Veteranlar İlham Əliyevə - davamlı inkişafa, sabitliyə və Azərbaycanın
xoşbəxt gələcəyinə səs verəcəklər
Fevralın 14-də Azərbaycan Respublikası
Müharibə, Əmək
və Silahlı Qüvvələr Veteranları
Təşkilatında aprelin
11-də keçiriləcək prezident seçkiləri ilə bağlı ümumi yığıncaq
təşkil edilib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi,
ərazi bütövlüyü
uğrunda canlarından
keçmiş şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov ölkəmizdə keçirilən bütün seçkilərdə veteranların fəal iştirak etdiklərini bildirib. O, aprelin 11-də keçiriləcək prezident seçkilərində də bu fəallığın yüksək səviyyədə olacağına əminliyini ifadə edib.
Tofiq Ağahüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan uğurlardan danışıb, Azərbaycanın dünyanın iqtisadi cəhətdən sürətlə inkişaf edən, mütərəqqi, sivil dəyərlərə malik ölkə kimi tanındığını vurğulayıb. Bütün sahələrdə ildən-ilə inkişaf edən Azərbaycanın hərbi qüdrəti də artır, ordumuz güclənir və bu, bizdə erməni işğalında olan torpaqlarımızın azad ediləcəyinə böyük inam yaradır. Xalqın rifahının və sosial vəziyyətinin yaxşılaşması, o cümlədən veteranlara göstərilən qayğı və diqqətin getdikcə yüksəlməsi, eləcə də digər istiqamətlərdə qazanilan nailiyyətlər bizi növbəti seçkilərdə yenə də İlham Əliyevə səs verməyə sövq edir.
Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov seçkilərlə əlaqədar qurumun qarşısında duran vəzifələrdən, veteranların bu işdə daha yüksək fəallıq göstərmələrinin əhəmiyyətindən danışıb. O, seçkilərdə iştirak və təbliğat işinin təşkili ilə bağlı məsələlərdə yerli təşkilatlara lazımi köməyin göstərilməsinin, hamını səsvermə günü seçki məntəqələrinə gedərək vətəndaşlıq borcunu yerinə yetirməsinin vacibliyini qeyd edib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev veteranlara dövlət qayğısı siyasətinin müasir mərhələdə inkişafı üçün çox böyük işlər görüb. Onun imzaladığı dövlət proqramları və sərəncamlar əsasında xüsusilə müharibə veteranları hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Veteranlara prezident təqaüdünün verilməsi, hər il 9 May - Qələbə Günü ərəfəsində MDB məkanında ən yüksək birdəfəlik yardım edilməsi, fəal veteran orden və medallara layiq görülməsi və həyata keçirilən başqa tədbirlər bunun parlaq sübutlarıdır. İlham Əliyev görkəmli dövlət adamı, ictimai xadimdir. Prezidentin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən yüksək kürsülərdən Azərbaycanın ədalətli və obyektiv mövqeyini qətiyyətlə səsləndirməsi biz veteranları, Vətənin azadlığı uğrunda həlak olmuş əsgər və zabitlərin ailələrini hədsiz fərəhləndirir və torpaqlarımızın tezliklə işğaldan azad olunacağına inamımızı daha da artırır.
Veteranların layiqli namizədi olan Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti və mühüm xidmətləri ilə bütün xalqımızın səsini qazanmağa haqqı çatdığını vurğulayan C.Xəlilov səsvermə günü veteranların yenidən öz seçimlərinə sadiq qalacaqlarına əminliyini bildirib. O, əmin olduğunu bildirib ki, veteranlar aprelin 11-də layiqli namizəd İlham Əliyevə səs verəcəklər.
Tədbirdə “Azərbaycan Qarabağ Əlilləri və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranlari Birliyinin sədri Füzuli Rzaquliyev, Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü, professor Bəhram Zahidov və digər çıxış edənlər də veteranların aprelin 11-də hamılıqla İlham Əliyevə - davamlı inkişafa, sabitliyə və Azərbaycanın xoşbəxt gələcəyinə səs verəcəklərini qeyd edib və hamını səsvermə günü fəal olmağa çağırıblar.
Sonda
Azərbaycan müharibə veteranları təşkilatlarının
ümumi yığıncağının
iştirakçıları adından Azərbaycan
veteranlarına müraciət qəbul edilib.
Azərbaycan.-
2018.- 15 fevral.- S.1;4.