Sevginin və ümidin təcəssümü
- Nardaran piri
Ziyarətgahlarımız
Xəlifənin təqiblərindən qurtulmaq
üçün Azərbaycana
pənah gətirən
Peyğəmbər övladları
yerli əhali tərəfindən böyük
hörmətlə qarşılanırdı. Burada onları
çox sevir, qayğı göstərir,
təhlükələrdən qoruyurdular. İmam övladları dünyalarını
dəyişəndən sonra
da məzarları ziyarətgahlara çevrildi.
Müqəddəs tutulan belə
məkanlardan biri də Nardaran piridir.
Nicat yeri
Bakının ən qədim yaşayış məskənlərindən
birinə - Nardarana İmam qızı Rəhimə xanım da öz ailəsi
ilə birlikdə təqiblərdən xilas olmaq üçün gəlmişdi. “Nur
olan yer” mənasını daşıyan
bu torpaq onlara əbədi məkan oldu.
Rəhimə xanım VII İmam Musa Kazımın qızı,
VII İmam Rzanın bacısı idi. Xəlifələr Harun ər-Rəşidin və Məmunun etdikləri zülmlər illər idi davam edirdi. Ancaq atasından sonra da qardaşının şəhid edilməsi ilə Rəhimə xanım və digər Peyğəmbər
övladları daha böyük təhlükələrlə
üzləşdilər. Onların yaşadıqları yerləri
gizlicə tərk etməkdən başqa çarələri qalmadı.
Rəhimə xanım iki
bacısı və digər qohumları ilə xəlifənin zülmündən qaçıb
Azərbaycana sığındı.
O, Nardaranda kənd sakini Seyid Yusif
ağanın qonağı
oldu. İmam qızına ehtiramını
və azərbaycanlılara
məxsus qonaqpərvərliyini
Seyid Yusif ağa evini Rəhimə xanıma verməklə bildirdi.
Özü ailəsi ilə birlikdə yaşamaq üçün
bir az
aralıda yeni ev tikdirdi.
Məlumatlara görə, Rəhimə xanımın əsl adı Fatimə imiş. O, qeyri-adi qabiliyyətə,
insanlara şəfavermə
bacarığına malik
idi. Nicat tapmaq üçün
yanına gələn
xəstələri təkcə
cəddinin kəraməti
ilə deyil, həm də təbabət elminin, öz əlləri ilə topladığı
dərman otlarından
hazırladığı məlhəmlərin
köməyi ilə sağaldırdı. Həddindən artıq rəhmli və şəfa verən olduğundan yerli əhali onu Rəhimə xanım adlandırırdı.
Rəhimə xanımın çox gənc - 20-22 yaşında
vəfat etdiyi söylənilir. Bu barədə
müxtəlif ehtimallar
var. Bəzi fərziyyələrə
görə, İmam qızı Nardaranda Mir Əbdulla ilə ailə həyatı qurub və onların
bir uşağı olub. Rəhimə xanım da
o zaman - ilk övladını
dünyaya gətirən
zaman dünyasını
dəyişib. Başqa bir
ehtimala əsasən, İmam qızı xəstəlikdən vəfat
edib.
O, bu dünyadakı son anlarına
qədər sonsuz sevgi gördüyü müqəddəs torpaqda
- Nardaranda dəfn edildi. Məzarı ziyarət yeri
oldu.
İmam qızının
çağırışı
Bəzən zamanın küləkləri,
qasırğaları bir
çox həqiqətlərin
üzərinə pərdə
çəkir. Ancaq onları əbədi
unutdurmağa gücü
yetmir. Rəhimə xanımın qəbri
yerləşən pir
də uzun illər itib-batdı.
Belə ki, Xəzər dənizinin XIII-XIV əsrlərdə
yerinə çəkilməsi
nəticəsində Nardaran
kəndinin şimal hissəsində boşluq əmələ gəldi.
Şimal
küləklərinin gətirdiyi
qumlar qəbrin üzərinə çox
qalın bir örpək saldı.
Beləcə, Həzrət
Rəhimə xanım
və onun ailə üzvlərinin qəbirləri üstündə
tikilmiş məscid binası əsrlər boyu qum
altında qaldı.
Nəhayət, XX əsrin ortalarında burada qazıntı işləri aparıldı. Məscidin tapılması
barədə maraqlı
bir hadisə söylənilir. Danışırlar
ki, Nardaran kənd sakini Yunis kişi
üç gecə eyni yuxunu görürdü.
Yuxusuna gələn nur üzlü, mələk simalı qadın onu çağırırdı: “Mən
İmam övladı,
İmam bacısı Rəhimə xanımam. Burada torpaq içərisində
qalmışam, məni
xilas et!” Yuxusunu kəndin ağsaqqallarına
söylədi. Birlikdə köhnə
qəbiristanlıq yerinə
getdilər. Yunis
kişi yuxuda gördüyü yeri nişan verdi. Orada balaca bir çökək gözə
dəyirdi. Sanki qum altda harasa axıb gedirdi. Kənd əhli yığıldı.
Həmin
yeri qazmağa başladılar. Qazıldıqca böyük bir çuxur göründü.
Torpağın altından çıxan
tikili hamını heyrətə saldı.
1950-ci ildə tapılaraq qum
altından çıxarılan
bina iki otaqdan ibarət idi. Düzbucaqlı plana malik əvvəlinci
otaq (5,80 x 3,20 x 2,53 m) məscidə aiddir. İkinci tağ tavanlı otaq (2,75 x 2,75 x 2,53) isə türbə binasıdır.
Türbənin başqa yerdən
qapısı yoxdur.
Buraya ancaq məsciddən açılan
çatmatağlı qapıdan
(1,13 x 0,58) daxil olunur. Məscidin tağlı qapısı
(1,20 x 0,59 m) eşmə
ilə, kiçik baştağı isə sadə həndəsi naxışlarla haşiyələnib.
Qapı üzərindəki
iki parça əhəng daşında
(1,07 x 3,9) kufi elementli süls xətti ilə kitabə həkk olunub.
Bəzi mənbələrdə də
imam övladlarının təqib
olunarkən bu tərəflərə üz
tutduqları haqqında
ara-sıra qısa məlumatlara rast gəlindiyini qeyd edən etnoqraf alim Məşədixanım
Nemət yazırdı
ki, Nardaran pirindəki türbə binasını memarlıq quruluşuna görə
XII-XIII əsrlərə aid etmək olar. Ona bitişik düzbucaqlı
plana malik məscidin qapısı üzərində bütöv
bir əhəng daşına iri süls elementli nəsx xətt ilə yazılmış ərəbcə kitabəni
etnoqraf alim belə tərcümə etmişdi: “Bu mübarək
məscidin, Allahın
evinin bina olunmasına hacıların
seçilmişi, dövrün
yeganəsi, Böyük
sədr Xacə Hacı Həmzə ibn Qutlu Mahmud Şahabadi - Allah onun müvəffəqiyyətini əbədi
etsin - yeddi yüz altmış beşinci ildə əmr etmişdir” (Miladi: 1363-1364).
Kitabədə adı çəkilən
Xacə Hacı Həmzə Şirvanşahlar
dövlətində baş
sədr vəzifəsini
daşıyırdı. Bu vəzifəyə görə
o, dövlətdə şirvanşahdan
sonra üçüncü
şəxs sayılırdı.
Belə məsul vəzifə tutan baş sədrin həmin kompleksdə məscid binası tikdirməsi buranın yalnız imamzadə kimi yox, ölkənin ictimai, iqtisadi, siyasi həyatında mühüm rol oynamış mərkəzlərdən
biri olduğunu təsdiq edir. Belə mərkəzlər adətən
baş sədrin tabeliyində olurdu.
Başdaşındakı kitabələr məqbərə
qarşısında dəfn
edilənlərin də
dövrlərinin görkəmli
alimləri olduğunu
təsdiq edir. Hicri 1049-cu ildə
(1639-1640) şəhid edilmiş
Şeyx Sədinin adı digər mənbələrdə qeyd
olunmayıb. Oğlu Şeyx
Xoda Pulad onunla yanaşı dəfn edilib. Şeyx ləqəbinə və “əs - şəhid əs - səid” - xoşbəxt şəhid
sözlərinə əsaslanaraq,
güman edilir ki, Şeyx Sədi
hansısa bir hərəkatda, mübarizədə
həlak olub.
Pir kompleksi yaxınlığında
başqa məscid, karvansara binası, ətrafda böyük qəbiristanlıq da mövcuddur. Kompleksdəki məscid olduqca
maraqlıdır. Ərəbcə
kitabənin məzmunu
belədir: “Bu məscidin
tikilməsinə mömin
Şeyx Nurəddin
Mahmud ibn Şeyx Zahid Əbu Yusif, həqiqətən yeddi yüz yeddinci ildə (1307-1308) əmr edib: - Hökmdarlıq Allaha məxsusdur”. Kitabədə daha iki şeyxin - Nurəddin
Mahmud və atası Şeyx Zahid Əbu Yusifin adları çəkilir.
Kompleks yaxınlığında olan
hamam binası da sonradan uçub
dağılıb. Onun üzərindəki
kitabəni hələ
1920-ci illərdə arxeoloq
İ.Əzimbəyov oxuyub
nəşr etdirdi.
Ərəbcə yazılmış
həmin kitabənin mətni belədir: “Bu pak və təmiz
imarətin tikilməsinə
sədr əl - möhtərəm Xacə
Zeynəddin ibn mərhum Dağmanlı Mövlana Şəhabəddin
(Allah ona rəhmət
eləsin!) əmr etdi” (1338 miladi)”.
Tarixin qovğalarında...
Sovet hakimiyyəti illərində
xalqın müqəddəs
bildiyi məscidlərin,
ziyarətgahların başlarının
üstünü təhlükə
aldı. Digər ziyarətgahlar kimi
Nardaran pirinin də sökülməsi gözlənilirdi. Nardaran əhalisi
bunun qarşısını
almaq üçün
pirin qapısını
daşla hördü.
Ancaq gecələr bu daşları sökərək
pirə daxil olurdular. Hər dəfə bu
hadisə təkrarlandığı
üçün çıxış
yolu axtarmağa başladılar. Kəndin kolxoz
və kənd sovetinin sədrləri pirin möhkəm bünövrəsini əsas
gətirərək onun
anbar kimi istifadə edilməsini təklif etdi. Bu yolla Nardaran
pirini xilas etmək mümkün oldu. 1951-ci ildə
anbara çevrilən
tikilidə buğda saxlanılmağa başlandı.
Nəhayət, 1956-cı ildə yerli əhali yığışaraq buranı
təmizlədi. Nardaran piri
əvvəlki vəziyyətinə
qaytarıldı.
Həmin dövrlərdə Azərbaycandakı bərpaçıların çoxu milliyyətcə erməni olduğundan, onlar daş kitabələrin üzərindəki yazıları pozurdular. Beləcə, Rəhimə xanımın qəbrinin üzərindəki kitabələrin bəziləri məhv edildi.
1994-cü ildə Rəhimə xanım məscid-ziyarətgahının yenidən inşa olunması üçün işlərə başlandı. Pirin maketinin hazırlanması mahir memar Nemət Əsədulla oğluna həvalə edildi. Həmin ilin 10 avqustunda, Peyğəmbərin mövludu günü tikintinin bünövrəsi qoyuldu. Nardaran əhalisindən toplanmış vəsait hesabına qədim türbənin üzərində ikinci mərtəbə inşa olundu. Bütün kənd sakinləri tikintidə iştirak etdi. İnşaat işlərinə böyük həssaslıqla yanaşıldı. Köhnə tikili bu gün də qədim abidə kimi qorunmaqdadır.
Nardaran pirinin müxtəlif yerlərində 3 quyu var. Bu quyulardan vaxtilə Rəhimə xanımın istifadə etdiyi söylənilir. Onlardan biri 17 metr dərinliyə malikdir. Bəziləri onun Məkkədəki müqəddəs Zəmzəm suyunun dadını verdiyini deyirlər.
Pirin həyətində “Ürək daşı” adlandırılan bir ziyarətgah da mövcuddur.
Bu gün öz möhtəşəm görkəmi ilə diqqəti cəlb edən Nardaran piri bizim dinimizə, adət-ənənələrimizə, ən əsası Yaradanın birliyinə, Onun rəhminin sonsuzluğuna inamımızın və sevgimizin təcəssümüdür. İnsanların müqəddəs ziyarətgah kimi üz tutduqları Rəhimə xanım məscid-ziyarətgahı həm də tarixi abidələrimizdən biri kimi dəyərlidir. Bu memarlıq abidəsinə daxil olan bir neçə məscid, məqbərə, başdaşı, sənduqə formalı mədəniyyət abidələri tariximizin dəyərli nümunələrindəndir.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2018.-9 fevral.- S.12.