Meliorasiya və su təsərrüfatı sistemi ölkə
iqtisadiyyatının inkişafında mühüm rol
oynayır
Melioratorlar Prezident İlham Əliyevin qarşıya
qoyduğu vəzifələrin icrasının vaxtında təmin
olunması üçün tədbirlər planı qəbul
ediblər
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələr və verilən tapşırıqlar “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində (ASC) geniş müzakirə edilib.
Səhmdar cəmiyyətdən AZƏRTAC-a bildiriblər ki, ASC-nin sədri Əhməd Əhmədzadə 2004-2017-ci illərdə Prezident İlham Əliyevin apardığı düşünülmüş, uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzunun artmasından, ölkəmizdə həyata keçirilən siyasi-iqtisadi islahatların dünya birliyi tərəfindən yüksək qiymətləndirilməsindən, təhlükəsizliyin və sabitliyin təmin edilməsindən danışıb. Qeyd edib ki, son 14 il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub, iqtisadiyyatda 3,2, o cümlədən sənayedə 2,6, kənd təsərrüfatında 1,7 dəfə artım olub. 30 elektrik stansiyası tikilib, 12 min 300 kilometr yol çəkilib, 443 körpü, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib və yaxud bərpa edilib, 43 olimpiya idman kompleksi və digər obyektlər tikilib istifadəyə verilib, bir çox şəhərlərdə içməli su və kanalizasiya layihələri yekunlaşıb. Bu dövrdə qazlaşdırma 93 faizə çatdırılıb, bütün şəhərlər qazla 100 faiz təmin edilib, ölkənin valyuta ehtiyatları 23 dəfə artıb, 1,9 milyon iş yeri yaradılıb, maaşlar beş dəfədən çox, pensiyalar isə səkkiz dəfədən çox artıb. Görülən işlər nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir.
Prezident tərəfindən kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlərin görüldüyünü, son 14 il ərzində dörd su anbarının - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarlarının tikildiyini, bu anbarların və çəkilmiş kanalların on minlərlə hektar əkin sahəsini suvarmaq üçün həlledici rol oynadığını, keçən il 100 min hektardan çox suvarılmayan torpaqlara su xətləri, kanallar çəkildiyini vurğulayan Əhməd Əhmədzadə görülən tədbirlərin fermerlərə, sahibkarlara əlverişli şərait yaratdığını və kənd təsərrüfatının inkişafında böyük rol oynadığını qeyd edib.
Daha sonra səhmdar cəmiyyətin sədri bildirib ki, hazırda meliorasiya və su təsərrüfatı sistemi ölkə iqtisadiyyatının mühüm və ayrılmaz bir hissəsi olaraq qazanılmış nailiyyətlərdə öz payı olan sahəyə, eyni zamanda başlanılmış genişmiqyaslı islahatların ünvanına çevrilib.
Son 14 ildə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər həyata keçirildiyini diqqətə çatdıran Əhməd Əhmədzadə deyib: “Bütün maliyyə mənbələri hesabına 2004-2017-ci illərdə 4 min kilometr uzunluğunda suvarma kanallarının, 2,4 min kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası, 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib. Mövcud torpaq mühafizə bəndlərinin 800 kilometrdən artıq hissəsi əsaslı surətdə hündürlənib və möhkəmləndirilib, çaylarda sel və daşqınlara qarşı 183 kilometrdən artıq mühafizə tədbirləri həyata keçirilib, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 1959 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib. Ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilib, eləcə də ümumi sututumu 15,5 milyon kubmetr olan 3 su anbarı isə (Pirsaatçay, Zoğalavaçay, Ləvain) təmir-bərpa edilib. Respublikanın 8 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilib, Ağsu, İsmayıllı, Siyəzən, Şabran, Cəllilabad, Lerik və Masallı rayonlarında içməli su və kanalizasiya xətlərinin tikintisi başa çatdırılıb, Yardımlı rayonunda isə bu işlər davam etdirilib”.
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində görülən işlərdən danışan ASC sədri qeyd edib ki, layihəyə daxil olan Xanarx kanalının tikintisi 2006-cı ildə, Samur çayı üzərində yerləşən Baş suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında Baş sudurulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 kilometr olan təsərrüfatlararası kanalların yenidən qurulması işləri 2007-ci ildə başa çatdırılıb. Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun 3-cü hissəsinin tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilib.
Suvarma və kollektor-drenaj şəbəkələrində 671 milyon kubmetr həcmində lildən təmizləmə işləri görülüb, 73 min ədəd hidrotexniki qurğu təmir edilib, 400-dən artıq nasos stansiyası əsaslı şəkildə təmir-bərpa edilib, çay məcralarında 183 milyon kubmetr həcmində məcratəmizləmə və nizamlama işləri yerinə yetirilib, 250 min kubmetr həcmində şax-daş, faşın-qamış və qabion bəndlər quraşdırılıb, daş-beton bəndlərdə 295 min kubmetr həcmində təmir işləri görülüb.
Bildirilib ki, dövlət başçısının meliorasiya və su təsərrüfatı sahəsinə diqqət və qayğısının nəticəsi olaraq mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşıb, sahəyə ayrılan investisiya vəsaitinin həcmi 20 dəfə, istismar xərclərinə ayrılan vəsait 6 dəfəyə qədər, sistem üzrə işçilərin əməkhaqqı isə 7,4 dəfə artıb, sahənin maddi-texniki bazası xeyli gücləndirilib, 2100-dən artıq maşın və mexanizm alınıb.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda respublikanın 50 rayon və 3 şəhərində həyata keçirilməsi nəzərdə tutulan meliorasiya-irriqasiya, eləcə də sel və daşqınlara qarşı mübarizə tədbirləri əvvəlki illərdə olduğu kimi, uğurla davam etdirilərək dörd il ərzində 223 min hektar suvarılan torpaqların su təminatı və 82 min hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılıb, 103 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, sel və daşqınlara qarşı 17 kilometrə yaxın sahilbərkitmə işləri həyata keçirilib. Eyni zamanda, əkin sahələrinin suvarma və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün istifadəyə verilmiş 1067 ədəd subartezian quyusunun 1000 ədədi dövlət proqramının icrası dövründə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına həyata keçirilib.
Proqramın icrası müddətində Xızı və Siyəzən rayonlarında layihə üzrə nəzərdə tutulan 16581 hektar yeni suvarılan sahələr suvarma suyu ilə təmin edilib və 8135 hektar sahənin su təminatı yaxşılaşdırılıb. Şabran rayonunda isə 2017-ci ildə 5189 hektar yeni suvarılacaq torpaqlar meliorativ tədbirlər aparılaraq istifadəyə verilib və 5066 hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılıb. Taxtakörpü su anbarı zonasında ümumilikdə nəzərdə tutulan 30 min hektara yaxın yeni suvarılacaq torpaqlardan 2017-ci ilin sonuna görülmüş meliorativ tədbirlər nəticəsində 22 min hektarı aqroparklar və iri təsərrüfatlar tərəfindən əkin dövriyyəsinə cəlb edilib. Eyni zamanda, “Şabran Aqropark”a məxsus 1738 hektar torpaq sahəsi suvarma suyu ilə təmin olunub və bu torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri davam etdirilib.
Vurğulanıb ki, 2014-cü il noyabrın 15-də Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilən Şəmkirçay su anbarı zonasında 2015-ci ildə əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 kilometr uzunluğunda magistral kanalların tikintisi başa çatdırılıb. Şəmkirçay su anbarında yığılan 723 milyon kubmetr su hesabına Şəmkir, Samux və Göygöl rayonlarının 35 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılıb. Şəmkir və Göygöl rayonlarının 4 min hektar, eləcə də “Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılan sahələri suvarma suyu ilə təmin edilib.
Şəmkirçay su anbarından Şəmkir və Göygöl rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların, eləcə də Goranboy rayonunun əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə uzunluğu 27,9 kilometr olan Şəmkir-Samux-Goranboy suvarma magistral kanalının 2-ci növbəsinin tikintisinə başlanılıb. Kanalın İpək yoluna qədər olan 8,5 kilometrlik hissəsi tamamlanaraq Samux və Goranboy rayonlarının 8000 hektar (ondan 980 hektarı yeni suvarılacaq torpaqlardır) sahəsinə suvarma suyu çatdırılıb. Goranboy rayonunun daha 18 min hektardan çox sahəsinə suyun çatdırılması üçün kanalda tikinti işləri davam etdirilir. Prezident İlham Əliyev ötən il avqustun 19-da Samux və Goranboy rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi mərasimlərində iştirak edib.
Keçmiş SSRİ dövründən tikintisi yarımçıq qalmış Tovuz və Şəmkir rayonlarının 20 min hektara yaxın əkin sahəsinin su təminatının yaxşılaşdırılmasına və yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının inşasının 2016-cı ildə başa çatdırıldığını vurğulayan ASC sədri qeyd edib ki, Sabirabad rayonu ərazisində H kanalının 7,8 kilometr hissəsinin beton məcrada qurğularla birlikdə tikintisi 2017-ci il mayın 1-də başa çatdırılıb. Bununla 1-ci mərhələdə 4 min hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılıb və 200 hektar yeni suvarılan torpaq sahəsi suvarma suyu ilə təmin edilib.
Prezident İlham Əliyev ötən il sentyabrın 24-də Neftçala magistral kanalında görülən işlərlə tanış olub və Kür çayından 1-ci mərhələdə rayonun 7770 hektar yeni suvarılacaq və 970 hektar mövcud əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak edib.
Aqroparkların və iri təsərrüfatların yaradılması məqsədilə 2017-ci ildə Araz çayının yeni qolu vasitəsilə Saatlı (24325 hektar), İmişli (5812 hektar) və Biləsuvar (9356 hektar) rayonlarının 39493 hektar qış otlaq sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün 54,2 kilometr uzunluğunda torpaq məcralı kanalın tikinti işləri üzərindəki hidrotexniki qurğularla birlikdə tamamlanıb. Goranboy və Samux rayonlarında yaradılan aqroparkların 4700 hektar sahəsinə Şəmkir-Samux-Goranboy suvarma magistral kanalından suvarma suyunun çatdırılması üçün 1-ci mərhələdə 12,1 kilometr suvarma boru kəmərinin və həcmi 100 min kubmetr olan beton üzlüklü su hovuzunun tikintisi başa çatdırılıb. Şabran rayonu ərazisində “Şabran Aqropark” MMC-yə məxsus 1740 hektar sahəyə suvarma suyunun verilməsi üçün tutumu 150 min kubmetr olan beton üzlüklü su hovuzunun tikintisi tamamlanıb, bu torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün işlər davam etdirilir. Qax rayonunda yaradılan aqroparka məxsus 1550 hektar torpaq sahəsinin 1-ci mərhələdə 665 hektarına suvarma suyu çatdırılıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 400 hektar əkin sahəsinə Araz çayından suvarma suyunun verilməsi üçün nasos stansiyasının, təzyiqli boru kəmərinin tikintisi aparılıb.
Dövlət proqramının icrası müddətində Dünya Bankının krediti hesabına 2014-2017-ci illərdə 119 min hektara yaxın sahədə suvarma-drenaj şəbəkəsinin təmir-bərpası başa çatdırılıb ki, bu da respublikanın 15 rayonunda pambıqçılığın, taxılçılığın və digər kənd təsərrüfatı bitkilərinin inkişafına şərait yaradıb.
Eyni zamanda, 2017-ci ildə respublika iqtisadiyyatının inkişafında böyük əhəmiyyət kəsb edəcək daha bir nəhəng infrastruktur layihəsinin - Yuxarı Şirvan kanalının yenidən qurulmasının xarici məsləhətçilər cəlb edilməklə ilkin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanıb. Şirvan zonasına yeni həyat verəcək bu layihə 10 rayonun 125 min hektardan çox əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 106 min hektar yeni suvarılan torpaqların dövriyyəyə verilməsi ilə ümumilikdə 231 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə, eləcə də regionda ekoloji mühitin yaxşılaşdırılmasına və Hacıqabul gölündə yaranmış təhlükəli ekoloji vəziyyətin qarşısının alınmasına imkan yaradacaq. Hazırda beynəlxalq məsləhətçi şirkətlər cəlb edilməklə işçi layihə və tender sənədlərinin hazırlanması işləri davam etdirilir.
2017-ci ildə Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınmış torpaq mühafizə bəndlərinin 68,4 kilometr məsafəsində möhkəmləndirmə, 3600 kubmetr həcmində daş və beton məmulatları ilə sahilbərkitmə, suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 42,2 milyon kubmetr həcmində lildən təmizləmə işləri görülüb, 4400 hidrotexniki qurğu, 216 subartezian quyusu, 240 nasos və mühərrik təmir olunub.
Görülmüş tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə tam təmin edilib. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1437 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılıb, o cümlədən taxıl 544691 hektarda 2,3 dəfə, pambıq 136104 hektarda 3,1 dəfə, tütün 2914 hektarda 4,5 dəfə, yem bitkiləri 423053 hektarda 3,6 dəfə, bostan-tərəvəz 67408 hektarda 5,3 dəfə, çoxillik əkmələr 105157 hektarda 3,3 dəfə və həyətyanı sahələr 157725 hektarda 4,6 dəfə suvarılıb.
ASC-nin sədri regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan konfransda Prezident İlham Əliyev tərəfindən səhmdar cəmiyyətin kollektivi qarşısında suvarılan torpaqların 2018-ci ildə daha 100 min hektar artırılması ilə ixracyönümlü kənd təsərrüfatı məhsullarının inkişafı istiqamətində müəyyən edilmiş hədəflərə nail olunması üçün mühüm vəzifələr qoyduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, 2018-ci ildə də böyüklüyünə və kənd təsərrüfatına təsirinə görə xüsusi rola malik olan Taxtakörpü və Şəmkirçay su anbarları zonalarında magistral və paylayıcı suvarma kanallarının tikintisi işləri davam etdiriləcək. Şəmkir-Samux-Goranboy magistral kanalının İpək yolu ilə kəsişmə qurğusunda və ondan sonra kanalın 5 kilometrə qədər hissəsində tamamlama işləri başa çatdırılaraq Goranboy rayonunda 8000 hektar sahəyə suvarma suyu çatdırılacaq. Taxtakörpü su anbarı zonasında isə Şabran rayonunda meliorativ tədbirlər davam etdirilərək 12 min hektar, o cümlədən 5 min hektara yaxın yeni torpaqlar istifadəyə veriləcək və 7 min hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. Eyni zamanda, Şabran rayonunda 8 min hektara yaxın torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkələrinin tikintisi işləri yerinə yetiriləcək.
Əhməd Əhmədzadə deyib: “Kür çayında nasos stansiyasında və H kanalında tikinti işləri davam etdirilərək Sabirabad rayonu üzrə qalan 7551 hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq, eləcə də rayonun Kür çayı üzərindəki nasos stansiyasında və magistral kanalda tikinti işlərini tamamlamaqla, rayonun 9320 hektara yaxın az məhsuldar qış otlaq sahələrinə suvarma suyu çatdırılacaq. Eyni zamanda, bu layihələr çərçivəsində Biləsuvar rayonunun 1631 hektarı yeni torpaq sahələri suvarma suyu ilə təmin ediləcək.
Goranboy və Qax rayonlarında yaradılmış aqroparklara məxsus torpaq sahələrində meliorativ tədbirlər davam etdirilərək bu torpaqlara suvarma suyunun çatdırılması, ötən ildə suvarma suyu çatdırılmış Şabran rayonunda yaradılacaq aqroparka məxsus 1740 hektar sahədə isə torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri başa çatdırılacaq. Şəki və Oğuz rayonlarında 12 min hektar sahədə yaradılacaq aqroparka məxsus torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün layihə sənədlərini tamamlamaqla yaxın günlərdə Türyançay çayında nasos stansiyasının və təzyiqli boru kəmərinin tikintisi işlərinə başlanılacaq. Xəzər, Pirallahı və Xızı rayonlarında zeytun və badam bağları salınacaq 5000 hektar sahənin 2400 hektarında tikinti işləri başa çatdırılaraq suvarma suyu ilə təmin ediləcək. Eyni zamanda, Neftçala və Yuxarı Mil kanallarının tikintisi davam etdirilərək Neftçala rayonunun 12433 hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq, Ağcabədi rayonunda isə 1900 hektar yeni torpaq sahələrinə suvarma suyu çatdırılacaq”.
ASC sədri həmçinin bildirib ki, ötən ildə torpaq məcrada inşa olunmuş 54 kilometr uzunluğunda Araz çayının yeni qolunun cari ildə beton üzlüyə alınması ilə Saatlı, Biləsuvar və İmişli rayonlarında daha 13 min hektardan çox yeni torpaq sahələrinə suvarma suyunun verilməsi mümkün olacaq. Prezidentin sərəncamı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə bitişik Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin 280 hektar əkin sahəsinə Araz çayından suvarma suyu verilməsi üçün nasos stansiyasının, təzyiqli boru kəmərinin tikintisi davam etdirilərək bu torpaqlar suvarma suyu ilə təmin ediləcək.
Cari ildə respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 ədəd subartezian quyusu qazılaraq istifadəyə veriləcək. Eyni zamanda, Yuxarı Şirvan kanalının yenidənqurulmasının işçi layihə və tender sənədlərinin hazırlanması işləri davam etdiriləcək. 2018-ci ildə respublika üzrə 1447 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulub. Bunun üçün cari ildə suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62 milyon kubmetr həcmində lildən təmizləmə işlərinin görülməsi, 5900 hidrotexniki qurğunun, 156 subartezian quyusunun, 270 nasos və mühərrikin təmir edilməsi planlaşdırılıb.
Bununla yanaşı, çay məcralarında 10,3 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılacaq, 10 min kubmetr şax-daş, faşın və qabion bəndlər quraşdırılacaq, torpaq mühafizə bəndlərində 6300 kubmetr həcmində möhkəmləndirmə işləri, 2800 kubmetr həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri və daş-beton bəndlərdə 18 min kubmetr həcmində təmir işləri görüləcək.
“Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş dövlət proqramları və tədbirlər planlarında, regionların sosial-iqtisadi inkişafı dövlət proqramında, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulub. Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərinin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaq” deyə ASC-nin sədri vurğulayıb.
İclasda, eyni zamanda səhmdar cəmiyyətin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin direktoru Ramiz Vəkilov, “Azdövsutəslayihə” İnstitutunun direktoru Elbrus Paşayev, Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev, Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Rauf Teyyubov, Yuxarı Şirvan Kanalı İstismarı İdarəsinin rəisi İlyas Səfərov, Kür-Araz çaylarında bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyev, Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər İsmayılov, Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsinin rəisi Asif Mikayılov çıxış edərək meliorasiya və irriqasiya obyektlərinin vaxtında və keyfiyyətlə layihələndirilməsi, tikilməsi, yenidən qurulması və bərpası, meliorasiya və su təsərrüfatı obyektlərinin istismarı, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, əkin sahələrinə tələb olunan həcmdə suvarma suyunun verilməsi, sudan səmərəli və qənaətlə istifadə edilməsi və bu sahədə digər işlərin günün tələbləri səviyyəsində qurulacağından və qarşıda qoyulan vəzifələrin vaxtında icra olunmasından danışıblar.
ASC sədri regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan konfransda melioratorlar qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün konkret tapşırıqlar verib. Həmçinin Prezidentin konfransdakı nitqindən irəli gələn vəzifələrin icrasının vaxtında təmin edilməsi üçün tədbirlər planı qəbul edilib.
“Meliorasiya və
Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti
kollektivinin və respublikanın bütün
melioratorlarının Prezident İlham Əliyevə müstəqil
Azərbaycanın daha da inkişafı, ərazi
bütövlüyünün bərpa edilməsi naminə
apardığı gərgin və şərəfli işində
yeni-yeni uğurlar arzuladıqlarını diqqətə
çatdıran Əhməd Əhmədzadə bildirib ki, hər
bir meliorator qarşıya qoyulmuş vəzifələrin
vaxtında və layiqincə yerinə yetirilməsi
üçün bundan sonra da bütün bacarıq və
imkanlarını səfərbər etməlidir.
Azərbaycan.-
2018.- 7 fevral.- S.6.