Xalqın sınadığı,
inandığı, güvəndiyi ən layiqlı namizəd
Yeni Azərbaycan Partiyası İlham
Əliyevin prezidentliyə namizədliyini irəli sürüb
Fevralın
8-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni
Azərbaycan Partiyasının (YAP) VI qurultayı
keçirilib.
AZƏRTAC
xəbər verir ki, YAP-ın 700 mindən çox
üzvünü təmsil edən nümayəndələrin
iştirak etdikləri qurultayda partiyanın sədri, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev nitq söylədi.
Partiyanın sədri, Prezident
İlham Əliyevin nitqi
- Hörmətli
Yeni Azərbaycan Partiyasının üzvləri, əziz
dostlar.
Bu gün
partiyamızın qurultayı keçirilir. Qurultay ölkəmizin
ictimai-siyasi həyatında əlamətdar hadisədir.
Çünki Yeni Azərbaycan Partiyası ölkəmizdə
aparıcı siyasi qüvvədir. Partiyamızın
ideyaları, siyasəti xalq tərəfindən dəstəklənir.
Partiyamızın sıraları genişlənir, 700 mindən
çox üzvümüz var və çox sevindirici hal ondan
ibarətdir ki, gənclər partiyaya üz tuturlar. Gənclərin
axını partiyamızın gələcək
inkişafı üçün də əsas şərtlərdən
biridir.
Keçən ilin noyabrında biz partiyamızın 25 illik yubileyini qeyd etmişik. Bu 25 il ərzində partiyamız uğurlu və şərəfli yol keçmişdir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanmışdır və bu 25 il qələbələr salnaməsidir. 1992-ci ildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan şəhərində keçirilmiş partiyamızın təsis konfransı tarixi hadisə idi və 25 ildən sonra biz bunu əyani şəkildə ölkəmizdə mövcud olan vəziyyətdə, əldə etdiyimiz uğurlarda görürük. O vaxt partiyamızın yaradılması dönüş nöqtəsi idi. Əgər o vaxt bu partiyamız yaradılmasaydı, bilmək olmazdı ölkə hansı istiqamətdə inkişaf edəcəkdi. Çünki o vaxt ölkəmizin qarşısında çox ciddi problemlər durmuşdu. Demək olar ki, Azərbaycan, onun gənc müstəqilliyi təhlükə altında idi. O vaxt hakimiyyəti 1992-ci ildə qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi uçuruma aparırdı. Azərbaycanda iqtisadi tənəzzül, sənayenin iflic vəziyyətə düşməsi, siyasi, iqtisadi, ondan sonra da hərbi böhran demək olar ki, müstəqilliyimizi şübhə altına alırdı. Belə bir vəziyyətdə Azərbaycan xalqı öz Liderinə üz tutdu və partiyamızın yaradılması, əlbəttə ki, burada həlledici rol oynamışdır. Onu da biz yaxşı xatırlayırıq və əlbəttə partiya üzvləri bunu bilir, Azərbaycan ictimaiyyəti də bilir ki, o vaxt hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş hakimiyyət imkan verməmişdi ki, partiyamızın qurultayı Bakıda keçirilsin. Fəallar, vətənpərvər insanlar Naxçıvana gəlmiş və Heydər Əliyevin sədrliyi ilə partiyamızın yaradılması haqqında bəyanat verilmişdir. Ondan bir neçə ay sonra xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi və ölkəmiz inkişaf yoluna qədəm qoydu. AXC-Müsavat cütlüyü tərəfindən başlanmış vətəndaş müharibəsi dayandırıldı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, qayda-qanun yaradıldı, milli vətəndaş həmrəyliyi üçün əsas yaradıldı, azərbaycançılıq ideologiyası bəyan edildi və bu gün də bizim əsas ideoloji dayağımızdır. Ölkə Konstitusiyası qəbul edildi, iqtisadiyyatda, siyasi sahədə ciddi islahatlara start verildi, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi və ölkə ilə bağlı həqiqətlər dünya birliyinə çatdırıldı. Bir sözlə, 1993-cü ildən başlayaraq Azərbaycan uğurlu inkişaf yolu ilə gedir və inkişaf üçün əsas şərt - sabitlik tam bərqərar olmuşdur. Çünki sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Məhz o illərdə - Ulu Öndər hakimiyyətə gələndən bir il sonra “Əsrin kontraktı” imzalanmışdır. Bu, bu gün də və gələcək illərdə də ölkə iqtisadiyyatı üçün müstəsna rol oynayan kontraktdır. Keçən ilin sentyabrında Ulu Öndərin adını daşıyan bu möhtəşəm Heydər Əliyev Mərkəzində kontraktın 2050-ci ilə qədər uzadılması haqqında qərar verildi. Görün, bu kontraktın nə qədər böyük əhəmiyyəti var ki, artıq yarım əsrdən çox müddətdə Azərbaycan xalqına xidmət edəcəkdir.
Azərbaycana investisiyalar qoyulmağa və ölkəmiz sürətlə inkişaf etməyə başlamışdır. 2003-cü ildən sonra da Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir.
2003-cü ildən bu günə qədər keçən dövr haqqında geniş danışmaq istəmirəm. Mən müntəzəm olaraq həm görülmüş işlərlə və həm də planlarla bağlı Azərbaycan ictimaiyyətinə məlumatlar verirəm. Sadəcə onu demək istəyirəm ki, bu illər Azərbaycanda sürətli inkişaf dövrü olmuşdur və Azərbaycan dünyada analoqu olmayan iqtisadi templərlə inkişaf etmişdir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilmişdir, 2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapmışdır.
Bu gün mən gələcək planlar, gələcəklə bağlı fikirlər haqqında öz sözlərimi sizinlə və Azərbaycan ictimaiyyəti ilə bölüşmək istəyirəm ki, biz Azərbaycanı gələcəkdə daha da güclü dövlətə çevirmək üçün hansı işləri görməliyik.
Daxili siyasətlə bağlı. Bizim son illər apardığımız siyasət özünü tam doğrultdu, Azərbaycanda sabitlik mövcuddur. Qeyd etdiyim kimi, sabitlik hər bir inkişafın əsas şərtidir. Biz görürük ki, son 5-6 il ərzində dünyanın müxtəlif yerlərində, bizim regionumuzda çox ciddi, narahatedici proseslər gedir. Qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, ölkələrin bir-birinin işinə kobudcasına qarışması, hərbi müdaxilələr - bütün bunlar bizim gözümüzün önündə baş verən məsələlərdir. Biz görürük və bütün bəşəriyyət əyani şəkildə görür ki, sabitlik pozulduqda heç bir inkişafdan söhbət gedə bilməz. Bu, xalqlara, ölkələrə böyük bəlalar, faciələr gətirir. Bu gün dağılmış vəziyyətdə olan və daxili inteqrasiyanı tamamilə itirən ölkələrin gələcək taleyi böyük sual altındadır. Ona görə həyat və yaxın tarixin mənzərəsi göstərir ki, sabitlik əsas amildir və sabitlik necə təmin edilməlidir? Ancaq düzgün siyasətlə. O siyasət ki, onun mərkəzində xalq dayanır, ölkə vətəndaşı dayanır. Biz məhz bu siyasəti aparırıq. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır. Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir, bu gün var və gündən-günə güclənir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir. Çünki bizim siyasətimiz ictimaiyyət tərəfindən dəstəklənir və ictimaiyyət də görür ki, bizim siyasətimiz real, konkret nəticələrə gətirib çıxarır.
Ölkəmizdə ictimai asayiş qorunur, kriminogen durum çox müsbətdir, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bunu Azərbaycan vətəndaşları yaxşı bilirlər, ölkəmizə gələn çoxsaylı turistlər görürlər. Təhlükəsizlik və sabitlik bizi fərqləndirən müsbət amillərdir.
Ölkəmizdə, eyni zamanda, bütün azadlıqlar təmin edilir və edilməlidir, bu da bizim siyasətimizdir. Gələcək illərdə də demokratik inkişafla bağlı yeni addımlar atılacaqdır, siyasi islahatlar davam etdiriləcəkdir. Son illər ərzində bu istiqamətdə gözəl nəticələr əldə edilib və bu, daimi prosesdir. Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik. Bu gün də vəziyyət çox yaxşıdır, müsbətdir. Bütün azadlıqlar - söz, mətbuat, sərbəst toplaşma azadlığı tam təmin edilir və ediləcəkdir. Bu, bizim prinsipial siyasətimizdir. Mən tam əminəm ki, əgər biz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək istəyiriksə, - biz bunu istəyirik, - mütləq siyasi və iqtisadi islahatlar paralel xətlə davam etdirilməlidir.
Azərbaycanda vicdan azadlığı tam təmin edilir və ediləcəkdir. Bundan sonra da Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkə kimi uğurla inkişaf edəcək. Bundan sonra da ölkəmizdə bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bu, bizim böyük sərvətimizdir. Bu, ölkəmizin uğurlu inkişafı üçün əsas şərtlərdən biridir, vətəndaş həmrəyliyi, vətəndaş sülhü üçün əsas şərtdir. Azərbaycanda heç vaxt milli və ya dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır, bundan sonra da olmayacaq. Bu, dövlət siyasətidir və bu siyasət Azərbaycan xalqı tərəfindən tam şəkildə dəstəklənir. Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələri dəyərli vətəndaşlar kimi öz işi, əməyi ilə ümumi inkişafımıza böyük töhfələr verirlər.
Mən xüsusilə bu məsələyə
toxundum. Bu, bizim
üçün adi haldır. Multikulturalizm bizim
üçün həyat tərzidir. Ancaq yenə də əgər
biz ətrafda gedən hadisələrə, Avropada, Yaxın
Şərqdə, digər bölgələrdə
ayrı-seçkiliyə, ksenofobiyaya rəvac verən, güclənən
amillərə nəzər salsaq görərik ki, bizim bu sahədəki
siyasətimiz təkcə ölkə daxili üçün
deyil, dünya üçün də çox önəmlidir.
Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya
miqyasında multikultural ideyaların təbliği işində
nümunəvi ölkə kimi tanınır. Təsadüfi
deyil ki, məhz bizim təşəbbüsümüzlə Azərbaycanda
bu mövzu ilə bağlı bir çox mötəbər
beynəlxalq tədbirlər keçirilmişdir. Bu il 10
illiyini qeyd edəcəyimiz “Bakı Prosesi” bu gün BMT tərəfindən
yüksək qiymətləndirilir və dəstəklənir.
Onun da təşəbbüskarı biz olmuşuq. Avropa məkanını
müsəlman aləmi ilə yaxınlaşdırmaq istəyimiz
böyük nəticə verməsə də, hər halda
müsbət tendensiyalara təkan verir. Biz öz siyasətimizi
bu istiqamətdə davam etdirəcəyik. Yenə də deyirəm,
ölkə daxilində hər hansı bir əlavə
addımların atılmasına ehtiyac yoxdur. Ancaq biz bu şərəfli
missiyanı beynəlxalq miqyasda davam etdirəcəyik.
Bizim
xarici siyasətimizlə bağlı apardığımız
xətt özünü tam doğrultdu. Azərbaycan bu gün
beynəlxalq birlik tərəfindən çox böyük rəğbətə
layiq olan ölkə kimi tanınır. Bizim
dostlarımızın sayı artır, bizi dəstəkləyən
ölkələrin sayı artır. Təkcə bir misalı
gətirmək kifayətdir ki, biz bunu sübut edək, o da 155
ölkənin bizim namizədliyimizi BMT Təhlükəsizlik
Şurasına üzv kimi dəstəkləməsidir. Bu, beynəlxalq
aləmin mütləq əksəriyyətidir. Bu dəstəyi
biz öz siyasətimizlə qazanmışıq. O siyasət
ki, beynəlxalq hüquqa və ədalətə əsaslanır.
Bu iki vacib prinsip həmişə bizim üçün əsas
olub. Biz bu prinsiplərə sadiqik. Bu prinsiplər
bütövlükdə beynəlxalq münasibətlərin tənzimlənməsində
də üstünlük təşkil etməlidir.
Biz bundan
sonra da beynəlxalq arenadakı rolumuzu fəal
aparacağıq. Bizim bütün ölkələrlə
qarşılıqlı hörmət və biri-birinin işinə
qarışmamaq şərti ilə münasibətlərimiz
qurulub. Bu münasibətləri biz möhkəmləndirəcəyik.
Qonşu dövlətlərlə əlaqələrimiz daha da
yüksək pilləyə qalxacaqdır. Mən buna əminəm.
Çünki hazırda başladığımız və
davam etdirdiyimiz iqtisadi və digər layihələr bunu deməyə
əsas verir.
Müsəlman
aləmində Azərbaycan çox böyük dəstəyə
malik olan bir ölkədir. İslam Əməkdaşlıq Təşkilatı
dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı ədaləti
əks etdirən qətnamələr qəbul etmişdir. Baxmayaraq,
müsəlman aləmində əfsuslar olsun ki, birlikdən
danışmaq mümkün deyil, ancaq biz öz səylərimizlə
bu birliyə aparan yolda çox fəal iş
görürük. İslam Həmrəyliyi Oyunlarının
keçirilməsi, “İslam Həmrəyliyi İli” elan edilməsi
müsəlman aləmində çox yüksək qiymətləndirilib.
Bu gün hesab edirəm ki, müsəlman aləmində Azərbaycan
müəyyən dərəcədə
barışdırıcı, əlaqələndirici
missiyanı uğurla icra edir. Biz bundan sonra da
çalışmalıyıq ki, həmrəyliyi möhkəmləndirək,
xoşagəlməz tendensiyalar səngisin.
Eyni
zamanda, Avropa ölkələri ilə bizim yaxın münasibətlərimiz
var. Keçən il Avropa İttifaqı ilə yeni saziş
üzərində danışıqlar
başlamışdır. Avropa İttifaqına üzv ölkələr
bizim əsas ticarət tərəfdaşlarımızdır, əsas
investorlardır. Əlbəttə ki, bizim siyasi, iqtisadi, enerji
sahələrində əlaqələrimiz çox yüksək
səviyyədədir. Bizim üçün də bu əməkdaşlıq
çox önəmlidir. Çünki Azərbaycan
müasirliyə gedən yoldadır. Biz inkişaf etməliyik,
biz ən qabaqcıl standartları milli dəyərlərimizə
uyğun olan şərtlə tətbiq etməliyik. Biz çox
möhkəm milli köklər üzərində
dayanmışıq və bu, bizim üçün əsasdır.
Eyni zamanda, biz həmişə dünyaya açıq
olmalıyıq və ən qabaqcıl texnologiyaları ölkəmizə
gətirməliyik.
İndi
hamı bilir ki, Azərbaycan prinsipial mövqedədir, müstəqil
siyasət aparır. O siyasət ki, Azərbaycan xalqının
maraqlarını təmin edir, o siyasət ki, bir çox tərəfdaşlar
üçün də əlavə imkanlar yaradır. Beynəlxalq
təşkilatlar çərçivəsində fəaliyyətimizi
uğurla davam etdirəcəyik. Bütün mötəbər
beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı bizim
mövqeyimizi dəstəkləyir. BMT, ATƏT, Avropa
Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq
Təşkilatı, Qoşulmama Hərəkatı –
bütün bu aparıcı təşkilatlar münaqişə
ilə bağlı bizim mövqeyimizi dəstəkləyən
qətnamələr, qərarlar qəbul etmişlər. Beləliklə,
münaqişənin həlli üçün siyasi əsaslar
da qoyulub. Hüquqi əsaslar onsuz da var. Bütün dünya
Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi
kimi tanıyır. Heç bir ölkə bu qondarma qurumu
tanımayıb və əminəm ki, heç vaxt tanımayacaq.
Tarixi əsaslar da bizim mövqeyimizi gücləndirir.
Çünki Dağlıq Qarabağ bizim əzəli, tarixi
torpağımızdır. Beynəlxalq təşkilatların
qərar və qətnamələri həm hüquqi, həm
siyasi əsasları möhkəmləndirir. Münaqişənin
həlli ilə bağlı bizim mövqeyimiz
üstünlük təşkil edir, xüsusilə indiki şəraitdə.
Dünyanın müxtəlif yerlərində, eyni zamanda,
Avropada separatizm meyilləri artır. Avropa da görür ki,
separatizm nə dərəcədə təhlükəli
meyildir. Biz isə təcavüzkar separatizmlə üzləşmişik.
Ona görə bütövlükdə münaqişələrlə
bağlı dünyada gedən proseslər, yanaşma bizim
mövqeyimizi daha da möhkəmləndirir. Təsadüfi
deyil ki, keçən ilin noyabrında Avropa
İttifaqının Şərq Tərəfdaşlığı
Zirvəsində qəbul edilmiş qətnamə Şərq Tərəfdaşlığına
üzv ölkələrin suverenliyini, ərazi bütövlüyünü,
müstəqilliyini birmənalı şəkildə dəstəkləmişdir.
Deyə bilərəm ki, ilk dəfə olaraq, bax, bu formada qətnamə
qəbul edilmişdir. Bu, Ermənistan üçün növbəti
zərbə, onların növbəti məğlubiyyəti idi
və bizim növbəti qələbəmiz idi. Əslində
bu, haqq-ədalətin növbəti qələbəsi idi. Ona
görə bu müsbət meyillər güclənəcək.
Biz, sadəcə olaraq, bundan sonra da öz siyasətimizi
aparmalıyıq, aparacağıq. Ermənistanı daha da
sıxışdırmalıyıq,
sıxışdıracağıq və öz həqiqətlərimizi
dünya birliyinə çatdırmalıyıq.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi
bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik
Şurasının qətnamələri əsasında öz
həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç
vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni
dövləti yaradılsın. Ölkəmizin ərazi
bütövlüyü danışıqlar mövzusu deyil və
heç vaxt olmayacaq. Biz, sadəcə olaraq, öz səylərimizi
daha da artırmalıyıq və artırırıq. Əminəm
ki, bu məsələ beynəlxalq hüququn norma və
prinsipləri əsasında öz ədalətli həllini
tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa
ediləcək.
Onu da qeyd
etməliyəm ki, biz tarixi torpaqlarımızı da
unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz
üçün istiqamət olmalıdır, necə ki, biz bu
gün də bu istiqamətdə iş görürük. Bizim
tarixi torpaqlarımız İrəvan xanlığıdır,
Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc
nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ
ilə bağlı - bizim əzəli torpaqlarımızın
tarixi ilə bağlı indi sanballı elmi əsərlər
yaradılır, filmlər çəkilir, sərgilər təşkil
olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal
olmalıyıq və dünyanın müxtəlif yerlərində
sərgilər, təqdimatlar keçirilməlidir.
Çünki İrəvan bizim tarixi
torpağımızdır və biz azərbaycanlılar bu
tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və
strateji hədəfimizdir və biz tədricən bu hədəfə
yaxınlaşmalıyıq.
O ki
qaldı, Ermənistana, indi hər kəs görür ki, bu
ölkə öz işğalçılıq siyasətinin
girovuna, qurbanına çevrilib. Biz onları demək olar ki,
bütün beynəlxalq layihələrdən təcrid
etmişik, bütün enerji və nəqliyyat xətləri
onlardan yan keçir və bunu biz etmişik. Baxmayaraq ki, bu, o qədər
də asan məsələ deyildi. Əfsuslar olsun ki,
dünyadakı ermənipərəst qüvvələr, erməni
lobbisi və erməni pullarına satılmış bəzi
siyasətçilər daim çalışırlar ki, Ermənistanı
da bizim təşəbbüsçüsü olduğumuz layihələrin
tərkibinə daxil etsinlər. Biz həmişə buna
çox ciddi etiraz etmişik, təşəbbüsümüzlə
həyata keçirilən layihələr Ermənistanı
tamamilə kənarda qoymuşdur. Həm Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi,
Bakı-Tbilisi-Qars layihələri onlardan yan keçmişdir.
Bizim siyasətimizə görə, Şimal-Cənub Nəqliyyat
Dəhlizi də onlardan yan keçəcəkdir. Biz bunu gizlətmirik.
Baxmayaraq, bəziləri çalışırlar bizi ittiham
etsinlər ki, biz onları təcriddə saxlayırıq. Bəli,
saxlayırıq və saxlayacağıq. O vaxta qədər
ki, torpaqlarımız işğaldan azad olunsun. Bu siyasət
öz nəticələrini verməkdədir. İndi heç
kim Ermənistana sərmayə qoymur. Çünki, birincisi,
orada hakimiyyəti zəbt etmiş kriminal, korrupsioner,
qaniçən rejim imkan vermir ki, sərmayə qoyulsun, əvvəllər
qoyulan və ianə şəklində verilən bütün
pullar rejim tərəfindən oğurlanmışdır. Digər
tərəfdən, bazarın məhdudluğu və azalan bazar
imkan vermir ki, ciddi investor oraya gəlsin və ixrac imkanları
da çox məhduddur. Çünki ixrac üçün
yollar olmalıdır, yollar olsa da, yenə də tam investisiya cəlb
edilməsi üçün şərait yaratmır. Əlbəttə
ki, bunu böyük dərəcədə edən məhz biz
olmuşuq və bu siyasəti davam etdirəcəyik. Onların
özlərinin son statistik məlumatlarına görə,
keçən il ölkəni 40 mindən çox insan həmişəlik
tərk edib və bu tendensiya hər il gedir və gedəcəkdir.
Beləliklə, orada demoqrafik böhran yaşanır. Bizim səylərimiz
nəticəsində Ermənistan siyasi, iqtisadi, enerji, nəqliyyat
dalanına çevrilib və əlbəttə ki, bu ölkənin
gələcək inkişafı çox qaranlıqdır. Biz
isə öz siyasətimizi davam etdirəcəyik və
bütün imkanlardan, artan gücümüzdən, iqtisadi
potensialımızdan, siyasi imkanlarımızdan, hərbi
gücümüzdən istifadə edib məsələni həll
etməliyik ki, ölkəmizin ərazi bütövlüyü
təmin olunsun. Əlbəttə, hərbi sahədə
apardığımız siyasət özünü tam
doğrultdu. Biz bu siyasəti uzun illərdir ki, aparırıq.
Bu məsələ ilə də bağlı bəzən bizə
iradlar ünvanlanır ki, nə üçün Azərbaycan
silahlanır, nə üçün hərbi quruculuğuna,
ordu quruculuğuna vəsait ayırır. Biz isə Ermənistandan
fərqli olaraq bu işləri öz imkanlarımız daxilində,
öz vəsaitimiz hesabına, öz hesabımıza
görürük. Həyat göstərdi ki, biz nə qədər
düzgün siyasət aparırıq. Onu da qeyd etməliyəm
ki, dünyanın aparıcı ölkələri də daim
silahlanırlar və bu proses bir çox ölkələr
üçün də xasdır. Biz isə son illər ərzində
güclü ordu yaratmışıq. İndi bütün beynəlxalq
reytinqlər də ordumuzun gücünü əks etdirir. Bu
güc bizə imkan verir ki, istənilən vəzifəni icra
edək. 2016-cı ilin aprel döyüşləri bunu əyani
şəkildə düşmənə və bütün
dünyaya göstərdi ki, Azərbaycan Ordusu nəyə
qadirdir. Döyüş meydanında bizim şanlı tarixi qələbəmiz
əlbəttə ki, məsələnin ədalətli həlli
üçün də yeni imkanlar yaradır və
yaradacaqdır. Növbəti illərdə hərbi
potensialın gücləndirilməsi üçün, ordu
quruculuğu üçün nə lazımdırsa, o da ediləcək.
Bizim güclü iqtisadi imkanlarımız var. Gündən-günə
artan maliyyə resurslarımız, ilk növbədə,
ölkə qarşısında duran əsas vəzifələrin
həllinə yönələcək və ordu quruculuğu bu
məsələdə prioritetdir.
Məcburi
köçkünlərin vəziyyətinin
yaxşılaşdırılması və mənzillərlə,
evlərlə təmin edilməsi istiqamətində bundan sonra
da uğurlu siyasət aparılacaq. Bu günə qədər
270 minə yaxın köçkün evlərlə təmin
edilib. Bu il 20 minə yaxın, bəlkə də bundan da
çox köçkünü biz yeni evlərlə təmin
edəcəyik. Bu siyasət davam etdiriləcək.
Torpaqlarımız işğaldan azad olunandan sonra biz erməni
vəhşiləri tərəfindən
dağıdılmış bütün şəhərləri,
kəndləri yenidən quracağıq. Cocuq Mərcanlı kəndinin
timsalında bütün dünya görür ki, biz buna qadirik,
bunu qısa müddət ərzində edə bilərik. Bir
daha bütün dünya əyani şəkildə
görür ki, Azərbaycan xalqı, köçkünlər
bir amalla yaşayırlar - tezliklə öz doğma
torpaqlarına qayıtmaq arzuları ilə. Hətta
köçkün şəraitində doğulmuş,
heç vaxt öz torpağını görməmiş uşaqlar,
gənclər də bu arzu ilə yaşayırlar. Bu gün
onların bir hissəsi artıq Cocuq Mərcanlıda, öz dədə-baba
torpağında məskunlaşıb. Bu da Azərbaycan
xalqının yenilməz ruhunu bir daha bütün dünyaya
göstərir.
Bütün
planlarımızı həyata keçirmək
üçün iqtisadiyyatımızı gücləndirməliyik.
Növbəti illərdə bu istiqamətdə əlavə
addımlar atılacaq. Deyə bilərəm ki, son iki il ərzində
çox ciddi iqtisadi islahatlar aparılmışdır. Əvvəlki
illərdə də aparılmışdır. Ancaq son iki il ərzində
daha fəal və daha səmərəli islahatlar
aparılmışdır. Bu islahatlar imkan verdi ki, biz
ağır vəziyyətdən, neftin qiymətinin kəskin
şəkildə aşağı düşməsi nəticəsində
yaranmış vəziyyətdən çıxa bilək və
çıxmışıq da. Bu gün ölkə
iqtisadiyyatı öz templərini artırır. Növbəti
illərdə islahatlar mütləq davam etdiriləcəkdir.
İndi bəzi suallar səslənir və hətta beynəlxalq
ekspertlər maraqlanırlar ki, indi neftin qiyməti bir qədər
qalxıbdır, bəs bu, apardığımız islahatlara təsir
edəcək, ya etməyəcək? Bəlkə siz indi
islahatları o qədər fəallıqla aparmayacaqsınız.
Qətiyyən belə deyil. Mən bir daha demək istəyirəm
ki, neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta
ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət
qurumları elə işləməlidirlər ki, sanki bizdə
neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi
inkişafımızı qeyri-neft sektorunun inkişafında
görürük. Neft sektoru, sadəcə olaraq, bizə əlavə
maliyyə resursu yaradacaq ki, bu da öz növbəsində,
bizim siyasi resurslarımızı da gücləndirir. Bu da təbiidir.
Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını
ancaq bu amillər - qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə
aparılan və aparılacaq islahatlar müəyyən edəcək.
Ona görə iqtisadiyyatın şaxələndirilməsi,
mütərəqqi beynəlxalq təcrübənin Azərbaycana
gətirilməsi, maliyyə, fiskal siyasətində ən qabaqcıl
texnologiyalardan istifadə etməyimiz inkişafımız
üçün əsas amillər olacaqdır. Deyə bilərəm
ki, bu siyasət artıq öz nəticəsini vermişdir.
Keçən ilin iqtisadi göstəriciləri göstərdi
və sübut etdi ki, biz düzgün yoldayıq.
İqtisadiyyatın qeyri-neft sektoru 2,7 faiz, sənayedə
qeyri-neft sektoru 3,7 faiz, kənd təsərrüfatı 4,1
faiz, valyuta ehtiyatlarımız 4,5 milyard dollar
artmışdır. Bu ilin yanvar ayının nəticələri
də mənə məruzə edildi. Bu barədə də demək
istəyirəm. Bu, göstərir ki, mən əvvəlki
aylarda dediyim kimi, 2018-ci il sürətli inkişaf ili
olacaqdır. Beləliklə, yanvar ayında Azərbaycanda
ümumi daxili məhsul 2 faiz, qeyri-neft iqtisadiyyatımız təxminən
4 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye
istehsalı 8,7 faiz artıb. İnflyasiya birinci ayda 5,5 faizdir, əhalinin
pul gəlirləri 11 faizdən çoxdur. Yəni, əhalinin
gəlirləri inflyasiyanı iki dəfə üstələyir.
Bu ilin yanvar ayında bizim valyuta ehtiyatlarımız 2 milyard
dollar artıb və bu gün valyuta ehtiyatlarımız 44
milyard dollar səviyyəsindədir. Bu, hələ ilin əvvəlidir.
Mən əminəm ki, 2018-ci il sürətli inkişaf ili
olacaq və ondan sonrakı bütün illərə çox
güclü təkan verəcək. Kənd təsərrüfatında,
sənaye sahəsində indi həyata keçirilən layihələr
tezliklə, bir-iki il ərzində öz bəhrəsini verəcəkdir.
Biz indi nəhəng
enerji layihələrini icra edirik. Bu da qarşıda duran əsas
vəzifələrdən biridir. Biz Cənub Qaz Dəhlizini
vaxtında təhvil verməliyik, bunu edəcəyik.
Bütün maliyyə resursları təmin edilib, həm Azərbaycan,
həm beynəlxalq banklar tərəfindən. Müəyyən
yubanmalar olmuşdur, onlar da aradan götürüldü.
Çünki Cənub Qaz Dəhlizi həm bizim
üçün, həm də Avropa üçün strateji əhəmiyyətə
malik olan bir layihədir. Azərbaycan öz liderlik
missiyasını uğurla icra edir. Biz bu tarixi layihəni - 7
ölkəni, qitələri birləşdirən, 3500 kilometr
məsafəsi olan və dənizin altından, dağların
başından keçən qaz kəmərini uğurla həyata
keçiririk. “Şahdəniz-2” layihəsindən yaxın
zamanlarda ilk qaz çıxarılacaq. Onu da deməliyəm ki,
Cənub Qaz Dəhlizi, yəni, qaz kəməri artıq qazla təmin
edilir. Bu, tarixi layihədir və ölkəmizin uğurlu,
dayanıqlı inkişafı üçün əsas resurs
bazasıdır.
Qeyd
etdiyim kimi, “Azəri-Çıraq” yatağı ilə
bağlı kontraktın uzadılması haqqında da tarixi qərar
qəbul edilib. Ona görə bundan sonra da neft-qaz sektorunda Azərbaycan
uğurla inkişaf edəcək. Ancaq yenə də deyirəm,
gələcək fəaliyyətimiz üçün bu, bizdə
bir rahatlıq hissi yaratmamalıdır. Biz fəal işləməliyik,
qeyd etdiyim kimi, bu, sadəcə olaraq, bizim üçün əlavə
maliyyə və siyasi resursdur.
Bu gün
biz beynəlxalq arenada bütün məsələlərlə
bağlı öz sözümüzü deyirik. Nəyə
görə? Əlbəttə ki, güclü siyasi iradəyə
görə, cəsarətli siyasətə görə, amma,
eyni zamanda, maliyyə imkanlarımıza görə. Əgər
bu imkanlar olmasaydı, əgər biz bəzi ölkələr
kimi, xarici donorlardan asılı olsaydıq, əgər biz
yoxsul, səfil Ermənistan kimi ona-buna dilənsəydik, onda əlbəttə
ki, biz müstəqil siyasət aparmaq imkanında olmaya bilərdik,
yaxud da ki, bu imkanlar məhdud ola bilərdi. Ona görə
iqtisadi güc, maliyyə resurslarımız siyasi müstəqilliyimizi
də möhkəmləndirir.
Növbəti
illərdə önəmli, tarixi nəqliyyat layihələrini
yenə də icra etməklə Azərbaycan - açıq dənizlərə
çıxışı olmayan bir ölkə Avrasiyada nəqliyyat
mərkəzlərinin birinə çevriləcəkdir. Biz
siyasətimiz, qətiyyətimiz, düzgün xarici siyasətimiz
nəticəsində bunu da edəcəyik. Çünki xarici
siyasət, ilk növbədə, daxili problemlərin həllinə
yönəlib. Xarici siyasət daxili siyasətin
davamıdır. Biz uğurlu xarici siyasəti təkcə ona
görə aparmırıq ki, dünyada bizə olan rəğbət
artsın. Bu, real işlərə çevrilir. Uğurlu xarici
siyasət bu beynəlxalq layihələri də həll etməyə
şərait yaradır. Çünki tranzit ölkə olmaq
üçün sən mütləq qonşularla işləməlisən.
Qonşular olmadan heç bir ölkə tranzit ölkə ola
bilməz. Bütün bunlar bir-birinə bağlı olan məsələlərdir.
Bizim gələcək inkişafımızla bağlı
çox aydın təsəvvürümüz,
proqramlarımız var - bütün sahələrdə,
ictimai xidmət sahələrində, korrupsiya, rüşvətxorluğa
qarşı mübarizə sahəsində, haqq-ədalətin
bərqərar olması sahəsində, bütün istiqamətlər
üzrə. Sadəcə olaraq, bir çıxışda
bütün istiqamətlər haqqında geniş
danışmaq mümkün deyil. Ancaq mən əminəm ki,
Azərbaycan növbəti illərdə öz uğurlu,
dinamik inkişaf tempini nəinki saxlayacaq, onu daha da möhkəmləndirəcək.
Bizim əsas
dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir.
Biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin
də banisi ulu öndər Heydər Əliyevdir. Məhz onun
hakimiyyətə gəlməsindən sonra Azərbaycan,
sözün əsl mənasında, müstəqillik yoluna qədəm
qoydu
1993-cü
ilə qədər bizim müstəqilliyimiz şərti və
yarımçıq xarakter daşıyırdı. Xarici
ölkələr, onların Azərbaycandakı nümayəndələri
burada hakimiyyətə göstərişlər, təlimatlar
verirdi. Əlbəttə ki, bu, tariximizin bəlkə də ən
biabırçı səhifələrindən biridir. O
ağır vəziyyətdə məhz Heydər Əliyevin cəsarəti,
müdrikliyi, - o vaxt bizim hələ ordumuz,
iqtisadiyyatımız, pulumuz yox idi, - onun dəmir iradəsi,
xalqın ona olan sevgisi, rəğbəti Azərbaycanı,
bax, bu müstəqillik yoluna çıxarıbdır. Biz də
bu müstəqil yol ilə gedirik və gedəcəyik.
***
Yeni Azərbaycan Partiyasının sədr
müavini-icra katibi, Baş nazirin müavini Əli ƏHMƏDOV dedi:
-Hörmətli
qurultay nümayəndələri.
Möhtərəm
Prezidentimizin proqram xarakterli, geniş, ətraflı, gələcəyə
ünvanlanmış çıxışından sonra hesab
edirəm ki, qurultay nümayəndələrinin gündəliyimizin
mühüm məsələsi ilə əlaqədar
çıxışlara başlamaları üçün əsas
yaranır. Buyurun, Yeni Azərbaycan Partiyasının VI
qurultayı tərəfindən qarşıdan gələn
prezident seçkilərində partiyanın namizədinin irəli
sürülməsi ilə əlaqədar təkliflərinizi
bildirin.
***
İşğaldan
azad olunmuş Cocuq Mərcanlı kəndinin sakini Oqtay HƏZİYEV
çıxış edərək dedi:
-Möhtərəm
cənab Prezident.
Hörmətli
sədr.
Hörmətli
qurultay iştirakçıları.
Sizi
ölkəmizdə olan bir milyondan çox qaçqın və
məcburi köçkünlər adından səmimi
salamlayıram, qurultayın işinə uğurlar diləyirəm.
Mənim
doğulduğum kəndin adı və hətta mənim
adım cənab Prezidentin apardığı siyasət nəticəsində
artıq bütün dünyada tanınır. Çünki
Cocuq Mərcanlı işğal olunmuş ərazilərdən
ilk azad edilən və bərpa olunan kənddir. Kəndimiz Ulu
Öndərin rəhbərliyi ilə 1994-cü ildə azad
olunsa da, burada yaşamaq mümkün deyildi. 2016-cı ilin
aprel döyüşlərində Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Lələtəpə
yüksəkliyi azad olundu. Sonra dövlətimizin
başçısının rəhbərliyi ilə qısa
müddətdə kəndimizdə Şuşa məscidinin bənzəri
olan gözəl məscid və 150 ev tikilib təhvil verildi.
Mən
ailə üzvlərimlə birlikdə cəmi 5 ay
köçkün həyatı yaşamışam. Ancaq
köçkünlük həyatı ilə
barışmayıb öz doğma kəndimə
qayıdıb, 23 il atəş altında yaşamışam.
Bütün çətinliklərə baxmayaraq, mən ailəmlə
birlikdə torpağa bağlanıb əkinçiliklə,
heyvandarlıqla məşğul olub, təsərrüfat
qurub, onu inkişaf etdirib ailəmi dolandırmışam.
Əziyyətim də yerdə qalmayıb. Qurduğum təsərrüfatda
bu gün 700 baş xırdabuynuzlu, 70 baş iribuynuzlu mal-qara,
arı təsərrüfatı var.
Cənab
Prezident, mənə hədiyyə etdiyiniz 70 hektar torpaqda
taxıl, çuğundur əkmişəm, 2 hektarda tut
bağı salmışam. Lazım olan kənd təsərrüfatı
texnikalarını almışam. Mən bu işlərə kənd
sakinlərini də cəlb etmişəm.
Cənab
Prezident, çox sağ olun ki, Siz kənd adamlarını
torpağa qaytardınız. İnanıram ki, yeni texnologiyalar
nəticəsində məhsuldarlıq 1970-ci illərdəkindən
də yüksək olacaq. Biz torpaq adamıyıq, həmişə
çörəyimiz torpaqdan çıxıb. Mən ətrafımda
olan bütün insanlara həmişə deyirəm ki,
torpağı sevin, onun dəyərini, qədrini bilin.
Cənab
Prezident, Siz 2017-ci il iyunun 14-də Cocuq Mərcanlı kəndinin
açılışı zamanı mənim ailəmə
dördotaqlı mənzil hədiyyə etdiniz və birinci dərəcəli
“Əmək” ordenini ilk dəfə mənə verdiniz. Kəndimizi
bərpa etdiyinizə görə bütün Cocuq Mərcanlı
sakinləri və cəbrayıllılar adından Sizə dərin
təşəkkürümü bildirirəm. Sizə
cansağlığı arzulayıram.
Hörmətli
qurultay iştirakçıları, dövlətimizin
başçısı cənab İlham Əliyevin, Birinci
vitse-prezident, partiyamızın sədr müavini hörmətli
Mehriban xanım Əliyevanın biz məcburi
köçkünlərə diqqət və
qayğısını xüsusi qeyd etmək istəyirəm.
İnşa edilən müasir qəsəbələrin və
mənzillə təmin olunan qaçqın və məcburi
köçkünlərin 95 faizi son 14 ilin payına
düşür. Beləliklə, bu gün ölkəmizdə
nə çadır şəhərciyi, nə fin qəsəbəsi,
nə də dəmir yolu vaqonlarında yaşayan yoxdur.
Dörd qəzalı
binada yaşayan 935 ailə hörmətli Mehriban xanımın
tapşırığı ilə cəmi üç-dörd
ay ərzində yeni mənzillərə
köçürüldü. Dünyanın hansı ölkəsində
qaçqın-köçkünə belə münasibət
var? Heç birində. Əksinə, başqalarına
nağıl danışan dövlətlər onlara pənah gətirən
qaçqınlara arxa çevirir, onları insan yerinə belə
qoymurlar.
Biz məcburi
köçkünlərə göstərdiyiniz diqqət və
qayğıya görə, cənab Prezident, Sizə və
Birinci vitse-prezident, partiyamızın sədr müavini
hörmətli Mehriban xanıma dərin minnətdarlığımı
bildirirəm.
Cənab
Prezident, bütün xalqımız kimi, biz məcburi
köçkünlər də həmişə Sizinlə bir
olmuşuq, bu gün də birik və sabah da Sizinlə bir
olacağıq.
Hörmətli
qurultay iştirakçıları, mən qarşıdakı
prezident seçkilərində cənab İlham Əliyevin
namizədliyini irəli sürürəm.
***
Yeni Azərbaycan
Partiyası Kəngərli Rayon Təşkilatının sədri
Sevda QULİYEVA
çıxış edərək dedi:
-Hörmətli
Prezident.
Yeni Azərbaycan
Partiyası xalqımızın və müstəqil dövlətçiliyimizin
taleyində mühüm rola malikdir. Bu gün
partiyamızın səmərəli fəaliyyətinin nəticəsidir
ki, ölkəmiz sabitlik və inkişaf dövrünü
yaşayır. Partiyanın Azərbaycanın müstəqillik
tarixində ən böyük missiyası onun ölkəmizin
ağır və faciəli günlərində “Heydər-xalq,
xalq-Heydər” birliyinin təzahürünə çevrilməsidir.
Cənab
Prezident, Sizin də dediyiniz kimi, “Yeni Azərbaycan
Partiyasının gücü, ilk növbədə, onun əvəzsiz
lideri Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyasının
gücü bundadır ki, onun təməlində duran prinsiplər
əməli surətdə həyata keçirilir”.
2005-ci il
mart ayının 26-da Yeni Azərbaycan Partiyasının III
qurultayında yekdilliklə partiyanın sədri seçilən
cənab İlham Əliyev bu gün Ulu Öndərimizin
quruculuq və inkişaf xəttinin layiqli
davamçısıdır. Xalqımız prezident seçkilərində
partiyanın lideri cənab İlham Əliyevi dəstəkləməklə,
Azərbaycanda Heydər Əliyev yoluna özünün dərin
inamını ifadə edib. Bu gün bu yolun hörmətli
Prezidentimiz tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir
ki, Azərbaycan müharibə şəraitində
yaşamasına baxmayaraq, sabitlik və inkişafın, vətəndaş
həmrəyliyinin təmin olunduğu güclü dövlətə
çevrilib.
Naxçıvan
Muxtar Respublikası da ölkə Prezidentinin rəhbərliyi
altında böyük bir inkişaf yolu keçib, 2003-2017-ci
illərdə ümumi daxili məhsul 17 dəfə, sənaye
məhsulunun həcmi 55 dəfə, əsas kapitala yönəldilən
investisiyalar 16 dəfə artıb. 71 mindən çox yeni
iş yeri açılıb ki, onun da 77 faizi daimi iş yerləridir.
Əldə olunmuş nəticələr əhalinin rifah
halını yaxşılaşdırıb, məskunlaşma
səviyyəsinə müsbət təsir göstərib, əhalinin
sayı artaraq 453 min nəfərə çatıb.
Ölkə
rəhbərinin muxtar respublikaya son 14 il ərzində etdiyi səfərlər
zamanı 90-a yaxın müxtəlif təyinatlı obyektin
istifadəyə verilməsi bu qədim diyarın
inkişafına və müdafiəsinə göstərilən
diqqət və qayğının ifadəsidir. Bu
qayğının nəticəsidir ki, yeni bir rayon – Kəngərli
rayonu yaradılıb, nümunəvi rayon mərkəzi
formalaşdırılıb. Bu gün muxtar respublikada 372
növdə məhsul istehsal olunur və 344 növdə məhsula
olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.
Uzun illər fasilədən sonra blokada şəraitində
yaşayan muxtar respublikaya hörmətli Prezidentimizin səyi və
iştirakı ilə 2005-ci ildə təbii qazın verilməsi
bərpa olunub.
Elektrik
enerjisi ilə fasiləsiz təchizatı təmin etmək
üçün ən müasir dörd yeni su elektrik
stansiyası, bir Günəş elektrik stansiyası tikilərək
istifadəyə verilib. Görülmüş tədbirlər
nəticəsində muxtar respublikanın enerji təhlükəsizliyi
tam təmin olunub.
Yeni Azərbaycan
Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatı
da ötən dövrdə böyük inkişaf yolu
keçib. Əgər 2003-cü ildə muxtar respublikada partiya
üzvlərinin sayı 30 min nəfər idisə, hazırda
bu göstərici 54 min nəfərdir.
Azərbaycanın
və onun ayrılmaz hissəsi Naxçıvan Muxtar
Respublikasının inkişafına göstərdiyiniz diqqət
və qayğıya görə, cənab Prezident, Sizə
muxtar respublika əhalisi adından minnətdarlıq edirik.
Ölkəmizdə
Yeni Azərbaycan Partiyasına və onun qüdrətli liderinə
böyük inam vardır. Azərbaycan xalqı qarşıdan
gələn prezident seçkilərində yekdilliklə
öz taleyini yenidən Yeni Azərbaycan Partiyasının
liderinə həvalə edəcək. Ötən 15 il
aydın şəkildə göstərdi ki, cənab İlham
Əliyev Ulu Öndərimizin müstəqillik yolunu davam etdirərək
Azərbaycanı dünyanın sayılıb-seçilən
dövlətlərindən birinə çevirib. Məhz buna
görə də möhtərəm İlham Əliyevin namizədliyinin
irəli sürülməsi təkcə bizim - Yeni Azərbaycan
Partiyasının üzvlərinin deyil, bütövlükdə
Azərbaycan xalqının seçimidir.
Muxtar
respublikanın əhalisi və Yeni Azərbaycan
Partiyasının 54 min nəfərlik üzvü adından
2018-ci ilin aprel ayında keçiriləcək prezident
seçkilərində partiyamızın Sədri cənab
İlham Heydər oğlu Əliyevin Azərbaycan
Respublikasının Prezidentliyinə namizədliyini irəli
sürür, dəstəkləyir və müdafiə edirik.
Möhtərəm
Prezident, Sizi əmin edirik ki, Azərbaycanın müstəqilliyi
və tərəqqisi naminə həyata keçirdiyiniz qətiyyətli
mübarizədə Naxçıvan Muxtar Respublikası daim
Sizinlədir. Əvvəlki illərdə olduğu kimi, bu il keçiriləcək
prezident seçkilərində də Naxçıvan Sizə
- ulu öndər Heydər Əliyevin layiqli
davamçısına səs verəcək.
***
Milli Məclisin
deputatı Rəşad MAHMUDOV
çıxış edərək dedi:
-Möhtərəm
Prezident.
Hörmətli
qurultay iştirakçıları.
Mən
çıxışıma başlamazdan əvvəl, həqiqətən
bu gün bir Azərbaycan vətəndaşı olaraq, belə
bir mötəbər məkanda, belə bir tarixi qurultayda
çıxış etdiyimə görə bütün
tariximizin qarşısında baş əymək istəyirəm.
Allah dövlətimizi - Azərbaycanımızı bu günə
gətirən və bu yolda əziyyət çəkən hər
kəsə yar olsun.
Möhtərəm
Prezident, hörmətli Mehriban xanım, dəyərli qurultay
iştirakçıları.
O xalq, o cəmiyyət
xoşbəxtdir ki, onun idarəçiliyi dincliyə, əmin-amanlığa
söykənir. O xalq xoşbəxtdir ki, onun dincliyi, əmin-amanlığı,
rifahı, bir sözlə, bütün taleyi onu idarə edən
nəhəng şəxsiyyətlərin, müdriklərin, dərin
zəka sahiblərinin çiynindədir. Tarixi təcrübə
göstərir ki, xalq hər zaman bu ağır yükü
daşımağa qadir olan belə yüksək ləyaqətli
tarixi şəxsiyyətlərini, liderlərini dəstəkləyir,
onların ardınca gedir, onlara inanır və arxalanır. Biz
fəxr edirik ki, dünyanın son yüzilliyinin ən
nüfuzlu tarixi şəxsiyyətləri və liderləri
sırasında yer tutanlardan biri də bizim Azərbaycanımızın,
partiyamızın qurucusu ulu öndərimiz Heydər
Əliyevdir. Bugünkü dincliyimizin, əmin-amanlığımızın,
bütün sahələrdə dinamik
inkişafımızın möhkəm təməli məhz
onun adı ilə bağlıdır. Bir də ona görə
qürur duyuruq ki, Ulu Öndərin qurucusu olduğu müasir
Azərbaycanı yüksək ləyaqətlə idarə edən
möhtərəm Prezidentimiz İlham Əliyev var.
Möhtərəm
Prezident, əlbəttə ki, bu gün Yeni Azərbaycan
Partiyası olaraq gələcək düşüncələr,
arzular, gələcək planlar, dövlətimiz barədə
danışarkən, düşünürəm ki, bir vətəndaş,
bir deputat olaraq, hər bir insanın gələcək ümidlərini,
arzularını ortaya qoyması üçün öz
keçmişini və bu gününü doğru dəyərləndirə
bilməsi lazımdır. Son on beş ildə keçdiyimiz
yola ötəri nəzər salsaq, nələri görə
bilərik: Müstəqilliyimiz daha da möhkəmləndi, Azərbaycan
dünya birliyində sivil, modern dövlət kimi, həm də
yeni və özəl dəyərlərlə tanınmağa
başladı və tanındı. Onun həm kəmiyyət,
həm də keyfiyyət göstəriciləri bütün
sahələrdə inkişaf dinamizmi, sözün əsl mənasında,
qibtə doğurur. Bu gün Azərbaycan yalnız neft ölkəsi
kimi deyil, həm də yeni mədəni mənəvi dəyərləri
ilə tanınır. Bu gün Azərbaycan multikultural ölkə,
idman və turizm ölkəsi kimi tanınır. Bu gün Azərbaycan
yeni iqtisadi və sosial çağırışların,
nüfuzlu beynəlxalq qurumların tədbirlərinin
keçirilməsi üçün əsas məkan kimi
tanınır. Azərbaycan dünyaya özünü demokratik
ənənələrə sadiq, eyni zamanda, hüquqi və
sosial dövlət kimi təqdim edirsə, deməli
qarşıya qoyulan vəzifələr, qəbul edilən
dövlət proqramları öz bəhrəsini verir. Artıq
Azərbaycan iri və mürəkkəb infrastruktur layihələrinin
reallaşdırılmasında böyük təcrübəsi
olan bir dövlət kimi nüfuz sahibidir. Bu gün Azərbaycanın
səsi beynəlxalq təşkilatların kürsülərindən
daha gur eşidilir. Dövlətimizin başçısı cənab
İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, inkişafın
Azərbaycan modelinin mövcudluğu ölkəmizin ən
böyük uğurudur, dünyaya nümunədir. Bəli, Azərbaycan
bu gün öz tarixinin ən güclü, ən qüdrətli
dövrünü yaşayır. Respublikamızın
bütün sahələrdə böyük uğurlar
qazanması, maliyyə imkanlarının artması, ölkəmizin
transmilli layihələrin təşəbbüskarı və əsas
iştirakçısı kimi çıxış etməsi,
müasir tələblərə cavab verən infrastrukturun
yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin
fəaliyyətə başlaması Azərbaycanın beynəlxalq
aləmdəki mövqelərini getdikcə möhkəmləndirir.
Bütün təzyiqlərə baxmayaraq, Bakı-Tbilisi-Qars dəmir
yolunun istifadəyə verilməsi, Şimal-Cənub beynəlxalq
nəqliyyat dəhlizində işlərin davam etdirilməsi,
iri enerji layihələrinin, qlobal əhəmiyyətli iqtisadi
zonaların yaradılması, “ASAN xidmət” kimi Azərbaycan
brendinin dünyaya təqdim edilməsi məhz, cənab
Prezidentimiz, Sizin əzminiz, iradəniz sayəsində həyata
keçirilib.
Hörmətli
qurultay iştirakçıları, “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xaricdə təhsili üzrə
Dövlət Proqramı” çərçivəsində bu
günədək minlərlə azərbaycanlı gənc
xarici ölkələrin ali məktəblərində təhsil
alıb və hazırda elmin, mədəniyyətin, iqtisadi və
siyasi həyatımızın müxtəlif sahələrində
uğurla çalışmaqdadır. Bu da insan kapitalına
verilən dəyərin ən gözəl nümunələrindən
biridir. Bu, əsl dövlət xadiminin strateji düşüncə
məhsuludur.
Möhtərəm
Prezidentimiz, bu imkanlarla Azərbaycan gəncliyinin gözünü
dünya elminə və mədəniyyətlərinə
açdığınıza görə Sizə təşəkkürümüzü
bildiririk. Mən Milli Məclisin deputatı olmaqla
yanaşı, həm də uzun illərdir səhiyyə sahəsində
fəaliyyət göstərirəm. Son on beş ildə
ölkəmizdə səhiyyənin inkişafı
hamının gözü qabağındadır. Bu gün
yaxın keçmişdə xəyala belə gətirə
bilmədiyimiz müasir tibb ocaqlarımız var. Ölkəmizdə
yüksək texnologiyaya əsaslanan əməliyyatların
keçirilməsi qürurvericidir. Bununla yanaşı, icbari
tibbi sığortanın pilot layihəsinin başlanması, səhiyyədə
Dövlət proqramının uğurla icrası, ölkədə
yeni farmaseptik zavodların inşası, gələcək nəsillərin
sağlamlığına zəmanət verən Qida Təhlükəsizliyi
Agentliyinin fəaliyyətə başlaması, əlbəttə
ki, dövlətin vətəndaşının
sağlamlığına göstərdiyi diqqətin bariz
nümunəsidir. Gələcəyimiz olan körpələrimizin
ən ağır xəstəlikləri zamanı daim
onların yanında olan Mehriban xanıma bu gün bütün
o xəstə uşaqlar adından, onların valideynlərinin
adından həm təşəkkürümüzü bildirmək
istəyirik, həm də on illərdir ən çətin
günlərində onlara yardım etdiyinizə görə
şəxsən bir həkim olaraq qarşınızda baş əyirəm.
Sənətimlə
əlaqədar inandığım bir həqiqət var.
Dünyamızı sülhlə yanaşı, sevgi, mərhəmət,
xeyirxahlıq, elm və düşüncə xilas edə bilər.
Amma Silahlı Qüvvələrimiz bizim güvənc yerimiz, qürur
mənbəyimizdir. Sizin diqqət və qayğınız sayəsində
bu gün Azərbaycan Ordusu dünyanın ən qüdrətli
orduları sırasındadır. Aprel hadisələrində
Azərbaycan xalqı da, dünya da bu həqiqətin şahidi
oldu. Bu gün ordumuzun qarşısında duran əsas vəzifə
torpaqlarımızın düşmən əsarətindən
azad edilməsidir və qüdrətli ordumuzun bu işin
öhdəsindən məharətlə gələcəyinə
xalqımızın heç bir şübhəsi yoxdur.
Möhtərəm
Ali Baş Komandan, qüdrətli ordu qurduğunuza, dövlətimizin
və vətəndaşlarımızın müdafiəsini
gücləndirdiyinizə görə Sizə bütün
xalqımız adından, bütün insanlar adından təşəkkür
edirəm.
Deputatı
olduğum Astara rayonunun bir çox ucqar dağ kəndlərinə
elektrik enerjisinin və qazın verilməsi, insanların xəyala
belə gətirə bilmədikləri uzaq dağ kəndlərinə
asfalt örtüklü yolların çəkilməsi, məktəblər,
uşaq bağçaları, xəstəxanalar, yeni emal müəssisələri,
iş yerlərinin açılması - bütün bunlar
Sizin rəhbərliyiniz dövründə mümkün olub və
bu, ölkəmizin bütün rayon və şəhərlərinə
xasdır. Cənub regionunun turizm potensialının genişləndirilməsi
üçün dəmir yolu xəttinin dəniz kənarından
götürülərək yerinin dəyişdirilməsi barədə
verdiyiniz tapşırıqlar, 2018-ci ildə Bakı-Astara
magistral yolunun istifadəyə verilməsi hər bir Azərbaycan
vətəndaşının ürəyincədir və bu,
regionun gələcək inkişafında yeni perspektivlərin
başlanğıcıdır.
Möhtərəm
Prezident, hörmətli qurultay iştirakçıları.
Əlbəttə
ki, Ulu Öndərimizin Azərbaycan xalqına miras qoyduğu
bu gözəl dövlətin, onun yaratdığı Yeni Azərbaycan
Partiyasının yüz minlərlə üzvündən biri
kimi, həm deputat, həm də bir həkim kimi tez-tez insanlarla
təmasda oluram. Xüsusilə xarici ölkələrdə
olanda Azərbaycanda gedən quruculuq işləri, inkişaf
barədə müxtəlif səviyyələrdə xoş
sözlər eşidəndə bu ölkənin vətəndaşı
olduğuma görə qürur duyuram. Doğrudan da, Azərbaycan
inkişafın dinamikasına görə dünyada lider
ölkələrdən sayılır, regionun güc mərkəzi
və əsas söz sahibidir, Avropanın yeni enerji təhlükəsizliyi
siyasətinin başlıca təminatçılarındandır.
Düşünürəm ki, bütün bu faktlar Sizin fəaliyyətinizin
sadəcə kiçik bir hissəsidir. Əgər mənə
desəydilər ki, Azərbaycanı təsvir et, bir həkim,
bir insan kimi bir söz tapa bilirəm: Azərbaycan öz rəhbərinə
və dövlətinə güvənən xalqın vətənidir.
Milli maraqlarımızı qorumaq yolunda bəzən əsassız
təzyiqlərlə üzləşməyinizə baxmayaraq,
yolunuzdan dönmədən, ardıcıl, qətiyyətli və
dürüst addımlarınızı və siyasətinizi
bütün Azərbaycan xalqı dəstəkləyir.
Hörmətli
qurultay iştirakçıları, bu qurultayda iştirak edən
nümayəndələr adından, Yeni Azərbaycan
Partiyasının yeddi yüz minlik üzvü, seçicilərim
və Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil
edən həmkarlarım adından Azərbaycanın gələcəyi
naminə Yeni Azərbaycan Partiyasının sədri hörmətli
İlham Heydər oğlu Əliyevin prezident seçkilərində
namizədliyini irəli sürürəm. İnanıram ki,
bu, Azərbaycan xalqı tərəfindən birmənalı
şəkildə qarşılanacaq.
Möhtərəm
Prezident, hörmətli Mehriban xanım.
Partiya tərəfindən
mənə verilmiş səlahiyyətlərdən əlavə,
bir ürək həkimi kimi peşəmin də mənə
verdiyi imtiyazlardan istifadə edərək bir həqiqəti
diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycanda
bir çox insanın ürəyinə yaxınlaşmaq
imkanım olduğuna görə Sizə əminliklə bir həqiqəti
bildirmək istəyirəm. Biləsiniz ki, Azərbaycan
xalqı Sizi ürəkdən sevir. Azərbaycan
xalqının ürəyi Sizinlə döyünür.
Sağ
olun.
***
Gəncə
şəhərindən olan iş adamı Elnur CAMALXANOV çıxış edərək dedi:
-Möhtərəm
cənab Prezident.
Hörmətli
qurultay nümayəndələri.
Bu ali
kürsüdən Sizləri sahibkarlar və gəncəlilər
adından salamlamaq mənim üçün şərəfli,
eyni zamanda, qürurverici bir haldır.
Hələ
ötən əsrin sonunda ümummilli lider Heydər
Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf
strategiyasının möhtərəm Prezidentimiz İlham
Əliyev tərəfindən çağdaş dövrün
tələblərinə uyğun uğurla davam etdirilməsi
Azərbaycanı sürətli iqtisadi artımına görə
dünyanın lider ölkələrindən birinə
çevirməklə yanaşı, özəl sektorun
respublika iqtisadiyyatında təkanverici qüvvə kimi
formalaşmasını təmin edib. Ölkəmizdə şəffaf
biznes və sağlam rəqabət mühitində bazar
infrastrukturunun və sahibkarlığın
inkişafının dəstəklənməsi bizə əlavə
stimul verib, yeni imkanlar açıb.
Heç
kimə sirr deyil ki, qlobal maliyyə böhranının neqativ
təsirləri ölkəmizdən də yan keçməyib.
Neft gəlirlərinin 2-3 dəfəyədək
aşağı düşməsi maliyyə
imkanlarımızı qismən məhdudlaşdırsa da, cənab
Prezident, məhz Sizin siyasi iradəniz nəticəsində
dövlətimiz qlobal şoklara məruz qalmayıb. Məhz bu
vəziyyətdə iqtisadiyyatımızın onurğa
sütunu sayılan kiçik və orta sahibkarlıq
özünün yüksək inkişaf mərhələsinə
qədəm qoyub. Vergi güzəştlərinin tətbiq
edilməsi, imzaladığınız müxtəlif fərman
və sərəncamlar biz sahibkarlara yeni imkanlar açmaqla
yanaşı, həm də üzərimizə ciddi məsuliyyət
qoyur. “Made in Azerbaijan” brendinin formalaşması və xarici
bazarlarda təşviq olunması üçün biz sahibkarlar
da əməli tədbirlər həyata keçiririk.
Bütün sahibkarlar tam məsuliyyətləri ilə
anlayırlar ki, qlobal böhran şəraitində ölkəyə
əlavə valyuta axınının cəlb olunmasında
yaxından iştirak etməlidirlər. Bunun üçün
idxalı əvəzləyən və ixracyönümlü məhsulların
istehsalının təmin olunması qarşımızda əsas
vəzifə kimi dayanır. Əvvəl xarici bazarlara
çıxış imkanlarımız məhdud idisə,
artıq bu problem aradan qaldırılıb. “Azexport”
portalının və bir sıra ölkələrdə ticarət
evlərinin yaradılması biz sahibkarların üzünə
yeni qapılar açıb desək, yanılmarıq.
İnvestisiyaların Təşviqi Sənədinin
alınması ilə bağlı Fərman yerli və xarici sərmayədarlar
üçün də böyük bir fürsət olub. Təbii
ki, bütün bunlar qeyri-neft sektorunun ümumi daxili məhsulda
payını artırmaqla yanaşı, yeni iş yerlərinin
açılmasına da münbit şərait yaradıb.
Cənab
Prezident, ölkəmizdə Sahibkarlar Gününün təsis
edilməsi haqqında 2016-cı il 21 aprel tarixli Sərəncamınız
bizi çox sevindirdi. Hər il aprelin 25-də Sahibkarlar
Gününü böyük fəxrlə qeyd edirik. Artıq
bizim də öz günümüz var. Bu, sahibkarların
respublikamızın sosial-iqtisadi tərəqqisində, həmçinin
məşğulluğun təmin olunmasında fəal
iştirakına yüksək səviyyədə verdiyiniz
önəmin növbəti ifadəsidir, bizi çox
ruhlandırır və yeni-yeni ideyalara yönləndirir. Sizin
imzaladığınız Fərmanla Azərbaycan
Respublikasının Kiçik və Orta
Sahibkarlığın İnkişafı Agentliyinin
yaradılması isə sahibkarların maliyyə
resurslarına çıxış imkanlarının daha da
artırılmasına yeni təkan verib. Dövlət
proqramlarının, fərman və sərəncamların
icrası ölkədə gedən iqtisadi inkişafın
sürətləndirilməsini uğurla təmin edir. Bu, tərəqqi
prosesində özəl sektorun payını və rolunu
davamlı şəkildə artırır. Postneft
iqtisadiyyatının qurulması, idxaldan
asılılığın azaldılması, ölkənin
ixrac potensialının yüksəldilməsi
üçün rəqabətqabiliyyətli mal və məhsulların
istehsal olunmasında sahibkarlara böyük imkanlar yaradır.
Artıq biz sahibkarlara daha yaxşı işləmək və
yeni nailiyyətlər əldə etmək qalıb.
Cənab
Prezident, sahibkarlıq fəaliyyəti ilə bağlı
imzaladığınız fərman və sərəncamlar Gəncədə
də sahibkarlıq fəaliyyətinə geniş imkanlar
yaradıb. Sizin Gəncə və gəncəlilərə
olan diqqət və qayğınız sayəsində Gəncə
şəhəri öz qədimliyini və tarixiliyini saxlamaqla
gəncləşir, müasirləşir və gündən-günə
gözəlləşir. Bunun nəticəsidir ki, 2017-ci ildə
Gəncə şəhərinə ümumi dəyəri 338
milyon 700 min manat investisiya qoyulub. Əminliklə qeyd etmək
istəyirəm ki, 2018-ci ildə bu rəqəmin 1,8 dəfə
artması gözlənilir.
Ölkəmizdə
özəl sektora göstərilən dövlət
qayğısından bəhrələnən 14 sahibkarlıq
subyekti tərəfindən 20-yə yaxın xarici ölkəyə
183 milyondan çox rəqabətqabiliyyətli məhsul ixrac
olunub və özəl sektorun ümumi daxili məhsuldakı
payı artaraq 81 faizə çatıb.
Möhtərəm
cənab Prezident, biz bu gün gələcəyə ümidlə
baxırıq. Sizin tövsiyə və
tapşırıqlarınıza əsasən Azərbaycan
sahibkarları beynəlxalq standartlara uyğun məhsullar
istehsal edə bilir. Sizin beynəlxalq aləmdə nüfuzunuz
sayəsində dünya biznes mühitində Azərbaycan
iş adamlarına böyük inam və etimad göstərirlər.
Yürütdüyünüz sülhsevər siyasətiniz nəticəsində
heç bir ölkə ilə işgüzar münasibətdə
siyasi əngəllə qarşılaşmırıq.
Ardıcıl siyasi əlaqələrin mövcudluğundan biz
də uğurla istifadə edirik. Biz bunun davamlı
olmasını istəyirik, Sizinlə irəliləmək istəyirik.
Hamıya
məlumdur ki, iqtisadi tərəqqi, azad sahibkarlıq, sərbəst
sərmayə qoyuluşu üçün ən başlıca
amil ictimai-siyasi sabitlikdir. Cənab Prezidentimizin həyata
keçirdiyi siyasət nəticəsində ölkəmizdə
xalq-iqtidar vəhdəti, ictimai-siyasi sabitlik, maliyyə sabitliyi
tam bərqərar olub. Belə şərait iş adamları,
sahibkarlar üçün tam əlverişli mühit
yaradıb. Odur ki, indi Azərbaycanda biz iş adamlarının
hərtərəfli fəaliyyətinə böyük imkanlar
vardır.
Cənab
Prezident, bizim üçün yaradılmış bu şəraitə
görə iş adamları adından Sizə dərin minnətdarlığımı
bildirirəm. Biz müstəqil, suveren, iqtisadiyyatı həmişə
güclü olan Azərbaycan görmək istəyirik. Bəllidir
ki, ölkənin iqtisadi qüdrətinin artması üzləşdiyimiz
Qarabağ probleminin həllinə də çox ciddi və həlledici
təsir göstərir. Ona görə də bütün
sahibkarlar, o cümlədən partiyamızın Gəncədəki
çoxminli üzvləri bu işə öz töhfəsini
verməyə çalışır.
2018-ci il
aprelin 11-də keçiriləcək prezident seçkilərində
partiyamızın sədri İlham Heydər oğlu
Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə
növbəti dəfə namizədliyinin irəli
sürülməsini təklif edirəm. Sizi və qurultay
iştirakçılarını əmin edirəm ki, biz
sahibkarlar aprelin 11-də keçiriləcək növbədənkənar
prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyəcək
və yekdilliklə Sizə səs verəcəyik. Yalnız
Sizin rəhbərliyiniz altında ölkəmiz öz
uğurlarının davamlılığını təmin edə
bilər.
Çıxışımı
Ulu Öndərin dərin fəlsəfi fikirlərini
özündə ehtiva edən bir cümləsi ilə bitirmək
istəyirəm: “Yeni Azərbaycan Partiyası dünənin, bu
günün və gələcəyin partiyasıdır”.
Qurultayımız mübarək.
Yaşasın
Müstəqil Azərbaycan!
Yaşasın
xalqımızı daim yüksəlişlərə aparan
Prezidentimiz cənab İlham Əliyev!
***
Qusar
şəhərindəki Heydər Əliyev Mərkəzinin
direktoru Neva ABDURAHMANOVA
çıxış edərək dedi:
-Möhtərəm
cənab Prezident.
Hörmətli
qurultay iştirakçıları.
Xanımlar
və cənablar.
Bu gün
Sizin qarşınızda danışmaq mənim uçun
olduqca qürurvericidir.
Cənab
Prezident, icazə verin, Sizi bütün qusarlılar adından
salamlayım və qurultayın işinə uğurlar arzu edim.
Bu gün
Yeni Azərbaycan Partiyasının siyasi xəttini özünə
mənəvi dəyər sayan hər bir sadə Azərbaycan vətəndaşı
üçün böyük bir bayramdır. Çünki
Partiyamız yarandığı gündən, sadəcə
olaraq, öz həyatını deyil, bütövlükdə
xalqın həyatını yaşayıb, onunla birgə
inkişaf edib. Yeni Azərbaycan Partiyasının bütün
uğurları Azərbaycan xalqının, Azərbaycan
dövlətinin uğurlarıdır. Bu partiya ulu öndər
Heydər Əliyevin ideyalarının gerçəkləşməsındə
bir mayak olmuş, respublikamızın inkişafı və tərəqqisi
məhz bu siyasi dinamika ilə güclənmişdir.
Cənab
Prezident, dahi şəxsiyyət Heydər Əliyevin xalqın
təkidi ilə siyasi hakimiyyətə qayıtmasından
öncəki Azərbaycanın düşdüyü vəziyyətdən
danışarkən yaşadığım doğma Qusar
rayonunun o zamankı ağır həyatı
gözümüzün önündə canlanır. Həmin
dövrdə siyasi səriştəsizlik, rəhbərlikdəki
təcrübəsizlik, hərc-mərclik bizi ağır nəticələrə
gətirib çıxarmışdı. İnsanlar
çaşqınlıq içərisində idi. Siyasi və
iqtisadi böhranla üzləşən xalqımız maddi və
mənəvi çətinliklər yaşayırdı. 1993-ñü ildən yenidən
respublikaya rəhbərlik etməyə başlayan Heydər
Əliyev həm xarici, həm də daxili təxribatları,
münaqişələri aradan qaldıraraq ölkədə
sabitlik yaratdı. Həyata keçirdiyi qəti tədbirlərlə
dahi siyasi xadim insanların gələcəyə
inamını bərpa etdi, multikultural və tolerant ənənələrə
sadiq qalaraq bütün xalqları vahid bir məfkurədə,
azərbaycançılıq ideologiyası ətrafında
birləşdirdi.
Cənab
Prezident, biz çox sevinirik ki, Ulu Öndərin əsasını
qoyduğu bu siyasi və iqtisadi islahatlar Sizin tərəfinizdən
daha müasir və yenilikçi prinsiplərlə davam
etdirilir. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki,
inkişafdan kənarda qalsın.
Bu gün
respublikamızın hər bir bölgəsinin sürətli
inkişafı Sizin gərgin əməyinizin nəticəsidir.
Sizin yorulmaz fəaliyyətiniz sayəsində doğma Azərbaycanımızın
hər bir bölgəsi gündən-günə yeniləşərək
simasını dəyişir. Çox sevinirik ki, Vətənimizin
bir parçası olan Qusar da yeniləşən rayonların
sırasındadır. Uzun illər ərzində həsrətində
olduğumuz arzularımız Sizin sayənizdə gerçəkləşir.
Qusar bu gün yüksək qayğınız sayəsində ən
gözəl illərini yaşayır, inkişaf edir, abad bir
diyara, böyük turizm mərkəzinə çevrilir. Məhz
Sizin təşəbbüsünüz və qətiyyətiniz
sayəsində tikilərək ərsəyə gətirilən
“Şahdağ” qış-yay turizm kompleksi Qusarı
bütün dünyaya tanıtdı. Vaxtilə kiçik bir əyalət
şəhəri olan Qusar bu gün “Şahdağ”
qış-yay turizm kompleksi sayəsində yüz minlərlə
turisti qəbul etmək iqtidarındadır. Məhz Sizin diqqət
və qayğınız Qusara yeni ab-hava, yeni nəfəs gətirdi.
Vaxtilə ən elementar infrastruktur inkanlarından məhrum
olan, lakin bu gün nəhəng turizm kompleksinin tikildiyi
dağlara dəmir yolu xəttinin çəkilməsi təşəbbüsü
biz qusarlılar tərəfindən sonsuz rəğbət və
sevinclə qarşılanıb. İnanırıq ki, Sizin qətiyyətiniz
sayəsində yaxın gələcəkdə bu layihə də
gerçəkləşəcəkdir. Şübhəsiz ki,
belə nəhəng nəqliyyat infrastrukturunun
yaradılması Qusarın gələcək inkişafına
böyük təkan verəcəkdir. Bütün bunları
bizə Siz bəxş etmisiniz, cənab Prezident.
Cənab
Prezident, biz Azərbaycan qadınları, anaları olaraq Sizin
ailə-qadın problemlərinin həlli istiqamətində
gördüyünüz işlərə böyük önəm
veririk. Bu gün Azərbaycanda qadınların ictimai həyatda
özlərini təsdiq etmələri üçün
mükəmməl qanunvericilik bazası yaradılıb. Bu
gün Azərbaycan qadınları ölkəmizin Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini
ürəkdən dəstəkləyir, ona qəlbən
inanırlar. Xeyriyyəçilik, humanistlik və digər
yüksək insani keyfiyyətləri sayəsində
ümumxalq məhəbbəti qazanmış Mehriban xanım
Əliyeva son illərdə hüquqi və siyasi müstəvidə
böyük uğurlara imza ataraq Azərbaycanı dünyəvi
və İslam dəyərlərinə sadiq bir ölkə
kimi yüksək səviyyədə təmsil edir.
Möhtərəm
Prezident, bu gün hər bir Azərbaycan qadını kimi, biz
qusarlı qadınları da narahat edən ən başlıca
məsələlərdən biri Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlıdır. Hər birimizə məlumdur ki, Siz ölkəyə
rəhbərlik etdiyiniz ilk gündən başlayaraq bu günədək
işğal altında olan torpaqlarımızın sülh yolu
ilə azad edilməsi, tarixi ədalətsizliyin aradan qaldırılması,
hər zaman münaqişənin danışıqlar masası
arxasında həlli üçün məqsədyönlü
siyasət həyata keçirmiş, dövlət
maraqlarımıza, ərazi suverenliyimizə zidd olmayan sülhə
hazır olduğunuzu bəyan etmisiniz. Təbii ki, Sizin ötən
illər ərzində fasiləsiz olaraq Azərbaycan həqiqətlərini
dünyaya sübut etmək istiqamətindəki uğurlu fəaliyyətiniz
bu gün öz bəhrəsini verməkdədir.
Bununla belə,
Sizi əmin edirik ki, sülh danışıqları bir nəticə
verməyəcəyi halda qusarlı gənclər hər zaman
olduğu kimi, əldə silah Vətən torpaqlarının
azad edilməsi uğrunda mübarizənin ön cərgəsində
olacaqlar.
Cənab
Prezident, inam böyük qüvvədir və insanı qələbəyə
doğru aparan mühüm amildir. Bu inam isə
xalqımızın ürəyində artıq möhkəm
yer tutub. Qarşıdan hər birimizin həyatında
mühüm hadisə olan prezident seçkiləri gəlir.
Biz qusarlılar bu seçkilərdə yeganə namizəd
olaraq Sizi görürük və xalqımızın yeganə
layiqli namizədi kimi yekdilliklə dəstəkləyirik. Sizi əmin
edirik ki, qazandığınız və layiq olduğunuz
ümumxalq məhəbbəti qarşıdan gələn prezident
seçkilərində də Sizin əzəmətli qələbənizi
təmin edəcəkdir.
Möhtərəm
cənab Prezident, bir daha Sizi əmin etmək istəyirəm
ki, ölkəmizin şimal qapısı olan Qusarın əhalisi
həmişə Sizinlədir. Biz qusarlılar doğma Azərbaycanımızın
inkişafı və itirilmiş torpaqlarımızın geri
qaytarılması naminə həyata keçirdiyiniz işlərdə
Sizin ən yaxın yardımçınız olacaq və ətrafınızda
daha sıx birləşəcəyik.
Çıxışımın
sonunda Yeni Azərbaycan Partiyası Qadınlar Şurası və
bütün qusarlılar adından Yeni Azərbaycan
Partiyasının sədri İlham Heydər oğlu
Əliyevin prezidentliyə namizədliyini irəli sürür
və yekdilliklə müdafiə olunmasına
çağırıram.
Eşq
olsun Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə! Yaşasın müstəqil Azərbaycan
Respublikası! Çox sağ olun.
***
ADA Universitetinin
tələbəsi Emil ASLANLI
çıxış edərək dedi:
-Möhtərəm
cənab Prezident.
Hörmətli
qurultay nümayəndələri.
Yeni Azərbaycan
Partiyasının VI qurultayında sizin qarşınızda bu
şərəfli kürsüdə çıxış etməkdən
böyük qürur hissi keçirirəm.
Bu gün
Azərbaycan xalqının həyatında əlamətdar və
tarixi bir gündür. Biz burada, ölkəmizdə aprelin 11-də
keçiriləcək prezident seçkilərində, cənab
Prezident, Sizin namizədliyinizin irəli sürülməsinin
şahidi olmaqla, tariximizə yeni bir səhifə
yazırıq. Bu gün Azərbaycan gəncliyi
üçün də çox sevindirici və əlamətdar
bir gündür. Mən də bir gənc kimi, bu tarixi günə
şahidlik etdiyim üçün özümü çox
xoşbəxt hiss edirəm.
Möhtərəm
Prezidentimiz, cənab Sədr, şübhəsiz ki, bu namizədlik
qurultay nümayəndələri tərəfindən yekdilliklə
dəstəklənəcək. Çünki bu,
xalqımızın, xüsusilə də Azərbaycan gənclərinin
2003-cü ildən dəyişməz seçimidir və Azərbaycan
gəncliyi bir daha gələcəyə inamla və İlhamla
getmək istəyir. Bu mənada əminik ki, aprelin 11-də Azərbaycan
xalqı bir daha tərəqqiyə, sabitliyə və
inkişafa səs verəcək. Ona görə bu, cəmiyyətimizin
sosial sifarişi olmaqla, zamanın zərurətdən doğan
tələbdir. Bu seçim təkcə bizim ölkəmiz
üçün deyil, bütövlükdə regionumuzun gələcəyi
üçün çox əhəmiyyətlidir. Ötən
dövr ərzində respublikamızda bütün sahələrdə
qazanılan misilsiz nailiyyətlər Sizin imzanızla gerçəkləşib.
Ölkəmizdə uğurlu sosial-iqtisadi inkişafın nəticəsidir
ki, son illərdə əhalinin sayı durmadan artır.
Əslində bu, dayanıqlı inkişafın göstəricisi
olmaqla, ölkəmizdə demoqrafik təhlükəsizliyin
yüksək səviyyədə qorunmasına sübutdur.
Sizin rəhbərliyinizlə
ölkəmizdə gənclərin inkişafı
üçün mühüm məsələlərdən
biri olan təhsilimiz də böyük inkişaf yolu
keçir. Respublikamızda beynəlxalq standartlara cavab verən
müxtəlif təhsil ocaqları yaradılır, gənclərimiz
dünyanın nüfuzlu universitetləri ilə rəqabətə
girə bilən universitetlərdə təhsilini davam etdirir. Mən
də fəxr edirəm ki, dünyanın tanınmış təhsil
ocaqlarından heç də fərqlənməyən ADA kimi
Universitetdə təhsil alıram. Bütün sahələrdə,
xüsusilə təhsilimizdə inkişaf məhz Sizin xidmətiniz
və ölkəmizin gələcəyi olan gəncliyə
diqqətinizdir.
Fürsətdən
istifadə edərək, qeyd etmək istəyirəm ki, Sizin və
Heydər Əliyev Fondunun prezidenti möhtərəm Birinci
vitse-prezidentimiz Mehriban xanım Əliyevanın dəstəyi
ilə şərəfli tarixi keçmişimizin, milli mənəvi
dəyərlərimizin qorunmasında və dünyaya
çatdırılmasında həyata keçirilən
möhtəşəm layihələri Azərbaycan gəncləri
çox yüksək dəyərləndirirlər. Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli şəkildə
qeyd edilməsi ilə bağlı Sərəncam imzalamaqla qəhrəman
xalqımızın tarixi nailiyyətlərinə, Milli
Ordumuza, bayrağımıza, bütövlükdə dövlət
atributlarına böyük qiymət verdiniz. Tarixi
keçmişimizin nüfuzunu və şöhrətini daha da
yüksəltdiniz. Bu gün Sizin gərgin əməyinizə,
uzaqgörən diplomatiyanıza, qətiyyətli siyasətinizə
və xalqımıza olan sonsuz məhəbbətinizə
görədir ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi
olan qüdrətli müasir müstəqil dövlətimiz
dünya birliyində ləyaqətlə təmsil olunur. Sizin
uca kürsülərdə - BMT-də, NATO-da, Davosda, Avropa
Şurasında Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması ilə bağlı cəsarətli
çıxışlarınızı dinlədikcə Sizinlə
bir daha fəxr edirik. Siz bizim liderimizsiniz və ölkə gəncliyi
üçün örnəksiniz.
Bu gün
Sizin məqsədyönlü və uğurlu siyasətinizin nəticəsi
olaraq, rəhbərlik etdiyiniz Yeni Azərbaycan Partiyası ətrafında
700 mindən çox ölkə vətəndaşı
sıx birləşib. Xalqımız ölkəmizin gələcəyini
məhz müasir Azərbaycan dövlətinin qurucusu olan ulu
öndər Heydər Əliyevin dühası ilə yaranan
partiyanın iqtidarında görür. Mən də bir Azərbaycan
gənci kimi iftixar hissi ilə bildirirəm ki, bu gün ölkəmizin
ən aparıcı gəncləri ümumxalq partiyasına
çevrilmiş YAP-ın sıralarındadır. Heç də
sirr deyil ki, bu gün partiya üzvlərinin 40 faizindən
çoxu Azərbaycan gəncləridir.
Gənclərimizin
sürətlə bu partiyaya qoşulmasına səbəb isə
Sizin gənclərə olan etimadınız, diqqətiniz və
ehtiramınızdır. Uğurla həyata keçirdiyiniz gənclər
siyasəti sayəsində ölkəmizdə istedadlı,
savadlı, bacarıqlı, vətənpərvər gənclər
ordusu formalaşıb. Bu, o gənclərdir ki, ulu öndər
Heydər Əliyev siyasətinə sadiqdirlər, bu, o gənclərdir
ki, Ali Baş Komandanın bir əmri ilə öz qanları
bahasına aprel zəfərini bizə yaşatdılar. Bu, o gənclikdir
ki, Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!”
kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərini
dünya ictimaiyyətinə çatdırmaqla,
işğalçı və cinayətkar Ermənistanı
ifşa edirlər, bu, o gənclərdir ki, üçrəngli
bayrağımızı dünyanın ən mötəbər
arenalarında, Olimpiya Oyunlarında, ölkəmizdə
keçirilmiş birinci Avropa Oyunlarında, IV İslam Həmrəylik
Oyunlarında ucalarda dalğalandırdılar.
Cənab
Prezident, Siz hər çıxışınızda Azərbaycan
gənclərinin yanında olduğunuzu deməklə, ölkəmizin
həyatında gənclərin danılmaz rolunun və
iştirakının əhəmiyyətini, onların
potensialından istifadə etməyin vacibliyini cəmiyyətin
diqqətinə çatdırırsınız. Bütün
bunlara görə, Sizə çox minnətdarıq. Biz, Nəsimi
rayon təşkilatının 10 mindən çox gənci də
bütün Azərbaycan gəncləri kimi Sizin getdiyiniz bu
çətin və şərəfli yolda daim yanınızda
olacağımıza söz verir və hər zaman Sizin
etimadınızı doğrultmağa
çalışacağımızı bildirmək istəyirik.
Biz gənclər söz veririk ki, hər zaman Heydər
Əliyev yoluna, onun siyasətinə sadiq qalaraq, Sizin bizim
üçün yaratdığınız bu şanslardan istifadə
edib, Vətənimizin çiçəklənməsində əlimizdən
gələni əsirgəməyəcəyik.
Hörmətli
qurultay nümayəndələri, belə bir gündə, bu
ali məclisdə sizə Azərbaycan gəncliyinin cənab
Prezidentə olan inamını, ehtiramını və sonsuz
sevgisini ifadə etmək istərdim.
Lakin
çox təəssüf ki, respublikamızda məkrli niyyətlərini
həyata keçirmək istəyən bəzi ermənipərəst
xarici dairələr və təşkilatlar ölkəmizin bu
uğurlu inkişafına və beynəlxalq aləmdəki
imicinə kölgə salmağa cəhd edirlər. Nə qədər
acı olsa da, ölkəmizdəki bir qrup antimilli siyasətbazlar
uzun illərdir ki, bu məkrli planların alətinə
çevriliblər. Bu möhtəşəm kürsüdən
Azərbaycan gəncləri adından onlara səslənirəm:
Sizin bütün oyunlarınız elə ölkəmizin sərhədlərindən
kənarda iflasa uğrayacaq. Çünki Azərbaycan
xalqı öz gələcəyini və öz gəncliyini Azərbaycanda
alternativi olmayan İlham Əliyev siyasətində
görür.
Yaşasın
müstəqil Azərbaycan! Yaşasın cənab Prezident
İlham Əliyev! Yaşasın Yeni Azərbaycan Partiyası!
***
Yeni Azərbaycan
Partiyası sədrinin müavini - icra katibi Əli ƏHMƏDOV dedi
-Hörmətli
sədr.
Hörmətli
qurultay nümayəndələri.
Altı nəfər
partiyamızın sədrinin proqram xarakterli
çıxışı ətrafında diskussiyada iştirak
etdi və qarşıdan gələn növbədənkənar
prezident seçkilərində Yeni Azərbaycan
Partiyasının namizədinin irəli sürülməsi
haqqında təkliflərini bildirdi. Bütün
çıxışlarda Prezident İlham Əliyevin növbədənkənar
prezident seçkilərində namizədliyinin irəli
sürülməsi haqqında təklif səsləndirildi.
Hesab edirəm ki, bununla biz çıxışlara son qoya bilərik.
Növbəti
məsələmiz Yeni Azərbaycan Partiyasının VI
qurultayının aprelin 11-də keçiriləcək
prezident seçkilərində cənab İlham Əliyevin
namizədliyinin irəli sürülməsi haqqında qərarının
qəbul edilməsi ilə əlaqədardır.
İcazə
verin, qurultayın qərar layihəsini təqdim edim.
***
Azərbaycan
Respublikasının Prezidenti, Yeni Azərbaycan
Partiyasının sədri İlham Əliyevin 2018-ci il aprelin
11-də növbədənkənar prezident seçkilərində
namizədliyinin irəli sürülməsi barədə Yeni
Azərbaycan Partiyasının VI qurultayının qərarı:
Azərbaycan
Respublikasının Prezidenti, Yeni Azərbaycan
Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi
ilə 2003-cü ildən keçən müddət müasir
tariximizə ölkənin iqtisadi, sosial, siyasi və mədəni
inkişafının dönüş nöqtəsi kimi daxil
olub. Bu illər ərzində uğurla həyata keçirilən
islahatlar nəticəsində iqtisadiyyat üç dəfədən
çox artıb, Azərbaycan dünyanın ən dinamik
inkişaf edən iqtisadiyyatı kimi tanınıb,
özünün nadir iqtisadi inkişaf modelini təqdim edib.
Ölkənin
iqtisadi potensialı əsaslı şəkildə artırılıb,
maliyyə imkanlarımız tarixi maksimuma
çatdırılıb. Azərbaycan bölgənin ən
qüdrətli iqtisadiyyatına çevrilib, Cənubi
Qafqazın və ətrafın coğrafiyasını dəyişdirməyə
qadir olan möhtəşəm layihələrin təşəbbüskarı
missiyasını qətiyyətlə öz üzərinə
götürüb. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan
regional iqtisadiyyatın lokomotivinə çevrilib, Avropanın
enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından
biri kimi özünü təqdim edib, beynəlxalq Şərq-Qərb,
Şimal-Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli
vəzifəni layiqincə yerinə yetirməkdədir.
Bütün bunların nəticəsində təbii olaraq Azərbaycanın
regional və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti
xeyli yüksəlib.
Ardıcıl
və sistemli şəkildə həyata keçirilən
sosial siyasət sayəsində insanların həyat şəraitinin
yüksəldilməsi, rifahının
yaxşılaşdırılması sahəsində möhtəşəm
nailiyyətlər əldə edilib. Hər şeydən əvvəl
yoxsulluq həddinin 50 faizdən 5 faizə endirilməsi,
başqa sözlə, təxminən 10 dəfə
azaldılması, 1 milyon 900 min yeni iş yerinin
yaradılması nəticəsində işsizlik səviyyəsinin
təxminən 5 faizə endirilməsi kimi tarixi nailiyyətlər
qeyd olunmalıdır. Bu müddət ərzində maaşlar
orta hesabla 5 dəfə, pensiyalar 8 dəfə, əhalinin real
gəlirləri orta hesabla 2,6 dəfə artıb.
Sosial
infrastrukturun yenilənməsi sahəsində əldə olunan
nailiyyətlər, sözün həqiqi mənasında,
möcüzə sayıla bilər. 2003-2017-ci illərdə
3100 məktəb tikilib və ya əsaslı surətdə təmir
olunub, 642 xəstəxana qurulub istifadəyə verilib, 43
müasir idman kompleksi yaradılıb.
Məcburi
köçkünlərin sosial-məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə 92 qəsəbə
və yaşayış kompleksi, 48,3 min mənzil və ya fərdi
ev tikilib istifadəyə verilib, 245 min məcburi
köçkün müasir mənzillərlə təmin
olunub.
Ölkənin
siması köklü surətdə yenilənib, modernləşmə
Azərbaycanın müasir tarixinin fərqləndirici
xüsusiyyətinə çevrilib. Bakı dünyanın ən
gözəl şəhərlərindən biri kimi şöhrət
qazanıb, bölgələrdə həyatın keyfiyyəti
köklü surətdə dəyişdirilib. Əzəmətli
infrastruktur layihələrin miqyası inşa olunan 12,3 min kilometr
müasir yollarda, 443 körpü və yol
qovşağında, qazlaşdırmanın 93 faizə
çatdırılmasında, əhalinin içməli su ilə
təminatının 67 faizə yüksəlməsində ifadə
olunur.
Hərtərəfli
siyasi islahatlar ölkənin siyasi sisteminin təkmilləşməsini
və müasir standartlara uyğunlaşmasını əsaslı
surətdə təmin edib. İnsan hüquq və
azadlıqları, o cümlədən siyasi azadlıqlar,
söz və mətbuat azadlığı tam təmin edilib,
idarəetmənin optimallaşdırılması və səmərəliliyinin
artırılması sahəsində ciddi addımlar
atılıb.
2016-cı
ildə keçirilən referenduma əsasən baş tutan
Konstitusiya islahatları, vitse-prezident institutunun
yaradılması siyasi islahatların dərinləşməsi
istiqamətində ən uğurlu addımlardan sayıla bilər.
Bu islahatların nəticəsində Azərbaycan dövlətinin
daha qüdrətli və möhtəşəm görkəm
alması haqlı olaraq xalqın qürur və iftixar mənbəyinə
çevrilib. 2012-ci ildə Azərbaycanın Birləşmiş
Millətlər Təşkilatı Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsi,
mötəbər beynəlxalq təşkilatlarda Azərbaycanın
layiqincə təmsil olunması, tam müstəqil xarici və
daxili siyasət yürütməsi dövlətimizin qüdrətinin
və müstəqilliyinin ən bariz ifadələridir. Bu
qüdrətin digər bir ifadəsi isə ordumuzun
döyüş qabiliyyətinin heç zaman
olmadığı qədər yüksəlməsi hesab edilməlidir.
2016-cı ilin aprel döyüşlərində düşmənə
endirilən sarsıdıcı zərbə, düşmən
işğalından azad olunaraq yenidən qurulan Cocuq Mərcanlı
qəhrəman Azərbaycan Ordusunun döyüş
şücaətinin unudulmaz səhifələri, Ali Baş
Komandan, Prezident İlham Əliyevin müdrikliyinin parlaq
nümunəsidir.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
inkişafı tam, bitkin, sistemli xarakter daşıyaraq əsl
mənada intibah kimi müasir həyatımıza və
tariximizə daxil olub. Bütün sahələrdə
olduğu kimi, elm, mədəniyyət, idman sahələrində
də əzəmətli layihələr həyata
keçirilib və keçirilməkdədir. Azərbaycanın
“Eurovision” mahnı müsabiqəsinə, ilk Avropa
Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına, bir sıra
mötəbər beynəlxalq təşəbbüslərə
və tədbirlərə ev sahibliyi etməsi Azərbaycan
intibahının miqyasının və beynəlxalq etiraf dərəcəsinin
aydın göstəricisidir.
Yeni Azərbaycan
Partiyasının VI qurultayı Azərbaycan
Respublikasının Prezidenti, Yeni Azərbaycan
Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanın sürətli sosial-iqtisadi
inkişafını, dövlətçilik ənənələrinin
və demokratik təsisatlarının gücləndirilməsini,
ölkənin beynəlxalq nüfuzunun və müdafiə
qabiliyyətinin ciddi şəkildə möhkəmləndirilməsini,
habelə Prezident İlham Əliyevin şəxsində Azərbaycanın
inkişaf perspektivlərinə etibarlı təminatı nəzərə
alaraq və Azərbaycan Respublikası Seçki Məcəlləsinin
54-cü maddəsinə istinad edərək qərara alır:
İlham
Heydər oğlu Əliyev 2018-ci il aprel ayının 11-də
keçiriləcək növbədənkənar prezident
seçkilərində Azərbaycan Respublikasının
prezidentliyinə namizəd irəli sürülsün.
***
Əli ƏHMƏDOV: Hörmətli qurultay
iştirakçıları, sizin hərarətli və sürəkli
alqışlarınız əslində qurultayın səsləndirilən
qərarının birmənalı şəkildə dəstəklənməsidir.
Amma, eyni zamanda, mən prosedur qaydalarına görə
qurultayın qərarını səsə qoymalıyam.
Kim
Prezident İlham Əliyevin növbədənkənar prezident
seçkilərində namizədliyini dəstəkləyirsə,
xahiş edirəm, səs versin.
Əleyhinə
olan, bitərəf qalan, yoxdur.
Beləliklə,
Yeni Azərbaycan Partiyasının VI qurultayının
İlham Əliyevin namizədliyinin irəli sürülməsi
haqqında qərarı yekdilliklə qəbul olunur. Xeyirli
olsun! Uğurlu olsun!
Cənab
Prezident, Azərbaycan xalqı Yeni Azərbaycan
Partiyasının VI qurultayının qəbul etdiyi bu qərarı
ürəkdən dəstəkləyəcək. Buna qətiyyətlə
inanırıq. Eyni zamanda, ona da inanırıq ki, aprel
ayının 11-də hər bir seçicimiz böyük həvəslə,
ürəkdən səsvermə məntəqəsinə gəlib
Sizə səs verəcək və Sizə səs verməklə
növbəti 7 il ərzində Azərbaycanın
inkişafına, tərəqqisinə, yüksəlişinə,
sabitliyinə, əmin-amanlığına səs vermiş
olacaqlar.
Cənab
Prezident, Siz buna layiqsiniz. Azərbaycan xalqı Azərbaycanın
bu gününü, sabahını, gələcəyini Sizinlə,
Sizin həyata keçirdiyiniz siyasətlə bir yerdə
görür. Alternativ yoxdur və hesab edirəm ki, biz bu
gündən artıq aprel ayının 11-də bizi gözləyən
qələbə münasibətilə Sizi və bütün
partiya üzvlərini, bütün xalqımızı təbrik
edə bilərik. Sağ olun cənab Prezident.
***
Prezident
İlham ƏLİYEV: Hörmətli qurultay nümayəndələri,
mənə göstərilən böyük dəstəyə
görə sizə dərin təşəkkürümü
bildirmək istəyirəm. Sizi və bütün Azərbaycan
xalqını əmin etmək istəyirəm ki, əgər
prezident seçkilərində Azərbaycan xalqı mənə
yenidən yüksək etimad göstərərsə, doğma
xalqıma ləyaqətlə xidmət edəcəyəm.
Sağ olun.
***
Yeni Azərbaycan
Partiyasının VI qurultayı dövlət himninin səslənməsi
ilə başa çatdı.
Azərbaycan.- 2018.- 9 fevral.- S.1-5.