Qarabağı Azərbaycana İlham Əliyev qaytaracaq

 

Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi prezident seçkilərində ən layiqli namizədə səs verəcəkdir

 

Bakı istiqamətindən Biləsuvar ərazisinə daxil olarkən birinci yaşayış məntəqəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğulduğu, uşaqlığını keçirdiyi, orta məktəbi bitirdiyi Əliabad kəndidir. Kəndin girəcəyindəki dəmir darvazanın üstündən üçrəngli bayrağımız asılmışdır. O, vüqarla, qürurla dalğalanaraq sanki vətəndaşlarımızı bu amala çağırır: “Siz də dədə-babalardan min illər boyu bizə əmanət qalan vətəni, doğma torpaqları, eli-obanı Mübariz kimi sevin, lazım gələrsə, onun uğrunda canınızı əsirgəməyin”.

Torpağı qorumaq ilk növbədə ər işidir. Belə oğulları xalq, dövlət sevir, xatirəsini əziz tutur, elə Mübariz İbrahimov kimi. Bu günlərdə 30 yaşı tamam oldu. Milli Qəhrəmanımızın özü isə cismən cəmi 22 il yaşadı. Bu qısa ömürdə Azərbaycanın qəhrəmanlıq, igidlik, hərb tarixinə yeni parlaq səhifə yazaraq əbədiyyət yolçusu oldu. Əfsanəvi qəhrəmanlığı dillərdən-dillərə düşdü. Haqqında şeirlər, poemalar, nəsr əsərləri yazıldı. İndi dünyaya göz açan oğlan uşaqlarına onun şərəfinə Mübariz adı verilir.

...Mübarizin ata ocağına gedirik. Həyət qapısını üzümüzə qəhrəmanın atası Hacı Ağakərim kişi açır. Görüşüb hal-əhval tuturuq. Mübarizin anası Şamama xanım çay süfrəsi açır. Xəyalən bir daha yaxın keçmişimizə qayıdırıq. Mübarizin göstərdiyi misilsiz qəhrəmanlıqdan, mənfur düşmənə necə sarsıdıcı zərbə vurduğundan, ermənilərin onun pəhləvan cüssəli görkəmindən qorxduqlarından, şəhid olandan sonra meyitini vermək istəmədiklərindən danışırıq.

Hacı Ağakərim kişi köksünü ötürərək təmkinlə: - Görünür, taleyi, bəxti belə imiş, yazıya pozu yoxdur, - deyir. - Təsəllimiz odur ki, o, torpaq, vətən uğrunda şəhid olub. Prezident İlham Əliyevə mən və ailə üzvlərim ömür boyu minnətdar olacağıq. Ermənilər Mübarizin meyitini vermək istəmirdilər, çünki onların çoxlu miqdarda canlı qüvvəsini məhv etmişdi.

Ölkə rəhbəri bütün vasitələrdən istifadə edərək cənazəni almağa nail oldu. Ona ən yüksək ad - Milli Qəhrəman adı verdi. Dəfni dövlət səviyyəsində təşkil edildi. İkinci Fəxri xiyabanda torpağa tapşırıldı. İndi Biləsuvarda adına küçə, təhsil ocağı - lisey var. Ailəmiz diqqət və qayğı ilə əhatə olunmuşdur. Bir oğlum Polis Akademiyasını bitirib, hazırda polis orqanlarında çalışır.

Ağakərim kişi söhbətinə davam edir: - Hamı görür ki, İlham Əliyev Qarabağı yenidən qan tökülmədən, sülh yolu ilə geri qaytarmaq istəyir və bunun üçün yorulmaq bilmədən çalışır. Tam əminəm ki, Qarabağı Azərbaycana məhz İlham Əliyev qaytaracaq. Bununla yanaşı, ordumuzun yüksək döyüş hazırlığı üçün ardıcıllıqla tədbirlər görür. 2016-cı ilin aprel hadisələrindən ermənilər nəticə çıxarmadılar. Onlar bilməlidirlər ki, torpaqlarımızın bir qarışı da düşmən tapdağı altında qalmayacaq. Lazım gəlsə, mən özümbu yaşımda iki oğlumla bərabər silah götürüb döyüşməyə hazıram. Eyni zamanda ölkəmizdə böyük işlər görülür. Respublikamız durmadan inkişaf edir, adamlarımızın gün-güzəranı ildən-ilə yaxşılaşır. Biləsuvarda kənd təsərrüfarı, xüsusilə pambıqçılıq inkişaf edir, yeni yerləri açılır. Bütün bunlar ölkə başçısının həyata keçirdiyi düzgün siyasətin nəticəsidir.

Eşitdim ki, aprel ayının 11-də prezident seçkiləri keçiriləcək. Həmkarlar İttifaqı Təşkilatı və YAP İlham Əliyevin namizədliyini irəli sürüb. Mən və ailə üzvlərim bu qərarı ürəkdən bəyənib müdafiə edirik. Hər bir vətəndaşımız başa düşməlidir ki, Dağlıq Qarabağ məsələsini ancaq İlham Əliyev həll edə bilər. Çünki liderimiz yaxşı siyasətçidir, ağıllı, tədbirli rəhbərdir. Bunları nəzərə alıb ailə üzvlərimlə birlikdə İlham Əliyevə səs verəcəyik.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2018.- 14 fevral.- S.1; 6.