Əfsanələşən qəhrəmanımız
Yaşasaydı bu gün
30 yaşı tamam olacaqdı
Çox az adamın tanıdığı bir gənc vardı. 1988-ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində dünyaya göz açmışdı.
Üç uşağın sonbeşiyi idi. Ona ad seçəndə fikirlər fərqli oldu. Əvvəl “Müqəddəs olsun” dedilər. Sonra ona Mübariz adını verdilər. Mübariz İbrahimov bu adların hər ikisinə layiq ömür yaşadı.
Valideynləri zəhmətkeş insanlardır. Oğlanları onlardan halallığı öyrəndilər. Ata-anası tarlaya işləməyə gedəndə balaca Mübarizlə qardaşlarını nənələrinin yanında qoyurdular. Geri dönəndə sonbeşikləri barədə heç vaxt şikayət eşitmirdilər. Mübariz elə uşaqlıqdan məğrur idi, danlanmağı xoşlamırdı. Elə davranırdı ki, kimsə ona könlünü qıran söz söyləməsin. Bir də kiminsə onunla hökmlə danışmasını qəbul etmirdi. Valideynləri, qardaşları “dilini” bilirdilər. Sonralar təhsil aldığı şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində də istər-istəməz hamı onunla xoş davranırdı. Bu tərbiyəli, abırlı, hər sözünün, zarafatının ölçüsünü bilən oğlana ailədə, məktəbdə, kənddə hər kəsin sevgisi, rəğbəti böyük idi.
Kiçik yaşlarından Mübariz də qardaşları kimi valideynlərinin köməyinə çatdı. Bir də kimsəyə söz açmadığı öz aləmi vardı. Döyüş filmlərinə, xüsusilə də sevdiyi aktyorların - Van Dammın, Silvester Stallonenin çəkildiyi filmlərə baxmağı xoşlayırdı. Özü də kiçik yaşlarından idmanla məşğul olurdu. Uşaqlıqdan fiziki cəhətdən çox güclü olan bu oğlanın bir xasiyyəti də var idi. Həmişə haqqın, haqlının tərəfində dayanırdı. Buna görə çətin vəziyyətlərə düşsə də, geri dönməzdi.
Belə keçdi qəhrəman Mübarizin uşaqlığı. Böyüdükcə döyüşlərin yalnız filmlərdə olmadığını öyrəndi. Çünki Dağlıq Qarabağda gedən döyüşlərdən, erməni işğalçılarının Xocalıda və digər ərazilərimizdə törətdikləri faciələrdən bəhs edən ekran əsərləri ssenari müəlliflərinin, rejissorların təxəyyüllərinin məhsulu deyildi. Elə Mübariz İbrahimovun gördüyü, tanıdığı bir çox igidlər o döyüşlərdə iştirak etmiş, neçəsi şəhid olmuşdu.
Erməni işğalçılarının torpaqlarımıza hücum etmələri, onların qətlə yetirdikləri, əsir götürdükləri, evlərini dağıdıb obalarını viran etdikləri yurddaşlarımızın dərdi hər bir azərbaycanlı kimi, Mübariz İbrahimovun da ürəyini dağlayırdı. Belə xəbərləri eşitdikcə yumruqları düyünlənirdi.
Orta məktəbi 2005-ci ildə bitirdi. Hərbi xidmətə yollandı. Bakıda hərbi hissələrdən birinə göndərildi. Vətənin hər qarışı əzizdir, müqəddəsdir və göz bəbəyi kimi qorunmalıdır. Mübariz də xidmət etdiyi bir il altı ay müddətində özünü nizam-intizamlı əsgər kimi göstərdi, çavuş rütbəsinə yüksəldi. Ancaq torpaqlarımızın erməni əsarətində qaldığı vaxtda paytaxtda əsgərlik etməsi ürəyincə olmamışdı.
Hərbi xidmətdə ikən iki dəfə məzuniyyətə göndərildi. Biri qanuni məzuniyyəti idi, digəri xidmətdə fərqləndiyinə görə verilmişdi. Əsgərlik müddəti bitdi. Mübariz evlərinə döndü. Amma narahat idi. Yenidən Bakıya gəlib banklardan birində mühafizəçi işləməyə başladı. Bir il belə ötdü. Və... Mübariz işdən çıxmaq üçün ərizə yazdı. Evə qayıdıb ata-anasına hərbçi olmaq arzusunu söylədi. Valideynlərinin razılığını almaq gözlədiyindən çətin oldu. Fikri qəti idi və gec-tez həyata keçirəcəkdi. Amma ata-ana üzünə ağ olmaq, onların xeyir-duasını almadan yola çıxmaq istəmirdi. Yenə Bakıya gəlib bir müddət tikintidə fəhlə, idman zallarının birində məşqçi, sonra Bibiheybət məscidində qardaşıyla birlikdə bağban işlədi. Hərbiyə qayıtmaq arzusu bir an belə onu tərk etmirdi. Yenə ümidlə valideynlərinə üz tutdu. Onun niyyətindən dönməyəcəyini görən ata-anası xeyir-dua verdi.
Altı ay gizirlik kursunda oxudu. Bir neçə ay düşmənlə sərhəd rayonlarında xidmət etmək ona qismət olmadı. Axır ki, arzusuna çatdı. 2010-cu ilin aprelində Tərtərdə hərbi xidmətə başladı. May ayında səkkiz günlük məzuniyyətlə gəlişi ilə doğmalarını şad etdi. Çox gümrah görünürdü. Məzuniyyət müddətində hər kəslə görüşdü, sanki son görüş olduğunu bilirdi...
Döyüş əməliyyatından bir gün əvvəl anası ilə telefonla danışdı. Özlərindən muğayat olmalarını, bir də qardaşlarına toy etmələrini istədi. Anasından xahiş etdi ki, dualarını əskik etməsin. Sonra valideynlərinə vida məktubunu yazdı: “Canım atam və anam, məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşərik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu eləməliyəm. Ən azından ürəyim sərinlik tapır. İnşallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəyəm. Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu eləməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Səhəri gün - 2010-cu ilin 19 iyununda Mübariz döyüş yoldaşlarına xəbər vermədən hazırlaşdı. Düşmənlə üzbəüz bir kilometrlik neytral ərazini keçərək gecə saat 22.30 radələrində Ermənistan silahlı qüvvələrinin mövqelərinə hücum etdi. Düşmənin hərbi ərazisinə daxil olaraq onlarla erməni əsgərini və zabitini öldürdü. Erməni ordusuna qarşı beş saat tək vuruşduqdan sonra silah-sursatı bitdi...
...İyunun 20-si səhər saatlarında Mübarizin xidmət etdiyi batalyondan evlərinə zəng edildi. Mübarizi xəbər aldılar, onun hərbi hissədən silahları götürərək yoxa çıxdığını dedilər. Atasının cavabı qəti oldu: “Mən oğlumu tanıyıram, sərhədə doğru gedin”. Sonra hərbi hissədə qəhrəmanın məktubunu tapdılar. İyunun 20-si axşamı ailəsi televiziyanın xəbərlər buraxılışında Mübarizin həlak olduğu xəbərini eşitdi...
Mübarizin qəhrəmanlığı, qorxmazlığı ermənilərin gözünün odunu almışdı. Azərbaycanın igid oğlunun cəsədi belə onları qorxuya salırdı. Şəhidin əllərini bağladılar. Ermənistanda matəm elan olundu. Ermənistan Müdafiə Nazirliyi baş vermiş hadisə ilə bağlı 2 generalı və 8 zabiti ordudan qovdu.
Şəhid gizirin cəsədinin alınması üçün dövlət başçısı İlham Əliyev ciddi iş apardı. İki ay sonra Mübariz Azərbaycana təhvil verildi. Noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasimində Ali Baş Komandan İlham Əliyev başda olmaqla minlərlə insan iştirak etdi. Şəhid İkinci Fəxri xiyabanda dəfn olundu...
Prezident İlham Əliyev Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə Milli Qəhrəman adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzaladı. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi əbədiləşdirildi. Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə və rayondakı mərkəzi küçələrdən birinə onun adı verildi.
...Hər kəsin tanıdığı bir gənc var. Qəhrəmanlığı haqqında yalnız Azərbaycanda deyil, digər ölkələrdə də əfasanəyəbənzər hadisələr danışılır. Bu gün onun - əfsanələşən qəhrəmanımızın dünyaya gəlişinin otuzuncu ili tamam olur. Bu yaş sırası ildən-ilə dəyişəcək. Amma onu iyirmi iki yaşından uzaqlaşdıra bilməyəcək. Mübariz ömrü iyirmi ikisində zirvələşdi. Biz isə hər yaşda onun ucalığına boylanacağıq.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2018.-7 fevral.- S.1; 8.