Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar vətəndaş müraciətlərinin həlli üçün etibarlı zəmindir

 

Təkliflər fəal vətəndaş mövqeyinin ifadəsidir

2017-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin 0,3 faizini təkliflər təşkil edir. Bu təkliflərin sayı ərizə və şikayətlərə nisbətən az olsa da, vətəndaşların fəal həyat mövqeyinin ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır və onlar Prezident Administrasiyası, habelə müvafiq qurumlar tərəfindən diqqətlə öyrənilir, əsaslı təkliflərin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür. Vətəndaşlar öz müraciətlərində ölkənin daxili və xarici siyasəti barədə mülahizələrini bildirir, ölkənin iqtisadi qüdrətini daha da artırmaq üçün həyata keçirilməli layihələrin qəbul olunmasını, respublika miqyaslı məsələlərlə yanaşı, yaşadıqları şəhərin, rayonun, kəndin, qəsəbənin, küçə və məhəllənin həll olunmalı problemlərini yada salır, bu sahədə öz köməklərini təklif edirlər.

Verilən təkliflər həyatın ən müxtəlif sahələrini əhatə edir. İctimai-siyasi məsələlərdən bəhs edən təkliflərdə vətəndaşlar ulu öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün onun irsinin daha dərindən öyrənilməsi, bəzi qanunvericilik aktlarının təkmilləşdirilməsi, müxtəlif struktur dəyişikliklərinin aparılması, dövlət qurumlarının fəaliyyətini müasir tələblərə uyğun qurmaq üçün islahatların daha da dərinləşdirilməsi barədə fikirlərini bölüşürlər.

Bu qəbildən olan müraciətlərdə “Azərbaycanın bölgələri üzrə kənd təsərrüfatı Ensiklopediyası”nın və “Azərbaycan Olimpiya Ensiklopediyası”nın yaradılması, azad sənaye zonaları, devalvasiyadan sonra problemli borclara çevrilmiş bank kreditləri və sair məsələlər barədə fikir və mülahizələr bildirilir.

Təkliflərin müəllifləri həmçinin kənd və qəsəbələrdə bol meyvə məhsullarından daha səmərəli istifadə məqsədilə meyvəqurutma sexlərinin artırılması, məişət tullantılarının yenidən emalının təşkil edilməsi, Bakı ilə yanaşı respublikanın digər böyük şəhərlərində də iritutumlu marşrut avtobuslarının sayının artırılması, üzümçülüyün inkişafı, bəzi rayonlarda fəaliyyət göstərmiş şərab zavodlarının bərpası, dolunun kənd təsərrüfatına vurduğu ziyanın qarşısını almaq üçün müasir qurğuların quraşdırılması, yem istehsalının genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən yarmarkaların sayının artırılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olmuş şəxslərin sosial müdafiəsinin daha da gücləndirilməsi, sağlamlıq imkanları məhdud uşaqlara qulluq göstərən şəxslərə sosial ödənişlər verilməsi məsələləri barədə öz mülahizə və fikirlərini bölüşürlər. Vətəndaşların təklifləri əsasında dövlət orqanlarının göstərdiyi xidmətlərin keyfiyyəti daim yüksəlir, onlar bunu məmnunluqla qarşılayırlar.

Ölkəmizdə gedən prosesləri daim müşahidə edən, yaşadıqları bölgənin inkişafı istiqamətində təkliflər irəli sürən vətəndaşlar əhaliyə daha rahat şərait yaradılması üçün yeni yolların, qaz və su xətlərinin çəkilməsi, əkin sahələrinin suvarılması üçün yeni su mənbələrinin tapılması, yol işarələrinin qoyulması, keçidlərin və körpülərin tikilməsi, bəzi küçə və yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, eyni zamanda, yeni iş yerlərinin açılması barədə fikirlərini bildirirlər.

Bir sıra təkliflərdə ölkənin ayrı-ayrı elm, mədəniyyət və ictimai-siyasi xadimlərinin ev muzeylərinin yaradılması barədə fikirlər diqqəti cəlb edir.

Vətəndaşlar yaxşı bilirlər ki, onların göndərdiyi təkliflər, qaldırdıqları məsələlər araşdırılır, öyrənilir və baxılır. Bu da vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində önəmli məqam kimi qeyd edilməlidir.

 

Müraciətlər vətəndaşın öz Prezidentinə və dövlətinə güvənc sədasıdır

 

Azərbaycan Respublikasının Prezidenti xalqın inam, güvənc, etimad ünvanı olduğuna görə vətəndaşlar özlərinin bütün problemlərinin həllində, ilk növbədə, ölkə Prezidentinə və onun Administrasiyasına müraciət etməyə üstünlük verirlər. Ölkədə aparılan böyük quruculuq işlərini, sosial-iqtisadi problemlərin əsaslı həlli üçün görülən tədbirləri təqdir etməklə yanaşı, vətəndaşlar onları narahat edən, düşündürən məsələlərlə əlaqədar yazmaqda davam edir, həmişə olduğu kimi, öz hüquq və azadlıqlarının qarantı hesab etdikləri Azərbaycan Prezidentindən kömək umurlar.

2017-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, onların sayı əvvəlki ilə nisbətən 10 minədək azalmışdır. Bu, yerlərdə vətəndaşların problemlərinə daha diqqətlə yanaşılmasından, onları narahat edən məsələlərin həllinə lazımi kömək göstərilməsindən və müraciətləri ilə əlaqədar onlara əsaslı cavab verilməsindən irəli gəlir. Daxil olan müraciətlərin ümumi sayı Naxçıvan MR, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Abşeron, Ağdam, Ağsu, Astara, Biləsuvar, Binəqədi, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Hacıqabul, Xaçmaz, Xətai, İmişli, İsmayıllı, Kürdəmir, Qaradağ, Qazax, Qəbələ, Qobustan, Qusar, Lerik, Masallı, Nərimanov, Nəsimi, Nizami (Bakı), Samux, Səbail, Siyəzən, Suraxanı, Şabran, Şuşa, Tərtər, Zərdab, digər şəhər və rayonlarda daha çox azalmışdır.

2016-cı illə müqayisədə müraciətlərin sayı Beyləqan, Cəbrayıl, Kəlbəcər, Laçın, Saatlı, Sabirabad, Şamaxı və digər rayonlarda artmışdır.

Vətəndaş müraciətlərinin təhlilində əsas göstəricilərdən biri hər bir rayon və şəhərdən əhalinin 1000 nəfərinə düşən müraciətlərin sayıdır. Bu baxımdan 2017-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin təhlili göstərir ki, Bakı şəhərinin rayonlarından, habelə Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Quba, Neftçala, Saatlı, Salyan, Samux, Şəmkir, Tovuz, Yardımlı, digər şəhər və rayonlarda bu göstərici yüksək olmuşdur.

Elə şəhər və rayon icra hakimiyyətləri var ki, vətəndaşlar öz problemləri barədə onlardan çox yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına yazmağa üstünlük verirlər. Dövlət orqanlarına daxil olan müraciətlərin sayının bilavasitə yerli icra hakimiyyətlərinə daxil olan müraciətlərin sayından çox olduğu şəhər və rayonlardan Yevlax, Ağdam, Ağdaş, Astara, Bərdə, Göyçay, Göygöl, Kəlbəcər, Kürdəmir, Laçın, Neftçala, Pirallahı, Samux, Şamaxı, Tovuz, Yardımlı, Yasamal, başqa şəhər və rayonları göstərmək olar.

Müraciətlərin növlər üzrə təhlili göstərir ki, il ərzində daxil olmuş müraciətlərin 66,5 faizi ərizə, 33,2 faizi şikayət, 0,3 faizi təklifdir.

Ərizələr əsasən sosial müdafiə məsələləri, o cümlədən müvafiq əlillik dərəcələrinin, ünvanlı sosial yardımların, əlil arabalarının verilməsi, habelə xaricdə və respublikada müalicəyə kömək göstərilməsi, təhsil haqqının və kreditlərin ödənilməsində güzəşt edilməsi, ixtisara düşmüş işçilərin işlə təmin olunması, mənzillə təmin olunma, sığorta və ipoteka kreditlərinin verilməsi və s. məsələlər barəsindədir. Eyni zamanda, əfv məsələlərinə dair ərizələr də az deyildir.

Müraciətlərin mövzularının müqayisəli təhlili göstərir ki, şəhərsalma və çoxmərtəbəli binaların tikintisi və söküntüsü, bu zaman kompensasiyaların verilməsi, məişət zorakılığı, dələduzluq, orta təhsil, meliorasiya və su təsərrüfatı, əlillik dərəcələrinin təyin edilməsi, qaz sayğaclarının quraşdırılması, cərimələr kəsilməsi barədə müraciətlərin sayı artsa da, digər məsələlər, o cümlədən hüquq mühafizə orqanlarının, məhkəmələrin, ədliyyə orqanlarının, şəhər, rayon icra hakimiyyətləri və bələdiyyələrin fəaliyyəti, mənzil, müraciətlərə baxılma, mədəniyyət və turizm məsələləri, nəqliyyat, rabitə və informasiya texnologiyaları, əmlak, torpaq məsələləri, sahibkarlığın inkişafı, gömrük orqanlarının fəaliyyəti mövzusunda müraciətlər xeyli azalmışdır.

Şəhər, rayon icra hakimiyyətləri və bələdiyyələrin fəaliyyəti barədə müraciətlərin sayı ötən illə müqayisədə xeyli azalmışdır. Azalma əsasən Naxçıvan MR, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şirvan, Yevlax, Ağdam, Ağsu, Astara, Cəbrayıl, Cəlilabad, Gədəbəy, Goranboy, Xaçmaz, Xocalı, Qaradağ, Qəbələ, Qusar, Lerik, Masallı, Nəsimi, Saatlı, Samux, Səbail, Suraxanı, Şabran, digər şəhər və rayonlarda müşahidə olunmuşdur.

Buna baxmayaraq bu mövzuda Balakən, Beyləqan, Binəqədi, Göyçay, Xəzər, İmişli, Qazax, Laçın, Sabunçu, Şamaxı, Tərtər, Tovuz, Ucar, Yasamal, Zaqatala və digər rayonlarda artım olmuşdur.

Bələdiyyələrin fəaliyyəti vətəndaşların gündəlik tələblərinin yerinə yetirilməsində mühüm rol oynayır. Təəssüf ki, bələdiyyələr öz işlərini heç də həmişə lazımi səviyyədə qura bilmirlər. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən ədliyyə orqanları tərəfindən 67 mindən çox bələdiyyə aktı yoxlanılmış, qanunsuz qərarlar ləğv etdirilmiş, cinayət xarakterli pozuntularla bağlı 23 fakt üzrə materiallar prokurorluğa göndərilmiş, qanunsuz ayrılmış minlərlə hektar torpaq sahəsi geri qaytarılmışdır.

Prezident Administrasiyasına daxil olan müraciətlərin 4,2 faizi səhiyyə məsələlərinə aiddir. Belə müraciətlərin sayının ildən-ilə azalması insanların sağlamlığına dövlətin göstərdiyi qayğıdan irəli gəlir. Azərbaycan Prezidenti respublikada həyata keçirilən sosial təşəbbüslərin vüsətindən danışarkən dünya üçün bir yenilik olan kütləvi müayinədənkeçmə proqramını xüsusi qeyd etmişdir. Bir neçə ildir həyata keçirilən həmin proqramın bu sahədə müasir infrastrukturun yaradılması sayəsində mümkün olduğunu göstərən ölkə Prezidenti deyir: “Artıq 600-dən çox xəstəxananın tikintisi, təmiri bizə belə imkanları yaradır. Kütləvi müayinədənkeçmə proqramını əhatə edən bütün qurumlar bu nəticəni əldə ediblər - bu il 5 milyondan çox Azərbaycan vətəndaşı pulsuz müayinədən keçibdir. Bax, bizim siyasətimiz bundan ibarətdir”.

Səhiyyə məsələlərinə aid daxil olan müraciətlərin böyük əksəriyyəti ərizələrdən ibarət olmuş və onlarda əsasən müalicə, dərmanlarla təminat məsələləri qaldırılmışdır. Xaricdə müalicə ilə bağlı ərizələrin də sayı xeyli azalmışdır.

Təhsil məsələləri barədə müraciətlərin artmasının səbəbini müəyyən dərəcədə 2014-cü ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi və buna müvafiq olaraq müəllimlərin dərs yükünün və əməkhaqqının müəyyən edilməsi sahəsində görülən işlərlə əlaqələndirmək olar. 2017-ci ildə bütövlükdə 41905 müəllimin diaqnostik qiymətləndirilməsi aparılmış, onların 1,3 faizi lazımi nəticə göstərə bilməmişdir. Təhsil sahəsində çalışanların, demək olar ki, hamısını əhatə edən bu qiymətləndirmə nəticələri müəllimlərin dərs yükünə və əməkhaqqına təsir göstərdiyinə görə müraciətlərin də sayı artmışdır. Bunun yaxşı cəhəti odur ki, qiymətləndirmə stimullaşdırıcı xarakter daşımış və müəllimlərin öz üzərində daha ciddi çalışmasına, bütövlükdə təhsilin səviyyəsinin yüksəlməsinə müsbət təsir etmişdir.

Prezident Administrasiyasına 2017-ci ildə daxil olmuş müraciətlərin bir qismi bank məsələləri və kreditlərin verilməsi ilə bağlıdır. 2017-ci ildə əvvəlki illə müqayisədə bu mövzuda müraciətlər azalmışdır. Bəzi banklarda kreditlərin ödənilməsi ilə yanaşı, əmanətlərin verilməsində də müəyyən problemlər yaranmışdır. Fəaliyyətindən şikayət edilən bankların bəziləri artıq bağlanmış, respublikanın bank sistemində problem doğuran səbəblər müvafiq qurumlar tərəfindən tənzimlənməyə başlanmışdır.

Bank işçilərinin fəaliyyəti ilə əlaqədar daxil olmuş müraciətlər və digər materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən banklar haqqında 25 cinayət işi açılmışdır. Açılmış cinayət işlərinin təhqiqatının başa çatdırılması nəticəsində ayrı-ayrı bankların vəzifəli şəxslərinin yol verdikləri qanunsuzluq və mənimsəmə halları qismən aradan qaldırılmış, dövlətə və vətəndaşlara dəyən böyük məbləğdə zərərin xeyli hissəsinin ödənilməsi və qaytarılması təmin edilmişdir. Məsələn, “Gəncəbank” ASC-nin vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək onlar tərəfindən vurulmuş 14 milyon manatdan artıq maddi ziyanın 421 min manatdan çoxunun ödənilməsi təmin edilmiş və onların ümumi dəyəri 13 milyon manatdan çox olan əmlakı üzərində həbs qoyulmuşdur. Bundan başqa, “Bank Standart” Kommersiya Bankı üzrə başlanmış cinayət işinin yekununda 70 milyon manatdan çox dövlət borcunun ödənilməsi təmin edilmişdir.

Prezident Administrasiyasına hüquq mühafizə və məhkəmə orqanlarının fəaliyyətinə dair daxil olan müraciətlərin sayı 2017-ci ildə xeyli azalmışdır.

2017-ci ildə məhkəmə orqanlarının saflaşdırılması üçün ardıcıl tədbirlər görülmüş, Məhkəmə-Hüquq Şurası tərəfindən birinci instansiya və apelyasiya məhkəmələrinin 115 hakiminin fəaliyyəti prinsipial qiymətləndirilmiş, nöqsan və pozuntulara yol verdiyinə görə 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilmiş, 6 məhkəmə sədri və apelyasiya məhkəmələrinin 8 hakimi aşağı işə keçirilmişdir.

Ümumiyyətlə, görülən tədbirlər nəticəsində məhkəmə orqanları və hakimlərin fəaliyyəti barədə Prezident Administrasiyasına son 5 ildə daxil olan müraciətlərin sayında azalma müşahidə olunur və 2017-ci ildə bu müraciətlərin sayı 2016-cı ilə nisbətən 14,4 faiz, 2013-cü ilə nisbətən isə 25,9 faiz azalmışdır.

Bununla belə, Prezident Administrasiyasına Bakı şəhərinin Xətai, Qaradağ, Nəsimi, Sabunçu, Səbail, Yasamal, həmçinin Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax, Ağcabədi, Astara, Cəlilabad, Daşkəsən, Hacıqabul, İsmayıllı, Kəpəz, Masallı, Nizami (Gəncə), Şabran, digər şəhər və rayon məhkəmələrinin fəaliyyətinə dair müraciətlər nisbətən çox daxil olmuşdur. Həmçinin apelyasiya, inzibati-iqtisadi və hərbi məhkəmələrin fəaliyyəti barədə müraciətlər də az deyildir. Bu müraciətlərdə vətəndaşlar bəzi hallarda işlərə subyektiv yanaşılması, çıxarılan qərarların vətəndaşlara gec verilməsi, ayrı-ayrı hakimlərin işlərə laqeyd yanaşması, süründürməçilik hallarına yol verilməsi və sair məsələlər barədə yazırlar.

Təəssüf ki, məhkəmə orqanlarının qəbul etdikləri qərarlar bəzi dövlət qurumları tərəfindən heç də həmişə vaxtında yerinə yetirilmir, icrası yubadılır.

Məhkəmə qərarlarının düzgün və vaxtında icrasını təmin etmək üçün Ədliyyə Nazirliyi tərəfindən təsirli tədbirlər görülür. Ötən il sayı 30 faiz artaraq 800 mini ötmüş belə işlərin böyük əksəriyyətinin icrası təmin edilmişdir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən və icradan yayınan 4 min nəfər inzibati məsuliyyətə cəlb olunmuş, o cümlədən 2700 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs edilmiş, 337 nəfər barəsində cinayət işi başlanmışdır. Bundan başqa, Ədliyyə Nazirliyində məhkəmə qərarlarının icra olunmaması ilə bağlı daha 586 cinayət işinin istintaqı tamamlanmış və bir çox qərarların icrasına elə istintaq zamanı nail olunmuşdur.

Son illər ölkə Prezidentinin təşəbbüs və tövsiyəsi ilə aparılan məhkəmə-hüquq islahatları nəticəsində insan hüquqlarının etibarlı təminatı, onlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, vətəndaşların qayğılarına, onların müraciətlərinə həssaslıqla yanaşılması davam etdirilmişdir. “ASAN xidmət” çərçivəsində 19 milyondan artıq müraciətə baxılmış və vətəndaş məmnunluğuna səbəb olan bu işin 40 faizdən çoxu “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumlarının payına düşmüşdür.

Qanunçuluğun qorunmasında xüsusi rolu olan prokurorluq orqanlarının fəaliyyətinə dair müraciətlər Bakı şəhərinin Binəqədi, Qaradağ, Nizami, Səbail rayonlarından, həmçinin Gəncə, Abşeron, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, Füzuli, Goranboy Xaçmaz, İmişli, Quba, Şəmkir, Tovuz, digər şəhər və rayonlardan daha çox olmuşdur.

Respublikada asayişin qorunmasında və sabitliyin təmin edilməsində polis orqanlarının müstəsna xidmətlərini qeyd etməmək olmaz. Azərbaycan polisinin fəaliyyəti nəticəsində əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 271-dən 264-ə qədər azalıb. Dünya İqtisadi Forumunun “2017-2018-ci illər üzrə Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə irəliləyərək 137 ölkə arasında 54-cü yerə çıxmışdır. Ötən il daxili işlər orqanları tərəfindən 1028 cinayətkar qrup zərərsizləşdirilmiş, 944,5 kiloqram narkotik vasitə dövriyyədən çıxarılmış, 175 tona yaxın qanunsuz əkilmiş çətənə və xaş-xaş kolu məhv edilmişdir. Vətəndaşlara dəymiş maddi ziyanın ödənilməsi 14,5 faiz artaraq 84,9 faiz təşkil etmişdir. Cinayətlərin ümumi sayı 2,7 faiz, yol-nəqliyyat hadisələri 8,6, qəzalarda ölənlərin sayı 1,2, xəsarət alanların sayı 14,2 faiz azalmışdır.

Bununla yanaşı, polis orqanlarının fəaliyyəti ilə əlaqədar müraciətlər az deyildir. İstintaqın aparılması, təhlükəsizliyin və ictimai asayişin qorunması, yol polisinin fəaliyyəti, pasport qeydiyyatı, şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı daxil olan müraciətlərin sayı Bakı şəhərinin Xətai, Xəzər, Nərimanov, Nizami, Pirallahı, Suraxanı rayonlarından, Gəncə, Lənkəran, Yevlax, Ağcabədi, Ağdam, Cəlilabad, Göygöl, Qəbələ, Oğuz, Saatlı, Siyəzən, Şabran, digər şəhər və rayonlardan nisbətən çox olmuşdur.

Əksər mövzularda müraciətlərin sayı azalsa da, şəhərsalma və çoxmərtəbəli binaların tikintisi, söküntüsü, kompensasiyaların verilməsi barədə müraciətlərdə 28,8 faiz artım olmuşdur. Bu mövzuda Prezident Administrasiyasına il ərzində daxil olan müraciətlərdə əsasən yaşayış binalarının tikintisində norma və qaydalara riayət edilməməsi, təhlükəsizlik qaydalarına əməl olunmaması, tikintilərin plansız aparılması, bəzən kompensasiyaların miqdarının sakinlərlə razılaşdırılmadan tikinti işlərinə başlanılması, yeni yaşayış binalarının dövlət komissiyası tərəfindən qəbul edilməməsi, bu səbəbdən mənzillərin özəlləşdirilməsində və qazla təminatında çətinliklər yaranması məsələlərinə toxunulur.

Müraciətlərdə ən çox aşağıdakı tikinti şirkətlərinin fəaliyyətindən narazılıq ifadə olunub və bunlardan “Evrostroy-SS”, “FVS İnşaat”, “Murad M.S.”, “İdeal-İ İnşaat”, “Hermes-S”, “Brend Palace”, “Meqa City Holdinq”, “Abşeron LTD 2013”, “İnam-İnşaat-555”, “Xudafərin”, “Əzizbəy-KM”, “Baku Pearl Residence”, “Caspian Park”, “Fuad LTD”, “İron İnşaat”, “Mahal”, “Elite City”, “Avro Qrand”, “İnşaat Konstruksiyaları”, “Birlik-İnşaat”, “Hasil”, “AENT-E”, “MVV Verus Praedium”, “Yüksəliş C”, “Rifah-Plaza” MMC-lər və “Kristal Abşeron”, “İlin Dörd Fəsli”, “Badu-Kubə”, “Yeni Yasamal”, “Şərur”, “Dağlar”, “İnteks”, “Çənlibel”, “Ayla”, “Mars”, “Fateh-N” MTK və başqalarının adını çəkmək olar.

Həmin mövzuda respublikanın başqa rayonlarından da müraciətlər daxil olmuşdur və onların müəllifləri əsasən Bakı şəhərində həmin binalardan mənzil almış vətəndaşlardır.

Bundan əlavə, bir sıra müraciətlərdə artıq tikintini başa çatdırmış, lakin yaşayış üçün normal şərait yaratmamış “AAAF Park”, “Bağçalı evlər” yaşayış komplekslərində problemlərin illərdən bəri həll olunmadığını yazırlar.

Burada adı çəkilən bəzi MMC və MTK-ların vəzifəli şəxsləri barəsində artıq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılmış, vətəndaşların etibarından sui-istifadə edərək əlbir olduqları şəxslərlə birlikdə tikdikləri yaşayış binalarında bir mənzili bir neçə şəxsə satdıqlarına, vətəndaşların külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirdiklərinə görə onlar məsuliyyətə cəlb edilmişlər.

Bunlardan cinayət əməlləri barədə Prezident Administrasiyasına dəfələrlə yazılı və şifahi müraciətlər daxil olmuş “Əzizbəy-KM”, “Hasil”, “Birlik-İnşaat” və başqa MMC-ləri göstərmək olar. “Əzizbəy-KM” MMC-nin 92 nəfər zərərçəkmiş şəxsə 2 milyon 627 min 717 manat zərər vurduğu sübut edilmiş, bu ziyanın 360361 manatının ödənilməsi təmin edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsində onların cinayət işinə baxılmışdır. Həmçinin qeyd etməliyik ki, bəzi hallarda belə cinayət törətmiş şəxslərə qarşı məhkəmələrin qəbul etdiyi qərarlar vətəndaşları qətiyyən qane etmir. Məsələn, “Hasil” və “Birlik-İnşaat” MMC-lərin rəhbərinə vətəndaşlara vurduğu ziyana görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2014-cü il mayın 30-da verilmiş 15 il azadlıqdan məhrumetmə cəzası Bakı Apelyasiya Məhkəməsi tərəfindən 2017-ci il dekabrın 12-də 6 ilə endirilmiş, vətəndaşlara dəyən maddi zərərin ödənilməsi təmin edilməmişdir.

Ümumiyyətlə, tikinti sektorunda baş vermiş korrupsiya hüquqpozmaları ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhz vətəndaş müraciətləri əsasında 13 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilmiş, 300-dək şəxs zərərçəkmiş qismində tanınmışdır. Bu cinayət işlərindən “AAAF Park” və “Xalq City” MTK-ları, “Xudafərin” və “Fateh-N” MMC-ləri göstərmək olar.

Əhalinin haqlı narazılığına səbəb olan bu problemlərin, o cümlədən tikinti şirkətləri tərəfindən yol verilən dələduzluq və korrupsiya hallarının kökünün kəsilməsində Azərbaycan Respublikası Prezidentinin bu günlərdə imzaladığı “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli qanunu və qanunun tətbiqi ilə əlaqədar 2018-ci il 5 fevral tarixli fərmanı ciddi rol oynayacaqdır.

Son illərdə Bakı şəhərinin ümumi görünüşünə xələl gətirən, istismar müddəti ötmüş və qəzalı vəziyyətə düşmüş binaların sökülərək yerində yeni müasir yaşayış binalarının tikilməsi və ölkə əhalisinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində sosial layihələrin icrasına start verilmişdir. Cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilən “pilot layihə”lər yeni mənzillərlə təmin olunan yüzlərlə ailəyə sevinc bəxş etmiş, onlar öz razılıqlarını cənab Prezidentə göndərdikləri minnətdarlıq məktublarında ən xoş sözlərlə ifadə etmişlər.

Ölkə başçısı hələ 2016-cı il noyabrın 25-də Sabunçu rayonunda “pilot layihə” əsasında tikilən ilk yaşayış binasının açılış mərasimində iştirak etmiş və sakinlərlə görüşündə “pilot layihə”ni yüksək qiymətləndirmiş və şəhərimizin müxtəlif yerlərində icra edilən bu layihələrin həm də sosial məsələ olduğunu, eyni zamanda, şəhərimizi gözəlləşdirdiyini demiş, bütün qəzalı vəziyyətdə olan binaların yerində tədricən belə gözəl, yaraşıqlı binalar tikiləcəyini qeyd etmişdir.

 

Geniş təhlilin və ciddi nəzarətin bəhrəsi

 

Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi normativ hüquqi aktların, təsdiq etdiyi proqramların, həyata keçirdiyi layihələrin əsasında dərin təhlillər dayanır. Bu proqramlar və layihələr konkret sahələri, müddətləri əhatə edir, onların hər birinin icrası həm ölkə Prezidentinin, həm də onun Administrasiyasının və digər dövlət orqanlarının nəzarəti ilə həyata keçirilir. Vətəndaşların müraciətlərində qaldırılan problemlərin, verilən təkliflərin ümumiləşdirilməsi, onların yaranma səbəbinin araşdırılması dövlət orqanlarına konkret tədbirlər görməyə, əhalini narahat edən məsələləri vaxtında aradan qaldırmağa imkan verir.

Səmərəli təhlillərin aparılmasında nəzarət qaydasında baxılan müraciətlərə alınmış cavabların böyük əhəmiyyəti vardır. Ümumiyyətlə, nəzarətin düzgün təşkili vətəndaşların müraciətlərinə baxılmasında mühüm vasitədir. Azərbaycan Respublikasının Prezidenti 2017-ci il aprelin 10-da Nazirlər Kabinetinin iclasında ictimai nəzarətin əhəmiyyətini bir daha qeyd etmiş, bu məsələlər üzərində xüsusi dayanmışdır. Cənab Prezident il ərzində kənd əhalisinin təmiz içməli su ilə təmin edilməsi üçün 270 kiçik layihənin icra ediləcəyini, müvafiq sərəncamda təmizləyici qurğuların quraşdırılmalı olduğu 270 kəndin adının konkret göstərildiyini vurğulamış və həmin kəndlərin sakinlərindən bu işi nəzarətdə saxlamağı xahiş edərək demişdir: “Mən bunu ona görə deyirəm ki, ictimai nəzarət güclənsin. Mən dəfələrlə bu barədə demişəm ki, ictimai nəzarəti gücləndirmək üçün gərək ictimaiyyətdə məlumat olsun. Bax, bu məlumatı biz veririk, 270 kəndin modul tipli təmizləyici qurğularla təmin edilməsi bu il başa çatmalıdır, vəsait ayrılıb və nəzarət də olmalıdır!” Qeyd etmək lazımdır ki, il ərzində bu mövzuda daxil olan müraciətlər Prezident Administrasiyası tərəfindən nəzarətdə saxlanmışdır.

Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətlərinə baxılması və bununla bağlı kargüzarlığın aparılması səyyar və kameral nəzarət qaydasında öyrənilmişdir.

Dövlət orqanlarında vətəndaş müraciətlərinə baxılmasına dair müvafiq məlumatların öyrənilməsi göstərdi ki, bu iş ümumilikdə yaxşı təşkil edilmişdir, lakin bəzi təşkilatlar tərəfindən qüsurlara yol verilmişdir. Bu işdə qüsurlara yol verən təşkilatlar sırasında Xarici İşlər Nazirliyi, Dövlət Sığorta Kommersiya Şirkəti, “Bakı Metropoliteni”, “Azərenerji”, “Azneftkimyamaş”, “Ərzaq məhsullarının tədarükü və təchizatı” səhmdar cəmiyyətləri, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik, Hesablama Palatası və başqa qurumları göstərmək olar.

Araşdırmalar göstərir ki, 2017-ci ildə dövlət orqanlarının aparatlarına daxil olan müraciətlərin 85,5 faizi mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında, 14,5 faizi isə yerli icra hakimiyyətlərində baxılmışdır. Bu müraciətlərin 72,8 faizi ərizə, 26,7 faizi şikayət, 0,5 faizi təkliflərdən ibarətdir.

2017-ci ildə şəhər, rayon icra hakimiyyətlərinə yuxarı dövlət orqanlarından və bilavasitə vətəndaşlardan daxil olan müraciətlərin faiz göstəriciləri müvafiq olaraq 46,2 və 53,8 faiz təşkil etmişdir. Mərkəzi icra hakimiyyəti orqanlarına isə il ərzində müraciətlərin 30,1 faizi yuxarı dövlət orqanlarından və digər qurumlardan, 69,9 faizi bilavasitə vətəndaşlardan daxil olmuşdur.

Vətəndaşların müraciətlərinə baxılması və qəbulu məsələləri 2017-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarında keçirilmiş 1624 kollegiya iclasında, müşavirə və toplantıda müzakirəyə çıxarılmışdır. Yol verilən nöqsanlara görə 1976 cavabdeh şəxslə bağlı tədbirlər görülmüş, o cümlədən 956 nəfərə töhmət və şiddətli töhmət verilmiş, 18 nəfər aşağı vəzifəyə keçirilmiş, 4 nəfərin ixtisas dərəcəsi aşağı salınmış, 143 nəfərin əmək müqaviləsinə xitam verilmiş, 12 nəfərin vəzifə maaşı azaldılmış, 5 nəfərə cərimə kəsilmiş, 838 nəfərə xəbərdarlıq edilmişdir. Mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda baxılmış müraciətlərin 34,7 faizi müsbət həll olunmuş, 4,7 faizi qismən təmin edilmiş, 12,5 faizi əsassız sayılmış, 28,3 faizində qaldırılan məsələlərə dair vətəndaşlara müvafiq izahat verilmişdir. Müraciətlərin 16,9 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilmiş, 2,9 faizi icrada saxlanılmışdır.

2017-ci ildə şəhər və rayon icra hakimiyyətləri başçıları yanında keçirilmiş 902 şura iclasında və müşavirədə vətəndaş müraciətlərinə baxılması vəziyyəti müzakirəyə çıxarılmışdır. Müraciətlərə baxılmasına cavabdeh 288 şəxs barəsində tədbirlər görülmüş, o cümlədən 57 nəfərə töhmət və şiddətli töhmət elan edilmiş, 10 nəfərin əmək müqaviləsinə xitam verilmiş, 221 nəfərə xəbərdarlıq olunmuşdur.

Yerli icra hakimiyyətlərində müraciətlərin 25,5 faizi müsbət həll olunmuş, 3,7 faizi qismən təmin edilmiş, 3,5 faizi əsassız sayılmış, 55,7 faizi barədə müvafiq izahat verilmişdir. Müraciətlərin 8,9 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilmiş və 2,7 faizi icradadır.

Bütün dövlət qurumlarında yaxşı bilirlər ki, idarəetmənin digər sahələrində olduğu kimi, müraciətlərə baxılmasında da ən səmərəli vasitələrdən biri nəzarət işinin düzgün təşkilidir və müraciətlərin özü ictimai nəzarət formalarından biridir.

2017-ci ildə vətəndaşların müraciətlərinə baxılmasında şəffaflıq və nəzarət artırılmış, cəmiyyətdə neqativ hallara qarşı mübarizə gücləndirilmiş və bu baxımdan vətəndaşların qaldırdıqları məsələlərə, onların ayrı-ayrı qurumlarda, idarə, təşkilat və müəssisələrdə yol verilən neqativ hallar barədə müraciətlərinə daha diqqətlə yanaşılmış, il ərzində müraciətlərə nəzarətlə baxılmasına xüsusi əhəmiyyət verilmişdir.

Cənab Prezidentin ardıcıl və qətiyyətli mövqeyi öz nəticələrini vermiş və bütün sahələrdə nizam-intizam xeyli möhkəmlənmiş, vətəndaşların müraciətlərinə nəzarət qaydasında baxılması nəticəsində əsaslı müraciətlərin əksəriyyəti müsbət həll edilmişdir. Bunlardan bir qismi vəzifəli şəxslərin fəaliyyətindən narazılıqlarla əlaqədar olmuşdur. Nəzarətə alınmış müraciətlərə baxılması nəticəsində 37 nəfər barəsində intizam tənbehi tədbirləri görülmüş, Səhiyyə, Təhsil, Kənd Təsərrüfatı nazirliklərində, Dövlət Təhlükəsizliyi Xidmətində, Meliorasiya və Su Təsərrüfatı ASC-də və başqa qurumlarda vətəndaşlarla münasibətdə etik davranış qaydalarını pozduqlarına, süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, səhlənkarlığa yol verdiklərinə görə bəzi şəxslər vəzifəsindən kənarlaşdırılmışdır.

Ümumən 2017-ci ildə Prezident Administrasiyasında nəzarətə götürülmüş bəzi müraciətlərlə bağlı hüquq mühafizə orqanlarına müraciət edilmiş, qanun pozuntusuna yol verən bir sıra hüquqi və fiziki şəxslər cərimə olunmuş, işdən çıxarılmış bəzi şəxslər işinə bərpa edilmiş, yaxud bu barədə cinayət işinin istintaqı bərpa olunmuş və ya yenidən baxılması barədə prokurorluq orqanları qarşısında vəsatət qaldırılmışdır.

Nəzarətə alınmış müraciətlərin 28,2 faizi müsbət həll olunmuş, 14,1 faizi qismən təmin edilmiş, 20 faizi əsassız sayılmış, 30 faizinə müvafiq izahat verilmiş, 6,7 faizinin icrası davam etdirilir, 1 faizinin icrası dövlət proqramlarında nəzərdə tutulmuşdur.

Vətəndaşların müraciətlərinə nəzarət qaydasında alınmış cavablar hərtərəfli təhlil olunmuş, bu mövzuda alınan cavablar qaneedici olmadığı, yaxud ziddiyyətli olduğu təqdirdə, məsələ tam həll edilib cavab verilənədək nəzarətdə saxlanılmış, bəzi hallarda əlavə araşdırma aparılmışdır.

Nəzarət işinin əsas prinsipi budur ki, vətəndaşın müraciətinə laqeydlik göstərilməsin, qanuna zidd olaraq onun şikayəti hərəkətlərindən narazılıq bildirilən vəzifəli şəxsə göndərilməsin, qaldırılan məsələ sonadək obyektiv araşdırılıb müvafiq tədbir görülsün, müraciətin baxılmasını nəzarətə götürən şəxsə və vətəndaşa əhatəli və əsaslandırılmış cavab verilsin. Bəzi hallarda daxil olan müraciətlər sübut edir ki, əvvəlki müraciət sonadək araşdırılmır, yaxud ona başdansovdu cavablar verilir. Təbiidir ki, belə hallar məsələnin həllinə maneçilik törədir və vətəndaşların haqlı narazılığına səbəb olur.

Şöbəmizdə aparılan hər bir təhlil, öyrənilən hər bir problem, nəzarət qaydasında baxılan hər bir müraciət barəsində ətraflı məlumat vermək mümkün olmasa da, onu qeyd etməliyik ki, təhlil və nəzarətin düzgün təşkili səmərəli nəticələr verir. Vətəndaşlar bir daha əmin ola bilərlər ki, Prezident Administrasiyasına daxil olan müraciətlərə indiyə qədər olduğu kimi, bundan sonra da diqqətlə yanaşılacaq, respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, digər qurumlarda da bu işin təkmilləşdirilməsindən ötrü zəruri tədbirlər görüləcək, dövlət qulluqçularının, məmurların vətəndaş müraciətlərinə biganəliyinə yol verilməyəcəkdir. Nəzarət və təhlil vətəndaş müraciətlərinə baxılmasının yaxşılaşdırılmasında bundan sonra da mühüm vasitələrdən biri olaraq qalacaqdır.

 

Tələbkarlıq artdıqca şikayətlər azalır

 

İstər Prezident Administrasiyasına, istərsə də digər dövlət orqanlarına daxil olan hər bir ərizə və şikayət cəmiyyətin vuran nəbzidir. İctimai problemləri aşkara çıxarmaqda, hər bir kəndin, şəhərin sakinlərini düşündürən, narahat edən məsələləri görüb həll etməkdə müraciətlər çox əhəmiyyətlidir və bunlar bilavasitə insanların taleyi üçün cavabdeh şəxslərin, məmurların öz vəzifələrinin öhdəsindən necə gəldiklərinin, “xalqın qulluqçusu” adını necə doğrultduqlarının göstəricisidir.

Dövlət başçısı məmurlara qarşı çox yüksək tələbkarlıq göstərir və öz çıxışlarında qəti və birmənalı olaraq deyir: “... məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar”. Bu baxımdan Azərbaycanda heç kimin heç bir imtiyazının olmadığını, hamının qanun qarşısında bərabər olduğunu, özbaşınalıqla məşğul olanların cəzalandırılacağını qəti şəkildə bildirən ölkə Prezidentinin bu tələb və tövsiyələri hər kəs üçün örnək olmalıdır.

Şikayətlərin əslində, hər bir təşkilatın və məmurun fəaliyyət indikatoru olduğunu nəzərə alaraq onların üzərində bir qədər ətraflı dayanmaq məcburiyyətindəyik. Ümumiyyətlə, şikayətlər ildən-ilə azalsa da bu, bir faktdır ki, şikayətlər hələ də var, nöqsanlar qaldıqca şikayətlər də, onlara qarşı mübarizə də qalacaq və davam etdiriləcəkdir.

2017-ci ildə şikayətlər əsasən aşağıdakı mövzular üzrə artmışdır: şəhərsalma və çoxmərtəbəli binaların tikintisi, söküntüsü, kompensasiyaların verilməsi, yaşıllıqların və meşələrin mühafizəsi, kənd təsərrüfatı, məhsulların tədarükü, emalı, saxlanılması və satışı, otlaq (yay, qış) və örüş sahələrinin, fərdi torpaqların, əkin sahələrinin zəbt olunması, özəl müəssisələrin fəaliyyəti, subsidiyaların verilməsi, elektrik və qaz sayğaclarının quraşdırılması, cərimələr, məişət zorakılığı, dələduzluq, böhtan və şantaj, orta təhsil, əlillik dərəcələrinin təyin edilməsi, pərakəndə satış və küçə ticarəti məsələləri və s.

Bir çox mövzular üzrə şikayətlərin sayı azalmışdır. Bunlar məhkəmələrin, prokurorluq, polis, gömrük orqanlarının fəaliyyəti, məhkəmə qərarlarının icrası, təhlükəsizlik və ictimai asayişin qorunması, şəhər, rayon İHB aparatlarının və nümayəndələrinin, bələdiyyələrin fəaliyyəti, bank əməliyyatları, kreditlərin, həmçinin kənd təsərrüfatına kreditlərin verilməsi, yaşayış binalarının və mənzillərin təmiri, evlərin, mənzillərin, torpaq və bağ sahələrinin sənədləşdirilməsi, əhalinin sosial müdafiəsi, əməkhaqqı, əmək mübahisələri, işdən çıxarılma, sahibkarlığın inkişafı, mərkəzi orqanlarda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, xüsusi mülkiyyətdə olan torpaqlar və kommersiya-istehsalat obyektlərinin qiymətləndirilməsi, kompensasiyaların verilməsi, fərdi yaşayış evlərinin, kommersiya-istehsalat obyektlərinin tikintisi və söküntüsü, sahibkarlıq üçün torpaq sahələrinin ayrılması, su sayğaclarının quraşdırılması, daşınmaz əmlakın özəlləşdirilməsi, özəlləşdirilmiş müəssisələrin fəaliyyəti, dividendlərin ödənilməsi, yol və yol qovşaqlarının tikintisi və sair məsələlərə aid müraciətlərdir.

2016-cı illə müqayisədə şikayətlərin sayı Ağdaş, Beyləqan, Bərdə, Göygöl, Hacıqabul, İmişli, Laçın, Neftçala, Saatlı, Şamaxı, Yardımlı, Yasamal və digər rayonlarda artmış, Bakının Binəqədi, Xətai, Nərimanov, Səbail, Suraxanı rayonlarında, həmçinin Naxçıvan MR, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan şəhərlərində, Ağdam, Ağsu, Cəlilabad, Füzuli, Gədəbəy, Goranboy, Xaçmaz, Xocavənd, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Qusar, Lerik, Masallı, Samux, Şabran, Şuşa, Tərtər, Zaqatala və digər rayonlarda azalmışdır.

Ötən il hüquqi şəxslərdən və sahibkarlardan daxil olan 278 şikayətdə vergi, hüquq mühafizə, şəhər və rayon icra hakimiyyəti orqanlarının, ayrı-ayrı vəzifəli şəxslərin sahibkarların işinə maneələr yaratmasından narazılıq bildirilmiş və kömək istənilmişdir. Sahibkarlar bəzi hallarda vergi orqanlarının onlara əsassız olaraq külli miqdarda borc yazmasından, buna görə fəaliyyətlərini dayandırmağa məcbur olduqlarından, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən bank hesablarının bloklanmasından, qanunsuz sərəncamların tətbiq edilməsindən və digər məsələlərdən narazılıqlarını bildirmişlər.

“Yanar Dağ” QSC, “Telko Qafqaz”, “Metals LTD”, “N-Link İNTELLİGENT SOLUTİONS”, “Qlobal Finans”, “Qartal-A”, “İnter Qarden”, “Relax” MMC-lərin, “İnkomservis” firmasının rəhbərləri və başqaları məhz Vergilər Nazirliyinin onların fəaliyyətinə mane olduğunu yazmış, bir çox kiçik sahibkarlar, həmçinin bəzi vətəndaşlar nazirliyin Gəncə, Lənkəran, Sumqayıt, Şirvan, Yevlax, Göyçay idarə və departamentləri işçilərinin onlara qarşı əsassız təzyiqlərindən şikayətlənmişlər.

 

Əsaslı cavab təkrar müraciətlərin qarşısına çəkilən səddir

 

Prezident Administrasiyasına, eləcə də respublikanın mərkəzi və yerli dövlət qurumlarına daxil olan müraciətlərin bir qismi təkrar müraciətlərdir. Belə müraciətlərin yaranma səbəbləri araşdırılarkən aydın olur ki, vətəndaşlar bəzi hallarda öz müraciətlərinə ilkin instansiyada lazımi cavab ala bilmədikdə, məmur laqeydliyi və biganəliyi ilə qarşılaşdıqda eyni məsələ ilə əlaqədar dəfələrlə müraciət etməyə məcbur olurlar.

Ötən il Prezident Administrasiyasına təkrar müraciətlər Bakı şəhərinin rayonlarından, həmçinin Şəki, Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, Balakən, Beyləqan, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Kürdəmir, Qobustan, Quba, Lerik, Oğuz, Saatlı, Şəmkir, Tovuz, Yardımlı, digər şəhər və rayonlardan daha çox daxil olmuşdur.

Təkrar müraciətlərin mövzularına gəldikdə, deməliyik ki, onlar daha çox hüquq mühafizə, məhkəmə orqanlarının fəaliyyəti, şəhər, rayon icra hakimiyyətləri və bələdiyyələrin fəaliyyəti, sosial müdafiə, mənzil, torpaq, səhiyyə, maliyyə və bank, dövlət qulluğu və kadr, enerji daşıyıcıları və su təchizatı, şəhərsalma və tikinti, elm və təhsil, kənd təsərrüfatı, qaçqınların və məcburi köçkünlərin problemləri barəsindədir.

Təəssüf ki, bəzi hallarda vətəndaşlar tələblərinin əsassız olduğu barədə izahatla razılaşmır, eyni müraciətinə müxtəlif instansiyalardan əsaslı cavablar almalarına baxmayaraq, təkrar müraciətlər göndərməkdə və qəbula gəlməkdə davam edirlər. Abşerondan Sima Hüseynova, Binəqədidən Zərbani Ağayeva, Roza Hümbətova, Nərimanovdan Ülviyyə Baxşiyeva, Kamran Rəcəbov və Yeganə Səlimova, Nəsimidən Sevda və Gülnarə Hüseynovalar, Suraxanıdan Nizami Əlibəyov, Aygün Əmiraslanova, Səmilə Məşədiyeva və Rəşid Rzayev, Yasamaldan Elman Abiyev, Elmidar İsmayılov, Sevil Səfərova, Sevda Süleymanova, Kəmalə Abdullayeva və Yelena Yusupova, Masallıdan Elçin Axundzadə, Şahid Əliyev, Əlizamin Bədirov, Ağdamdan Rafil Hətəmov və İsmayıl Məmmədov, Biləsuvardan Tacəddin Əliyev, Füzulidən Anar İsmayılov, Qubadlıdan Bakir Bayramov, Lerikdən İlham İbadlı, Sabirabaddan Vilayət Cəbrayılov, İmişlidən Qalib Nağıyev, Kürdəmirdən Kamil Kərimov, Ucardan Şahlar Ələkbərov, Zəngilandan Yaşar Ağazadə, Qazaxdan Minayə Əliyeva və başqaları müxtəlif mövzularda ən çox müraciət edən vətəndaşlardır.

Təəssüf ki, bu vətəndaşların bir çoxu müraciət etmək hüququndan sui-istifadə edərək müəyyən təzyiqlər vasitəsilə əsassız tələblərinin yerinə yetirilməsinə cəhd göstərirlər. Bu da nəzərə alınmalıdır ki, onlar il ərzində dəfələrlə Prezident Administrasiyasının məsul şəxslərinin qəbulunda iştirak etmişlər.

Təkrar müraciətlərin arasında kollektiv müraciətlərə də təsadüf olunur. Ümumiyyətlə, kollektiv müraciətlər daha çox Bakı şəhərinin rayonlarından, həmçinin Ağcabədi, Ağstafa, Astara, Bərdə, Cəbrayıl, Cəlilabad, Gədəbəy, Göyçay, Göygöl, Kəlbəcər, Kürdəmir, Qax, Quba, Masallı, Salyan, Şamaxı, Şəmkir, Tovuz, Yardımlı və digər rayonlardan daxil olmuşdur.

Müsbət haldır ki, sosial müdafiə, enerji daşıyıcıları və su təchizatı, məhkəmələrin, hüquq mühafizə və gömrük orqanlarının fəaliyyəti, nəqliyyat, mənzil, kənd təsərrüfatı, dövlət qulluğu və kadr, səhiyyə, ekologiya və təbii sərvətlər, mədəniyyət və turizm, ictimai-siyasi məsələlər mövzusunda kollektiv müraciətlər azalmışdır.

 

Qəbulların əsas prinsipi: dinlə və kömək et

 

Vətəndaşların dövlət orqanlarına şifahi müraciətləri onların fərdi qəbulu vasitəsilə həyata keçirilir. Qəbulların əsas prinsipi vətəndaşı dinləmək və kömək etməkdir. Çünki uzaq məsafəni qət edərək qəbula gələn vətəndaş onu dinləyən şəxsin ədalətinə, xeyirxahlığına, kömək əli uzadacağına ümid edir və naümid qayıdacağına inanmır.

Onu qəbul edən məmurun vəzifəsi isə qəbula yazılmış şəxsi səbirlə dinləmək, əgər haqlıdırsa, mütləq kömək etmək, haqlı deyilsə, bunu ətraflı izah etmək, yaxud məsələni həll edə biləcək instansiyaya yönəltməkdir. Burada qarşılıqlı səmimiyyət əsas və həlledici rol oynayır.

2017-ci ildə Prezident Administrasiyasına yazılı müraciətlərlə yanaşı, şifahi və elektron müraciət formasında şəxsi qəbullar barədə daxil olan müraciətlərin sayı da əvvəlki ilə nisbətən azalmışdır. Administrasiyanın struktur bölmələrinin qəbulunda olmaq barədə müraciətlər Bakı şəhərinin rayonlarından, Mingəçevir, Ağcabədi, Astara, Beyləqan, Cəlilabad, Gədəbəy, Goranboy, İmişli, Laçın, Lerik, Masallı, Saatlı, Sabirabad, Şamaxı, Şəmkir, Tərtər, Zaqatala, Zərdab, digər şəhər və rayonlardan daha çox olmuşdur. Əvvəlki ilə nisbətən fərdi qəbula gələn vətəndaşların sayı 1500 nəfərdən çox azalmışdır. Vətəndaşlar www.president.az saytının “Qəbula yazılmaq” bölməsi vasitəsilə qəbulda iştirak etmiş və öz problemlərinin həllinə nail olmuşlar.

2017-ci ildə Prezident Administrasiyasının Qəbul otağına Bakı, Lənkəran, Mingəçevir, Şəki, Ağdam, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, İmişli, Kəlbəcər, Quba, Laçın, Masallı, Şəmkir, Tovuz, başqa şəhər və rayonların sakinləri daha çox müraciət etmişlər. Müraciətlər əsasən sosial müdafiə, işlə təmin olunma, əmək mübahisələri, işdən çıxarılma, əməkhaqqı, məhkəmə, hüquq mühafizə orqanlarının fəaliyyəti, Bakı şəhərində sökülən evlər və kommersiya obyektləri üçün kompensasiyanın verilməsi, təhsil müəssisələrinin fəaliyyəti, qaçqınların və məcburi köçkünlərin problemləri və digər məsələlər barəsində olmuşdur.

Ötən il ərzində respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında 844791 vətəndaş qəbul edilmişdir. Onların 55 faizi mərkəzi, 45 faizi yerli icra hakimiyyəti orqanlarında qəbul olunmuşdur. 2017-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarında ümumilikdə 464597 vətəndaş qəbul edilmişdir. Bunlardan 8,3 faizi bilavasitə həmin qurumların rəhbərlərinin qəbulunda olmuşdur. Mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbulunda olan vətəndaşların sayı 141 mini, tabe qurumlarda qəbul edilmiş şəxslərin sayı isə 284 mini ötmüşdür.

Respublikanın şəhər və rayon icra hakimiyyətlərində 380194 vətəndaş qəbul edilmişdir. Bunlardan 13,8 faizi bilavasitə icra hakimiyyəti başçılarının fərdi, 21,2 faizi səyyar qəbulunda olmuşdur. İcra hakimiyyətlərinin vəzifəli şəxslərinin qəbulunda olan vətəndaşların sayı 111 mini, tabe qurumlarda qəbul edilmiş şəxslərin sayı isə 135 mini ötmüşdür.

Bu orqanlarda vətəndaşların qəbul məsələləri öyrənilərkən məlum olur ki, əvvəlki illərlə müqayisədə dövlət orqanlarında qəbulların təşkili işi xeyli yaxşılaşmışdır. Qanunvericiliyə uyğun olaraq, vətəndaşların əvvəlcədən müəyyən edilmiş günlərdə və saatlarda qəbul edilməsi, ümumilikdə isə qəbul işinin səmərəliliyinin artırılması üçün müvafiq tədbirlər görülür, dövlət orqanlarının əksəriyyətində həftənin bütün iş günləri vətəndaşlar qəbul edilirlər.

İmtiyazlı şəxslər, o cümlədən Azərbaycan Respublikasının Milli Qəhrəmanları və onların ailə üzvləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, Böyük Vətən Müharibəsi veteranları, habelə zərurət yarandığı təqdirdə, digər kateqoriyalardan olan vətəndaşlar şəhər və rayon icra hakimiyyəti başçıları, onların müavinləri və şöbə müdirləri tərəfindən növbədənkənar qəbul edilirlər. Əvvəlki illərdə olduğu kimi, bu il də yerlərdə hər həftə səyyar qəbulların keçirilməsi planlaşdırılır.

Araşdırma göstərir ki, bəzi təşkilatlarda qəbul cədvəlləri digərlərinə nisbətən yaxşı tərtib edilmişdir. Həmin cədvəllərdə qəbul vaxtı məhdudlaşdırılmamış, həftənin bütün iş günlərində vətəndaşların qəbulu təşkil edilmiş, qəbulun yeri və qəbula yazılma qaydaları haqqında KİV vasitəsilə məlumat verilmiş, məlumatlarda qəbulun təşkilini həyata keçirən səlahiyyətli şəxslərin əlaqə nömrələri əks olunmuş və qəbul otaqlarında müvafiq şərait yaradılmışdır.

Buna misal olaraq Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar, İqtisadiyyat, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri, Baş Prokurorluq, Sumqayıt və Şəki apelyasiya məhkəmələri, Hesablama Palatası, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Şəki, Şirvan, Abşeron, Ağdaş, Beyləqan, Biləsuvar, Binəqədi, Cəbrayıl, Daşkəsən, Gədəbəy, Göygöl, Hacıqabul, Xətai, Xəzər, Xocavənd, İmişli, İsmayıllı, Kəpəz, Kürdəmir, Qax, Qəbələ, Qobustan, Laçın, Lerik, Masallı, Pirallahı, Saatlı, Sabirabad, Sabunçu, Salyan, Siyəzən, Şəmkir, Tərtər, Ucar, Yardımlı, Yasamal, Zaqatala, digər şəhər və rayon icra hakimiyyətləri göstərilə bilər.

Bununla yanaşı, vətəndaşların qəbulunun təşkilində bütün problemlərin hələ tam aradan qaldırıldığını demək olmaz. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında 2018-ci il üçün təsdiq edilmiş qəbul cədvəllərinin təhlili göstərir ki, bəzi dövlət qurumlarının qəbul cədvəllərində hələ də çatışmazlıqlar vardır. Bunlar qəbulun vaxtının məhdudlaşdırılması, qəbula az - 1-2 saat vaxt ayrılması, təyin olunan günlərdə vətəndaşların qəbuluna həddən artıq gec başlanmasıdır. Qəbul cədvəllərində göstərilən bəzi rəhbər şəxslər tərəfindən vətəndaşların qəbul olunmaması, bu işin idarə və təşkilatların sıravi işçilərinə tapşırılması, vətəndaşların qəbulunun lazımınca təşkil edilməməsi hallarına təsadüf edilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Aqrolizinq”, “Azərenerji”, “Azneftkimyamaş”, “AzerGold”, “Azəristiliktəchizat”, “Bakı Metropoliteni”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” səhmdar cəmiyyətləri, Bakı Nəqliyyat, İcbari Tibbi Sığorta agentlikləri, Mərkəzi Bank, Milli Arxiv İdarəsi, Auditorlar, Ticarət və Sənaye palataları, Bakı şəhər, Bərdə, Füzuli, Xocalı, Şamaxı rayon icra hakimiyyətləri və başqaları buna misal göstərilə bilər.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə 2013-cü ilin aprel ayından başlayaraq mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların rəhbərlərinin bölgələrdə qəbulları təşkil edilir. Bu qəbullar vətəndaşların sosial müdafiə, səhiyyə, təhsil, mədəniyyət və bir çox digər sahələrdə problemlərinin həllinə, iqtisadi və hüquqi təminatlarının yaxşılaşdırılmasına, ekoloji tarazlığın qorunmasına, kənd təsərrüfatının inkişafına mühüm töhfədir.

İctimai-siyasi əhəmiyyətli bu layihədən ölkə sakinləri bu gün də bəhrələnir, qəbullarda iştirak edir və ölkə Prezidentinə çoxsaylı müraciətlərində buna görə minnətdarlıqlarını bildirirlər.

2017-ci ildə respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların rəhbərləri tərəfindən 62 şəhər və rayonda keçirilmiş qəbullarda iştirak edən 4869 vətəndaş 4734 müraciət təqdim etmişdir. Qaldırılan məsələlərin 4127-si (87,2 faizi) qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmuşdur.

Həmin vətəndaşlar əmək və əhalinin sosial müdafiəsi (654), daxili işlər (416), ekologiya və təbii sərvətlər (369), ədliyyə (268), kənd təsərrüfatı (267), mədəniyyət və turizm (237), fövqəladə hallar (202), təhsil (183), nəqliyyat, rabitə və yüksək texnologiyalar (198), vergilər (197), iqtisadiyyat (187), səhiyyə (178), gənclər və idman (141) nazirləri, Dini Qurumlarla İş (229), Gömrük (177), Əmlak Məsələləri (127), Ailə, Qadın və Uşaq Problemləri üzrə (126) dövlət komitələrinin sədrləri, baş prokuror (290), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (314) rəisi və Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının (109) sədri tərəfindən qəbul edilmişdir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə keçirilən qəbullarında iştirak edən vətəndaşlar onları maraqlandıran suallara cavab tapmış, narahat edən məsələlərin həllinə nail olmuş və hüquqi məsləhətlər almışlar. Həmin qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin 45,7 faizi müsbət həll olunmuşdur, 39,1 faizi ilə bağlı onlara izahat və tövsiyələr verilmiş, digərləri icrada saxlanılmış və ya aidiyyəti üzrə dövlət orqanlarına istiqamətləndirilmiş, bir qismi isə əsassız sayılmışdır.

 

Böyük vüsət alan elektron informasiya sisteminin üstünlükləri

 

Dövlət orqanlarında elektron sənəd dövriyyəsi artıq sənədləşmə işində əsas vasitələrdən birinə çevrilmişdir. Hazırda bütün dövlət orqanlarını birləşdirən İdarələrarası elektron sənəd dövriyyəsi sistemi tam gücü ilə fəaliyyət göstərir. Yaradılmış texniki imkanlar əsasında sistemin təşkilatçısı və operatoru müvafiq əsasnaməyə uyğun olaraq iştirakçıların sistemə qoşulmasını təmin etmişlər. Lakin bu sistemin daha səmərəli işləməsi üçün iştirakçıların hər biri, ilk növbədə, özündə elektron sənəd dövriyyəsini təmin etməli və sənədlərin kağız dövriyyəsinin minimuma endirilməsi üçün tədbirlər görməli, sistemin məsul şəxslərinin və istifadəçilərinin informasiya-kommunikasiya texnologiyalarından istifadə vərdişlərini mütəmadi təkmilləşdirməlidirlər.

Xarici İşlər, Maliyyə, Ədliyyə, Mədəniyyət və Turizm, Təhsil, Ekologiya və Təbii Sərvətlər, Vergilər, Fövqəladə Hallar, Müdafiə Sənayesi nazirliklərində və digər qurumlarda bu iş daha yaxşı təşkil edilmişdir. Digər dövlət qurumları da sistemin imkanlarından daha səmərəli istifadə etməli və Prezident Administrasiyasına sənədlərin poçt vasitəsilə deyil, mövcud sistem vasitəsilə göndərilməsi üçün tədbir görməlidirlər. Sistemin daha geniş tətbiqi üçün vaxtaşırı müəyyən təkmilləşdirmə aparılır, bəzi çatışmazlıqlar aradan qaldırılır.

Vətəndaş müraciətlərinə aid sənədləşmənin təşkili sahəsində görülən işlər haqqında danışarkən qeyd etmək lazımdır ki, şəhər, rayon icra hakimiyyəti orqanlarında tətbiq edilən vahid elektron informasiya sistemi vətəndaşların müraciətlərinə yerlərdə necə baxılmasını öyrənməyə, sistem iştirakçılarının fəaliyyətini vaxtaşırı araşdırmağa imkan yaradır. Təhlillər göstərir ki, bu sistem vasitəsilə müraciətlərin işlənməsi, onların sayının və növlərinin müəyyən edilməsi barədə məlumatlar ildən-ilə daha operativ hesablanır. Sistemə salınmış məlumatların təhlili göstərir ki, əvvəlki illə müqayisədə yerli icra hakimiyyətlərinə daxil olan müraciətlərin sayı azalmışdır.

Ümumiyyətlə, şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən mövcud informasiya sistemi üzrə qeydiyyata alınmış müraciətlərin 85,6 faizi ərizə, 14,1 faizi şikayət, 0,3 faizi təklif olmuşdur.

Dövlət orqanlarında, idarə və təşkilatlarında informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların geniş tətbiqi müsbət nəticələr verir. Hazırda “Qaynar xətt”, “Çağrı mərkəzi”, “Şikayət və təkliflər” səyyar poçt qutuları, internet saytlarının “Müraciət etmək” xanaları və elektron poçtlar vasitəsilə vətəndaşların müraciətləri qəbul olunur, onları düşündürən suallar operativ cavablandırılır.

Əvvəlki illərlə müqayisədə teleqramlar və faks yolu ilə daxil olan müraciətlər öz yerini tədricən elektron məktublara verir ki, bu da ümumilikdə müraciətlərə daha operativ baxılmasına kömək edir. 2017-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarına ünvanlanan müraciətlərin 14,3 faizini elektron məktublar təşkil etmişdir ki, bu da 2016-cı illə müqayisədə 2,1 faiz çoxdur. Yerli icra hakimiyyəti orqanlarında isə elektron məktublar bütün müraciətlərin 4,2 faizini təşkil edir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında son illərdə informasiya-kommunikasiya texnologiyalarından istifadə getdikcə artır və bu texnologiyaların tətbiqi idarəetmə sisteminin daha da təkmilləşməsinə və yaxşılaşmasına xidmət edir.

 

İdarəçiliyin və tariximizin güzgüsü olan sənədlər

 

Hər bir xalqın tarixi, keçmişi və bu günü sənədlərdə əks olunur, sənədlərdə yaşayır, gələcək nəsillərə ötürülür və danılmaz həqiqətdir ki, keçmişini bilməyən xalq gələcəyini qura bilməz. Bu baxımdan hazırda ölkəmizin hər bir guşəsində böyük quruculuq işlərini həyata keçirən insanların fəaliyyətinin xronikası bu gün hər bir dövlət idarəsində, elm, təhsil və mədəniyyət ocağında yaranan, formalaşan sənədlərdir. Bu gün çoxlarının adi bir kağız parçası hesab etdiyi sənəd sabah kiminsə işinə, əməlinə qiymət vermək, kiminsə pensiya təminatını yaxşılaşdırmaq, kiminsə mülkiyyət və ya varislik hüququnu müəyyən etmək üçün zəruri vasitələrdən biridir.

Mərkəzi və yerli dövlət arxiv orqanlarında arxiv işinin təşkilinin öyrənilməsi göstərir ki, Milli Arxiv Fondu haqqında qanunvericiliyin tələblərinə, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” sərəncama uyğun olaraq yerlərdə yaradılmış sənədlərin ekspertizası və arxiv işi üzrə ekspert komissiyaları bu işə getdikcə daha məsuliyyətlə yanaşırlar.

Rayon və şəhər icra hakimiyyəti aparatlarının sənədlərinin daimi dövlət mühafizəsi üçün dövlət arxivinə verilməsi vəziyyətinin təhlili göstərir ki, şəhər və rayon icra hakimiyyətlərinin böyük əksəriyyəti qanunun tələblərinə uyğun olaraq 2011-2012-ci illərə aid sənədləri dövlət arxivinə təhvil vermişlər. Müsbət haldır ki, bu vəziyyət ildən-ilə yaxşılaşır.

Bəzi rayon icra hakimiyyətləri 2011-2012-ci illərə aid sənədləri təhvil versələr də, öz hesabatlarında arxiv işi ilə bağlı, o cümlədən sənədlərin dövlət arxivinə təhvil verilməsi, mühafizəsi, istifadəsi haqqında məlumatlarda konkretliyə və dəqiqliyə lazımi diqqət yetirməmiş, aktları düzgün tərtib etməmiş, dövlət arxiv idarələrinin və rayon icra hakimiyyətinin möhürləri ilə təsdiq etməmiş, sənədlərin illərini dəqiq göstərməmişlər. Bu və digər qüsurlara Bakı, Yasamal, Cəbrayıl, Xızı, digər şəhər və rayon icra hakimiyyətlərində təsadüf edilmişdir.

Son illər şəhər və rayon icra hakimiyyəti başçılarının şəhər, qəsəbə və kənd nümayəndəliklərində, o cümlədən ikili tabeli dövlət idarə və təşkilatlarında sənədlərin daimi mühafizə üçün dövlət arxivinə vaxtında təhvil verilməsinə də ciddi nəzarət edilir, onlara praktiki və metodiki yardım göstərilir.

Təhlillər göstərir ki, arxiv işi Gəncə, Lənkəran, Mingəçevir, Şəki və Şirvan şəhərlərində, Bakı şəhərinin Binəqədi, Xəzər, Nizami və Suraxanı rayonlarında, habelə Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Gədəbəy, Göygöl, Hacıqabul, Xocavənd, İmişli, İsmayıllı, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Lerik, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yardımlı, Zaqatala və Zəngilan, digər şəhər və rayonlarda daha yaxşı təşkil olunmuşdur.

Bir sıra şəhər və rayon icra hakimiyyətləri, o cümlədən Bakı şəhərinin bəzi rayonları, Naftalan və Yevlax şəhərləri, həmçinin Ağstafa, Balakən, Bərdə, Füzuli, Göyçay, Xızı, Xocalı, Kəlbəcər, Kürdəmir, Qubadlı, Qusar, Laçın, Samux və Zərdab rayonları isə bu işin icrasına nəzarəti artırmalıdırlar.

2017-ci il ərzində arxiv məsələləri ilə bağlı Prezident Administrasiyasına 140-dan artıq vətəndaş müraciət edərək lazımi arxiv sənədlərinin alınmasına kömək göstərilməsini xahiş etmişdir. Lakin yerlərdə daimi mühafizə olunan arxiv fondlarının düzgün istifadəsinə laqeyd yanaşılması, struktur dəyişikliyi və ya özəlləşdirmə prosesində ləğv olunmuş təşkilatların sənədlərinin dövlət arxivinə vaxtında və ya tam verilməməsi vətəndaşların dövlət arxivlərinə etdiyi müraciətlərin nəticəsiz qalmasına səbəb olmuşdur.

Məsələn, Bakı şəhəri Nəsimi rayon sakini Sarı İsmayılovun 1993-cü ildən ona məxsus mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədi ala bilməməsi barədə müraciətinə verilmiş cavablardan məlum olur ki, keçmiş Tramvay-Trolleybus İdarəsinin, o cümlədən İdarənin Birləşmiş Həmkarlar Komitəsinin sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyinə görə, ona heç bir kömək göstərmək mümkün deyildir.

Bundan başqa, vətəndaşlar əmək pensiyalarına əlavə və güzəştlərin düzgün hesablanması üçün lazımi arayışları, qohumluq əlaqələrini təsdiq edən sənədləri, miras qalmış torpaq sahələrinə şəhadətnamələri, həmçinin vaxtilə aldıqları təltiflər barədə sənədləri ala bilmədiklərindən şikayətlənirlər.

Göstərilən faktlar sübut edir ki, hər bir dövlət orqanında sənədlərlə işin düzgün qurulması və sənədlərin arxivlərə vaxtında təhvil verilməsi belə halların qarşısını ala bilər və bu sahədə nəzarətin gücləndirilməsi vacibdir.

 

Qüdrətli dövlət quruculuğunun uğurla başlanan yeni mərhələsi

 

Azərbaycanın tarixinə bütün sahələrdə misilsiz qələbələr və uğurlar ili kimi düşmüş 2017-ci ilin yekunları nə qədər qürurverici olsa da, biz artıq yeni 2018-ci ilin daha şanlı və şərəfli səhifələrini yazmaqdayıq. Xalqımız bu səhifələri dünya siyasətində öz qətiyyəti, prinsipiallığı, praqmatikliyi və uzaqgörənliyi ilə böyük nüfuz qazanmış müdrik rəhbəri Prezident İlham Əliyevin başçılığı ilə yazır.

Artıq sürətli iqtisadi inkişafın, sabitliyin, tolerantlığın, milli və bəşəri dəyərlərin ideal sintezinin nümunəsinə çevrilmiş Azərbaycan bu il də qlobal enerji və logistika layihələrinin, böyük humanitar forumların təşkilatçısı və icraçısı kimi regionun əsas güc mərkəzi və aparıcı dövləti olduğunu sübut edəcək, hərbi və siyasi qüdrətini daha da artıracaqdır.

Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin bu il yanvarın 10-da keçirilmiş iclasında 2017-ci ildə görülən işlərə müsbət qiymət verərək qeyd etmişdir ki, 2018-ci ildə də Azərbaycanda ictimai-siyasi vəziyyət sabit olacaq, 6,2 milyard dollarlıq müsbət saldomuz makroiqtisadi sabitliyi təmin edəcək, əhalinin sosial müdafiəsi daha da gücləndiriləcək, işsizliyi aradan qaldırmaq üçün ciddi tədbirlər görüləcək, respublikada sənayeləşmənin yeni mərhələsi davam etdiriləcək, kənd təsərrüfatının unudulmuş sahələri bərpa olunacaq, bir çox sənaye obyektləri, aqroparklar və digər müəssisələr istifadəyə veriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti 2018-ci ilin vəzifələrindən danışarkən davamlı iqtisadi inkişafın, xalqın rifahının daha da yaxşılaşmasının, yaradılmış iqtisadi bazadan səmərəli istifadə olunmaqla əhalinin sosial müdafiəsinin gücləndirilməsinin davam etdiriləcəyini xüsusi qeyd etmişdir.

Dövlət rəhbəri bu il ən azı 600 yeni kəndi əhatə edən 2 min kilometrdən çox avtomobil yolunun çəkiləcəyini, respublikada qazlaşmanın 95 faizə çatdırılacağını, meliorasiya tədbirlərinin genişləndirilərək indiyədək suvarılmayan 100 min hektar torpağa su gətiriləcəyini, ən azı 300 subartezian quyusunun qazılacağını, Azərbaycanda turizmin daha da inkişaf etdiriləcəyini, bunun üçün Ləki-Qəbələ, növbəti illərdə isə Qusar rayonundakı Şahdağ xizək kurortuna dəmir yol xətlərinin çəkiləcəyini, bir-birindən əzəmətli digər layihələrin həyata keçiriləcəyini ictimaiyyətə böyük qürur və iftixar hissi ilə bildirmişdir.

Azərbaycan Prezidenti 2018-ci il yanvarın 29-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda demişdir: “Biz düzgün yoldayıq, düzgün siyasət aparırıq, siyasətimiz xalqımızın maraqlarını təmin edir, dövlətimizi gücləndirir”.

Yaşadığımız 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin bayram ediləcəyini və bu ilin “Cümhuriyyət İli” elan olunduğunu xüsusi qeyd etməliyik. Azərbaycan Prezidenti Cümhuriyyət tarixinə böyük fəxrlə yanaşdığını bildirərək deyir: “Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır... Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib... Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”. Ölkə Prezidentinin bu şərəfli tarixin yüksək səviyyədə qeyd edilməsi barədə sərəncamlarını xalqımız çox yüksək qiymətləndirir.

Azərbaycanın siyasi lideri İlham Əliyev Yeni Azərbaycan Partiyasının 2018-ci il fevralın 8-də keçirilmiş VI qurultayında respublikamızın gələcək inkişaf perspektivləri haqqında danışarkən Avropa ölkələri ilə bütün sahələrdə əməkdaşlığın davam etdiriləcəyini, bu əməkdaşlıqdan səmərəli istifadə olunacağını bildirərək demişdir: “Azərbaycan müasirliyə gedən yoldadır. Biz inkişaf etməliyik, biz ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməliyik”.

2018-ci il aprelin 11-də Azərbaycanda daha bir tarixi hadisə baş verəcək, növbədənkənar Prezident seçkiləri keçiriləcəkdir. Əvvəlcə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fevralın 5-də keçirilmiş beşinci, ondan sonra isə Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilmiş VI qurultaylarında cənab İlham Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyi irəli sürülmüşdür. Həmçinin respublikanın bütün yaradıcılıq təşkilatları rəhbərlərinin və üzvlərinin fevralın 9-da Dövlət Akademik Filarmoniyasında keçirilən toplantısında, Azərbaycan Paralimpiya Komitəsinin ölkə ictimaiyyətinə müraciətində, eləcə də digər ictimai birlik və təşkilatların bəyanatlarında bu namizədlik yekdilliklə dəstəklənmişdir. Bu seçkilərin də Azərbaycan Respublikasının Konstitusiyasına və seçki qanunvericiliyinə uyğun olaraq, tam demokratik və şəffaf keçiriləcəyinə, Azərbaycan xalqının ölkənin əsas siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşərək öz iradəsini sərbəst ifadə edəcəyinə heç bir şübhə yoxdur. Əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin bu seçkilərdə növbəti dəfə parlaq qələbə qazanmaq və yenidən seçilmək imkanı çox yüksəkdir. Çünki bu gün Azərbaycan siyasi mühitində cənab İlham Əliyevlə müqayisə oluna biləcək, ona rəqib ola biləcək ikinci bir siyasətçi, dövlət xadimi, lider yoxdur.

Hər kəs inanır ki, Azərbaycan xalqı bu il müstəqilliyini daha da möhkəmləndirəcək, Azərbaycan Prezidenti İlham Əliyevin YAP-ın VI qurultayında qeyd etdiyi kimi, “2018-ci il sürətli inkişaf ili olacaq və ondan sonrakı bütün illərə çox güclü təkan verəcəkdir. Kənd təsərrüfatında, sənaye sahəsində indi həyata keçirilən layihələr tezliklə, bir-iki il ərzində öz bəhrəsini verəcəkdir”.

Əminik ki, bu il Vətənini sevən hər bir azərbaycanlı onun rifahı, ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilərək Böyük qayıdışın həyata keçirilməsi, vətəndaşlarımızın daha xoşbəxt yaşaması üçün görüləcək işlərin fəal iştirakçısı olacaqdır.

 

Süleyman İSMAYILOV,

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

 

Azərbaycan.- 2018.- 14 fevral.- S.3-5.