UNESCO üzrə Azərbaycan Milli Komissiyasının gələcək fəaliyyət planına dair müzakirələr aparılıb

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin rəhbərlik etdikləri qurumlarda UNESCO məsələlərinə cavabdeh olan şəxslərin iştirakı ilə iclas keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasın məqsədi işçi səviyyədə Milli Komissiyanın qarşısında duran məsələlərin və gələcək fəaliyyət planının müzakirə edilməsi, eləcə də aidiyyəti qurumlar arasında daha sıx əlaqələndirmənin təmin edilməsi ilə bağlı fikir mübadiləsinin aparılması olub.

İclası açan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov ölkəmiz ilə UNESCO arasında mövcud olan sıx əlaqələrdən bəhs edib. O, bu əlaqələrin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini qeyd edib. Baş katib vurğulayıb ki, Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması və UNESCO ideyalarının təbliği istiqamətində Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən mühüm layihələr həyata keçirilib.

2017-ci ildə ölkəmizin UNESCO-ya üzvlüyünün 25 illiyini qeyd etdiyini diqqətə çatdıran E.Sultanov Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb və gündəmdə duran cari məsələlər haqqında məlumat verib.

Daha sonra Azərbaycan ilə UNESCO arasında mədəniyyət, elm, təhsil, informasiya, multikulturalizm, gender bərabərliyi və digər sahələr üzrə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, bir sıra yeni təkliflər irəli sürülüb və qurumlararası koordinasiyanın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

 

Azərbaycan.- 2018.- 9 fevral.- S.6.