəsinə yüksəlmiş, geniş şöhrət və nüfuz qazanan Prezident məqamına çatmağı bacarmışdır.

Müstəqillik illərində Azərbaycanda ölkə maraqlarına uyğun humanitar siyasət geniş şəkildə həyata keçirilmişdir. Buna görədir ki, ölkəmizdə milli maraqlarla dövlətçilik mənafeləri bir-birini tamamlayır və daha da möhkəmləndirir. Milli-mənəvi dəyərlər, azərbaycançılıq idealı hər bir ölkə vətəndaşı üçün ali meyarlardır. Azərbaycançılıq - milli mədəniyyət və ədəbiyyatın başlıca mahiyyəti və əsas inkişaf istiqamətidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən elm siyasəti Azərbaycan elmini və milli ziyalılığın inkişafında yeni bir tarixi mərhələnin formalaşması ilə nəticələnmişdir. Elm, ədəbiyyat və incəsənət xadimlərinə göstərilən yüksək qayğı bu istiqamətlərdə yeni inkişafa stimul vermişdir. Prezident İlham Əliyevin apardığı uğurlu elm siyasəti bütün sahələrdə, xüsusən də humanitar sahədə yeni vətənpərvər nəsilləri meydana çıxarmışdır. Dövlət başçısı tərəfindən təsdiq olunmuş “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu ölkə elminin cəmiyyət həyatı, istehsal prosesləri və sahibkarlıq mühiti ilə üzvi əlaqədə inkişaf etdirilməsinə geniş meydan açmışdır.

Müstəqil Azərbaycan Respublikası ölkəmizin çoxəsrlik tarixində bütün sahələr üzrə ən yüksək inkişaf mərhələsinə çatmışdır.

Müasir Azərbaycanın yeni tarixi mərhələdəki bütün sahələr üzrə inkişafı Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin konkret əməli nəticəsidir.

İlham Əliyev - yeni mərhələdə Azərbaycanın və cəmiyyətimizin müasirləşdirilməsinin baş memarıdır.

İlham Əliyev - yeni siyasi təfəkkürə və yaradıcı yanaşmalara malik novator dövlət xadimidir.

İlham Əliyev - yaxın və uzaq gələcəyi, bütün reallıqları incəliklərinə qədər görən və məharətlə proqnozlaşdırmağı bacaran böyük dövlət xadimidir.

Xalq amili, milli mənafe, ölkə maraqları İlham Əliyev üçün müqəddəs meyarlardır.

Ölkəmizin və xalqımızın bundan sonrakı mərhələdə İlham Əliyev kimi geniş formatda, böyük masştabda düşünən, xalqına və dövlətinə ürəkdən bağlı olan, yüksək səviyyəli və enerjili dövlət xadiminə ciddi ehtiyacı vardır.

İndi Azərbaycanın yaxından iştirakı, maraqları təmin olunmadan, nəzərə alınmadan regionda heç bir problemin həllindən danışmaq olmaz. Dünyada belə yüksək nüfuzu ölkəmizə Prezident İlham Əliyev qazandırmışdır.

Azərbaycan Respublikasında müstəqillik dövründə baş vermiş mühüm dəyişikliklər və əldə olunmuş möhkəm ictimai-siyasi sabitlik ümumxalq səsverməsi ilə qəbul olunmuş Referendum Aktı əsasında ölkəmizdə növbədənkənar Prezident seçkilərinin keçirilməsinə tam təminat yaradır. Dövlət rəhbəri ilə xalq arasındakı dərin və etibarlı, qarşılıqlı, möhkəm münasibətlər ölkə başçısının böyük inamla Prezident seçkilərinə getməsinə zəmanət verir.

Ölkənin rəhbərini seçmək üçün isə Azərbaycan xalqının yenidən düşünüb daşınmasına xüsusi bir ehtiyac yoxdur. Xalqımız Prezident seçkisi üçün artıq özünün qəti seçimini etmişdir. Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının Qurultayında çoxmilyonlu həmkarlar təşkilatı üzvlərinin adından Prezident İlham Əliyevin yenidən ölkə rəhbəri seçilmək üçün yekdilliklə namizəd göstərilməsi dövlət başçına olan ümumxalq etimadının real təntənəsidir.

Sabah keçiriləcək Yeni Azərbaycan Partiyasının qurultayında da siyasi cəbhədəki həmfikirlərimizin yalnız bir namizədi olacaq: İLHAM ƏLİYEV!

İlham Əliyev qarşıdakı seçkilərdə Azərbaycan xalqının vahid namizədidir. Beynəlxalq birlik də, dünya azərbaycanlıları da ölkə Prezidentliyinə İlham Əliyevin namizədliyinə ürəkdən dəstək verirlər.

Ölkəmiz və xalqımız qarşıdakı prezident seçkilərinə Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış YENİLƏŞMİŞ MÖHTƏŞƏM AZƏRBAYCAN MİQYASLI BÖYÜK HESABATla gedir.

Müasir Azərbaycan haqqında hesabatın müəllifi Azərbaycan xalqının lideri İlham Əliyevdir!

Ona görə də ölkənin və xalqımızın qarşıdakı ən məsuliyyətli və şərəfli prezident seçkilərinə gedərkən qəlbinin dərinliklərindən gələn yalnız bir qərarı vardır: İLHAM ƏLİYEV!

Aydındır ki, müdrik, qədirbilən və uzaqgörən xalqımız növbəti dəfə də bu mühüm və qəti seçiminin böyük bəhrəsini görəcəkdir. Fikrimizcə, indiki seçimin ən böyük bəhrəsi, əsas nəticəsi daha güclü və inkişaf etmiş müstəqil Azərbaycan dövləti və yüksək xoşbəxt həyat şəraiti qazanmaq imkanları əldə edən, birlik və bərabərlik nümayiş etdirən Azərbaycan xalqı olacaqdır.

Prezident İlham Əliyev - müstəqil Azərbaycan dövlətinin etibarlı və dayanıqlı sabahı deməkdir!

İlham Əliyevli sabahlarımız xeyirli olsun...

 

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik

 

Azərbaycan.- 2018.- 7 fevral.- S.1; 5.