Xalqın dəyişməz seçimi
Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri siyasi gündəmin müzakirə mövzusu olaraq qalır. Yeni Azərbaycan Partiyasının VI qurultayının cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı tarixi qərarı hazırda cəmiyyətimizdə ən geniş müzakirə olunan məsələdir.
Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar da hesab edirlər ki, Azərbaycan xalqının alternativsiz lideri olan cənab İlham Əliyevə rəqib ola biləcək siyasi qüvvə yoxdur.
Millətə və dövlətə sədaqətli
xidmət missiyası
Ziyafət ƏSGƏROV,
Milli Məclis Sədrinin birinci müavini,
YAP Siyasi Şurasının üzvü:
- Dövlət başçısi İlham Əliyev səlahiyyətlərindən istifadə edərək aprel ayının 11-də prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalamaqla ölkə Konstitusiyasına, seçki qanunvericiliyinin tələblərinə tam uyğun şəkildə addım atdı. Seçkilərin daha erkən tarixə təyin edilməsi ölkədə aparılan genişmiqyaslı islahatların yaratdığı hüquqi, siyasi və digər tələblərlə bağlıdır və dövlətin qarşısında duran mühüm məsələlərin həlli, siyasi-iqtisadi resursların yeni dövr üçün daha mütəşəkkil şəkildə səfərbər edilməsi baxımından vacibdir.
Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, üzvlərinin sayı yeddi yüz mini ötən Yeni Azərbaycan Partiyasının VI qurultayında isə partiyanın sədri, öz fəaliyyəti ilə son 15 ildə Azərbaycanı dinamik inkişaf yoluna çıxaran və güclü dövlətə çevirən cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edildi. Azərbaycan dövlətinin inkişafına, xalqın xoşbəxt gələcəyinə, yaşayış tərzinin gündən-günə yaxşılaşmasına xidmət edən, bütün enerjisi və gücünü ölkəmizin parlaq gələcəyinə həsr edən bir insana bu etimadın göstərilməsi təqdirəlayiqdir və bu, hər bir vətəndaş üçün gözlənilən idi.
Prezident İlham Əliyevin son 15 ildə əldə etdiyi böyük siyasi nailiyyətlər onun siyasi liderlik üçün zəruri keyfiyyətlərə malik olduğunu bir daha təsdiqləyir. Müstəqil Azərbaycanın məhz cənab İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadı inkişaf tempi ilə dünyada lider mövqelərə yüksəlməsi də dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən qüdrətli dövlətinə çevirmişdir.
Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır. Ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. İnsan hüquq və azadlıqları, o cümlədən siyasi azadlıqlar, söz və mətbuat azadlığı təmin edilmişdir. 2016-cı ildə keçirilən Konstitusiya islahatları, Vitse-prezident institutunun yaradılması həyata keçirilən islahatların dərinləşməsi, dövlət idarəçiliyinin təkmilləşməsi, insan hüquq və azadlıqlarının qorunması üçün daha geniş bazanın yaradılması və səmərəliliyin təmin olunması istiqamətində ən uğurlu addımlardan sayılmalıdır.
Bu gün ölkəmizin suverenliyini, inkişafını möhkəmləndirən və ona beynəlxalq arenada nüfuz qazandıran ən mühüm və səmərəli amillərdən biri də multikulturalizm və tolerantlıqdır. Xalqların etnik-mədəni, dini dəyərlərini qoruyaraq, əslində, beynəlxalq miqyasda insan haqlarının qorunmasının çox mühüm və fərqli nümunəsini dünyaya göstərmiş olan Azərbaycan bu siyasəti torpaqlarının 20 faizi işğal altında olduğu bir dövrdə həyata keçirir. Sözsüz ki, beynəlxalq aləmdə baş verən proseslərin gərginləşdiyi, dünya birliyini narahat edən müharibə və münaqişələr, hərbi toqquşmalar, beynəlxalq terrorçuluq və nəticə olaraq insanların öz evlərini tərk etmək məcburiyyətində qaldığı bir dövrdə ölkələrin öz sabitliyini qoruyaraq beynəlxalq arenada nüfuz qazanması olduqca çətin bir prosesdir. Azərbaycan isə bu çətin missiyanın öhdəsindən layiqincə gələn və hətta dünyaya yeni model nümayiş etdirən bir ölkəyə çevrilməyi bacarmışdır. Azərbaycanın beynəlxalq müstəvidə qazandığı nailiyyətləri sırasına 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də əlavə olundu. Azərbaycan həm də kosmos ölkələri sırasındadır ki, bu uğura da hər bir dövlət nail ola bilməyib. Öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Evsahibliyi etdiyimiz bir sıra nüfuzlu konfranslar bir daha Azərbaycanın xarici siyasətinin uğurlu inkişaf potensialını ortaya qoydu. Bu tədbirlərin arasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Sammiti, müvafiq olaraq keçirilmiş dörd Beynəlxalq Humanitar Forum, Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu yer alır. Məhz öz liderinin yüksək iradəsi, əzmi, qətiyyəti, idarəçilik keyfiyyətləri sayəsində Azərbaycan bu dövrdə dinamik inkişaf yolu keçmiş, bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur.
Əlbəttə ki, cənab Prezidentin həyata keçirdiyi siyasətin uğurlarını xalqımız görür və qiymətləndirir. Ona görə də, ümumxalq partiyası olan YAP özünün VI qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyini rəsmi şəkildə irəli sürməklə, əslində, xalqın mövqeyini ifadə etdi. Cənab İlham Əliyevin qurultayda çıxışı zamanı nümayiş etdirdiyi qətiyyətli mövqe bizə gələcəkdə gözlənilə bilən siyasi və iqtisadi burulğanları dəf etməyə imkan verəcək. Cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri üstün tutur, ölkə vətəndaşlarının arzu və istəklərini gerçəkləşdirmək üçün əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, böyük nailiyyətlərə imza atılacaq, müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da artacaq və qarşıda duran bütün problemlər həll olunacaq.
Azərbaycanda
İlham Əliyevin alternativi yoxdur
Eldar
İBRAHİMOV,
Milli Məclisin
Aqrar siyasət komitəsinin sədri,
YAP-ın İdarə
Heyətinin üzvü:
- Yeni Azərbaycan
Partiyasının VI qurultayında təkcə partiya üzvlərinin
deyil, bütün xalqın istəyi reallaşdı. Çünki
Azərbaycan xalqının öz Prezidentinə güvəni,
böyük sevgisi var. Ona görə ki, ölkəmizdə
sabitik, sülh, əmin-amanlıq, eləcə də
inkişaf məhz cənab İlham Əliyevin həyata
keçirdiyi uğurlu siyasət nəticəsində əldə
olunub.
Azərbaycanın gündən-günə
inkişaf etməsi göz qarşısındadır. Artıq
bütün dünyanın diqqəti ölkəmizin artan
inkişafındadır. Bunun nəticəsidir
ki, ölkəmizə maraq yüksəlib və Azərbaycan
bir sıra mühüm layihələrin əsas
iştirakçısına çevrilib.
Bu gün neqativ amillər
dünya iqtisadiyyatına öz təsirini göstərir. Lakin Prezident
İlham Əliyevin tam müstəqil siyasəti nəticəsində
bütün neqativ halların qarşısı peşəkarlıqla
alınır və iqtisadiyyatımız davamlı inkişaf
edir.
Azərbaycan Prezidenti ölkəmizin
inkişafı istiqamətində bütün sahələrə
diqqət yetirir. Görülən işlərin nəticəsidir
ki, yüzlərlə məktəblər tikilib, təmir
olunub, xəstəxanalar müasir standartlara uyğun olaraq
avadanlıqlarla təchiz olunub, körpülər
salınıb, ölkəmizin infrastrukturu tamamilə yenilənib.
2004-cü ildən bu günə
qədər Azərbaycan bölgələrinin inkişafı
tarixi nailiyyətdir. Azərbaycan bölgələrində
lazım olan bütün infrastruktur layihələri icra edilib
və biz hazırda sürətli inkişaf dövrünü
yaşayırıq. Regionların sosial-iqtisadi
inkişafına dair dövlət proqramlarının qəbulu
və qarşıya qoyulan vəzifələrin uğurlu
icrası sayəsində respublikamızın bütün
bölgələrinin siması tamamilə dəyişib, kənd
yolları asfatlaşdırılıb, rayonların ucqar kəndləri
belə qazlaşdırılıb, yaşayış məntəqələri
içməli su ilə təmin olunub, rabitə sistemi yüksək
səviyyədə qurulub və demək olar ki, şəhərlə
kənd arasındakı fərq aradan qaldırılıb.
Regionlarda ən müasir tələblərə cavab verən
yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun
inkişafı, daha çox valyuta gətirən strateji əhəmiyyətli
kənd təsərrüfatı məhsullarının
istehsalının artırılması üçün
bütün imkanlardan istifadə edilməsi əhalinin məşğulluğunu
daha da artırıb.
Bütün görülən
işləri, həyata keçirilən daxili və xarici siyasəti
nəzərə alıb deyə bilərik ki, bu gün Azərbaycanda
İlham Əliyevə alternativ yoxdur. Xalqın qərarı belədir:
İlham Əliyev yenidən Prezident olmalı, ölkəmizi
daha da inkişaf etdirməlidir.
Xalq davamlı tərəqqiyə,
yüksələn rifaha səs verəcək
Rafiq
MƏMMƏDHƏSƏNOV,
Milli Məclisin
deputatı, YAP Siyasi Şurasının üzvü,
professor:
- İki aydan sonra müasir
Azərbaycanın siyasi həyatında mühüm tarixi hadisə
yaşanacaq.
Aprel ayının 11-də müstəqillik dövrünün
8-ci prezident seçkisində xalq seçimə gedərək
özünə yeni lider seçəcək və seçkilərin
qalibi növbəti yeddi il müddətində
dövlətə, xalqa ləyaqətli xidmət
missiyasını yerinə yetirəcək.
Artıq Azərbaycanın
siyasi arenasının flaqmanı olan Yeni Azərbaycan
Partiyası öz namizədini müəyyənləşdirib. Yeddi yüz
mindən artıq insanı öz ətrafında səfərbər
edən partiyamızın VI qurultayında növbəti dəfə
cənab İlham Əliyevin prezidentliyə namizədliyi irəli
sürülüb.
Öncə onu vurğulamaq
yerinə düşər ki, Yeni Azərbaycan Partiyası insanları
ulu öndər Heydər Əliyevin idealları ətrafında
birləşdirən partiyadır. Ona görə
xalqımız böyük səs çoxluğu ilə
seçdiyi Prezidentin, cənab İlham Əliyevin ətrafında
sıx birləşib. Azərbaycanın ən
ağır problemlərini çiyinlərində
daşıyan, azərbaycançılıq məfkurəsinə
və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət
göstərən YAP hər zaman üzərinə düşən
vəzifələrin öhdəsindən layiqincə gəlib.
Gələcəyə ümidlərin tükəndiyi
bir vaxtda Yeni Azərbaycan Partiyası ölkəmizin müqəddəratının
tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə
aparan yolun başlanğıcını qoyub. Dünənin, bu günün və gələcəyin
partiyası adını şərəflə doğruldaraq və
bu məsuliyyəti dərindən dərk edərək Azərbaycanın
siyasi sisteminin normal dayaqlar üzərində inkişaf etməsinə
güclü əsaslar yaratmaqla bu tarixi missiyanı şərəflə
daşıyıb.
Əlbəttə ki, belə
bir təşkilatın prezident seçkiləri ilə
bağlı qəbul etdiyi qərar təkcə partiya üzvlərinin
deyil, həm də Azərbaycan xalqının mütləq əksəriyyətinin
qərarı idi. Çünki 15 il öncə - 2003-cü ildə ilk dəfə
prezident seçilərkən “Mən hər bər azərbaycanlının
Prezidenti olacağam”, - deyən cənab İlham Əliyev nəinki
verdiyi bütün vədləri yerinə yetirdi, hətta Azərbaycanı
tarixinin ən qüdrətli dövlətinə çevirdi.
Azərbaycan Prezidenti son 14 il ərzində
müstəqil siyasətinə tam sadiqlik nümayiş etdirərək
dövlət və xalq qarşısında öz
missiyasını ləyaqətlə yerinə yetirdi. Prezident İlham Əliyevin apardığı
uğurlu siyasət nəticəsində yaranan xalq-iqtidar
birliyi daha da dərinləşdi. İnkişaf
etməkdə olan ölkələr sırasına yüksələn
Azərbaycanda başlanan yeni inkişaf dövrü, dərin və
sürətli islahatlar mərhələsi mühüm
uğurları şərtləndirdi.
Ötən müddətdə
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın
qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə
vacib amil olan ictimai-siyasi sabitlik qorunub saxlanıldı, iqtisadi
inkişafa, vətəndaş sülhünə və həmrəyliyinə,
qanunun aliliyinə xidmət edən mükəmməl
konsepsiyanın həyata keçirilməsində yeni mərhələnin
əsası qoyuldu. Ölkədə demokratik, hüquqi
dövlət quruculuğu istiqamətində davamlı siyasətin
yeridilməsi, insan hüquq və azadlıqlarının
etibarlı müdafiəsinin təşkili, dövlətçilik
ənənələrinin zənginləşdirilməsi,
ölkəmizin dinamik iqtisadi inkişaf magistralına
çıxması, onun beynəlxalq nüfuzunun sürətlə
artması məhz cənab İlham Əliyevin şəxsi
liderlik keyfiyyətləri sayəsində mümkün olub.
Son 14 il müddətində
ölkənin həm xarici, həm də daxili siyasətində
böyük nailiyyətlər əldə olunub. Məhz İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində
Azərbaycan 2012-ci ildə Birləşmiş Millətlər
Təşkilatı Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçilib. Azərbaycan
xarici investisiyaların cəlb olunmasında, Avropanın enerji
təhlükəsizliyinin təmin olunmasında çox
böyük nəticələr əldə edib.
Əlbəttə ki, cənab
Prezidentin həyata keçirdiyi siyasətin uğurlarını
xalqımız görür və yüksək qiymətləndirir. Ona görə
də, ümumxalq partiyası olan YAP özünün VI
qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyini
rəsmi şəkildə irəli sürməklə
xalqın mövqeyini ifadə etdi. Əminəm
ki, aprelin 11-də azad və demokratik prezident seçkiləri
nəticəsində növbəti dəfə cənab
İlham Əliyevin parlaq qələbəsini qeyd edəcəyik.
Xalq yenidən İlham Əliyevə səs verməklə Azərbaycanın
növbəti 7 il ərzində
sosial-iqtisadi inkişafına səs vermiş olacaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2018.- 14 fevral.- S.6.